| Azərbaycanca | English
Ana səhifə SAM haqqında Tədbirlər Media Nəşrlər Vakansiyalar Fotoqalereya Qarabağ

"SAM-ın şərhləri"nin 23-cü sayı işıq üzü görmüşdür

2018-05-23 05:41:59

Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) xüsusi nəşri olan "SAM-ın şərhləri"nin "Azərbaycan Xalq Cümhuriyyəti dövrünün etnik mənzərəsi və dil siyasəti" mövzusuna həsr olunmuş  23-cü sayı işıq üzü görmüşdür. Mərkəzin Daxili siyasətin təhlili şöbəsinin  aparıcı elmi işçisi Aqşin Məmmədovun müəllifi olduğu bu yeni nəşr 1918-ci ildə Müsəlman Şərqində respublika üsuli-idarəsinə söykənən, dini, irqi, sosial fərqlərə baxmadan öz müqəddəratını vahid siyasi etnos kimi təyin edən, müasirliyə açıq, liberalizmə sadiq bir dövlət kimi tarix səhnəsinə çıxan Azərbaycan Xalq Cümhuriyyəti dövründə ölkənin etnik palitrasının rəngarəngliyinin qorunub saxlanılması, etnik məsələlərin azərbaycançılıq kontekstində formalaşması, xalqımızın tolerantlıq ənənələrinin inkişaf etdirilməsi, dövlət və cəmiyyət həyatının milliləşdirilməsi, Azərbaycan dilinin dövlət dili səviyyəsində işlədilməsi və s. məsələlərin araşdırılmasına həsr edilmişdir.

 

 

Tədqiqatın birinci hissəsində polietnik dövlət olan AXC dövründə əhalinin etnik mozaikası, müxtəlif səbəblərdən əhalinin etnik tərkibində baş verən dəyişikliklər və transformasiyalar, "millət-ərazi-dövlət" triadası, milli-siyasi identikliyin ərazi identikliyi ilə əlaqəsi nəzərdən keçirilir. Bu qənaətə gəlinir ki, AXC dövründə Rusiya imperiyasının Cənubi Qafqazın türk-müsəlman əhalisinə qarşı yeritdiyi ayrı-seçkilik siyasəti və deportasiyalar, ermənilər tərəfindən azərbaycanlılara qarşı dəfələrlə həyata keçirilən soyqırımlar, Ermənistan və Gürcüstanın Azərbaycana qarşı ərazi iddiaları nəticəsində əhalinin sayca azalması, yerdəyişməsi və qaçqın problemi əhalinin etnik tərkibinə ciddi şəkildə təsir göstərmişdir.

 

 

Müstəqilliyin ilk günlərində İstiqlal Bəyannaməsi ilə ölkə ərazisində yaşayan xalqlara və etnik qruplara elan edilmiş bütün hüquqlar Cümhuriyyətin mövcud olduğu 23 ay ərzində qorunmuş və dövlət himayəsi almışdır. Azərbaycan hökumətinin bütün sahələrdə, xüsusilə sosial-mədəni sahədə fəaliyyəti və təşəbbüsləri respublikanın çoxmillətli əhalisi ilə sıx qarşılıqlı əlaqə və münasibətlər şəraitində həyata keçirilmişdir. Etnik azlıqların mədəni-maarif ehtiyaclarının ödənilməsi ücün müxtəlif imkanlardan (dövlət xərcləri, ictimai təşkilatların və xeyriyyəçilik cəmiyyətlərinin qüvvəlləri) istifadə edilmişdir. AXC-nin qanunverici orqanının - parlamentin tərkibi formalaşdırılarkən ölkə ərazisində yaşayan xalqlara, eyni zamanda Rusiya imperiyası dövründə əhalinin etno-konfessional tərkibində müəyyən say əldə edə bilmiş rus və ermənilərə də yer ayrılmışdır.

 

 

AXC dövründə müxtəlif dinlərin nümayəndələrinin rəsmi fəaliyyət göstərən dini konfessiyalarının, həmçinin etnik azlıqların ictimai birliklərinin multikultural dəyərlər əsasında fəaliyyətləri üçün bütün şərait yaradılmışdır.

 

 

Tədqiqatın ikinci hissəsində AXC-nin dil siyasəti, parlamentdə bu sahədə aparılan müzakirələr, qəbul edilən mühüm qərarlar və bunun orduda, siyasi-mədəni həyatda, mətbuatda tətbiqi araşdırılmışdır. Qeyd olunur ki, Cümhuriyyət hökuməti Azərbaycan dilinə dövlət statusu verməklə, onun bütün sahələrdə işləkliyinin təmin edilməsi üçün xeyli səylər göstərmiş, Avropa dövlətlərinin bir çoxundan əvvəl öz ərazisində yaşayan etnik azlıqların və xalqların öz ana dillərində təhsil alması haqqında müvafiq qərarlar qəbul etmişdir.

 

Azərbaycan Xalq Cümhuriyyəti dövrünün etnik mənzərəsi və dil siyasəti



 

: 732