| Azərbaycanca | English
Ana səhifə SAM haqqında Tədbirlər Media Nəşrlər Vakansiyalar Fotoqalereya Qarabağ

Böyük Britaniya – Azərbaycan əlaqələri müasir regional geosiyasət kontekstində

2009-09-18 17:37:00

18 sentyabr 2009-cu il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzində "müzakirələr üçün toplantılar” layihəsi çərçivəsində "Böyük Britaniya – Azərbaycan əlaqələri müasir regional geosiyasət kontekstində” tədbir keçirilmiş və burada Böyük Britaniyanın Azərbaycanda akkreditə olunmuş fövqəladə və səlahiyyətli səfiri Karolin Braun məruzəçi qismində çıxış etmişdir.

Birinci növbədə Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Nuriyev Azərbaycanla-Böyük Britaniya arasındakı münasibətlər barəsində danışaraq qeyd edib ki, ölkələrimiz arasında əlaqələr sürətlə inkişaf edir və ikitərəfli münasibətlərin perspektivləri çox genişdir.

Moderatoru Prezident yanında Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Nuriyevin olduğu tədbirdə, qonaq Böyük Britaniya-Azərbaycan münasibətlərinə dair ətraflı məlumat vermiş və iştirakçıların çoxsaylı suallarını cavablandırmışdır.

Böyük Britaniyanın səfiri xanım Braun ölkəsi ilə Azərbaycan münasibətlərinə toxunaraq qeyd etdi ki, ölkələrimiz arasında əlaqələr dərin keçmişə dayanır və hal-hazırda da sürətli templə inkişaf edir. Xanım Braun qeyd etdi ki, Azərbaycan Böyük Britaniyanın aparıcı tərəfdaşlarından biridir. 2005-ci ildə Azərbaycanın Böyük Britaniyaya ixracı 4,2 milyon funt sterlinq təşkil edib. Azərbaycan Böyük Britaniyadan idxalın həcminə görə ikinci yerdədir. İki ölkə arasındakı münasibətlər hökumətlər səviyyəsindəki əlaqələrdən daha geniş və dərindir. Bu həm dil, həm də mədəni əlaqələrdir.

Azərbaycanın Avropaya inteqrasiyası barəsində danışan səfir qeyd etdi ki, Böyük Britaniya Azərbaycanın beynəlxalq cəmiyyətə getdikcə artan inteqrasiyasını görməyə şaddır və Azərbaycan hökumətinin Avropaya üz tutmasını onun vacib qərarlarından biri hesab edir.

Böyük Britaniyanın xarici siyasət strategiyası haqqında danışan xanım Braun qeyd etdi ki, ölkəsinin əsas məqsədləri - terrorizmlə mübarizə və nüvə silahının yayılmasının qarşısının alınması, beynəlxalq və regional səviyyədə iqtisadiyyatın inkişafı, ərazi münaqişələrinin həlli və qarşısının alınmasıdır.

Xanım Braun, ona ünvanlanmış, Dağlıq Qarabağ münaqişəsi, İranın "Nabucco” layihəsində iştirakı, Avropa Birliyi və Böyük Britaniya əlaqələri və digər mövzuları əhatə edən suallara ətraflı cavab verdi.

Dağlıq Qarabağla bağlı sualı cavablandıraraq, xanım səfir qeyd etdi ki, Dağlıq Qarabağ dondurulmuş münaqişə deyil. Səfir bildirdi ki, avqust ayında Qafqazda baş verən hadisələrdən sonra Dağlıq Qarabağ münaqişəsini dondurulmuş münaqişə kimi görmək düzgün olmaz. Səfirin sözlərinə görə, Böyük Britaniya münaqişənin tez müddətdə və sülh yolu ilə həllində maraqlıdır. Xanım Braun qeyd etdi ki, Britaniyanın əsas hədəfi münaqişələrin qarşısının alınması və onların sülh yolla həllidir. Xanım Braunun sözlərinə görə, ölkəsinin bu sahədə əsas prioritetləri Əfqanıstan və Pakistandakı vəziyyət, İsrail-Fələstin münaqişəsi və müsəlman-xristian-yəhudi münasibətləridir.

İranın "Nabucco” layihəsində iştirakı barədə sualı cavablandıran səfir qeyd etdi ki, Britaniya Cənub enerji dəhlizinin reallaşmasında maraqlıdır. İrana gəldikdə isə, səfir qeyd etdi ki, bu ölkənin siyasətində müəyyən aydınlıq yaranmadan və dünya ictimaiyyəti buna əmin olmadan İranın layihədə iştirakı çətin ki mümkün olsun. Bundan başqa, İranın nüvə proqramı da dünya ictimaiyyətini narahat edir. Xanım Braun bildirdi ki, Böyük Britaniya İranın nüvə proqramı ilə bağlı mövqeyini dəstəkləmir və əmindir ki, bu problemin həlli diplomatik yolla tapılmalıdır.

Tədbirin sonunda xanım Braun görüş barəsində məmnuniyyətini bildirərək, Mərkəzin rəhbəri cənab Elxan Nuriyevə öz dərin təşəkkürünü bildirdi.


 

: 972