| Azərbaycanca | English
Ana səhifə SAM haqqında Tədbirlər Media Nəşrlər Vakansiyalar Fotoqalereya Qarabağ

"Azərbaycan Respublikasının Geoiqtisadi Atlası" nəşr edilmişdir

2016-10-05 11:19:35

Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi tərəfindən "Azərbaycan Respublikasının Geoiqtisadi Atlası" ingilis dilində nəşr edilmişdir. Üç hissədən ibarət olan bu atlasda Azərbaycan Respublikasının iqtisadiyyatı və xarici ticarət əlaqələri haqqında ümumi göstəricilər, Azərbaycanın üzv olduğu beynəlxalq təşkilatlar və dünya iqtisadiyyatında böyük paya sahib olan dövlətlər ilə iqtisadi əlaqələri, regional, qlobal enerji və nəqliyyat layihələrində Azərbaycanın rolu və mövqeyi haqqında məlumatlar əksini tapmışdır.


Atlasın birinci hissəsində Azərbaycan iqtisadiyyatı haqqında ümumi məlumat verilmiş,  ÜDM-in səviyyəsi,  ümumi məhsul buraxılışının həcmində kənd təsərrüfatı və sənayenin payı göstərilmişdir. Bundan başqa, bu hissədə son on il (2005-2015) ərzində Azərbaycanın xarici ticarət əlaqələrinin dinamikası, həm idxal, həm də ixrac üzrə əsas ticarət tərəfdaşları ilə iqtisadi əlaqələri, həmçinin Azərbaycanın qeyri-neft sektoru üzrə xarici ticarət əlaqələri, iqtisadiyyata yönəldilmiş daxili və xarici investisiyalar üzrə göstəricilər verilmişdir.


İkinci hissədə Azərbaycanın Avropa İttifaqı, Müstəqil Dövlətlər Birliyi, Avrasiya İqtisadi Birliyinə üzv dövlətlər, Demokratiya və İqtisadi İnkişaf Uğrunda Təşkilat (GUAM), Şanxay Əməkdaşlıq Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı, İqtisadi Əməkdaşlıq Təşkilatı (ECO), Türk Şurası və Körfəz Əməkdaşlıq Şurası kimi nüfuzlu beynəlxalq təşkilatlar ilə ticarət əlaqələrinin dinamikası və bu əlaqələrin Azərbaycan iqtisadiyyatında payı öz əksini tapmışdır. Azərbaycanın Çin Xalq Respublikası və Amerika Birləşmiş Ştatları kimi güclü iqtisadiyyata malik dövlətlər ilə ticarət əlaqələrinə dair göstəricilər də burada yer almışdır.


Üçüncü hissədə Azərbaycanın iştirak etdiyi, istifadə edilən və tikilməkdə olan nəqliyyat və enerji xətləri layihələri haqqında ümumi məlumat və ölkəmizin bu layihələrdə pay göstəriciləri verilmişdir. Burada Bakı-Tbilisi-Qars dəmiryolu xətti, Şimal-Cənub  beynəlxalq nəqliyyat dəhlizi, həmçinin Bakı Beynəlxalq Ticarət Limanı Kompleksi və onun potensialı, Azərbaycanın bu layihələrdə mövqeyinə dair məlumatlar da əksini tapmışdır. Enerji layihələri çərçivəsində isə hal-hazırda istismar edilən Bakı-Tbilisi-Ceyhan, Bakı-Supsa, Bakı-Novorossiysk neft boru kəmərləri və Bakı-Tbilisi-Ərzurum qaz kəməri, tikintisi davam etdirilən və Azərbaycanın da böyük pay sahibi olduğu Cənub Qaz Dəhlizi və digər layihələr haqqında ətraflı məlumatlar verilmişdir. Atlasda eyni zamanda tarixi İpək Yolunun bərpası üçün Azərbaycanın irəli sürdüyü təşəbbüslər, bu istiqamətdə iştirak etdiyi TRASEKA və "Bir kəmər, bir yol” kimi layihələr haqqında məlumatlar da öz əksini tapmışdır.  


Sonda isə Azərbaycan Respublikasının Ermənistan tərəfindən işğal olunmuş rayonları haqqında məlumat yerləşdirilmişdir.


Geniş oxucu kütləsi üçün nəzərdə tutulmuş və unikal geoiqtisadi xəritələr toplusundan ibarət bu atlas Azərbaycan iqtisadiyyatı haqqında dolğun təsəvvür yaradır.


Geo Economic Atlas.pdf



 

: 1733