| Azərbaycanca | English
Ana səhifə SAM haqqında Tədbirlər Media Nəşrlər Vakansiyalar Fotoqalereya Qarabağ

SAM-ın direktoru F.Məmmədovun başçılıq etdiyi Azərbaycan nümayəndə heyəti Türkmənistanda səfərdə olmuşdur

2014-06-20 10:06:52

17-18 iyun 2014-cü il tarixlərində Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) direktoru Fərhad Məmmədovun başçılıq etdiyi nümayəndə heyəti Türkmənistan Respublikasının Xarici İşlər Nazirliyinin dəvəti əsasında bu ölkənin paytaxtı Aşqabad şəhərində səfərdə olmuşdur.

 

Tərkibinə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Xarici əlaqələr şöbəsinin məsul işçisi Ramil Tağıyev və SAM-ın elmi işçisi Azad Qəribovun daxil olduğu nümayəndə heyəti «Türkmənistan: Sülh və inkişaf strategiyası» adlı beynəlxalq konfransda iştirak etmiş, eləcə də bu ölkənin Xarici İşlər Nazirliyi, Beynəlxalq Münasibətlər İnstitutu və Strateji Planlaşdırma və İqtisadi İnkişaf İnstitutunda görüşlər keçirmişdir.

 

Səfərin ilk günündə nümayəndə heyəti Türkmənistanın Azərbaycandakı səfiri Toylı Koməkovun müəllifi olduğu «Türkmənistan: Sülh və inkişaf strategiyası» adlı kitabın təqdimat mərasimində və eyni adlı beynəlxalq konfransda iştirak etmişdir. Nümayəndə heyəti adından konfransda SAM-ın direktoru Fərhad Məmmədov və Prezident Administrasiyasının əməkdaşı Ramil Tağıyev çıxış etmişdir. Tədbirdə eləcə də, Beynəlxalq Münasibətlər İnstitutunun rektoru Baba Zahirov, Strateji Planlaşdırma və İqtisadi İnkişaf İnstitutun direktoru Məhəmmədgəldi Atayev, Türkmənistan Demokratik Partiyasının sədri Qasımqulu Babayev, Beynəlxalq Münasibətlər İnstitutunun ekspertləri və Azərbaycanın Türkmənistandakı fövqəladə və səlahiyyətli səfiri Vəhdət Sultanzadə çıxış etmişdir. SAM-ın direktoru F.Məmmədov öz çıxışında Azərbaycan - Türkmənistan münasibətlərinin hazırkı durumu və inkişaf perspektivlərindən, əldə edilmiş uğurlardan və qarşıda duran çağırışlardan bəhs etmişdir. O, həmçinin, Türkmənistanda BMT-nin Regional Mərkəzinin açılmasının əhəmiyyətinə toxunaraq ölkəmizin də Türkmənistan kimi dünyada sülh və təhlükəsizliyin qorunmasında BMT-nin fəaliyyətinin gücləndirilməsi və təşkilatın effektivliyinin artırılmasında maraqlı olduğunu bəyan etmiş, təşkilatın fəaliyyətindəki hazırkı qeyri-effektivliyin nəticəsi olaraq Təhlükəsizlik Şurasının erməni qüvvələrinin işğal edilmiş Azərbaycan torpaqlarından qeyd-şərtsiz çıxarılmasına dair dörd qətnaməsinin icra edilməməsini konfrans iştirakçılarının diqqətinə çatdırmışdır.

 

Tədbirdən sonra Azərbaycan nümayəndə heyəti Türkmənistan Respublikasının Xarici İşlər Nazirliyində görüş keçirmişdir.

 

Nazir müavini Berdi Mətiyevlə görüşən heyət ölkələrimiz arasında iki tərəfli münasibətlərinin inkişafına dair ətraflı fikir mübadiləsi aparmışdır.

 

17 iyun tarixində, həmçinin, Türkmənistanın Xarici İşlər Nazirliyinin nəzdində fəaliyyət göstərən Beynəlxalq Münasibətlər İnstitutunun rəhbərliyi və ekspertləri ilə görüş baş tutmuşdur.

 

Görüşdə iki ölkə arasındakı münasibətlərin inkişafına dair fikir mübadiləsi aparılmaqla yanaşı, SAM və Beynəlxalq Münasibətlər İnstitutu arasında əməkdaşlıq perspektivləri müzakirə edilmişdir.

 

Səfərin növbəti günü Azərbaycan nümayəndə heyəti Türkmənistan Respublikasının İqtisadiyyat və İnkişaf Nazirliyinin nəzdində fəaliyyət göstərən Strateji Planlaşdırma və İqtisadi İnkişaf İnstitutunda olmuş, institut rəhbərliyi və ekspertləri ilə ölkələrimizin inkişafının statistik göstəriciləri və həyata keçirilən iqtisadi siyasətə dair fikir mübadiləsi aparmışdır.

 

Qeyd edək ki, səfər çərçivəsində keçirilən görüşlərdə, həmçinin, Azərbaycan Respublikasının Türkmənistandakı fövqəladə və səlahiyyətli səfiri Vəhdət Sultanzadə və səfirliyin əməkdaşları iştirak etmişdir.



 

: 1628