| Azərbaycanca | English
Ana səhifə SAM haqqında Tədbirlər Media Nəşrlər Vakansiyalar Fotoqalereya Qarabağ

"Dövlət və dil. Reallıq və perspektivlər" mövzusunda dəyirmi masa

2012-10-18 01:52:00

2012-ci ilin oktyabr ayının 17-də Azərbaycan Respublikası Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzində «Dövlət və dil. Reallıq, perspektivlər» mövzusunda dəyirmi masa keçirilmişdir.

Dəyirmi masada Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 23 may tarixli «Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı» layihəsi haqqında Sərəncamından irəli gələn vəzifələr, mütəxəssislərin təklif və tövsiyyələri müzakirə olunmuşdur. Tədbirdə dövlət Proqramının hazırlanması zərurəti, prinsip və vəzifələri, polietnik cəmiyyətlərdə dövlət dilinin birləşdirici funksiyası, qloballaşma şəraitində Azərbaycan dilinin inkişaf xüsusiyyətləri, Azərbaycanda etnik dillərin qorunması və inkişafı, mətbuatda dövlət dilinin işlədilməsi problemləri və digər mövzularda çıxışlar səslənmişdir.

Tədbiri giriş sözü ilə Azərbaycan Respublikası Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin direktoru Fərhad Məmmədov açmışdır.Fərhad Məmmədov prezident İlham Əliyevin Dövlət dili ilə bağlı Proqramın

hazırlanmasının zərurəti və prinsiplərinin əks edildiyi müvafiq Sərəncamının əhəmiyyətini və qarşıda duran vəzifələri dəyirmi masa iştirakçılarının nəzərinə çatdırmışdır. O, həmçinin qeyd etmişdir ki, Azərbaycana düşmən olan qüvvələr tarix boyu dövlətimizin müstəqilliyi və inkişafı əleyhinə dil faktorundan istifadə etməyə, onun yaranması və inkişafını saxtalaşdırmağa cəhd etmişlər. Müstəqilliyin bərpası ilə dilimizə göstərilən dövlət qayğısı bu cəhdləri heçə endirmişdir. Bu gün də dilimizin gələcəyinin də təmin edilməsi yönündə görüləcək tədbirlər daim diqqət mərkəzindədir.

Fərhad Məmmədov dəyirmi masada Azərbaycanın görkəmli və peşəkar dilçilərinin çıxış edəcəyini, sonda mütəxəssis sözü və ictimai rəyin səmərəli dialoqunun alınacağına ümidvar olduğunu bildirmişdir. Daha sonra aparıcı Tahirə Allahyarova çıxış üçün sözü məruzəçilərə vermişdir. Strateji Araşdırmalar Mərkəzinin direktor müavini Gülşən Paşayeva, «Polietnik cəmiyyətlərdə dövlət dilinin birləşdirici funksiyası» adlı məruzəsində iştirakçılaırn diqqətini polietnik dövlətlərdə dil siyasətinin olduqca mühüm rola malik olmasına cəlb etdi. G.Paşayeva həmçinin qeyd etdi ki, polietnik əhalisi olan dövlətlərdə dil siyasəti ilə bağlı müxtəlif yanaşmaları ümumilikdə monolinqvizm (təkdillilik) və ya poli-multilinqvizm ideyalarına əsaslanan yanaşmalar əsasında iki qrupa bölmək mümkündür. Bu iki yanaşma dil siyasətinə dair mövcud fikirlərin iki müxtəlif əks qütblərini təşkil edir. Hal-hazırda dünyanın müxtəlif ölkələrində həyata keçirilən dil siyasətinə dair strategiyalar onlar əsasında hazırlanmış müxtəlif variant və modellərdir ki, son nəticədə onların törəməsi olaraq, bu və ya digər qütbə yaxınlığı ilə səciyyələnir.Dil siyasətinin ən vacib istiqamətlərindən birinin də vətəndaşların rəsmi dildən istifadə etməsi üçün müvafiq şəraitin yaradılması olduğunu vurğulayan məruzəçi onu da qeyd etdi ki, bunun üçün rəsmi dilin öyrənilməsi məqsədilə müvafiq mərkəzlərin yaradılması və ödənişsiz olaraq ölkə vətəndaşlarının biliklərinin artırılmasına diqqət verilməlidir.

Eyni zamanda kütləvi informasiya vasitələri, televiziya və radionun imkanlarından istifadə edərək rəsmi dilin öyrənilməsinə dair dərslərin və proqramların həyata keçirilməsi olduqca əhəmiyyətlidir. Rəsmi dildə internet resurslarının, elektron və interaktiv dərsliklərin və keyfiyyətli tədris vəsaitlərinin və lüğətlərin yaradılması olduqca aktualdır. G.Paşayeva mövzu üzrə dünya təcrübəsindən misallar əsasında polietnik cəmiyyətlərdə dövlət dilinin rolunu təhlil etmişdir. Azərbaycan Pedaqoji Universitetinin filologiya fakültəsinin dekanı, professor Buludxan Xəlilov, «Muasir dövrdə dövlət dili problemi» mövzusunda etdiyi çıxışda dilin olduqca geniş fenomen olub, siyasi, ideoloji və s. funksiyalara da malik olmasını qeyd etmişdir. O, bu gün Azərbaycan dilinin də, azərbaycançılığın da ösünütəsdiq etdiyini vurğulamışdır. Dilə dövlətin həssas qayğı və münasibətinə bütün cəmiyyətin dəstək verməsinin, dili başlıca olaraq xalqın qorumasının vacibliyini qeyd etmişdir. Məruzəçi həmçinin KİV-lər və dövlət dili, dil və informasiya texnologiyaları məsələləri barədə fikirlərini təqdim etmişdir.

Milli Tele Radio Şurasının üzvü, AMEA-nın Dil Komissiyasının üzvü, tarix elmləri doktoru Qafar Cəbiyev «Mətbuatda dövlət dilinin işlədilməsi. Problemlər və vəzifələr» adlı məruzə ilə çıxış etmişdir. Qafar Cəbiyev, artıq tariximizdə bir dilin-Alban dilinin itməsini iştirakçıların nəzərinə çatdıraraq, müzakirə edilən mövzunun aktual olmasını vurğulamışdır. O, Ümumilli lider Heydər Əliyevin KİV-lərdə, efirdə dövlət dilindən istifadə normalarına dair sərəncamını yada salmışdır. Hazırda bu sahədə çoxlu qüsurların olduğunu və Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə dair son sərəncamın taleyüklü əhəmiyyətinə diqqəti cəlb etmişdir. KİV-lərin bu aspektdə monitorinqinin keçirilməsinin, onların bu sahədə mövcud olan problemlərə "güzgü olmasını" tövsiyə etmişdir. Daha sonra AMEA-nın Dilçilik İnstitutunun şöbə müdiri, filologiya elmləri doktoru, professor Qəzənfər Kazımov «Tarixi Azərbaycan əraziləri və dövlət dili» mövzusunda çıxış etmişdir. O, dilimizin mənşəyi və Azərbaycan xalqının etnogenezi mövzusuna diqqəti cəlb etmişdir. Dünyada 50 milyona yaxın azərbaycanlının bu dildə danışmasını xatırlatmışdır. Azərbaycan tarixində etnogenez və dilimizin mənşəyinə dair tədqiqatlarda subyektiv yanaşmalardan irəli gələn bəzi uyğunsuzluqların olmasını və faktları misal gətirərək bu kimi halların düşmənlərin öz məqsədləri üçün istifadə etməsinin yolverilməz olduğunu qeyd etmişdir. Sonda çıxışlar ətrafında müzakirələr aparılmışdır.

Müzakirələrdə AMEA-nın Dilçilik İnstitutunun şöbə müdiri İsmayıl Məmmədov, AMEA-nın Terminologiya Komissiyasının sədri Sayalı Sadıqova, Milli Məclisin üzvü Fazil Mustafaoğlu, İTV-nin "Elm və Təhsil Departamentinin" müdiri Cəsarət Valehov, dil fəlsəfəsi sahəsində peşəkar tədqiqatçı, alim Afaq Rüstəmova, "Azərbaycan" qəzetinin şöbə müdiri, tanınmış tədqiqiatçı, publisist Xalid Niyazov, AMEA-nın Ədəbiyyat İnstitutnun direktor əvəzi, müzbir üzv, professor Teymur Kərimli çıxış edərək müzakirə edilən mövzu ilə bağlı konkret təklif və tövsiyyələrini təqdim etdilər.





 

: 137