| Azərbaycanca | English
Ana səhifə SAM haqqında Tədbirlər Media Nəşrlər Vakansiyalar Fotoqalereya Qarabağ

"Müstəqil Azərbaycanın 25 ili səfirlərin gözü ilə" məqalələr toplusu çapdan çıxmışdır

2016-10-06 11:35:54

Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 25 illiyinə həsr olunmuş "Müstəqil Azərbaycanın 25 ili səfirlərin gözü ilə" məqalələr toplusu çapdan çıxmışdır. Ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin müstəqil dövlətçiliyimizin xarici siyasət konsepsiyası ilə bağlı dəyərli fikirləri ilə başlayan toplunun ideya müəllifi Azərbaycan Respublikası Prezidenti Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədovdur. "Müstəqil Azərbaycanın 25 ili" başlıqlı geniş "Ön söz əvəzi" ilə oxucu auditoriyasına təqdim olunan bu topluda 49 dövlətin Azərbaycan Respublikasına akkreditə olunmuş fövqəladə və səlahiyyətli səfirlərinin, həmçinin BMT, Avropa İttifaqı, TürkPA və TRASEKA kimi beynəlxalq qurumların Bakıdakı nümayəndəliklərin rəhbərlərinin təmsil etdikləri ölkələrin və qurumların Azərbaycanla əlaqələrinin 25 illik tarixinə, əldə olunan nəticələrin qiymətləndirilməsinə, münasibətlərin perspektivlərinə həsr olunmuş Azərbaycan və ingilis dillərində məqalələri yer alır. Heç bir kateqoriyaya daxil edilmədən, ölkələrin adlarının əlifba sırasına əsasən düzülmüş məqalələrdə Azərbaycanın xarici siyasəti, ikitərəfli münasibətlər geniş şəkildə təsvir edilmiş, keçilmiş yolun çətinlikləri, nailiyyət və uğurları, həmçinin perspektivləri haqqında məlumat verilmişdir.


Məqalələrin əksəriyyətinin ana xətti budur ki, mürəkkəb geosiyasi regionda yerləşməsinə və çətin inkişaf yolu keçməsinə baxmayaraq, bu gün Azərbaycan Respublikası dünya birliyinin müstəqil siyasi subyekti kimi balanslaşdırılmış, çoxvektorlu əməkdaşlıq, bərabərhüquqlu tərəfdaşlıq və milli maraqlara əsaslanan xarici siyasət həyata keçirir. Ulu öndər Heydər Əliyevin formalaşdırdığı və Prezident İlham Əliyevin yaradıcılıqla və uğurla davam etdirdiyi müstəqil dövlətçiliyimizin xarici siyasət konsepsiyası Azərbaycanın regionun lider dövlətinə, eləcə də regional və qlobal iqtisadi layihələrin aparıcı iştirakçılarından birinə çevrilməsinə imkan yaratmışdır. Artıq Azərbaycan istər regional və qlobal təhlükəsizliyin təmin edilməsində, istərsə də enerji təhlükəsizliyinə nail olunmasında etibarlı, stabil tərəfdaş kimi qəbul olunur.


Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Xarici əlaqələr şöbəsinin tərtib etdiyi və ölkəmizin 25 illik müstəqillik tarixinə dəyərli töhfə olan bu toplu Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi tərəfindən nəşr edilmişdir. 



 

: 1280