| Azərbaycanca | English
Ana səhifə SAM haqqında Tədbirlər Media Nəşrlər Vakansiyalar Fotoqalereya Qarabağ

"Azərbaycanda İslam: reallıqlar və ictimai rəy” mövzusunda təqdimat mərasimi keçirilmişdir

2012-11-14 12:52:00

2012-ci il noyabrın 13-də Strateji Araşdırmalar Mərkəzi ilə əməkdaşlıq çərçivəsində Dini Araşdırmalar Mərkəzi və Sosial Tədqiqatlar üzrə Beynəlxalq Mərkəz tərəfindən aparılmış "Azərbaycanda İslam: mövcud reallıqlar və ictimai rəy” mövzusunda sosioloji sorğunun təqdimat mərasimi keçirilmişdir.
Tədbir Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Prezident yanında Strateji Araşdırmalar Mərkəzi tərəfindən birgə təşkil edilmişdir.
Sosioloji sorğunu həyata keçirən Dini Araşdırmalar Mərkəzinin sədri Elçin Əsgərov tədbiri giriş sözü ilə açaraq bildirmişdir ki, əsas məqsəd Azərbaycan cəmiyyətində bu sahədə olan hərtərəfli və etibarlı sosial informasiyanın toplanması, müasir dindar cəmiyyətin dinamika və tendensiyalarının izlənilməsi, kütləvi dini şüurun əsas parametrlərinin müəyyən edilməsi, dini sahəyə təsir göstərən bütün faktorların aşkarlanması, eyni zamanda İslamın fərdi və ictimai həyatda yerinin dəyərləndirilməsi olmuşdur.
  Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Elşad İskəndərov "Azərbaycanda dövlət və din münasibətləri: mövcud reallıqlar və ictimai gözləntilər” mövzusunda çıxış edərək bildirmişdir ki, Azərbaycan öz müstəqilliyini, istiqlaliyyətini əldə etdikdən sonra, xalqın keçmişinə, milli adət-ənənələrinə, dininə dövlət səviyyəsində qayğı və ehtiram göstərilməyə başlanmışdır. Böyük dövlət xadimi Heydər Əliyev hakimiyyətə ikinci dəfə qayıtdıqdan sonra, xalqımızın mənəvi, milli dəyərlərinə münasibət kökündən dəyişilmişdir. Bu gün də bu proses Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Xalq bu gün öz prezidentinin milli dəyərlərə diqqət və qayğısını yüksək qiymətləndirir.
Tədbirin "Azərbaycanda islam: ictimai reallıqlar və gözləntilər” adlı panelində Prezident yanında Strateji Araşdırmalar Mərkəzinin direktoru Fərhad Məmmədov "Azərbaycanda dini durumun öyrənilməsi zərurəti və sosioloji tədqiqatın əsas xüsusiyyətləri” mövzusunda çıxış   etmişdir. Fərhad Məmmədov qeyd etmişdir ki, bu məsələnin aktuallığını, cəmiyyətin həyatında dini sahədə müstəqillik illərində baş verən əhəmiyyətli dəyişikliklər şərtləndirmişdir. Sovet dövrünün din üzərində total nəzarətindən və elmi ateiszm praktikasından fərqli olaraq, müstəqil dövlətdə din və etiqad  azadlıqları  konstitusion əsaslar üzərində qərar tutur.
"Əhali arasında dini dünyagörüş sürətlə yayılmaqdadır. Ölkədə yeni məscidlər tikilir və ya bərpa edilir. Hazırda Azərbaycand fəaliyyət göstərən pravoslav kilsəsi, sinaqoq və sair dini məbədlər mövcuddur. Ölkədə tədricən dini təhsil sistemi formalaşıb. Ölkədə İslam və digər dinlər haqqında çoxsaylı ədəbiyyat mövcuddur. Bununla yanaşı bir sıra ictimai təşkilatlar, qeyri hökumət təşkilatları, elmi-tədqiqat müəssisələri dinlə bağlı fəaliyyət göstərməkdədir. Bütövlükdə, islam dini cəmiyyətimizin mənəvi həyatının ayrılmaz hissəsini təşkil etməkdədir və bir çox insanın özünü dərk və dünyanı dərk forması kimi çıxış edir. Bütün bunlarla yanaşı onu da demək lazımdır ki, hazırda ölkədəki dini vəziyyətin təhlili baxımından hər hansı dəqiq və sosioempirik tədqiqatın olmadığı müşahidə edilməkdədir. Tədqiqatın unikal cəhəti ondan ibarətdir ki, faktiki olaraq Azərbaycanda ilk dəfə olaraq kütləvi dini şüurun nəzəri və praktiki tərəfləri araşdırmada öz əksini tapa bilmişdir.”
Tədbirdə Strateji Araşdırmalar Mərkəzinin elmi işçisi Sahib Cəfərov "Azərbaycanda İslam” sosioloji tədqiqatının  nəticələri əsasında təqdimat etmişdir.
S.Cəfərov bildirdi ki, sorğuda respondentlərə bir çox dini məsələlərlə bağlı suallar ünvanlanmışdır. Sorğunun coğrafiyasına gəldikdə, Bakı, Abşeron, Quba-Xaçmaz, Aran, Qarabağ, Dağlıq Şirvan, Lənkəran, Şəki-Zaqatala, Gəncə-Qazax bölgələrində təsadüfi seçim yolu ilə üzbəüz sorğu prosesi həyata keçirilmişdir:
"Sorğunun nəticələrinə görə, respondentlərin 96,2 Allaha inanan, 0,1 faizi ateistdir. Sorğu zamanı insanların son 5 ildə dinə olan münasibəti öyrənilib. Rəyi soruşulanların 10,3 faizi bildirib ki, indi daha dindar olmuşlar, 83 faiz isə   dinə inamının əvvəlki kimi olduğunu açıqlayıb. Ümumilikdə, rəyi soruşulanların 95 faizi Azərbaycanda dünyəvi dövlət modelinə üstünlük vermişdir”.
S.Cəfərov sorğu zamanı orta məktəblərdə baş örtüyü məsələsinə də münasibətin öyrənildiyini bildirib:
"Respondentlərin 46 faizi hesab edir ki, orta məktəblərdə baş örtüyünün istifadəsi yolverilməzdir. Sorğuda iştirak edənlərin 42,2 faizi bu məsələdə neytral mövqedə dayanır. Onların 13,8 faizinin fikrincə, bu məsələdə şəxsi seçimə mane olmaq olmaz. Onlar dövlətin bu məsələdəki birmənalı mövqeyindən narahatdır”.
Tədbirin sonunda iştirakçı və jurnalistlərin təqdimatla bağlı sualları cavablandırılmışdır.



 

: 1157