| Azərbaycanca | English
Ana səhifə SAM haqqında Tədbirlər Media Nəşrlər Vakansiyalar Fotoqalereya Qarabağ

SAM Azərbaycanın işğal edilmiş ərazilərində qeyri-qanuni fəaliyyətə dair beynəlxalq konfrans keçirmişdir

2018-11-17 01:00:00

17 noyabr 2018-ci il tarixində “İşğal Olunmuş Azərbaycan Ərazilərində Qeyri-Qanuni Fəaliyyətlər və Üçüncü Tərəflərin Məsuliyyəti” mövzusunda beynəlxalq konfrans keçirilmişdir.



Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) təşkilatçılığı ilə keçirilən konfransda Ermənistanın Azərbaycanın işğal edilmiş ərazilərindəki qeyri-qanuni iqtisadi fəaliyyəti, təbii resursların qanunsuz şəkildə istismarı və bu kimi digər məsələlər yerli və xarici ekspertlər tərəfindən müzakirə edilmişdir.



Konfrans iştirakçılarını salamlayan SAM-ın direktoru Fərhad Məmmədov bildirmişdir ki, işğal edilmiş Azərbaycan ərazilərində Ermənistan tərəfindən törədilən qanunazidd əməllər həmin əraziləri narkotiklərin qanunsuz dövriyyəsi və hətta terrorizm fəaliyyətinin mərkəzinə çevirmişdir. F. Məmmədov  iştirakçıların nəzərinə çatdırmışdır ki, Ermənistanın həyata keçirdiyi qeyri-qanuni fəaliyyət qonşu ölkələrin sabitliyini pozmaqla yanaşı, eyni zamanda, regional sülhə qarşı da açıq təhdid təşkil edir.



Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici əlaqələr şöbəsinin müdir müavini Hikmət Hacıyev çıxış edərək Azərbaycanın işğal olunmuş ərazilərində qeyri-qanuni iqtisadi fəaliyyətə və həmin bölgələrdə beynəlxalq hüququn imperativ normalarının pozulması faktlarına diqqət çəkmiş, bu bölgələrin qanunsuz mal dövriyyəsi üçün tranzit məntəqəsinə çevrildiyini vurğulamışdır.



Daha sonra, İtaliyalı diplomat və ATƏM-in (hazırkı ATƏT) Minsk konfransının ilk sədri Mario Raffaelli Minsk qrupunun 25 ildən sonrakı fəaliyyətinə nəzər salaraq, Azərbaycanın öz dövlət müstəqilliyini əldə etdikdən sonra sürətli inkişafa nail olaraq etibarlı regional tərəfdaşa çevrildiyini xatırlatmışdır.



Konfransın panel müzakirələrində “AzerGold” QSC-nın İdarə Heyətinin sədri Zakir İbrahimov, Azərbaycan XİN Mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva və Azərbaycan Respublikasının Baş Prokurorluğunun rəis müavini Vüqar Nəsibov çıxış edərək mədən qaynaqlarının qanunsuz şəkildə istismar edildiyini, müvəqqəti işğal altındakı Azərbaycan torpaqlarında qanunsuz fəaliyyətin həyata keçirildiyini və bu kimi fəaliyyətlərin münaqişənin uzadılması və status-kvonun saxlanılması vasitəsi kimi istifadə edildiyini bildirmişlər. Bundan başqa, işğal altındakı ərazilərdə fəaliyyət göstərən hüquqi şəxslərə qanunsuz audit xidməti göstərən şirkətlərə qarşı Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən zəruri istintaq tədbirlərinin həyata keçirildiyi çıxışçılar tərəfindən nəzərə çatdırılmışdır.



Tədbirdə “Azərkosmos” ASC-nin sədri Rəşad Nəbiyev Ermənistan tərəfinin işğal altındakı ərazilərin torpaq və bitki örtüyünü deqradasiyaya məruz qoymasını, qanunsuz şəkildə kənd təsərrüfatı fəaliyyəti ilə məşğul olaraq həmin ərazilərdə tikililər ucaltmasını peyk vasitəsilə əldə edilmiş görüntü və xəritələr əsasında iştirakçıların diqqətinə çatdırmışdır.



Konfrans zamanı SAM-ın İqtisadiyyatın təhlili şöbəsinin Aparıcı elmi işçisi Mahir Hümbətov SAM tərəfindən yaxınlarda Litvada nəşr edilən və Ermənistanın qanunsuz fəaliyyətlərinin  hidroloji və ekoloji aspektlərinə aydınlıq gətirən “Dünyaya Təhdid: Hidroloji Cinayət və Ekoloji Soyqırım” kitabına dair xülasə verərək, Ermənistanın birbaşa olaraq region ölkələrinə, lakin dolayısilə bütün dünyaya qarşı ekoloji təhlükə kəsb etdiyini bildirmiş və qeyd edilən məqamların ingilis dilində nəşr edilən kitabda əksini tapdığını iştirakçıların nəzərinə çatdırmışdır.



 

Konfrans sual-cavab sessiyası və Fərhad Məmmədovun yekun nitqi və ilə başa çatmışdır.

 




 

: 507