| Azərbaycanca | English
Ana səhifə SAM haqqında Tədbirlər Media Nəşrlər Vakansiyalar Fotoqalereya Qarabağ

SAM Türkiyədə keçirilən “Azərbaycan həftəsi” çərçivəsində aparıcı beyin mərkəzlərində, Türkiyə PA və XİN-də beynəlxalq konfrans və görüşlər keçirib

2018-11-29 11:29:00

Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi (SAM) və Türkiyə Respublikasının Xarici İşlər Nazirliyi yanında Strateji Araşdırmalar Mərkəzi (Türk XİN SAM) birgə əməkdaşlıq çərçivəsində 26-30 noyabr tarixləri ərzində Ankarada “Azərbaycan həftəsi” keçirib. Bu məqsədlə SAM, Azərbaycan Respublikası Prezidentinin Administrasiyası və Xarici İşlər Nazirliyinin əməkdaşlarından, habelə Millət vəkili və müstəqil ekspertlərdən ibarət nümayəndə heyəti Ankaraya səfər etmişdir.

 

 

Səfər Ümummilli lider Heydər Əliyevin Ankaradakı Heydər Əliyev Parkında ucaldılan abidəsinin ziyarəti ilə başlayıb.

 

 

Səfər çərçivəsində nümayəndə heyəti Azərbaycanın Ankaradakı səfirliyində, Türkiyənin Prezident Administrasiyasında, Türkiyə XİN SAM, Avrasiya İncələmələr Mərkəzi (AVİM) və Siyasi, İqtisadi və Sosial Araşdırmalar Mərkəzində (SETA) geniş tərkibli dəyirmi masa, görüş və beynəlxalq konfrans keçirmişdir.

 

 

Nümayəndə heyəti əvvəlcə Azərbaycanın Ankaradakı səfirliyində olmuş, Azərbaycanın Türkiyə Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri cənab Xəzər İbrahimlə görüşmüş, habelə Ankara Universitetində və Ankarada yerləşən müxtəlif beyin mərkəzlərində fəaliyyət göstərən azərbaycanlılarla Türkiyə-Azərbaycan ikitərəfli münasibətlərinə dair müzakirələr aparmışdır.



Səfərin ikinci günü, 27 noyabrda SAM-ın nümayəndə heyəti Türkiyənin Prezident Administrasiyasında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın müşaviri Tuğba Nur Sönməzlə görüşmüşdür.

 

 

Qonaqları salamlayan T.N. Sönməz ikitərəfli münasibətlərin hazırkı vəziyyətinə və gələcək perspektivlərinə dair məlumat vermiş və hər iki ölkə arasındakı qarşılıqlı əməkdaşlıq sahələrinin gələcəkdə də genişlənəcəyinə ümidvar olduğunu bildirmişdir. Görüş Azərbaycan-Türkiyə əməkdaşlığının tarixi və hər iki ölkənin hökumət başçıları səviyyəsində davam edən mehriban qonşuluq siyasəti,  qlobal miqyaslı layihələrin həyata keçirilməsində iki ölkə arasındakı qarşılıqlı dəstək və ölkələr arasındakı strateji tərəfdaşlıq mövzularının müzakirəsi ilə davam etmişdir.


 

SAM Türkiyədə “Azərbaycan həftəsi” çərçivəsində təşkil etdiyi silsilə tədbirləri davam etdirərək Türkiyə XİN SAM və AVİM-də dəyirmi masa formatında görüşlər keçirmişdir. Türkiyə və Azərbaycan arasındakı qarşılıqlı əlaqələr, bu əlaqələrin siyasi, iqtisadi, təhlükəsizlik və əməkdaşlıq aspektləri və eləcə də regionun siyasi arenasında cərəyan edən hadisələrə dair mövzuların müzakirəsinə həsr edilmiş dəyirmi masalar Türkiyə Universitetlərinin akademik heyəti və eləcə də digər tanınmış tədqiqat mərkəzlərinin nümayəndələrinin müşayiəti ilə həyata keçirilmişdir.

 

 

SAM səfər çərçivəsində daha bir əhəmiyyətli tədbir — “Türkiyə-Azərbaycan əlaqələrinin gələcəyi” mövzusunda beynəlxalq konfrans təşkil etmişdir. Türkiyənin Siyasi, İqtisadi və Sosial Araşdırmalar Mərkəzində (SETA) keçirilən konfransda Türkiyə və Azərbaycan arasında siyasi səviyyədə mövcud olan dostluq münasibətlərinin hər iki ölkənin qardaş xalqları arasında da özünü büruzə verdiyini qeyd edən Milli Məclisin Azərbaycan-Türkiyə Parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü, Millət vəkili Musa Qasımlı ikitərəfli münasibətlərin beynəlxalq hüququn norma və prinsiplərinə əsaslandığı bildirmişdir. Bundan başqa, M. Qasımlı hər iki ölkənin müxtəlif beynəlxalq platformalarda da qarşılıqlı şəkildə bir-birinin  mövqeyini dəstəklədiyini iştirakçıların diqqətə çatdırmışdır.

 

 

Tədbirdə SAM-ın Xarici Siyasət məsələlərinin təhlili şöbəsinin müdiri Cavid Vəliyev çıxış edərək Türkiyə-Azərbaycan ikitərəfli əlaqələrinin regionun siyasi konfiqurasiyasına  müsbət yöndə təsir etdiyini, siyasi, iqtisadi, enerji və hərbi sahələrdə hər iki dövlətin maraqlarının uzlaşdığını bildirmiş, eyni zamanda, Azərbaycanın Türkiyənin terrorizm və separatizmə qarşı apardığı mübarizəyə dəstək verdiyini xatırlatmışdır.

 

 

İki ölkə arasında davam edən siyasi-iqtisadi, mədəni və digər sahələrdəki əməkdaşlığa dair fikir mübadiləsinin aparılması üçün əlverişli platforma rolunu oynayan konfrans Orta Şərq Texniki Universitetinin (ODTÜ) əməkdaşı Oqtay Tanrısevər və  Türkiyə Böyük Millət Məclisinin Türkiyə-Azərbaycan Parlamentlərarası dostluq qrupunun keçmiş sədri Necdət Ünüvarın ikitərəfli münasibətlərin inkişafı və gələcək perspektivlərinə dair məruzəsi ilə davam etmişdir.


 

Xatırladaq ki, Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi ilə Türkiyə XİN Strateji Araşdırmalar Mərkəzi arasında 2011-ci ilə imzalanmış Əməkdaşlığa dair Memoranduma əsasən hər bir ildən bir Türkiyə və Azərbaycanda müvafiq olaraq, “Azərbaycan həftəsi” və “Türkiyə həftəsi” keçirilir. Cari ildə bu ənənəni davam etdirən Mərkəz Türkiyədə dörd günlük “Azərbaycan həftəsi” təşkil etmişdir.

 

 

Qeyd edək ki, silsilə xarakterli tədbirlərin əsas məqsədi elm və ictimaiyyət nümayəndələrini iki ölkənin daxili, xarici və təhlükəsizlik siyasəti barədə məlumatlandırmaqdan və ikitərəfli münasibətlərin inkişafına təkan verməkdən ibarətdir.

 



 

: 302