| Azərbaycanca | English
Ana səhifə SAM haqqında Tədbirlər Media Nəşrlər Vakansiyalar Fotoqalereya Qarabağ

SAM-ın “Strateji təhlil” jurnalının növbəti sayı çap edilmişdir

2017-01-13 09:36:35

Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) Azərbaycanın daxili və xarici siyasəti, beynəlxalq münasibətlər üzrə rüblük dövri nəşri olan “Strateji təhlil” jurnalının növbəti (3-4 (17-18) 2016) sayı işıq üzü görmüşdür. 


Jurnalın redaksiya heyətinin sədri akademik Ramiz Mehdiyevdir. 


Jurnalın bu sayında 22 məqalə 8 bölmədə oxucuların diqqətinə təqdim edilir. “Milli inkişafin strateji prioritetləri” adlı birinci bölmədə Azərbaycan Respublikası Milli Məclisinin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Əli Hüseynlinin "Konstitusiya islahatları demokratik dövlət idarəçiliyinin möhkəmlənməsinə, çoxşaxəli islahatların vaxtında və çevik reallaşdırılmasına təminat verir", Bakı Dövlət Universitetinin Beynəlxalq münasibətlər kafedrasının müdiri, tarix üzrə elmlər doktoru, professor Ağalar Abbasbəylinin "Heydər Əliyev - Azərbaycan Respublikasının qurucusu və memarı" (rus dilində), SAM-ın şöbə müdiri, fəlsəfə üzrə elmlər doktoru Tahirə Allahyarovanın "Xalqın iradəsi birbaşa və təmsilçi hakimiyyətin vəhdəti kimi: referendumun tarixi əhəmiyyəti" adlı məqalələri öz əksini tapmışdır. Məqalələrdə Ümummilli lider Heydər Əliyevin Azərbaycan Respublikasının qurucusu və memarı kimi tarixi fəaliyyəti, onun Konstitusiya islahatlarının müəllifi və təminatçısı kimi xidmətləri, Konstitusiya islahatlarının demokratik dövlət idarəçiliyinin möhkəmlənməsi və çoxşaxəli islahatların cevik şəkildə reallaşdırılmasında rolu, Konstitusiya islahatlarının fokus nöqtəsi - yeni və təkmil dövlət idarəçiliyi modelinin reallaşdırılması, postneft strategiyasına keçid yeni dövlətçilik modelinin həlledici əsası kimi və s. mövzular ətraflı araşdırılmışdır.

"Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi "erməni məsələsi" kontekstində” adlı ikinci bölmədə Rusiya alimi, tarix üzrə fəlsəfə doktoru Oleq Kuznetsovun "Transmilli erməni terrorizminin etnokonfessional mənbələri (tarixi-kulturoloji təhlil)" (rus dilində) adlı məqaləsində  Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin mənbələri, hərəkətverici qüvvələri, məcburedici motivləri və səbəbləri, erməni milli-dini şüurunun arxetipləri və s. məsələlər təhlil edilir. Bu qənaətə gəlinir ki, erməni cəmiyyətinin dünyagörüşü sistemində milli-dini ekstremizm elementləri dərin kök salmış, əks tərəfə qarşı terror aktının törədilməsi yalnız tabularla deyil, həm də dinin ənənəvi normaları ilə həvəsləndirilir, buna erməni kilsəsi də yardım edir.


AMEA Tarix İnstitutunun aparıcı elmi işçiləri, tarix üzrə fəlsəfə doktorları İlqar Niftəliyev və Nigar Gözəlovanın bu bölmədə yer alan "Cənubi Qafqazda erməni və Alban kilsələri tarixi retrospektivdə" (rus dilində) adlı məqalələrində indiki Ermənistan, tarixi Azərbaycan torpaqlarında Eçmiədzin erməni kilsəsi patriarxlığının yaranması və mülklərinin artmasının tarixi kökləri araşdırılır, onun müstəqil Alban apostol kilsəsi ilə müqayisəli-tarixi təhlili verilir. Gətirilən faktlar və dəlillər erməni tarixşünaslığında dərin kök salmış belə bir fikri tamamilə təkzib edir ki, guya indiki Eçmiədzin tarixən ermənilərin dini mərkəzi olmuşdur. Əksinə, məqalədə istifadə olunan ilkin mənbələr təsdiq edir ki, müasir Ermənistan ərazisində yerləşən qədim xristian irsi erkən orta əsrlərdə Şimali Azərbaycanın xristian əhalisinin mühüm siyasi və dini mərkəzi olmuş Azərbaycan Albaniyasının tarixi irsinə aiddir.


Qafqaz Tarixi Mərkəzinin direktoru Rizvan Hüseynovun "S.D.Burnaşevin qeydləri XVIII əsrdə Qafqazda Azərbaycanın tarixi coğrafiyası üzrə mənbə kimi" (rus dilində) məqaləsində isə Çar Rusiyasının Qafqaza gəlişi dövrü üzrə arxiv materialları təqdim edilir. Xüsusən, Rusiya imperatorları I Pyotr, II Pyotr və I Pavelin fərmanlarında, dövlətlərarası müqavilələrdə Qafqazda Azərbaycana aid olan torpaqlar qeyd olunur. Məqalədə həmçinin Rusiyanın Qafaqazda təmsilçisi olmuş, o cümlədən Azərbaycan, onun siyasi əhəmiyyəti, hökmdarları və onların nüfuzu haqqında hesabatlar tərtib etmiş rus zabiti S.D.Burnaşevin (1743-1824) itirilmiş sayılan əsəri də təqdim olunur.


"Xarici siyasət və beynəlxalq münasibətlər sistemi: əsas meyillər və çağırışlar" adlı üçüncü bölmədə siyasi elmlər üzrə fəlsəfə doktoru Fətəli Abdullayevin "Miqrasiya geosiyasəti beynəlxalq münasibətlərdə formalaşan yeni istiqamət kimi", AMEA Hüquq və İnsan Haqları İnstitutunun doktorantları Vüsalə Mehdiyevanın "NATO-nun kibermüdafiə siyasəti" və Lalə Əkbərovanın "Müasir beynəlxalq münasibətlər sistemində baş verən proseslərdə İKT-nin yeri və rolu" adlı məqalələri verilmişdir. Məqalələrdə miqrasiya geosiyasəti probleminin tədqiqinin bəzi nəzəri-metodoloji məsələləri, miqrasiya geosiyasəti geosiyasi nəzəriyyənin fərqli və yeni istiqaməti kimi, kibertəhlükəsizliyin kateqoriyaları, NATO-nun kibersahə üzrə marağının əsasları, kibermüdafiə məsələsinin NATO-nun gündəliyində əhəmiyyətinin artması, NATO-nun kibermüdafiə sahəsində praktiki fəaliyyəti və tərəfdaşlarla əməkdaşlığı, yeni beynəlxalq münasibətlər sisteminin formalaşdırılmasında İKT-nin rolu və s. mövzular ətraflı təhlil edilmişdir.


"Milli və beynəlxalq hüquq sistemi XXI əsrdə" adlı dördüncü bölmədə Bakı Dövlət Universiteti Konstitusiya hüququ kafedrasının müəllimi, hüquq üzrə fəlsəfə doktoru Aytəkin İbrahimovanın "Layiqli həyat səviyyəsi hüququnun konstitusiya hüquqi təminatları", hüquq üzrə fəlsəfə doktoru Tural Hacıbəylinin "Müasir cinayət-hüquq siyasəti: tendensiya və perspektivlər", SAM-ın məsləhətçi-eksperti Nəcibə Mustafayevanın "Beynəlxalq cinayət hüququ: formalaşması, müasir vəziyyəti və inkişaf perspektivləri" adlı məqalələrində layiqli həyat səviyyəsi və yaşayış standartı, layiqli həyat səviyyəsi hüququ və “minimum əsas” konsepsiyası, layiqli həyat səviyyəsi hüququnun konstitusiyada təsbiti, cinayətkarlığa qarşı mübarizədə dövlətin müasir cinayət-hüquq siyasətinin ayrı-ayrı aspektləri, ictimai münasibətlərin cinayət-hüquqi mühafizəsi sahəsində mövcud olan problemlər, həmçinin Nürnberq və Tokio beynəlxalq cinayət məhkəmələrinin tarixi, hüquqi əsasları və fəaliyyəti, Ruanda və Yuqoslaviya tribunallarında mühüm işlər, Beynəlxalq Cinayət Məhkəməsinin yurisdiksiyasının formalaşması və s. məsələlər araşdırılmışdır.


"Milli dövlət quruculuğunun siyasi-ideoloji əsasları: tarix və müasirlik" adlı beşinci bölmədə AMEA Fəlsəfə İnstitutunun şöbə müdiri, fəlsəfə üzrə elmlər doktoru Füzuli Qurbanovun "Müstəqillik və müasirlik: dialoq fəlsəfəsindən baxış", BDU-nun doktorantı Günel Rəhimlinin "Səfəviyyə sufi-dərviş hərəkatı və Qızılbaş ideologiyası", Xəzər Universitetinin doktorantı Mədinə Karahanın "Əhməd Ağaoğlunun üç mədəniyyət konsepsiyası" adlı məqalələrində subyektin azadlığı və sosial nizam müasirlik kontekstində, “sərhəd zonası”nda dialoq: şüurun spontanlığı, təcrübə və dilin harmoniyası, Əhməd Ağaoğlunun islami baxışları və onun yeni mədəniyyət konsepsiyası və s mövzular tədqiq edilmişdir.


"İnnovasiya və islahatlar: inkişafın prioritetləri" adlı altıncı bölmədə İqtisadiyyat Nazirliyinin İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutunun İnnovasiyanın inkişafı şöbəsinin müdiri, iqtisad üzrə fəlsəfə doktoru, dosent Arzu Hüseynovanın "Milli innovasiya sisteminin inkişaf modellərinin təhlili" adlı məqaləsində dünyada dövlət innovasiya siyasətinin əsas istiqamətləri, innovasiya prosesləri modellərinin təkamülü, innovasiyanın inkişafının “Üçlü spiral” modeli, AMEA Fəlsəfə İnstitutunun aparıcı elmi işçisi, sosiologiya üzrə fəlsəfə doktoru Səadət Məmmədovanın "Sosial səhiyyə Azərbaycanda sosial dövlət quruculuğunun əsas istiqaməti kimi" məqaləsində Azərbaycanda sosial səhiyyənin inkişafının konstitusion əsasları, tibbi xidmət subyektləri, AMEA Fəlsəfə İnstitutunun doktorantı Ruslan Əkbərovun "İnnovasiyalı inkişaf nəzəriyyəsi: əsas anlayışlar və qanunauyğunluqlara politoloji baxış" məqaləsində innovasiyalı inkişafın tədqiqinin bəzi nəzəri məsələləri, innovasiyalı inkişafın əsas anlayışları və qanunauyğunluqları və s. məsələlər tədqiq edilmişdir.


Ukraynanın M.P.Draqomanova adına Milli Pedaqoji Universitetinin aspirantı Tsoy Çençjanın "Vitual təhsil probleminin qnostik-epistemoloji aspektləri" (rus dilində) adlı məqaləsində informasiya cəmiyyəti və virtual mədəniyyətin inkişafı kontekstində virtual təhsilin epistemoloji sərhədləri araşdırılmış, müasir epistemoloji təhsilin əsas kateqoriyaları olan bilik, məlumat, obyekt, kommunikasiya təhlil edilmişdir.


"Tarixi inkişafın mərhələləri: mövqelər, baxışlar" adlı yeddinci bölmədə “Azərxalça” Açıq Səhmdar Cəmiyyəti İdarə Heyətinin sədri, tarix üzrə fəlsəfə doktoru Vidadi Muradovun "Çar Rusiyası dövründə Naxçıvan şəhərinin sosial-iqtisadi həyatı", Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının şöbə müdiri, fəlsəfə üzrə elmlər doktoru, professor Rafail Əhmədlinin "Saka (iskit) türklərinin ictimai fikir tarixi" adlı məqalələri verilmişdir.


Bakı Dövlət Universitetinin Politologiya və sosiologiya kafedrasının dissertantı Tural Əliyev "Mövqe" bölməsində yer almış "Azərbaycanda milli siyasi şüurun formalaşması və inkişaf mərhələləri" adlı məqaləsində ictimai şüurun ilk təzahürləri, etnik-siyası şüurun dirçəlməsi, Azərbaycançılıq ideyasının mənbələri, milli ideologiya uğrunda mübarizə və s. məsələlərlə bağlı öz mövqeyini açıqlamağa çalışmışdır.


Qeyd edək ki, yerli və xarici ölkə ekspertlərinin aktual mövzularda məqalələrinin dərc edildiyi “Strateji təhlil” jurnalının pdf. versiyasını jurnalın internet səhifəsindən də (www.stj.sam.az) oxumaq mümkündür.

 

StratejiTehlil 17-18.pdf 



 

: 1196