| Azərbaycanca | English
Ana səhifə SAM haqqında Tədbirlər Media Nəşrlər Vakansiyalar Fotoqalereya Qarabağ

PARLAMENT SEÇKİLƏRİNİN YEKUNLARI

2011-07-15 17:04:00

Seçki institutunun bərqərar olması  hər  bir dövlətin demokratik inkişaf yolu ilə getməsinin ən mühüm göstəricisi, parlament seçkiləri isə siyasi həyatın böyük maraq doğuran hadisələrindəndir.  Parlament seçkiləri siyasi sistemin bütün palitrasını əks etdirdiyi üçün onların, ümumiyyətlə, "varlığı və yoxluğunu” üzə çıxarır, hərənin malik olduğu seçici bazasını və siyasi potensialını bu seçkilərdə acıq-aydın nümayiş etdirməyə imkan verir. Demokratik ölkələrdə seçkilərin nəticələri ölkədə fəaliyyət göstərən siyasi qüvvələrin nüfuz və reytinqinin göstəricisi kimi qəbul edilir. Eyni zamanda, siyasi qüvvələr də bu nəticələr əsasında özlərinin fəaliyyət strategiyalarının yenidən təşkili üçün təcrübə və  fürsət əldə edirlər.

2010-cu il noyabrın 7-də Azərbaycanda 4-cü dəfə parlament seçkiləri keçirildi. Bu seçkilərin nəticələri istər respublika daxilində, istərdə də yaxın və uzaq ölkələrdə  böyük maraqla müzakirə və təhlil edilir. Seçkilərin ölkədəki siyasi qüvvələrin nisbətində və fəaliyyətində nə kimi dəyişikliklər yaratması, ən əsası və vacibi isə həmin qüvvələrin bundan sonrakı vəziyyətinə nə kimi təsir göstərəcəyi gündəmdəki dəyişməz mövzulardandır. Bunun üçün çox ciddi əsaslar var. İlk növbədə,  bəzi ekspertlərin "seçkilərdən qeyri-adi  nəticələr gözləməyə dəyməz” və s. məzmunlu fikirlərinin alt-üst olmasını misal çəkmək olar. Parlament seçkilərinin həm nəticələrinin, həm də bu nəticələrə gətirib çıxaran səbəblərin götür-qoy edilməsi müzakirələrdə maraqlı olan bütün tərərflərin, ən başlıcası isə Azərbaycanda siyasi mübarizəyə qoşulan qüvvələrin öz potensial və real imkanlarını doğru-düzgün dəyərləndirməsi baxımından mühüm təcrübə oldu.

Dövlətin seçkilərə dair rəyi 
 

     Azərbaycan dövləti seçki prosesinin bütün mərhələlərdə (hazırlıq, namizədlərin  qeydiyyatı, təbliğat-təşviqat və səsvermə) demokratik prinsiplər və beynəlxalq standartlara uyğun təşkil olunmasında  üzərinə düşən vəzifələri yerinə yetirdiyinə əmindir. Seçkilərin demokratik və şəffaf şəkildə keçdiyini vurğulayan hakimiyyət bütün müşahidə missiyalarının rəylərinin bunun üçün əsas verdiyini qeyd edir. Müşahidəçilərin fikrinə görə, məntəqələrin 90 %-ində seçkilər yaxşı təşkil olunub, 10 %-ində müəyyən nöqsanlar qeydə alınıb ki, bunu təbii hal hesab etmək olar. Seçkilərə dair rəylərdə bəzi ziddiyyətli məqamlara gəldikdə isə, AzərTacın məlumatına görə, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev bu barədə qeyd edib: "Müşahidə missiyalarının tərkibində ayrı-ayrı insanların mövqeləri fərqli olub. Məsələn, ATƏT-in Demоkratik Təsisatlar və İnsan Hüquqları Bürоsunun (ATƏT/DTİHB) mövqeyi Avrоpa müşahidəçilərinin əksəriyyətinin mövqeyindən müəyyən qədər fərqlidir. Hesab edirəm ki, bu, subyektiv хarakter daşıyır, qeyri-оbyektivdir və müəyyən qədər də tapşırıqlar əsasında səslənmiş fikirlərdir. ATƏT/DTİHB hər dəfə ölkəmizdə seçkilər keçiriləndə Azərbaycanda olarkən bir fikir söyləyir, bir-iki aydan sonra isə sözlərini dəyişib başqa bir fikir ifadə edirlər. Bu da оnu göstərir ki, bu fikirlər müəyyən təzyiqlər altında, tapşırıqlar, göstərişlər əsasında söylənilir. Ümumiyyətlə, Azərbaycanda siyasi və iqtisadi proseslər sabitlik şəraitində davam edir. Azərbaycanda seçki də sabitlik və şəffaflıq şəraitində keçirilib. Mərkəzi Seçki Kоmissiyasında müəyyən narazı insanların müraciətlərinə baхılır. Düşünürəm ki, bu yaхınlarda bu məsələlər də öz həllini tapacaq. Ola bilsin ki, haradasa qanun pozuntusu, səhvlər olub. MSK bu səhvlərə baxıb qiymət verəcək. Lakin biz düşünülmüş qaydada saxtakarlığın olması ilə bağlı fikirləri qəti surətdə qəbul etmirik”. 1

Seçkilərin gedişində administrativ resurslardan istifadəyə dair hər hansı bir fakt aşkar edilməmişdir. Parlament seçkiləri ərəfəsində namizədlər tərəfindən Ali Məhkəməyə daxil olan şikayətlərdən 5-i təmin edilib. Ali Məhkəmənin sədri Ramiz Rzayev bildirib ki, daha 5 namizədin iddiası Apelyasiya Məhkəməsi tərəfindən təmin olunmuşdur. R.Rzayev seçkidən sonra Ali Məhkəməyə hələlik  müraciət  edilməməyin səbəbini  seçkilərin rəsmi nəticələrinin elan olunmaması ilə izah edib.

Mərkəzi Seçki Komissiyası səsvermənin nəticələrini açıqladı

Səsvermə sona çatdıqdan sonra Mərkəzi Seçki Komissiyası (MSK) seçkilərin ilkin nəticələrinə həsr olunmuş mətbuat konfransı keçirib. MSK-nın sədri  M.Pənahov səsvermənin 5314 seçki məntəqəsində keçirildiyini, səsverməni 48 min müşahidəçinin izlədiyini bildirib. O, seçici aktivliyinin 50,14% (2 480 205 seçici) təşkil etdiyini qeyd edərək bunu Azərbaycan vətəndaşlarının seçkiyə olan marağının göstəricisi kimi qiymətləndirib. MSK sədri ölkədəki 125 seçki dairəsi üzrə 5314 seçki məntəqəsinin 3100-ündən məlumatların MSK-nın nəzdindəki "Seçkilər” İnformasiya Mərkəzinə daxil olduğunu bildirib.3  MSK 7 noyabr seçkiləri ilə bağlı 20 DSK üzrə 46 seçki məntəqəsində seçkinin nəticələrini ləğv edilib.4 Azərbaycan Milli Məclisinə seçkilərlə bağlı seçki pozuntuları iddiası ilə bir dairə üzrə Respublika Baş Prokurorluğuna daxil olan müraciətlər əsasında cinayət işi başlanıb. Konstitusiya Məhkəməsi Plenum iclasında məruzəçi hakim Rafael Qvaladze bildirib ki, bu, 89 saylı Göyçay-Ağdaş Seçki Dairəsidir. Hakimin sözlərinə görə, cinayət işi həmin dairədən namizəd olmuş şəxsin seçki günü səsvermə prosesinə müdaxiləsi, bununla da, seçki qanunvericiliyini pozması ilə bağlı başlanıb.

M.Pənahov həmçinin MSK-ya seçkilərin nəticələrinə kölgə sala biləcək hər hansı bir qeyri-adi faktın daxil olmadığını da vurğulayıb. Bildirib ki, DSK-larda nəticəyə təsir edəcək qanun pozuntusu aşkarlanarsa, müvafiq seçki məntəqələrinin və ya DSK-ların nəticələri ləğv olunacaq. MSK DSK-ların yekun protokollarının araşdırılmasını davam etdirir. Əgər protokollarla seçicilərin iradəsini müəyyən etmək olmasa, həmin dairənin nəticələri ləğv olunacaq. MSK bu cür qərarları nəticələrdən narazı qalan şəxslərin müraciəti olmadan da verə bilər.

      MSK-nın bu seçkilərdə şəffaflığın təmin edilməsi yönündə fəaliyyəti yüksək səviyyəli müasir texnologiyaları tətbiq etməsi ilə də əlamətdar olmuşdur. Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Məlumat-Hesablama Mərkəzi tərəfindən elan olunmuş müsabiqə nəticəsində "Elektron Hökumət” sisteminin "Elektron səsvermə və ictimai rəyin öyrənilməsi” komponenti "Parlament-2010” Seçki Monitorinqi Koalisiyasının istifadəsinə verilmişdir. Ölkəmizdə ilk dəfə keçirilən elektron səsvermə seçki günü saat 8.00-dan 19.00-dək www.e-secim2010.az internet ünvanında aparılmışdır. Elektron səs verənlərin ümumi sayı 25 min 442 nəfər olmuşdur.6

     Digər yenilik seçki prosesi haqqında məlumatların operativ şəkildə çatdırılması ilə diqqəti cəlb etdi. Bu, MSK-nın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi ilə birgə əməkdaşlığı nəticəsində reallaşdı. Seçki məntəqələrinin təxminən 10 %-ində veb-kameralar  quraşdırılmışdır. Respublika ərazisində 125 dairə seçki komissiyası və 5177 seçki məntəqəsi telefonlaşdırılmışdır. DSK-larda quraşdırılmış kompyuterlərdən MSK-nın nəzdindəki Seçkilər İnformasiya Mərkəzinə informasiyanın ötürülməsi üçün yüksək parametrli xətlərin ayrılması ilə şəbəkənin yaradılması seçkilərə qədər  başa çatdırılmışdır.7

     MSK noyabrın 30-dək seçkilərin yekunlarının və nəticələrinin təsdiq olunması üçün Konstitusiya Məhkəməsinə təqdim etməlidir. Konstitusiya Məhkəməsi isə 10 gün müddətində müvafiq mütəxəssisləri cəlb etməklə həmin sənədlərin Seçki Məcəlləsinə uyğunluğunu yoxlayacaq (yoxlama prosesi tələb etsə, Konstitusiya Məhkəməsi öz qərarı ilə bu müddəti artıra bilər). DSK-ların protokolları Seçki Məcəlləsinin tələblərinə cavab verdikdə Konstitusiya Məhkəməsi seçkilərin yekunlarını təsdiq edəcək (Konstitusiya Məhkəməsinin bu qərarı qəti sayılır). Yalnız bundan sonra Milli Məclisin yeni tərkibdə iclası  keçirilə  bilər. İlk iclas təxminən noyabr ayının sonu, dekabr ayının əvvəllərində baş tuta bilər.8 
    

     Beynəlxalq müşahidəçilər seçkilərə  yekun qiymət verdi

       Azərbaycanda keçirilən parlament seçkilərini müşahidə edən beynəlxalq qurumların nümayəndələri seçkilərin ümumilikdə demokratik standartlar baxımından  qənaətbəxş olduğunu, texniki təminat cəhətdən isə xüsusilə yüksək səviyyədə təşkil olunmasını bildirdilər. MSK-nın qərarı ilə bütün namizədlərə pulsuz efir vaxtının ayrılmasını və bərabər hüquqların təmin olunmasını Azərbaycanda real demokratiyanın inkişafının göstəricisi kimi  qiymətləndirdilər.

     ATƏT, ATƏT-in Parlament Assambleyası, Avropa Şurası Parlament Assambleyası və Avropa Parlamentinin Azərbaycanda seçkiləri müşahidə etmiş missiyalarının birgə mətbuat konfransında ATƏT-in qısamüddətli missiyasının rəhbəri Volfhanq Qrossruk qeyd edib ki,  "Azərbaycanda parlament seçkiləri dinc şəraitdə keçirilib. Ölkədə seçkilərin keçirilməsində ciddi irəliləyiş əldə edildiyini söyləmək olar”.  Onun fikrinə görə, bir sıra seçki məntəqələrində səsvermə prosesində problemlər qeydə alınsa da, müsbət məqamlar kimi seçkinin sabitlik mühitində keçməsi, bütün siyasi partiyaların prosesdə iştirakını, MSK-nın iclaslarının açıq olmasını, namizədlərə 4 dəqiqəlik efir vaxtının verilməsini və milli azlıqların da prosesdə təmsil olunmasını göstərmək olar. AŞPA-nın müşahidə missiyasının rəhbəri Pol Ville də V.Qrossrukla razılaşaraq bildirib: "Seçkiqabağı mərhələdə problemlərin olmasına baxmayaraq, seçkilər əsasən ATƏT və Avropa Şurası standartlarına uyğun keçib. Müsbət atmosfer yaradılıb, seçki administrasiyası şəffaf fəaliyyət göstərib”.  Avropa Parlamentinin nümayəndə heyətinin rəhbəri Anneli Jaattenmak bildirdi ki, seçki texniki cəhətdən yaxşı təşkil olunumuşdur.

     ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun uzunmüddətli müşahidə missiyasının rəhbəri Odri Qlover isə seçkidə ikili standartların yolverilməzliyini vurğulayaraq qeyd edib ki, əsas seçki dəyərləri insanların səsvermə hüququ, namizədlərin KİV-də eyni dərəcədə çıxış etmək imkanı, KİV-in müstəqilliyi və sərbəst toplaşmaq azadlığıdır. O, MSK-nın prosesdə rolunu müsbət qiymətləndirib. O, bir sıra məntəqələrdə müşahidə olunmuş pozuntularla bağlı hələlik təhlillər aparıldığını, nəticənin 2 ay sonra açıqlanacaq yekun hesabatda əksini tapacağını qeyd edib. Müxalifət namizədlərinin seçkilərdə iştirakı ilə əlaqədar Qlover qeyd edib: "Demokratiya güclü müxalifət tələb edir. Lakin onları kimin seçdiyini biz müəyyənləşdirmirik. Onları seçicilər seçir, müxalifət nümayəndələrini seçib-seçməmək onlardan asılıdır”. 9

      Avropa Birliyinin Xarici Siyasət İdarəsinin rəhbəri Ketrin Eşton isə Azərbaycanda parlament seçkilərinin sülh mühitində keçdiyini və bütün müxalifət partiyalarının siyasi proseslərdə iştirak etdiyini vurğuladı.10 Müşahidə missiyasının öz rəylərində əsas məsələlərdə yekdil olması, MDB və Türkdilli ölkələrin PA-nın seçkiləri yüksək qiymətləndirməsi seçkidə uduzanların narazılığına səbəb olmuş, onlara əsassız iradlar, hətta ittihamlar  bildirilmişdirlər.

Noyabrın 7-də keçirilən Milli Məclisinə seçkiləri izləmiş Müstəqil Dövlətlər Birliyinin (MDB) müşahidə missiyası yekun bəyanatla çıxış etmişdir. Bəyanatda bildirilir ki, missiyaya 8 MDB ölkəsindən 352 nəfər daxil olub.  
Bəyanat «Seçkilərin keçirilməsi üçün qanunvericilik baza», «Seçkilərə hazırlıqla bağlı seçki komissiyalarının fəaliyyəti», «Namizədlərin irəli sürülməsi və qeydiyyata alınması», «Seçkiqabağı təşviqat», «Seçki siyahıları», «Şikayət və ərizələrlə iş», «Seçicilərin səsverməsi və səslərin hesablanması» və «Nəticələr və qiymətləndirmə» bölmələrindən ibarətdir. Missiya hesab edir ki, demokratik, şəffaf və azad seçkilərin keçirilməsi üçün ölkə hakimiyyəti lazımi tədbirlər görüb. Seçki kampaniyası prosesində ayrı-ayrı qanun pozuntuları kütləvi xarakter daşımayıb, seçicilərin azad seçim etməyinə mane olmayıb, səsvermənin yekun nəticələrinə təsir etməyib. MDB müşahidə missiyası hesab edir ki, 2010-cu il noyabrın 7-də keçirilmiş parlament seçkiləri fəaliyyətdə olan seçki qanunvericiliyinin normalarına uyğun və yüksək təşkilatı səviyyədə keçirilib.11

     Azərbaycanda keçirilmiş parlament seçkilərinə müşahidəçilərin də təəccüblə qarşıladığı ziddiyyətli münasibət ABŞ-dan gəldi. Dövlət katibinin köməkçisi Flipp Krouli Azərbaycanda 7 noyabr parlament seçkilərinin bütün müxalifət partiyaları, yerli müşahidəçi qrupları və beynəlxalq ictimaiyyətin müşahidəsi altında dinc şəraitdə keçdiyini, ATƏT/DTİHB missiyasının ilkin rəylərini dəstəklədiklərini bildirib. Bəyanatda, eyni zamanda, mərkəzləşdirilmiş qeydiyyatın və rekord dərəcədə yerli müşahidəçilərin iştirakı və qadın namizədlərin sayının artımı da daxil olmaqla seçkilərin texniki aspektlərinin irəliləyiş olduğu vurğulanıb. Lakin seçkiqabağı prosesdə və seçkilər günündə müəyyən problemlərin olduğuna dair ATƏT/DTİHB müşahidə missiyasının bəzi narahatçılıqları ilə şərik olduqları bildirilib və bu səbəbdən Azərbaycan hökuməti seçkilərlə bağlı şikayətlərə məhkəmə qaydasında şəffaf, ədalətli baxılmasına, seçkilərə müdaxilə edən şəxslərdən hesabat almağa çağırılıb.12

      Azərbaycan Respublikası Xarici İşlər Nazirliyindən bu rəyə münasibət bildirilib. Qeyd olunub ki, bu açıqlama Azərbaycanda təəccüb və təəssüf hissi ilə qarşılanıb. Bu və ya digər ölkədə keçirilən seçkilərə münasibət  bildirərkən Dövlət Departamentinin açıqlaması, bir qayda olaraq, həmin seçkilərə nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən verilən qiymətdən köklü surətdə fərqlənmir: "Dövlət Departamenti bəyan edir ki, Azərbaycanda noyabrın 7-də keçirilən "parlament seçkiləri beynəlxalq standartlara uyğun keçirilməyib”. Həmin açıqlamada ATƏT/DTİHB-in, Avropa Şurasının Parlament Assambleyasının, ATƏT-in Parlament Assambleyasının, Avropa Parlamentinin Seçkiləri Müşahidə Missiyalarının gəldikləri nəticəyə istinad olunur. Lakin istinad olunan sənəddə Dövlət Departamentinin verdiyi nəticəyə oxşar qiymətləndirmə yoxdur. Azərbaycan hökuməti qeyd etməyi özünə borc bilir ki, demokratik, ədalətli və şəffaf seçkilərin keçirilməsi dövlətin əsas hədəfidir və bu istiqamətdə görülmüş pozitiv işləri təqdir etməklə bərabər, seçki prosesində müşahidə olunan bəzi nöqsanları Mərkəzi Seçki Komissiyası və müvafiq dövlət qurumları ciddi araşdıraraq lazımi ölçü götürəcək”. 13

     Noyabrın 16-da Avropa Şurasının Parisdəki ofisində Avropa Şurası  Parlament Assambleyası (AŞPA) Monitorinq Komitəsinin yığıncağında AŞPA Monitorinq Komitəsinin parlament seçkilərini müşahidə etmiş Azərbaycan üzrə həmməruzəçiləri Pedro Aqramuntun (İspaniya) və Cozef Debano Qrexin (Malta) məlumatları dinlənilib.

     P.Aqramunt Azərbaycanda parlament seçkiləri və bununla bağlı komitədə etdiyi çıxış barədə azərbaycanlı jurnalistlərə verdiyi müsahibəsində bildirib ki, keçirilmiş parlament seçkilərini müşahidə edən istər yerli, istərsə də beynəlxalq missiyalara hər cür şərait yaradılıb: "2005-ci ildə keçirilmiş parlament seçkiləri ilə müqayisədə bu dəfə istər seçkilərə hazırlıq istiqamətində, istərsə də onun gedişində böyük dönüş yarandığını görməmək mümkün deyil. Seçkilərin yüksək səviyyədə, beynəlxalq normalara uyğun keçməsi üçün Mərkəzi Seçki Komissiyası xeyli iş görüb, öz işində dönüş yarada bilib. Ən əsası odur ki, seçkilər sakit şəraitdə keçib. Əvvəlkindən fərqli olaraq, bu seçkidə ölkədəki bütün müxalifət partiyaları iştirak edib. Bu isə özlüyündə yaxşı hal və demokratiyanın inkişafı kimi dəyərləndirilməlidir. Ümid edirik ki, Azərbaycanda gələcək seçkilər daha yüksək səviyyədə keçiriləcək”.14

Nəticələr: statistikadan görünən dinamika

     Bu seçkilərdə indiyə qədər ən çox - 23 siyasi partiyanın iştirak etməsi partiyaların parlament seçkilərinə marağının yüksək göstəricisi kimi qiymətləndirildi. Qarşıdakı 5 ildə Milli Məclisin mənzərəsini siyasi təmsilçilik üzrə 10 partiyanın üzvləri və bitərəflər təmsil edəcək. 7 noyabr parlament seçkilərinin ilkin rəsmi nəticələrinə görə, hakim Yeni Azərbaycan Partiyasının (YAP) namizədləri 71, bitərəf namizədlər 41 mandat qazanıb. Qalan 12 yeri Vətəndaş Həmrəyliyi (3 mandat), Ana Vətən (2 mandat), Ümid (1 mandat), Bütöv Azərbaycan Xalq Cəbhəsi (1 mandat), Demokratik İslahatlar (1 mandat), Böyük Quruluş (1 mandat), Ədalət (1 mandat), Vətəndaş Birliyi (1 mandat) və Sosial Rifah (1 mandat) partiyaları tutub. 
 

Seçkilərin nəticələrinə görə 2010-2015-ci illərdə  Milli Məclisin tərkibi 
 

SİYASİ

TƏMSİLÇİLİK

Y

A

P

V

H

P

ANA VƏTƏN Ü

M

İ

D

B

A

X

CP

D

İ

P

B

Q

P

Ə

P

V

B

P

SOSİAL RİFAH BİTƏRƏFLƏR
MANDAT-

LARIN

SAYI

71 3 2 1 1 1 1 1 1 1 42

 
 

     YAP-ın mərkəzi qərargahında parlament təmsilçiliyi qazanmış partiya rəhbərlərinin iştirakı ilə tədbir keçirilib. Tədbirdə YAP-ın icra katibi  Əli Əhmədov partiya rəhbərlərini seçkinin başa çatması ilə bağlı hazırlanmış bəyanata qoşulmağa çağırıb. İştirakçılar seçkinin demokratik prinsiplərə uyğun, azad və şəffaf keçirildiyini qeyd ediblər. Tədbirdə bəzi partiya rəhbərlərinin və blokların seçkinin ədalətli keçirilmədiyi fikrinin doğru olmadığı vurğulanıb. Qeyd olunub ki, "AXCP-Müsavat” blokundan namizədlərin seçilməməsinin səbəbi lazımi səsləri toplamağı bacarmamaları ilə bağlıdır. "Seçkiyə xalqın iradəsini ifadə etmək imkanı baxımından qiymət vermək lazımdır”15(Ə.Əhmədov).

      Milli Məclisin yeni tərkibində çoxluğu hakim partiya qazandı. YAP   parlamentdə 71 mandat qazanaraq seçkilərdə müəyyən etdiyi strateji məqsədini reallaşdırdı, keçən seçkilərdə əldə edilən göstəricini daha da yüksəltdi. Bilavasitə YAP-ın namizədlər siyahısında qadınların çoxluq təşkil etməsi nəticəsində parlamentdə qadın deputatların sayının artması müşahidə olundu. 3-cü çağırış Milli Məclisdə qadın millət vəkillərinin sayı 14 nəfər idisə, budəfəki seçki nəticəsində parlamentə 20 qadın seçilə bilmişdir. Bu da YAP-ın seçkidə əsas məqsədlərindən biri idi.

       Beləliklə, hakim partiya 4-cü çağırış parlament seçkilərində də üstünlüyünü nümayiş etdirdi. Ümumiyyətlə, yaxın keçmişimizə nəzər salsaq görərik ki, Azərbaycanda parlamentdə bir partiyanın mandatların 58 %-ni əldə etməsi olduqca böyük göstəricidir. Yeni Azərbaycan Partiyasının qələbəsi gözlənilən idi. İlk növbədə bu, təbii ki, partiyanın sədri olan dövlət başçısının elektoratının seçkilərə münasibəti idi. Xalq bu kursu dəstəklədiyini bir daha sübut etdi. Bu adi ritorika deyil, 2009-cu ildə "Gellup” təşkilatının araşdırmaları bu elektoratın 77 %  olduğunu müəyyən etmişdi.  
 

İndiyə qədər keçirilən parlament seçkilərində  YAP-ın əldə etdiyi  mandatların  sayı

Parlament seçkiləri 1995-ci il 2000-ci il 2005-ci il 2010-cu il
YAP 53 79 61 71

 
 

     Cədvəldən göründüyü kimi, YAP ilkin mərhələdə iqtidarda olmayıb. Bugünkü göstəriciyə addım-addım, ilbəil nail olub. Qeyd olunduğu kimi, bu, ilk növbədə Azərbaycanın sürətli iqtisadi inkişafı, sosial problemlərin həlli və bölgələrin sosial-iqtisadi inkişafının diqqət mərkəzində olması, seçkilərdə Prezidentə və onun simasında YAP-ın siyasi kursuna dəstəyin göstəricisidir. Digər çoxsaylı səbəblər də mövcuddur ki, bu da birbaşa hakim partiyanın birlik amilinə önəm verməsinə, bütövlükdə siyasi oyun qaydalarına məharətlə yiyələnərək ondan  bəhrələnməsinə dəlalət edir.

     Bu seçkilərdə vahid partiya siyahısı ilə qatılan YAP-ın namizədləri ölkə üzrə 36 seçki dairəsində rəqiblərinə uduzdu. Bununla yanaşı, YAP yeni parlamentdə 71 millət vəkili yeri əldə etmişdir. Milli Məclisə keçirilən seçkilərdə namizədliyini müstəqil şəkildə irəli sürən bir YAP üzvü də deputat mandatı qazana bilmişdir. 16 Partiyanın yarım milyonluq üzvləri arasında namizədlərin seçimini etməsi, birliyini təmin etməsi, parçalanma meyillərinə çox həssas olması, partiyadan kənar namizədliklərini irəli sürənlərlə bağlı tədbirlər görməsi - bütün bunlar hərtərəfli düşünülmüş strategiya və taktika tələb edir.   
 

Bitərəflər mandatların sayına görə ikincidir

      Parlamentdə  çoxluq qazanan hakim partiyadan sonra mandatların sayına görə ikinci göstərici namizədliklərini müstəqil şəkildə irəli sürən bitərəflərə məxsus oldu (cəmi 42 mandat). Bitərəf millət vəkillərinin sayının əvvəlki seçkilərdə də parlamentdə stabil olaraq 30-35 %-dən aşağı düşməməsi onu göstərir ki, Azərbaycanda son 8 ildə majoritar seçki sisteminin tətbiqi özünü doğruldur. Məhz bu sistem cəmiyyətin müxtəlif təbəqələrinə - ziyalılara, sahibkarlara, jurnalistlərə, gənclərə və s. nüfuzlu insanlara parlamentdə müstəqil şəkildə təmsil olunmaq üçün əlverişli  şərait yaradır.  
 

İndiyə qədər keçirilən parlament seçkilərində  bitərəf millət vəkillərinin əldə etdiyi  mandatların  sayı 

Parlament

seçkiləri

1995-ci il  2000-ci il  2005-ci il 2010-cu il
Bitərəflər 55 25 45 42

Seçkilərin nəticələrinə müxalifət düşərgəsində  münasibət

     Seçkilərin nəticələri elan ediləndən sonra mübarizəyə qoşulan müxalifət  partiyalarının həmin nəticələrə münasibəti onları bir-birinə əks olan üç  "cəbhəyə” böldü:

     1. Seçkilərin nəticələrini tanıyan və rəsmi mövqelərini bildirənlər;

     2. Seçkilərin nəticələrini tanımayıb, boykot edənlər;

     Sadalanan tərəflərin yalnız seçkinin nətcələrinə deyil, ümumiyyətlə, seçki sonrası müxalifət-iqtidar münasibətlərinə, siyasi qüvvələrin bundan sonrakı nisbətinə və gələcəyinə dair planları və proqnozları da fərqlidir. Onlara nəzər salaq.

Seçkilərin nəticələrini tanıyan və parlamentə düşən müxalifətin bəyanatı və ilk planları

      Budəfəki parlamentdə iqtidar partiyasından başqa 9 siyasi partiya təmsil olunacaq. Seçkinin nəticələrinə dair birgə bəyanat imzalayan bu  partiyalar hakim partiya ilə konstruktiv dialoqa hazırdır. Bunlar Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri Sabir Rüstəmxanlı, Ana Vətən Partiyasının (AVP) sədri Fəzail Ağamalı, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri Qüdrət Həsənquliyev, Böyük Quruluş Partiyasının (BQP) sədri Fazil Mustafa, Demokratik İslahatlar Partiyasının (DİP) sədri Asim Mollazadə, Sosial Rifah Partiyasının (SRP) sədri Xanhüseyn Kazımlı və Ədalət Partiyasının (ƏP) sədri İlyas İsmayılovdur.17

      Ümid Partiyasının sədri İqbal Ağazadə bəyanatı imzalamaqdan imtina edib. O, bunu partiyasının seçkilərə "Qarabağ” blokunun tərkibində iştirak etməsi və blokun seçki ilə bağlı mövqeyinin məlum olması ilə izah edib: " Ümid Partiyasının müstəqil mövqe ortaya qoymaq səlahiyyətləri "Qarabağ” bloku çərçivəsində məhdudlaşır. Ümid Partiyası blokun bəyanatını birmənalı olaraq qəbul edir”. 18

     Bu parlament seçkilərində YAP-dan sonra ən çox millət vəkili yerini Vətəndaş Həmrəyliyi Partiyası qazandı (cəmi 3 nəfər). "Ana müxalifətçilik” parlamentdə əyləşən deputatların çoxluğu ilə ölçülürsə, o zaman faktiki olaraq VHP növbəti 5 il üçün ölkənin ana müxalifəti statusunu alacaqdır. Bu nəticə müxalifət cəbhəsində "real”, "ana”, yaxud  "sistemli” müxalifətin kim olduğuna dair hay-küylü müzakirələrə səbəb oldu. Partiyalar bir-birinə kimin ana müxalifət olduğunu izah etməyə çalışdılar.

     Öz növbəsində parlamentdə təmsil olunan bu partiyalar müxalifətçiliyin gələcəyinə dair  fikirlərini bildirdilər.VHP-nin sədri S.Rüstəmxanlı parlamentə düşən partiyaların Milli Məclis rəhbərliyində təmsil olunmasının vacibliyini, mövcud seçki blokları əsasında geniş müxalifət hərəkatı yaradılmasını təklif edir. BQP-nin sədri F.Mustafa isə Milli Məclisdən kənarda qalan partiyaları məhz bu konstruktiv müxalifət ətrafında birləşməyə, eyni zamanda seçkilərin nəticələri ilə razılaşmayan qüvvələri "bu seçkilərin nəticələrini tanımamaq” kimi absurd ifadələrdən əl çəkərək yeni parlamentdə təmsil olunan müxalifətlə konstruktiv əməkdaşlığa çağırır. 19 Parlamentdə yeni müxalifətin birlik nümayiş etdirəcəyini və ya əksini söyləmək hələ tezdir. Müxalifətin hansı səviyyədə qanunvericilik təşəbbüsündə hakim partiyaya alternativ ola biləcəyini də zaman göstərəcək. Hakim partiyaya qarşı onun konstruktiv mövqe tutmasının təqdirəlayiq hal olduğunu isə indidən söyləmək olar.

Seçkilərin nəticələrini tanımayan və yeni parlamentdən  kənarda qalan müxalifətin bəyanatı  və ilk planları 
 

      Seçkiləri uduzan müxalifət də bəyanatlar verməkdə, məğlubiyyətinin  "günahkarlarını” və labüd olan "nə etməli?” sualına cavabı axtarmaqdadır.

  MSK-nın ilkin məlumatına görə, seçki öncəsi təşkil olunmuş "İnsan naminə”, "AXCP və Müsavat” blokları, həmçinin seçkiyə tək qatılmış bir sıra partiyalar parlament seçkilərində heç bir mandat qazana  bilməmişdir. Bu nəticələrlə raşılaşmayan "AXCP-Müsavat” bloku və Müsavatın qərargahına dəvət olunmuş partiyalar seçkilərin nəticələrini tanımadığına, demokratik normalara zidd olaraq keçirilməsinə dair bəyanat imzaladılar. Bəyanatı noyabrın 10-da birgə mətbuat konfransı keçirən Müsavat Partiyasının başqanı İsa Qəmbər, Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli, Milli İstiqlal Partiyasının baş katibi Arzuxan Əlizadə, Azadlıq Partiyasının sədri Əhməd Oruc, Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev, Xalq Partiyası adından Pənah Hüseyn, "ReAL” (Respublikaçı Alternativ) hərəkatının həmtəsisçisi İlqar Məmmədov imzalayıblar. Sənəd imzalamaq istəyənlər üçün açıqdır. Bununla bərabər olaraq, İ. Qəmbər kütləvi tədbirlərin də nəzərdən keçirildiyini vurğulayıb. AXCP sədri Əli Kərimli isə seçici aktivliyinin lazımi səviyyədə olmadığını bildirib və  bu cür vəziyyətin yaranmasında beynəlxalq təşkilatları ittiham edib. Onun çıxışı zamanı müxalifət nümayəndələri "ATƏT Azərbaycandan qovulsun!” şüarını səsləndiriblər.20 Seçkilərə qatılmaqla boykot taktikasından imtina edən müxalifət bu dəfə onun nəticələrini boykot etməyi qərara aldı.

     "10 noyabr bəyanatı” bir çox maraqlı məqamlara işıq saldı. Seçkilərdə vahid cəbhədə birləşərək mübarizə aparmaq əvəzinə eyni dairələrdə bir-birinə rəqib olan müxalifətçi həmkarlar indi onun nəticələrini tanımamaq üçün birləşməyə cəhd edirlər. Lakin 20 ildir ki baş tutmayan birləşmə istəyi hətta belə vacib vəziyyətdə də arzu olaraq qaldı. Bəyanata qoşulmayan müxalifətçilər çoxluq təşkil edir. "Qarabağ” seçki blokunun həmtəsisçisi, Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu, bu blokun başqa həmtəsisçisi, Ümid Partiyasının sədri İqbal Ağazadə, Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlu, "İnsan naminə” seçki blokunda təmsil olunan Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev müxtəlif səbəblər göstərməklə bəyanatı nə üçün imzalamadıqlarını əsaslandırmağa çalışıblar.21

      "Qarabağ” blokunun həmtəsisçisi, Ümid Partiyasının sədri İ.Ağazadənin uduzan müxalifətin seçkilərlə bağlı mövqeyinə reaksiyası maraqlıdır: "Mənim məlum bəyanatı imzalamamağımın seçki ilə deyil, partiyaların bir-birinə münasibəti ilə bağlı olan bəzi səbəbləri var. Bu, bilirsiniz nəyə bənzəyir: seçkini öldürüb, sonra da oturub birgə ağlamağa. Seçkini birgə 2009-cu ildə öldürdülər, Azərbaycan müxalifətinin birliyini dağıtdılar, 2010-cu ildə isə ölmüş seçkiyə birgə yas tutmaq, birgə ehsanını yemək cəmiyyətə heç nə qazandırmır. Bəyanatın imzalanmasından bir gün qabaq bununla bağlı görüşlər olub. Lakin kiminsə yersiz iddiası üzündən biz bu bəyanata qoşulmadıq”.

     Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı  qeyd edib ki, "bəyanata yeni qoşulan şəxslər var. Bunlar KXCP-dən deputatlığa namizədlər F.Cəfərov, O.Gülalıyev və A.Şirinovdur. Bəyanatı imzalayanlar işçi qaydasında növbəti addımlarını müzakirə edirlər. Kütləvi aksiyaların təşkil edilməsi nəzərdən keçirilir və bu istisna deyil”.

     Media məkanında "ana müxalifətin” təmsilçilərinin ilk dəfə  parlamentə düşməməsi ilə əlaqədar gedən müzakirələrdə  səslənən fikirlər həqiqətə nə dərəcədə uyğundur? Doğrudanmı, "AXCP-Müsavat” bloku və digər partiyalardan  namizədlərin parlamentə düşməməsi ilk dəfə baş verib?

      Faktlara nəzər salaq: 

     "1995-ci ildə: Müsavatdan heç kim, AXCP-dən isə iki nəfər mandat alıb; 2000-ci ildə: Müsavatdan bir nəfər, AXCP-dən isə 4 nəfər mandat alıb; 2005-ci ildə: AXCP-dən heç kim, Müsavatdan isə 3 nəfər mandat alıb; 2010-cu ildə: bu partiyaların heç biri mandat ala bilməyib.”22 Göründüyü kimi, partiyaların  indiyə qədər parlament seçkilərindən kənarda qalması birinci dəfə deyil. Bu dəfə onların hər ikisi mandatsız qalıb. Bu isə 20 il müddətində hər il parçalanaraq zəifləyən, getdikcə sönükləşən, seçici dəstəyindən məhrum olan siyasi mübarizənin fonunda, bəzilərinin düşündüyü kimi, "sensasiya” olmayıb, təbii, obyektiv və məntiqi sonluqdur. (Diaqram)

İndiyə qədər keçirilən parlament seçkilərində YAP, AXCP və Müsavatın təmsilçilik dinamikası23

Your browser may not support display of this image.

 "Real... ana... sistemli... müxalifət”

     İqtidarda qala bilməyərək müxalifətə çevrilən siyasi opponentlərin (kimin  necə adlandırılmasından asılı olmayaraq) statusu və çəkisini seçkilərdə iştirakın real nəticələri müəyyən edir. Bugünkü müxalifət Yeni Azərbaycan Partiyası iqtidara gələndən sonra xalq hərəkatının lideri, sabiq prezident Əbülfəz Elçibəyin hərəkatda silahdaşları və həmkarları, onun iqtidarlıq etdiyi dövrdə komandasında çalışanlar olub. İqtidardan getdikdən sonra isə müxalifət qismində mövcud oldular. Lakin müxalifət düşərgəsində əksəriyyət Elçibəy irsinin "yeganə varisi” olmaq iddiaları və s. lazımsız şüarlarla öz qüvvələrini iqtidardan getdikləri gündən etibarən, demək olar ki, daha da zəiflətmək və parçalamq yolunu seçdi. İqtidarla mübarizədə müxalifətin ən böyük qayğısı birləşmək deyil, "real müxalifət və varis” olmaq uğrunda mübarizədə bir-birini məğlub etmək oldu. Xüsusilə də 2010-cu seçki ilində mövcud "Azadlıq” blokunu parçalayaraq, yeni formatda birlik modeli yaratmaq üçün "Rəsulzadə-Elçibəy yolu” və ideyasını proqram-şüar kimi irəli sürmək və bu əsasda real müxalifət olmaq məqsədinin faydasızlığı və nəticəsi daha ağır oldu. Bu dəfə Ə.Elçibəyin həm ailəsini, həm də yaxın silahdaşları və həmkarları kimi mövcud olanları, onun xatirəsini əziz tutanları da bu şüar  qıcıqlandırdı və reaksiya gözlənilən oldu. Sadalanan bütün qüvvələr "AXCP-Müsavat” bloku namizədlərinin dairələrdə əsas rəqibinə çevrildi.

     Qarşıdakı  5 ildə parlamentdə təmsilçilik qazanan 9 partiya liderindən  İqbal Ağazadə, Sabir Hacıyev və İlyas İsmayılovdan başqa qalanların hamısı məhz AXCP "şinelindən” çıxanlardır. Deməli, bu illərdə müxalifət öz birliyini qoruya bilsəydi, bu gün "real və qeyri-real” söhbətləri əvəzinə parlamentdə alternativ qrup və ya fraksiya kimi siyasi mübarizəsini daha mükəmməl təşkil etmək üzərində düşünə bilərdi. "Real müxalifət” mövzusuna hakim partiyanın mövqeyi belədir: "Biz hesab edirik ki, parlament təmsilçiliyi qazanmış Ana Vətən və Sosial Rifah partiyaları iqtidaryönlü partiyalardır. Digər mandat qazanmış partiyalar isə müxalifət partiyalarıdır” (YAP icra katibinin müavini S.Novruzov).24

     Planlar...

     Uduzan düşərgə təmsilçilərinin, siyasi qüvvələrin seçkilərdən sonrakı mərhələdə,  ümumiyyətlə, perspektivlərə  dair ehtimal və ya proqnozları bədbin və "qara ton”larla səciyyələnir. Bu, təbiidir. Belə ki, movcud olduğu 20 il əvvəlin siyasi təfəkkürü və mədəniyyətindən əl çəkə bilməyərək daim tənəzzül edən, fəaliyyətinə hər hansı bir yenilik gətirə bilməyən tərəfin hələlik nikbin proqnozlar verməsi qeyri-mümkündür.25 
AXCP sədri Ə.Kərimlinin sözlərinə görə, seçkilərdən narazı qalan müxalifətin AXCP və Müsavat ətrafında toplaşmasını, həmçinin bəzi QHT nümayəndələri, ictimai təşkilatlar və ziyalıların qatılması ilə genişlənərək hakimiyyətə qarşı hərəkata çevrilmək ehtimalını mümkün hesab edir: "Bu prosesin real nəticə verməsi üçün hökmən kütləvi tədbirlərə başlamaq, etirazın müxtəlif formalarını işə salmaq lazımdır. Beynəlxalq təşkilatlarla işlənilməlidir. Əsas diqqət, hesab edirəm ki, beynəlxalq təşkilatlarla işləməyə, kütləvi tədbirlərin keçirilməsinə, ən vacibi isə birləşmə istiqamətində fəaliyyətə yönəlməlidir. İqtidara qarşı ciddi mübarizə apara biləcək model ortaya qoyulmalıdır. Bu model isə birlikdir. Ayrı-ayrılıqda hərəkət nəticə verməyəcək, ancaq birliyin özü cəmiyyətə hərəkət impulsu verəcək”.26

     İyirmi ildə baş tutmayan birlik söhbətlərinin  perspektivdən məhrum olduği hamıya aydın idi. Lakin  seçkidən həmən sonra birləşmə şüarının "ildırım sürəti ilə” iflasa uğraması həmin qüvvələrin nə qədər qeyri-ciddi, qeyri-səmimi olduğunu, eyni zamanda azsaylı da olsa öz elektoratına nə qədər hörmətsiz yanaşdıqlarını aşkara çıxardı. Heç bir izahı olmayan bu duruma etiraz edənlər Müsavat partiyasının funksionerləri-partiyanın divan üzvi İbrahim İbrahimli və Müsavat Məclisinin sədri Sülhəddin Əkbər    tutduqları vəzifələrdən istefa verərək, partiya sıralarını tərk etdilər.27

     "Bəzi proqnozlara görə, bundan sonra müxalifət öz qəzetlərini qoruyub saxlaya bilsə, bunun özü böyük işdir” (Müstəqil politoloq H.Səlimov).

  Milli Məclisdə təmsil olunmayan müxalifət düşərgəsində də seçki bloklarının siyasi birliklərə çevrilməsinə dair mövzunun gündəmə gətirilməsi müşahidə olunur. ADP sədri S.Cəlaloğlu və ALP sədri Əvəz Temirxan seçki prosesi zamanı həmtəsisçiləri olduqları "İnsan naminə” seçki blokunun, Müsavat başqanının müavini Tofiq Yaqublu isə təmsil olunduqları seçki blokunun siyasi birlik kimi fəaliyyət göstərilməsi ilə bağlı müzakirələrə başlandığını deyiblər28.  
 

YEKUNLAR

yaxud diaqnoz kimi proqnoz 
 

     Seçkilərin nəticələri və yekunları barədə hazırda ətraflı və dərin təhlil vermək mümkün deyil. Ciddi təhlil son dərəcə geniş və çoxsaylı amillərin şərtləndirdiyi nəticələri üzə çıxarmağı, hamısının əlaqəli düşünülməsini, ən kiçik təfərrüatları belə nəzərə almaqla düşünməyi tələb edir. Reallıq bu mühüm hadisəyə həm indiki seçkilərin gedişatından, həm Azərbaycanın demokratik siyasi sisteminin 20 ilə yaxın tarixi mərhələsinin yekunu kimi, həm də dünyada bu proseslərə xas olan inkişaf meyillərindən çıxış edilərək qiymət verilməsinin daha düzgün olduğunu qəbul etməkdir. Yalnız 2010-cu il seçkilərinin nəticələrini deyil, bu nəticələrə gətirib çıxaran fəaliyyətin fundamental səbəblərinin dəyərləndirilməsi vacibdir.

     Hazırkı  onpartiyalı Milli Məclisin formalaşmasını bir sıra çoxsaylı, eyni zamanda da siyasi prosesə təsiri baxımından sinxron amillər şərtləndirdi. Bunlar ölkənin son illər ardıcıl olaraq dünyada ən yüksək inkişaf templərini saxlaması, dövlət-vətəndaş münasibətlərinin ahəngi, vətəndaşların daha düşünülmüş, məqsədyönlü elektoral davranış nümayiş etdirməsi, müxalifətin partiya-blok və müstəqil istiqamətlərdə parçalanaraq, öz seçicilərinin səslərinin "buxarlanmasına” biganə qalması və s.-dir.

     Seçkilərin nəticələrinə dair proqnozlar və ehtimallar əsasən eyni idi. Sürprizlərin olmayacağı, qeyri-adi nəyinsə baş verməyəcəyi tez-tez təkrarlanırdı. Bəs buna səbəb verən nə idi? Səbəb o idi ki, müxalifət cəbhəsində 20 il əvvəlki fəaliyyət dəyişmədən olduğu kimi qalmışdı və məğlubiyyət qaçınılmaz idi. Başqa sözlə desək, bu, proqnozdan daha çox cəmiyyyətin məğlub düşərgəyə təyin etdiyi diaqnoz idi. Üstəlik sürpriz də oldu - özlərini real müxalifət hesab edən tərəf heç bir mandat qazana bilmədi.

      Nəticələr sadəcə statistika deyil. Bu onu göstərir ki, ölkədə  müxalifətçilik institutunun 20 illik mövcudluq formatı özünü doğrultmamışdır. Seçicinin ümid və etimadına cavab verə bilməmişdir. Bu o deməkdir ki, böyük qeyri-müəyyənliklər,  sarsıntılar dövrü bitmişdir və xalq özünü iqtidarla birlikdə, bir tam kimi hiss edir. Bu o deməkdir ki, xarici qrantların cidd-cəhdlə formalaşdırmaq istədiyi vətəndaş cəmiyyəti onların səyləri olmadan artıq formalaşmışdır. Azərbaycan inkişaf edir, onun necə dəyişməsi təəccübləndirir, lakin səbəb yalnız bu deyil, səbəb seçicinin, vətəndaşın Azərbaycan xalqının özünüdərkində, şüurlu seçim etməsindədir. O, yalnız "dəyişikliklər xatirinə dəyişiklik” istəmir.

     Düzdür, bu dəfə seçkilərə hazırlıq və qeydiyyata alınma mərhələsində müxalifət kütləvi aksiyalara, mitinq və  qarşıdurmaya, boykot taktikasına getmədi. Lakin müxalifətin kəskin məzmunlu, əsaslı-əsassıs tənqidə, "affektiv polemikaya” köklənən  təbliğat-təşviqat kampaniyası onların həqiqətən də dəyişərək "bir anda” sivil müxalifət olduqlarına dair təsəvvür yaratmaq cəhdlərinin alınmadığını göstərdi. Xalq bir-biri ilə dil tapa bilməyən insanların yüksək siyasi mədəniyyətə yiyələndiyinə inanmadı. Kim nə deyir-desin, ərazi bütövlüyü problemi, işğalçı ölkə simasında ümumi düşməni olan seçici-xalq siyasi qüvvələrin bir-biri ilə dil tapmasını, ortaq məxrəcə gələ bilməsini, mühüm məsələlərdə mövqelərin yaxınlaşmasını həqiqətən yüksək dəyərləndirir. Radikal müxalifət isə bütün bu istəklərin üzərindən xətt çəkir.



 

: 345