| Azərbaycanca | English
Ana səhifə SAM haqqında Tədbirlər Media Nəşrlər Vakansiyalar Fotoqalereya Qarabağ

İslam Əməkdaşlıq Təşkilatının mənzil-qərargahında beynəlxalq simpozium keçirilmişdir

2015-12-03 15:45:03

Dekabrın 2-də Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdrmalar Mərkəzinin (SAM) direktor müavini Gülşən Paşayeva və Mərkəzin  aparıcı elmi işçisi Kamal Makili-Əliyev İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Səudiyyə Ərəbistanı Krallığının Ciddə şəhərində yerləşən mənzil-qərargahında olmuş, bir sıra görüşlər keçirmiş və təşkilatın fəaliyyəti ilə yaxından tanış olmuşlar. Həmin gün İƏT-in mənzil-qərargahında SAM və ölkəmizin Səudiyyə Ərəbistanı Krallığındakı Səfirliyinin birgə təşkilatçılığı ilə “Dağlıq Qarabağ münaqişəsinin həllində İƏT-in rolu: keçmiş səylər və gələcək imkanlar” mövzusunda beynəlxalq simpozium keçirilmişdir.

 

Tədbirdə İƏT Baş Katibliyinin əməkdaşları, təşkilata üzv ölkələrin İƏT yanında fəaliyyət göstərən daimi nümayəndələri və Ciddə şəhərinə akkreditə olunmuş diplomatik missiyaların təmsilçiləri iştirak etmişlər.

 

İƏT-in Baş katibi İyad Bin Əmin Mədəninin adından tədbiri giriş sözü ilə açan Baş katibin siyasi məsələlər üzrə müavini Abdullah Alim qonaqları salamlayaraq, sözügedən tədbirin keçirilməsi ilə bağlı Azərbaycan tərəfinin təşəbbüsünü yüksək qiymətləndirmiş və bunun Azərbaycanın İƏT-lə əməkdaşlığına verdiyi yüksək önəmin təzahürü olduğunu qeyd etmişdir. A.Alim bildirmişdir ki, İƏT Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı hər zaman ölkəmizin mövqeyini dəstəkləyir, Ermənistandan işğal etdiyi ərazilərdən geri çəkilməyi tələb edir və beynəlxalq ictimaiyyəti bu məsələnin həllində fəal olmağa çağırır.

 

SAM-ın direktor müavini Gülşən Paşayeva çıxışında Azərbaycanın islam dünyasının tərkib hissəsi olduğunu və İƏT-ə üzv seçildiyi tarixdən bu beynəlxalq təşkilatın fəal iştirakçılarından birinə çevrildiyini qeyd etmişdir. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllində İƏT-in xüsusi rolunu vurğulayan natiq məhz bu təşkilat tərəfindən dünya ictimaiyyətində Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı həyata keçirdiyi təcavüzkar siyasət haqqında birmənalı fikir formalaşdırıldığını vurğulamışdır. G.Paşayevanın fikrincə, İƏT buna həm üzv ölkələrin dövlət və hökumət başçılarının zirvə toplantılarında, həm də Xarici İşlər Nazirləri Şurasının sessiyalarında qəbul etdiyi sənədlər, o cümlədən siyasi, iqtisadi və mədəniyyət istiqamətlərindəki çoxsaylı qətnamələri, eləcə də Baş Katibliyin vaxtaşırı hazırladığı hesabatlar vasitəsilə nail olmuşdur.

 

Azərbaycan Respublikasının Səudiyyə Ərəbistanı Krallığındakı Səfiri Rasim Rzayev çıxışında dövlətimizin xarici siyasəti, onun İƏT ölkələri ilə əməkdaşlıq vektoru və Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi haqqında tədbir iştirakçılarına məlumat vermişdir. Natiq İyad Bin Əmin Mədəninin İƏT-in Baş katibi seçildikdən sonra BMT-nin Baş katibi Pan Gi Muna ünvanladığı məktubda Ermənistanın işğal olunmuş ərazilərimizdə qanunsuz məskunlaşma siyasəti aparmasından narahatlığını ifadə etməsini Təşkilatın münaqişənin həllinə verdiyi əhəmiyyətin təzahürü olduğunu diqqətə çatdırmışdır. 

 

Tədbirin birinci hissəsində İƏT-in Siyasi Məsələlər İdarəsinin Baş direktoru səfir Tariq Bəxit çıxış edərək Azərbaycanın İƏT daxilində rolunu yüksək qiymətləndirmişdir. Natiq Azərbaycanın təkcə işğala məruz qalmadığını, eyni zamanda bir milyona yaxın qaçqın və məcburi köçkün problemi ilə üzləşdiyini də bildirmiş və İƏT-ə üzv ölkələri Azərbaycana dəstək verməyə çağırmışdır.

 

Daha sonra SAM-ın direktor müavini Gülşən Paşayeva “Dağlıq Qarabağ münaqişəsinin həllində İƏT qətnamələrinin rolu: xarici səylər və fəal iştirak” mövzusunda məruzə etmişdir. Natiq əvvəlcə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi haqqında tədbir iştirakçılarına ümumi məlumat vermiş, İƏT-in münaqişənin həllindəki rolundan söz açaraq, onu yüksək qiymətləndirmişdir. O, islam həmrəyliyi baxımından İƏT-ə üzv ölkələrin İƏT və digər beynəlxalq təşkilatlar çərçivəsində öz səylərini daha da  birləşdirməyə çağırmışdır.  BMT və İƏT-in sülh və təhlükəsizlik istiqamətində fəaliyyət göstərdiyini vurğulayan SAM-ın direktor müavini Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin siyasi həllini sürətləndirmək üçün beynəlxalq arenada İƏT-ə üzv dövlətlərin fəal iştirakının vacibliyini diqqətə çatdırmışdır.

 

Türkiyə Respublikasının İƏT yanında daimi nümayəndəsi səfir Saleh Mutlu Şən çıxış edərək, ölkəsinin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyini tədbir iştirakçılarının diqqətinə çatdırmışdır. Diplomat  ATƏT-in Minsk qrupunun üzvü olan Türkiyənin münaqişənin həllinə öz töhfəsini verməyə və prosesi sürətləndirməyə hazır olduğunu bildirmişdir.

 

SAM-ın aparıcı elmi işçisi Kamal Makili-Əliyev “Beynəlxalq hüququn uğursuzluğu fonunda İƏT-ə üzv ölkələrin Dağlıq Qarabağ münaqişəsinin həllinə gələcək töhfələri” mövzusunda məruzə etmişdir. Natiq beynəlxalq hüququn bəzi prinsiplərinin Ermənistan tərəfindən təhrif olunduğunu qeyd edərək, buna misal kimi xalqların öz müqəddəratını təyinetmə hüququnu göstərmişdir. K.Makili-Əliyev sözügedən prinsipin Dağlıq Qarabağ münaqişəsinə heç bir aidiyyəti olmadığını faktlarla sübut etmiş, üzv ölkələri Ermənistanla mövcud münasibətlərini beynəlxalq hüququn prinsipləri və normaları əsasında tənzimləməyə çağırmışdır.

 

SAM-ın nümayəndə heyətinin çıxışları iştirakçılar tərəfindən maraqla qarşılanmışdır. Simpozium sual-cavab sessiyası ilə davam etmiş və bu qəbildən olan tədbirlərin gələcəkdə də keçirilməsinin əhəmiyyəti xüsusi vurğulanmışdır.

 

Sonda SAM-ın nümayəndə heyəti tərəfindən simpozium iştirakçılarına  ölkəmizin tarixini və onun zəngin mədəniyyətini tərənnüm edən hədiyyələr təqdim edilmişdir.

 



 

: 2601