| Azərbaycanca | English
Ana səhifə SAM haqqında Tədbirlər Media Nəşrlər Vakansiyalar Fotoqalereya Qarabağ

İllik hesabat - 2010

2010-07-17 12:08:00

AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ YANINDA STRATEJİ ARAŞDIRMALAR MƏRKƏZİNİN 2010-CU TƏQVİM İLİ ÜZRƏ HESABATI
BAKI - 2010
GİRİŞ
 
2010-cu ildə, ölkəmizdə müstəqilliyin əldə edilməsindən sonra ötən 20 ilə yaxın müddətdə qazanılan iqtisadi inkişaf və uğurlara söykənərək, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin qarşıya qoyduğu "Yeni əsrdə elmə və biliyə əsaslanan Azərbaycan dövlətinin qurulması” kimi strateji xarakterli vəzifənin praktiki olaraq reallaşdırılmasına başlanılmışdır.
Bununla əlaqədar, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev başa çatan 2010-cu ilin Azərbaycan Respublikasının ictimai və humanitar elmində keyfiyyət mərhələsinə doğru dönüş ili kimi və ölkəmizin elm mərkəzi olaraq tanınmasının başlanğıc nöqtəsi olduğunu ehtiva edən konseptual xarakterli əsərləri ilə respublikanın elmi ictimaiyyəti üçün dəyərli olan bir sıra mühüm və vacib məsələlərə toxunmuşdur.
Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi (SAM) həmin məsələlər ətrafında gedən müzakirələrdə yaxından iştirak etmiş və 2010-cu ildə elmi fəaliyyətini təşkil edərkən bununla irəli sürülən vəzifələrin həllini prioritet hesab etmişdir.
STRATEJİ ARAŞDIRMALAR MƏRKƏZİNİN ELMİ-TƏDQİQAT FƏALİYYƏTİ

SAM-ın 2010-cu təqvim ili üzrə müəyyən edilmiş elmi-fəaliyyət planında nəzərdə tutulan bütün məsələlər həyata keçirilmişdir. Eyni zamanda, Mərkəzin təyinatının xüsusiyyətlərinə uyğun olaraq, ölkədə və dünyada cərəyan edən real proseslərin doğurduğu, eləcə də plandankənar bir sıra aktual və zəruri məsələlər ilə bağlı operativ təhlil və araşdırmalar yerinə yetirilmişdir.
Hesabat ilində dövlət başçısının Azərbaycanın birinci, ümummilli problemi adlandırdığı Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi Mərkəzin bütün şöbələrinin elmi tədqiqatlarında prioritet mövzu kimi önə çəkilmiş, dünyanın müxtəlif "beyin mərkəzləri”ndə, respublika və beynəlxalq səviyyəli konfranslarda müzakirə predmetinə çevrilmiş, eləcə də SAM kollektivinin çoxsaylı araşdırmalarının nəticəsi kimi məqalə və kitab şəklində çap olunmuşdur. Bu problemlə bağlı Mərkəzdə 1 xüsusi layihə və elmi tədqiqat işləri yerinə yetirilmiş, əksəriyyəti xarici dildə olmaqla 43 elmi məqalə çap edilmiş, çoxsaylı hesabat və arayışlar hazırlanmış və elektron mediada mütəmadi təhlillər verilmişdir.
1. Daxili siyasət məsələlərinin təhlilinə dair fəaliyyət üzrə
2010-cu hesabat ilində, "Azərbaycan dövlətinin daxili siyasət strategiyasının prioritetləri” problem istiqaməti üzrə 1 xüsusi sosioloji sorğu layihəsi və 7 elmi tədqiqat mövzusu araşdırılmışdır.
Hesabat ili ərzində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı elmi-praktiki və siyasi əhəmiyyətli elmi-tədqiqat işləri yerinə yetirilmişdir. İlk dəfə olaraq hazırlanan "Etnik münaqişələrin sosial-psixoloji tərəfləri və konfliktdən sonrakı barışıq məsələləri (Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi timsalında)” adlı sosioloji sorğu layihəsi xüsusilə qeyd edilməlidir. Layihə çərçivəsində aparılan tədqiqatların gedişində əldə olunan nəticələr əsasında geniş təhlil təqdim edilmişdir.
Layihənin strateji əhəmiyyəti onunla izah olunur ki, burada münaqişə tərəfləri arasında ilkin siyasi razılıq əldə olunduqdan sonrakı - yəni ölkəmizin ərazi bütövlüyünün təmin olunmasından sonrakı mərhələdə həlli vacib olan bir sıra məsələlər araşdırılır. Bu strateji məqsəd layihənin əsas hədəfi kimi götürülür. Belə ki, bu layihə Azərbaycan dövlətinin Qarabağa Qayıdış ümumxalq layihəsinin gerçəkləşdirilməsi istiqamətində real tədbirlərin görülməsinə zəmin yaradır. Eyni zamanda Dağlıq Qarabağın Azərbaycan və erməni icmalarının münaqişədən sonrakı dövrdə birgə yaşayışı kimi fundamental məsələlərə aydınlıq gətirir.
Ölkədə və dünyada böyük marağa səbəb olan mühüm ictimai-siyasi hadisə, yəni 4-cü çağırış parlament seçkilərinin 2010-cu ildə keçirildiyini nəzərə alaraq, SAM seçkilər ilə əlaqədar geniş elmi-tədqiqat planını hazırlamış və onu həyata keçirmişdir. Bu tədqiqatın gedişində "Seçki-2010: Azərbaycanda siyasi partiyalar: seçkidən seçkiyə” mövzusunda və "Seçki-2010: Azərbaycanda parlament seçkilərinə hazırlıq, seçki prosesi və yekunlar haqqında” təhlillərin hazırlanması istiqamətində araşdırmalar aparılmışdır.
Azərbaycanda müstəqillik əldə edildikdən sonra ilk dəfə olaraq yerli siyasi partiyaların yaranması, fəaliyyəti, təsnifatı, real və potensial imkanları, seçkiqabağı qüvvələr nisbəti SAM tərəfindən müfəssəl şəkildə öyrənilmişdir. Tədqiqat çərçivəsində sosioloji sorğu keçirilmiş, gündəmdə olan 25 siyasi partiyanın liderlərinin və funksionerlərinin iştirakı ilə onların seçki planları, sosial bazası, elektoratı və s. haqqında planlarına dair bilavasitə müsahibələr aparılmış, seçkidən sonrakı nəticələr ilə müqayisəli təhlil edilərək, siyasi qüvvələrin dinamikası izlənilmiş, proqnozlar və praktiki tövsiyələr verilmişdir. Ölkədaxili siyasi məkanda partiya subyektlərinin informasiya xəritəsinə dair dolğun təsəvvür yaradan araşdırmanın nəticələri kitab şəklində Azərbaycan və ingilis dillərində çap olunmuş və seçki prosesində yerli və beynəlxalq ekspertlərin, habelə elmi ictimaiyyətin tanış olması üçün təqdim edilmişdir.
Həmçinin, SAM tərəfindən parlament seçkiləri ilə əlaqədar 2010-cu ilin parlament seçkilərinə dair analitik baxışları əks etdirən "Seçki-2010” silsiləli tədqiqatlar aparılmışdır. Seçkilərin hazırlıq mərhələsindən başlayaraq yekunlarına qədər bütün prosesləri təcəssüm etdirən elmi təhlillər, o cümlədən proqnozlar operativ surətdə Azərbaycan və ingilis dillərində nəşr olunaraq təqdim edilmişdir.
Hesabat ilində XXI əsrin ilk on ilini arxada qoyan ölkəmizdə vətəndaşların ictimai şüurunda, dünyagörüşündə, mənəvi-psixoloji əhvalında baş verən transformasiya meyllərinin tədqiqi də aktual məsələ kimi diqqət mərkəzində olmuşdur. Bu istiqamətdə iki elmi-tədqiqat işi yerinə yetirilmişdir. "Azərbaycan cəmiyyətinin sosial-psixoloji ölçülərində bəzi cəhətləri” adlı araşdırmada müasir cəmiyyətimizin mənəvi-psixoloji həyatında baş verən dəyişikliklərin mahiyyəti öyrənilir.
"Azərbaycan gəncləri psixologiya rakursunda: marginallaşma problemləri” adlı digər elmi tədqiqat işində müasir qloballaşma proseslərində azərbaycanlıların yeni nəslinin psixoloji baxımdan məruz qaldığı transformasiyalar təhlil mövzusu olmuşdur. Bir sıra mühüm elmi müddəalar, nəticə və tövsiyələr əldə edilmişdir.
Hesabat ilində daxili siyasət sahəsində müasir dövrün çox aktual mövzularından biri olan "Azərbaycanda separatçılıq problemləri və onların həlli yolları” respublikamızın reallıqları kontekstində araşdırılmışdır.
Göründüyü kimi, bu problemin Azərbaycanda potensial təzahürü, mümkün təhdidlər və həlli mexanizmləri tədqiqat predmetini təşkil etmişdir. Bu tədqiqatda yaxın və uzaq ölkələrin Azərbaycanda bütün dünyanın etiraf etdiyi tolerantlıq mühitini və ictimai-siyasi sabitliyi pozmaq üçün ən müxtəlif cəhdlərə əl atan qüvvələrin mümkün mənzərəsi təhlil edilir. Adı çəkilən tədqiqatın nəticələri Azərbaycan Respublikasının Milli təhlükəsizlik konsepsiyasının müvafiq istiqamətinə (4.3. Təhlükəsizliyin daxili siyasət vasitələri ilə təmin edilməsi) bilavasitə cavab verir.
SAM 2010-cu hesabat ilində Azərbaycan Respublikasında həyata keçirilən strateji araşdırmaları koordinasiya etmək kimi təyinatından irəli gələn istiqamətdə elmi tədqiqat işini reallaşdırmışdır. Bu məqsədlə, "Beyin hücumu XXI əsrdə: problemlər və ideyalar” mövzusunda milli məkanda "beyin mərkəzi”nin real statusunun qiymətləndirilməsi, kadr, təşkilati və intellektual resurslarının nəzərdən keçirilməsi, ölkədə özünü "beyin mərkəzi” adlandıran qurumların mövcud fəaliyyəti, əməkdaşlığının forma və mexanizmləri, dünya "beyin mərkəzi” reytinqlərində hansı yer tutmasına dair araşdırma aparılmış və yerli analitik ekspert cəmiyyətinin ümumi fonunun faktiki mənzərəsi işıqlandırılmışdır. Bu tədqiqat çərçivəsində respublikanın çoxsaylı analitik araşdırma qurumlarının rəhbərlərinin iştirakı ilə "dəyirmi masa” keçirilmiş və ölkədə bu qurumların qarşılıqlı əməkdaşlıq və tərəfdaşlığının yeni səmərəli modelinin formalaşdırılması məsələləri təhlil edilmişdir. Elmi-tədqiqat işi çərçivəsində keçirilən bu tədbir ölkə mətbuatında və ekspert cəmiyyətində böyük rezonans doğurması ilə yadda qalmışdır.
2. Xarici siyasət məsələlərinin təhlilinə dair fəaliyyət üzrə
2010-cu hesabat ilində Strateji Araşdırmalar Mərkəzində "Xarici siyasətin və beynəlxalq münasibətlərin strategiyası” istiqaməti üzrə aşağıdakı elmi-tədqiqat işləri yerinə yetirilmişdir:
ABŞ-ın xarici siyasətində etnik lobbilərin rolu (yəhudi və erməni lobbilərinin timsalında)
Azərbaycan və Türkiyə, Rusiya və ABŞ-ın Cənubi Qafqaz istiqamətində yeni yanaşmalarının qarşılıqlı təsiri
Çoxşaxəli diplomatiya vasitələrinin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə tətbiqi
Türkiyənin daxili siyasətində baş verən hadisələrin Azərbaycanla münasibətlərinə təsirinin təhlili
Türkiyədə ictimai rəyin formalaşmasının amilləri, ona təsir imkanları və mexanizmləri
Azərbaycan-Böyük Britaniya ikitərəfli münasibətləri
Qərbi Balkan və Qara dəniz regionunda Azərbaycanın strateji maraqlarının qiymətləndirilməsi
Ermənistanın xarici siyasətinin təhlili və gələcəyə istiqamətlənmiş proqnozlar
Transmilli təhdidlər və trafikinq (İran nümunəsi əsasında)
İran-ABŞ münasibətlərinin inkişaf perspektivləri
 
Xüsusilə qeyd olunmalıdır ki, 2010-cu ildə ABŞ-ın Hərbi-Dəniz Donanmasının Ali Məktəbinin "Müdafiə təhlili” ixtisası üzrə iki illik magistratura kursunu fərqlənmə diplomu ilə bitirmiş Mərkəzin elmi işçisi Rəşad Kərimov hesabat ilində mühüm elmi tədqiqat işini yerinə yetirmiş, həmin tədqiqatın nəticələri ABŞ Konqresinin kitabxanasına göndərilmişdir:
"Dondurulmuş Münaqişələrin Hesablanması” (Abacus of Frozen Conflicts) Hərbi Dəniz Qüvvələrinin Ali zabit məktəbi, Monterey, Kaliforniya, iyun 2010-cu il
 
"Çarşabın Atılması: Köhnə Müharibənin Gələcəyi” (Lifting the Veil: The Future of the Old War) Hərbi Dəniz Qüvvələrinin Ali zabit məktəbi, Monterey, Kaliforniya, iyul 2010-cu il
"Yeni Körfəz Müharibəsi” (The New Gulf War), Hərbi Dəniz Qüvvələrinin Ali zabit məktəbi, Monterey, Kaliforniya, iyul 2010-cu il.
 
3. İqtisadiyyatin təhlili və qloballaşma məsələlərinə dair fəaliyyət üzrə
Azərbaycan Respublikasının dinamik inkişafı, dünya iqtisadiyyatına uğurla inteqrasiyası və qlobal iqtisadi-maliyyə böhranı şəraitində artım templərini qoruyub saxlayan ölkə imicini qazanması SAM-ın bu istiqamətdə dövlət əhəmiyyətli strateji araşdırmalarına zəmin yaradır.
Dövlət başçısı tərəfindən iqtisadiyyatın, enerji layihələrinin şaxələndirilməsi kimi strateji vəzifənin uğurla həyata keçirilməsinə müvafiq olaraq, Mərkəzin bu sahədə aparılan təhlillərinin regional və dünya miqyasında təqdimatı baxımından mühüm işlər görülmüş, o cümlədən iki elmi-tədqiqat mövzusu araşdırılmışdır. "Azərbaycanın Yaxın Şərq qaz bazarlarına çıxışı: regionda yeni enerji oyunu” adlı tədqiqat işində ölkəmizin enerji resurslarının nəqlinin və bazarlarının şaxələndirilməsi sahəsində siyasəti, region dövlətlərinin bu məsələyə münasibəti təhlil edilmiş, daha optimal variantlara dair proqnozlar verilmişdir. "Azərbaycanın Körfəz Əməkdaşlıq Şurasının üzv dövlətləri ilə əməkdaşlıq münasibətlərinin perspektivlərinə dair tövsiyələr” adlı elmi-tədqiqat işində bəhs olunan aktual məsələlərə dair təhlil, tövsiyə və proqnozlar göstərilmişdir.
STRATEJİ ARAŞDIRMALAR MƏRKƏZİNİN ANALİTİK-İNFORMASİYA YÖNÜMLÜ FƏALİYYƏTİ

 
Hesabat ilində Mərkəz tərəfindən yerinə yetirilmiş elmi-tədqiqat mövzularına uyğun aşağıda qeyd olunan elmi məqalələr, analitik-informasiya məzmunlu (açıq və xidməti istifadə üçün qapalı) arayışlar, hesabatlar, məruzələr hazırlanmış və Azərbaycan Respublikası Prezidenti Administrasiyasına təqdim edilmişdir. "Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli”, "Daxili və xarici siyasət, iqtisadiyyat və qloballaşma” mövzuları, habelə parlament seçkiləri ilə əlaqədar hazırlanan məqalələr Azərbaycan, ingilis, rus və türk dillərində nəşr edilmiş və elektron mediada dərc etdirilmişdir. Regionda cərəyan edən proseslər, eləcə də Rusiya, Türkiyə, İran, Ermənistan və digər ölkələri əhatə edən məsələlər haqqında təhlili arayışlar və hesabatlar tərtib olunmuşdur.
STRATEJİ ARAŞDIRMALAR MƏRKƏZİNİN TƏŞKİLATÇILIQ FƏALİYYƏTİ

Beynəlxalq konfranslar
Hesabat ilində SAM tərəfindən dünyanın ən böyük "beyin mərkəzləri”nin rəhbərləri, tanınmış siyasətçilər, diplomatlar, analitik-ekspert cəmiyyətinin iştirakı ilə 3 beynəlxalq konfrans keçirilmişdir:
12 mart 2010-cu il tarixində Bakıda "Demokratik cəmiyyətdə media: beynəlxalq və milli təcrübə” mövzusunda İnsan Hüquqlarına dair Beynəlxalq Standartların Təsbiti üzrə Birgə İşçi qrupu ilə əməkdaşlıq çərçivəsində konfrans keçirilmişdir.
 
9 noyabr 2010-cu il tarixində Vaşinqtonda(ABŞ) Beynəlxalq Sülh naminə Karnegi Fondu, Ceymstaun Fondu, Mərkəzi Asiya-Qafqaz İnstitutu və SAM-ın birgə təşkilatçılığı ilə "ABŞ-Azərbaycan münasibətləri: Strateji tərəfdaşlığın mövcud durumu” mövzusunda beynəlxaq konfrans keçirilmişdir.
 
2 dekabr 2010-cu il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi(SAM), Polşanın Cənubi Qafqaz Təhlükəsizlik Forumu və Konrad Adenauer Fondunun birgə təşkilatçılığı ilə III-cü Cənubi Qafqaz Təhlükəsizlik Forumu çərçivəsində "Azərbaycan və Şərq Tərəfdaşlığı: Regional çətinliklərin və yeni imkanların müəyyənləşdirilməsi ” mövzusunda beynəlxalq konfrans keçirilmişdir.
 
Dəyirmi masalar
Eyni zamanda, ölkəmizin beynəlxalq nüfuzunun yüksəldilməsinə və SAM-ın "beyin mərkəzi” kimi tanınmasına mühüm töhfələr verməklə, tanınmış xarici ekspertlərin iştirakı ilə Mərkəzdə 31 "dəyirmi masa” keçirilmişdir. Bunlardan aşağıdakılar öz əhəmiyyəti ilə seçilmişdir:
16 aprel 2010-cu il tarixində "Cənubi Qafqaz: qlobal tendensiyalar və təhlükələr” mövzusunda Böyük Britaniyanın "International Alert” təşkilatının baş katibi Den Smit, Avrasiya proqramları üzrə layihə direktoru Desislava Rusanova ilə keçirilən "dəyirmi masa”.
30 aprel 2010-cu il tarixində "Kosovo və Dağlıq Qarabağ: fərqlər və ziddiyyətlər” mövzusunda Türkiyənin Beynəlxalq Strateji Araşdırmalar Mərkəzinin (USAD) rəhbəri Cəlal Cem Oğuz, Bilkənt Universitetinin beynəlxalq münasibətlər üzrə professoru Mark Almond və həmin universitetin jurnalistika fakültəsinin müəllimi Devid Barçard ilə keçirilən "dəyirmi masa”.
14 may 2010-cu il tarixində "Rusiya və Azərbaycanın Yaxın və Orta Şərqdə rolu” mövzusunda Rusiya Strateji Araşdırmalar İnstitutunun direktoru Leonid Reşetnikov, RSAİ direktorunun köməkçisi xanım Anna Dudar, RSAİ Qara dəniz-Xəzər Analitik və informasiya mərkəzinin rəhbəri Eduard Popov, RSAİ Müasir Asiya şöbəsinin elmi işçisi Aleksandr Kuznetsov ilə keçirilən "dəyirmi masa”.
02 iyun 2010-cu il tarixində "Cənubi Qafqaz və Xəzər regionunda ABŞ-ın enerji siyasəti” mövzusunda ABŞ dövlət katibinin Avrasiya enerji məsələləri üzrə xüsusi nümayəndəsi, səfir Riçard Morninqstar ilə keçirilən "dəyirmi masa”.
 
13 sentyabr 2010-cu il tarixində "Azərbaycan və Qazaxıstan: ikitərəfli münasibətlər və qarşılıqlı regional əlaqələr” mövzusunda Qazaxıstan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar İnstitutunun direktoru Bulat Sultanov ilə keçirilən "dəyirmi masa”.
Müzakirələr üçün toplantılar
5 iyun 2009-cu il tarixindən etibarən Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzində "Müzakirələr üçün toplantılar” adlı xüsusi layihə çərçivəsində ölkəmizdə akkreditə olunmuş diplomatik nümayəndəliklərin rəhbərləri ilə müzakirəli görüşlərə həsr olunan tədbirlərə start verilmişdir. Həmçinin, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin məsul əməkdaşlarının iştirak etdiyi bu layihə 2010-cu ildə öz işini davam etdirmişdir. Cari il ərzində bu layihə çərçivəsində aşağıdakı tədbirlər keçirilmişdir:
18 fevral 2010-cu il tarixində "Azərbaycan-Avropa İttifaqı münasibətləri: əməkdaşlığın perspektivləri” mövzusunda Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfir Roland Kobia Strateji Araşdırmalar Mərkəzində çıxış etmişdir.
 
11 mart 2010-cu il tarixində "Azərbaycan-Almaniya münasibətləri Cənubi Qafqaz kontekstində” mövzusunda Almaniya Federativ Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Per Stankina Strateji Araşdırmalar Mərkəzində çıxış etmişdir.
9 aprel 2010-cu il tarixində Rumıniyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri, NATO-nun Azərbaycanda əlaqələndirici səfirliyinin rəhbəri Nikolae Ureke Strateji Araşdırmalar Mərkəzində çıxış etmişdir.
11 iyun 2010-cu il tarixində "Azərbaycanda demokratik dəyərlərin dəstəklənməsində ATƏT-in Bakı ofisinin rolu” mövzusunda ATƏT-in Bakı ofisinin rəhbəri, səfir Əli Bilge Cankorel Strateji Araşdırmalar Mərkəzində çıxış etmişdir.
29 oktyabr 2010-cu il tarixində "Müasir regional geosiyasət kontekstində Azərbaycan-Özbəkistan münasibətləri” mövzusunda Özbəkistanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri İsmatulla İrqaşev Strateji Araşdırmalar Mərkəzində çıxış etmişdir.
Xarici səfərlər
2010-cu hesabat ilində Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin direktoru Fransa, İngiltərə, Almaniya, Rusiya, Belçika və ABŞ-da təşkil edilmiş müxtəlif konfranslarda və "dəyirmi masa”larda iştirak və çıxış etmişdir. Bu tədbirlər Dağlıq Qarabağ münaqişəsinə, Cənubi Qafqazın yeni geosiyasətinə və sosial-iqtisadi inkişafına, Avropa İttifaqının Xəzər strategiyasına və ABŞ-Azərbaycan əlaqələrinə həsr edilmişdir.
Bununla yanaşı, SAM-ın elmi əməkdaşları da xarici ölkələrə səfərləri zamanı müxtəlif dövlət əhəmiyyətli tədbirlərdə - konfrans və "dəyirmi masa”larda iştirak etmişlər. Gürcüstan, Rusiya, Misir, Türkiyə, Macarıstan, Koreya, Belçika, Almaniya, Fransa, İran, Çin, İsveç, ABŞ və Finlandiyada keçirilən bu cür tədbirlər Cənubi Qafqaz regionundakı vəziyyətə, Avropa İttifaqının Şərq Tərəfdaşlığı proqramına, NATO-nun əməkdaşlıq siyasətinə, Qara dəniz-Xəzər hövzəsində enerji təhlükəsizliyi və digər məsələlərə həsr edilmişdir.
IV. STRATEJİ ARAŞDIRMALAR MƏRKƏZİNİN
ELMİ-İNFORMASİYA VƏ NƏŞRİYYAT FƏALİYYƏTİ
2010-cu hesabat ili elmi-informasiya və nəşriyyat fəaliyyəti baxımından Strateji Araşdırmalar Mərkəzi üçün son dərəcə məhsuldar olmuşdur. Belə ki, Mərkəzdə kitablar nəşr edilmiş, bir neçə elmi jurnal çap olunmuş, tərcümələr və məqalə məcmuələrindən ibarət əsərlər hazırlanaraq təqdim edilmişdir.
Kitablar
Strateji Araşdırmalar Mərkəzinin dəstəyi və təşkilatçılığı ilə "Prezident İlham Əliyevin andiçmə mərasimində nitqi”adlı kitab nəşr edilmişdir. Bu kitab Azərbaycanda 2003 və 2008-ci illərdə keçirilmiş prezident seçkilərində xalqın inamı, iradəsi və dəstəyi ilə qələbə qazanmış cənab İlham Əliyevin andiçmə mərasimindəki çıxışından bəhs edir.
Strateji Araşdırmalar Mərkəzinin dəstəyi ilə İctimai və Siyasi Tədqiqatlar İctimai Birliyi tərəfindən nəşr edilmiş "Gəldim, gördüm... mənimsədim” adlı kitabda əks etdirilmiş fikirlərin böyük əksəriyyəti ermənilərin dilindən və erməni mənbələri əsasında, digər bir qismi isə rus, avropalı alimlər tərəfindən səsləndirilib. Kitabdakı materiallar professor Kamran İmanovun "Армянские инородные сказки” (Erməni yabançı nağılları), Bakı, 2008-ci il və professor İsrafil Abbaslının "Азербайджанские истины в армянских литературных источниках” (Erməni ədəbi qaynaqlarında Azərbaycan həqiqətləri), Bakı, 2008-ci il kitablarından götürülüb.
Strateji Araşdırmalar Mərkəzinin yeni nəşri olan "Azərbaycanda siyasi partiyalar: seçkidən seçkiyə” adlı kitabı işıq üzü görmüşdür. Azərbaycan və ingilis dillərində çap edilmiş bu kitab müstəqillik dövründə ilk dəfə olaraq ölkədə siyasi partiyaların yaranması, dinamikası, seçki proseslərində iştirakı və real vəziyyəti ilə maraqlanan geniş oxucu auditoriyasına ünvanlanmışdır. Sözü gedən nəşrdə partiyaların ideoloji spektri, resursları və seçki taktikası, 2010-cu il parlament seçkilərindən əvvəlki vəziyyəti və əsas məqsədləri də öz əksini tapmışdır.
Strateji Araşdırmalar Mərkəzinin dəstəyi ilə "От Майендорфа до Астаны: принципиальные аспекты Армяно-Азербайджанского Нагорно-Карабахского конфликта” (Mayendorfdan Astanaya qədər: Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin prinsipial aspektləri) adlı kitab dekabr ayının sonunda Moskvada nəşr olunmuşdur. M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Tarix fakültəsi nəzdində Post-sovet məkanının öyrənilməsi üzrə informasiya-analitik mərkəzinin təşkilatçılığı ilə ərsəyə gəlmiş bu kitab Cənubi Qafqazda münaqişədən sonrakı vəziyyətin nizamlanması üzrə problemin təhlilinə və optimal modellərin axtarılmasına həsr olunmuşdur. Bununla Azərbaycan, Rusiya, Ermənistan, Gürcüstan, Türkiyə, İran, habelə Avropa İttifaqının üzv ölkələrini və ABŞ-ı təmsil edən alimlərin fikirləri əks etdirilmişdir. Həmçinin, bu nəşrdəErmənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizama salınması üzrə əsas beynəlxalq sənədlərə toxunulmuşdur.
Jurnallar
Mərkəzin beynəlxalq redaksiya şurasına malik olmaqla, "Azerbaijan Focus” jurnalının 3-cü sayı cari ilin dekabr ayının sonundaАzərbaycan və ingilis dillərində nəşr ediləcəkdir.
SAM-ın təsis etdiyi "Strateji təhlil” elmi-tədqiqat jurnalının ilk sayı çap olunmuşdur. Jurnal müxtəlif sahələri əhatə edən məqalələr toplusundan ibarətdir. Hər rüb ərzində nəşri nəzərdə tutulan jurnalda Azərbaycanda və regionda, eləcə də dünyada baş verən aktual hadisələrlə bağlı təhlillərin və strateji maraq kəsb edən problemlərin araşdırılmasına üstünlük verilir.
SAM-ın "Analitik baxış” adlı yeni nəşrinin 2010-cu ildə artıq 5 sayı işıq üzü görmüşdür. Bu məcmuədə ay ərzində ölkədə və dünyada cərəyan edən proseslər ilə əlaqədar SAM-ın əməkdaşları tərəfindən operativ analitik şərhlərin verilməsi prioritet hesab olunur.
Bununla yanaşı, il ərzində Mərkəz tərəfindən "SAM-ın şərhləri”nin 5 sayı və "SAM-ın icmalı” jurnallarının yeni sayları ardıcıl şəkildə Azərbaycan və ingilis dillərində nəşr edilmişdir.
 
Qonaq Elmi İşçilərin Mübadiləsi proqramı üzrə Strateji Araşdırmalar Mərkəzi dünyanın müxtəlif "beyin mərkəzləri” və elmi tədqiqat institutları ilə qarşılıqlı əməkdaşlıq layihələrinin həyata keçirilməsini davam etdirmişdir.
 
"2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində, Mərkəzin 2 əməkdaşı hesabat ili ərzində Çexiyaya və Fransaya göndərilmişdir.
Eyni zamanda, Mərkəz beynəlxalq əlaqələr, ictimai siyasət, politologiya, ictimaiyyətlə əlaqələr, iqtisadiyyat, beynəlxalq iqtisadi əlaqələr, beynəlxalq hüquq, tarix, sosiologiya sahələri üzrə ixtisaslaşmış xarici mütəxəssisləri elmi mübadilə proqramında iştirak etməyə dəvət etmişdir.
Fransanın Sorbon Universitetinin Geosiyasət məsələləri üzrə doktorantı, Fransanın Milli Müdafiə üzrə ali tədqiqatlar institutunun təqaüdçüsü İnessa Baban 1 may 2010-cu il tarixindən 4 ay müddətində SAM-da Qonaq Elmi İşçilərin Mübadiləsi Proqramı çərçivəsində elmi tədqiqatla məşğul olmuşdur. O, Azərbaycanın Cənubi Qafqazdakı geosiyasi oxşarlıqları, Azərbaycanın Avratlantik energetika təhlükəsizliyində yeri və rolu, Avropa Birliyi və NATO-nun münasibətləri, Xəzər dənizi regionunda rəqiblik və əməkdaşlıq: Azərbaycanın qonşu aktorlarla münasibətləri (Rusiya, İran, Qazaxıstan və Türkmənistan) məsələlərinə dair araşdırmalar aparmışdır.
Rusiya Strateji Araşdırmalar İnstitutunun Qaradəniz-Xəzər informasiya-analitik mərkəzinin rəhbəri Eduard Popov 8-24 may 2010-cu il tarixində SAM-da Qonaq Elmi İşçilərin Mübadiləsi Proqramı çərçivəsində elmi tədqiqatlar aparmışdır. Tədqiqat maraqları Qaradəniz-Xəzər regionu ölkələrində ictimai-siyasi proseslər, regional geosiyasət, mədəni identifikasiyanın formalaşması problemlərini əhatə edir.
Adı çəkilən mütəxəssislər Azərbaycanın davamlı inkişafı, çoxşaxəli iqtisadi-siyasi əlaqələri və beynəlxalq aləmdə mövqeyi barədə elmi tədqiqatlar apararaq nüfuzlu beynəlxalq elmi dairələrdə müsbət əks-səda doğuran məqalələr və yazılar dərc etdirmişlər.
2010-cu il ərzində Mərkəzdə Qərb Universitetini və Bakı Dövlət Universitetini təmsil edən təcrübəçi tələbələrin elmi işi həyata keçirilmiş və onlara səmərəli tövsiyələr verilmişdir.
YEKUN
Hesabat ilində SAM-ın elmi-təşkilati strukturunun təkmilləşdirilməsi, şöbələrin fəaliyyətinin normativ-hüquqi əsaslarının möhkəmləndirilməsi, əməkdaşların elmi-ictimai fəaliyyətinin keyfiyyətinin yüksəldilməsi, elmi-təhlili nəşrlərin səmərəliliyinin artırılması və Mərkəzin kitabxanasının tələb olunan səviyyədə təşkili istiqamətində müvafiq işlər həyata keçirilmişdir.
Həmçinin, Mərkəzin elmi struktur və mövcud vakansiyalar üzrə kadr korpusunun formalaşdırılması sahəsində ardıcıl iş aparılmışdır.


 

: 227