| Azərbaycanca | English
Ana səhifə SAM haqqında Tədbirlər Media Nəşrlər Vakansiyalar Fotoqalereya Qarabağ

Seçki-2010. Daha bir mərhələ arxada qaldı

2011-07-12 12:31:00

Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi 2010-cu il parlament seçkilərinin mərhələlərinə dair növbəti - üçüncü təhlili təqdim edir. "Seçki-2010. Daha bir mərhələ arxada qaldı” adlı bu təhlildə namizədlərin qeydiyyat mərhələsinin başa çatması, dövlətin seçkilərə hazırlığı və həyata keçirdiyi hazırlıq tədbirləri, MSK-nın tam tərkibinin formalaşması, hakim və müxalifət partiyalarının tətbiq etdiyi seçki taktikası, beynəlxalq və yerli müşahidəçilik missiyası və s. məsələlər yer almışdır. Arayışda həmçinin müxalifətin seçki dövründə bloklaşma taktikasının yeni xüsusiyyətlərindən bəhs olunur. Bu təhlildə 2010-cu il parlament seçkilərinin artıq arxada qalan ilk üç mərhələsində baş verən proseslər yekunlaşdırılmış, ölkənin seçki təcrübəsində və siyasi qüvvələrin fəaliyyətində müşahidə olunan yeni meyllər öz əksini tapmışdır.  


     Siyasi mübarizədə zaman və məkan xüsusiyyətlərinin əlaqəli olması, qüvvələr nisbətinin dəyişərək yeni mənzərə formalaşdırması siyasi həndəsənin terminləri ilə izah edilir. Siyasi gedişlərdə çox vaxt düz xətt heç də mərkəzlə səth üzərindəki (iki) nöqtə arasında ən qısa məsafə kimi sərfəli yol hesab edilmir, əksinə çoxşaxəli yollar aranır. Bu baxımdan seçki prosesini nəzərdən keçirsək görərik ki, dairələrdə qalib gəlmək üçün namizəd bütün yollara (taktiki gedişlərə) bələd olsa da, onun mənsub olduğu partiyanın bütövlüyünü təmin edən, mərkəzə aparan, parçalanmaya mane olan yolla getməsi lazım gəlir.
 

Parlament seçkilərində iştirak etmək istəyən namizədlərin qeydiyyat mərhələsi sona çatdı. Partiyalar və siyasi bloklar artıq seçkilərə gedəcək namizədlərin sayını və onların dairələrini müəyyənləşdiriblər. PR-texnoloqların  üç həftədən çox vaxtı olacaq ki, öz namizədlərini seçki marafonunda qalib etsinlər.

          Namizədlərin siyahılarına baxarkən ən çox diqqəti cəlb edəcək əsas dairələrin artıq məlum olduğunu, burada lider namizədlər arasında kəskin mübarizənin gedəcəyini proqnozlaşdırmaq olar. Bir tərəfdə iqtidar partiyasını təmsil edən və cəmiyyətdə tanınmış namizədlər, digər tərəfdə isə müxalifəti təmsil edən 5 blokun (buraya 13 partiya daxildir) və bloksuz qatılan 20-yə yaxın  partiyanın üzvləri bir-birinə rəqib mövqelərdə durublar. Bundan əlavə, üçüncü tərəfin - KİV-dən tanınan "media kapitanları”nın və müstəqil jurnalistlərin, həmçinin sahibkarlığı təmsil edən, kifayət qədər maliyyə resurslarına malik müstəqil namizədlərin bu seçkilərə qatılması mübarizəni daha da gərginləşdirir.   


Seçkilərin sabit və demokratik şəraitdə  keçməsi təmin olunacaq

 

     Milli Məclisə seçkilərlə əlaqədar Ali Məhkəmə və  Venetsiya Komissiyası birlikdə beynəlxalq konfrans keçirmişdir. Tədbirdə əsas məqsədin seçkinin ölkə Konstitusiyasına, beynəlxalq müqavilələrə və Avropa standartlarına uyğun keçirilməsi olduğu, seçkilərlə bağlı şikayətlərin baxılması üçün yeni mexanizmlərin hazırlandığı, şikayətlərə baxan ekspert qruplarının yaradıldığı bildirilmişdir. 1

     ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun (DTİHB) Azərbaycanda keçiriləcək parlament seçkilərini müşahidə missiyasının rəhbəri Odri Qlover Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyində olmuş (DİN) və DİN-nin mətbuat xidmətindən verilən məlumata görə, nazir R.Usubovla asayişin qorunması sahəsində görülən işlər, eləcə də seçkiqabağı və seçki dövründə polisin qarşısında duran vəzifələr barədə fikir mübadiləsi aparmışdır. Parlament seçkilərinə hazırlıq dövründə və seçki zamanı baş verə biləcək qanun pozuntularının qarşısının alınması, seçkilərin müvafiq qanunların tələblərinə uyğun təhlükəsiz və demokratik şəraitdə keçirilməsi, bu məsələ ilə əlaqədar daxili işlər orqanlarının üzərinə düşən vəzifələrin layiqincə yerinə yetirilməsinin təmin olunması məqsədi ilə DİN tərəfindən xüsusi Tədbirlər Planı hazırlandığı qeyd olunmuşdur. Eyni zamanda, Mərkəzi Seçki Komissiyası (MSK) ilə birlikdə "Polis əməkdaşlarının Milli Məclisə seçkilərdə iştirakına dair yaddaş kitabçası” hazırlanaraq çap edilmişdir.  2


MSK bu seçkilərdə tam tərkiblə  işləyəcək
 

     Ötən 5 ildə  MSK-da 3 yer boş qalmışdı. Müsavat Partiyası son vaxtlaradək MSK-nın formalaşma prinsipinə qarşı olduğundan komissiyaya namizəd vermirdi. MSK-nın 18  üzvünü Milli Məclis seçir. Oktyabrın 8-də Milli Məclisdə MSK-ya 3 yeni üzvün seçilməsi, Müsavat Partiyasının bu seçkidə təqdim etdiyi namizədlər müzakirə olundu və MSK Müsavata bir yer ayırdı.

Yeni üzvlər – azlıqda olan partiyalarla bitərəf deputatların razılaşdırdığı Arifə Muxtarova, Müsavat Partiyasından Gülağa Aslanlı, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasından Mikayıl Rəhimovdur. Beləliklə,  MSK-nın tərkibi artıq tam şəkildə formalaşdırıldı. Lakin onu da qeyd edək ki, MSK-nın yeni üzvləri bu vəzifəni yalnız bir ay icra edə biləcəklər, çünki parlament seçkilərindən sonra qurum yenidən formalaşdırılmalıdır.

     
   
Bu seçkilərdə cəmiyyətin və medianın diqqətini cəlb edən məsələlərdən biri də iki şəxsin - Azərbaycan Erməniləri Assambleyasının sədri Q.Ayvazyanın və İranın "Səhər-1” kanalının aparıcısı Rüfət Muradovun seçkilərə qatılmaq istədiklərini bildirmələri oldu. Q.Ayvazyan  noyabrın 7-də keçiriləcək parlament seçkilərinə qatılmaq istədiyini bildirsə də, MSK-dan Q.Ayvazyan adlı şəxs tərəfindən heç bir rəsmi müraciətin daxil olmadığı açıqlandı. Seçki administrasiyasından bildirildi ki, müraciət edilərsə, məsələ hüquqi müstəvidə araşdırılacaq. Qeyd edək ki, Azərbaycanda 30 minə yaxın erməni yaşayır və seçkilərdə iştirak edirlər. Hətta dairə seçki komissiyalarından birinin üzvü ermənidir.3
 

        MSK Azərbaycanın işğal olunmuş ərazilərində yaşayan erməni vətəndaşların seçkilərdə iştirakını təmin etməyə çalışır və bu məqsədlə beynəlxalq təşkilatlara müraciət edib. Lakin təəssüf ki beynəlxalq təşkilatlar bu məsələdə Azərbaycana heç bir kömək göstərmirlər”. 4

 

         Mərkəsi Seçki Komissiyasının nəzdində yaradılmış Ekspert Qrupuna 70-ə yaxın şikayət və müraciət daxil olub. MSK bildirir ki, narazı şəxslər arasında həm müxalifət partiyalarından, həm iqtiradyönlü partiyalardan, həm də bitərəflər var. 5
MSK-nın iclaslarında seçkilərlə bağlı daxil olmuş müraciətlərə baxılmışdır və bu iclaslarda ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun Seçki Müşahidə Missiyasının təmsilçiləri və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak edirlər.

     Şikayətlərdən  qeydiyyata düşmək üçün  maneənin siyasi-hüquqi deyil, subyektiv və ya texniki səbəblərdən olduğu aşkar görünür. Müraciətlərdən bir qismi təmin edilmiş, yəni müvafiq dairə seçki komissiyalarının (DSK) qərarı ləğv edilərək müraciət edən namizədlərin qeydə alınması barədə qərar qəbul olunmuşdur. Onların əksəriyyəti dairələrdə rəqib namizədlərin vaxtından əvvəl təşviqatla məşğul olması barədədir. MSK müraciətlərin böyük qismini dairə seçki komissiyalarına ünvanlamışdır. Çünki Seçki Məcəlləsinin 112-ci maddəsinin tələblərinə görə, seçki subyektləri şikayəti müvafiq seçki komissiyasına təqdim edə bilərlər. Şikayət ilkin mərhələdə, yəni müvafiq seçki komissiyası tərəfindən təmin edilməzsə, dairə seçki komissiyasının qərarından və ya hərəkətindən (hərəkətsizliyindən) MSK-ya şikayət verilə bilər.

MSK qeydə alınmış deputatlığa namizədlər barədə son məlumat yaymışdır. Oktyabrın 14-nə qədər 125 seçki dairəsi üzrə 719  namizəd qeydə alınmışdır. 6
 

 

İqtidar Hakim Partiya YAP 113
Müxalifət  

Seçki blokları
"AXCP-MÜSAVAT” BLOKU 32
"İSLAHAT” BLOKU 29
"QARABAĞ” BLOKU 27
"İNSAN NAMİNƏ”  BLOKU 18
"DEMOKRATİYA” BLOKU 17
 

Müstəqil qatılan partiyalar
 

 

 
KXCP 23
DADP 18
AMİP 17
ANA VƏTƏN PARTİYASI 8
MMP 4
ASDP 2
MİLLİ  DEMOKRAT 1
TƏRƏQQİ  PARTİYASI 1
TƏKAMÜL PARTİYASI 1
MİLLİ  QURULUŞ PARTİYASI 1
BÖYÜK AZƏRBAYCAN PARTİYASI 1
VƏHDƏT PARTİYASI 1
AZƏRBAYCAN DEMOKRATİK MAARİFÇİLİK PARTİYASI 1
AKP 6
MİLLİ  DÖVLƏTÇİLİK PARTİYASI 1
AZAD RESPUBLİKAÇILAR

PARTİYASI

1
VƏTƏNDAŞ  BİRLİYİ PARTİYASI 1
AXP 2
AZADLIQ PARTİYASI  
Bitərəflər Bitərəflər BİTƏRƏFLƏR 346

 

 

        2010-cu ilin parlament seçkilərində mühüm mərhələyə: təbliğat-təşviqat kompaniyasına start verildi.  Seçki Məcəlləsinin tələbinə görə, təbliğat-təşviqat kampaniyası səsverməyə 23 gün qalmış başlayır və 24 saat qalmış dayandırılır. Bu müddətdə namizədlər müvafiq Dairə Seçki Komissiyalarına (DSK) müraciət etməklə öz seçiciləri ilə görüşə bilərlər.

MSK Sərbəst Toplaşma Azadlığı Qanununa müvafiq olaraq müəyyən edilmiş açıq və qapalı yerlərin siyahısını dərc edib. Bu yerlərin sayı 2009-cu illə müqayisədə 131 yer çoxdur. Onlardan 91-i açıq, 40-ı isə qapalıdır.7

       Azərbaycanın işğal altında olan rayonlarının 7 DSK-sı üzrə seçicilər müvəqqəti məskunlaşdıqları bölgələrdə müəyyən edilmiş, açıq və qapalı yerlərdən istifadə edə bilərlər.  Füzuli rayonunun Horadiz qəsəbəsində təhlükəsizlik baxımından açıq yerlər müəyyən edilməmişdir. Ümumilikdə isə, şəhər və rayon mərkəzlərində müəyyən edilmiş yerlərin sayı 229-dur. 


Hakim partiyanın seçkiyə hazırlığı
 

Yeni Azərbaycan Partiyasi (YAP) qüvvələri səpələnmiş müxalif partiyalardan fərqli olaraq, qələbə qazanmaq üçün sıralarının birliyini həlledici məsələ hesab edir. Hakim partiyanın özünəməxsus  taktikaya malik olması namizədlərin  siyahısının açıqlanması, sonra isə dairələrinin yerdəyişməsinə qərar verildikdə bir daha aşkarlandı.

Ə.Əhmədov müxalifət bloklarının imzatoplama və qeydiyyatla bağlı yaranan problemlərlə bağlı verdiyi bəyanatlara münasibət bildirib. O qeyd edib ki, "Partiyanın imza toplama kampaniyasının bu cür mütəşəkkil surətdə başa vurmasını partiyamızın rəqibləri olan müxalifət partiyaları qısqanclıqla yanaşır. Onların imza toplaya bilməməsinin başlıca səbəbi odur ki, insanlar onların irəli sürdüyü namizədlərin çoxunu tanımırlar, bu namizədlər haqqında hər hansı bir məlumata malik deyillər. Müxalifət namizədləri öz imzalarını özləri toplayıblar. YAP-ın hər bir namizədinin qeydə alınması üçün lazım olan imzaları isə 10 nəfər toplayıb.  10 nəfərin bir gündə gördüyü işi müxalifətdə bir nəfər görməli olub. Buna görə də YAP-ın imzatoplama kampaniyası kifayət qədər mütəşəkkil, fəal və optimal bir zaman ərzində həyata keçirilib”. Ə.Əhmədov bütün bunları mümkün edən əsas məsələnin YAP namizədlərinin Azərbaycan cəmiyyətində tanınmış ziyalı və nüfuzlu şəxslərin olması, xalqın onları artıq konkret fəaliyyətinə görə dəyərləndirə bilməsi olduğunu vurğulayıb: "YAP –ın namizədlərinin 113-ü qeydə alınıb. Partiya namizədlərinin 48-i hazırda Milli Məclisin deputatı, 5-i Milli Elmlər Akademiyasının həqiqi üzvü, 3-ü müxbir üzvü, 10-u ali məktəb rektoru, 20-si elmlər doktoru, professordur, namizədlərin 24-ü qadındır.Bizim namizədlərimiz cəmiyyətdə tanınmış,nüfuzlu insanlardır.akademiklər, rektorlardır”. 8


Azərbaycandan və dünyadan müşahidəçilik missiyası
 

Parlament seçkiləri ilə əlaqədar beynəlxalq müşahidə missiyaları fəaliyyətə başladı.
Azərbaycanda keçiriləcək parlament seçkilərini izləmək üçün 24 ölkənin müşahidəçisi qeydə alınıb.


Ən böyük  missiya ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları (DTİHB) bürosundandır. Bu təşkilatdan seçkilərə 30 uzunmüddətli və 450 qısa müddətli müşahidəçi gələcək. Artıq onların bir qrupu Azərbaycandadır və yaxın günlərdə fəaliyyətə başlayacaq. 9
 

Avropa Şurası baş katibinin Azərbaycandakı xüsusi nümayəndəsi Veronika Kotek Mərkəzi Seçki Komissiyası (MSK) ilə Avropa Şurası Venetsiya Komissiyasının keçirdiyi treninqlərin açılış mərasimində qeyd edib: "Hökumətlə bağlı apardığımız uğurlu əməkdaşlıq nəticəsində qarşıdan gələn parlament seçkiləri ilə bağlı fəaliyyət planı hazırlamışıq”. 10

     Parlament seçkilərində "Exit-poll” tədqiqatı 118 dairə üzrə 1180 məntəqədə həyata keçiriləcək.
Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzi (SMDT) isə seçki günü tərəfsiz seçki müşahidəçiliyi üzrə təlimçilər üçün təlimlərə başlayıb. İndiyədək SMDT seçkilərdə müşahidəçi olmaq istəyən 245 vətəndaşa Mərkəzi Seçki Komissiyasında müşahidəçi kimi qeydiyyatdan keçmək üçün hüquqi və texniki yardım göstərib.
Təşviqat kompaniyasına qoşulmaq istəyən 15 media quruluşu rəsmən müraciət edib. 11

     "Parlament -2010” seçki monitorinqi koalisiyası oktyabrın 6-dan Azərbaycanın 10 regionunda, 80 seçki dairəsində müşahidə missiyasını daha professional və beynəlxalq standartlara uyğun keçirmək üçün maarifləndirmə kompaniyasına başlayır.  12
 

Bu  günə  kimi 6829 nəfər müşahidə missiyasını həyata keçirmək üçün MSK-ya müraciət edib. Müvafiq DSK-ların hüdudlarında müşahidə aparmaq üçün isə 3285 nəfər qeydiyyatdan keçib.  Onlardan 1617-si fərdi şəkildə müraciət edib, 4367 nəfəri isə siyasi partiyaların müşahidəçiləridir.  13

         Azərbaycanda parlament seçkiləri ərəfəsində Beynəlxalq İnformasiya Mərkəzi fəaliyyət göstərəcək.

Mərkəzin əsas məqsədi qarşıdan gələn parlament seçkiləri zamanı beynəlxalq kütləvi informasiya vasitələri nümayəndələrinə informasiya dəstəyinin göstərilməsidir. İnformasiya mərkəzində Azərbaycana gələcək xarici jurnalistlərin fəaliyyəti üçün bütün lazımi şərait yaradılıb. Seçkilərlə bağlı gündəlik məlumatların əldə edilməsində, seçkilərdə rəsmi akkreditasiyanın alınmasında, millət vəkili namizədləri və seçki prosesində iştirak edən digər tərəflərlə görüşlərin təşkilində xarici jurnalistlərə kömək göstəriləcək. Mərkəz ən müasir kompüter texnikası və yüksək sürətli internetilə təchiz olunub. 14


Müxalifət elektoratı öz namizədini necə tanıyacaq?


 

    "AXCP-Müsavat” blokunun birgə seçki bloku və partiya yaratmaq niyyətləri müxalifət düşərgəsində də gözlənilən nəticəni vermədi və bir mənalı qarşılanmadı. Əksər müxalif qüvvələr bu taktikanı qeyri-real birlik kimi qiymətləndirdi və perspektivi olmayan belə bloka qoşulmaq istəyində olmadıqlarını bildirdi. 15
Əminliklə söyləmək olar ki, bu seçkilərdən sonra artıq birləşmə mövzusu bir də gündəmə gəlməyəcək. Çünki artıq "yeganə-vahid müxalifət blokundan” başqa, birlik modellərinin hamısı sınaqdan çıxarıldı və özünü doğrultmadı.

    AXCP ilə Müsavat Partiyası arasında vahid namizədlərin irəli sürülməsi ilə bağlı danışıqlar başa  çatmış, 14 dairədə razılıq əldə edilməmişdir. Bloku 98 dairədə vahid namizədlə iştirak edəcək. Qalan 27 dairənin heç də hamısında Müsavatla AXCP-nin ayrıca namizədləri yoxdur. Hər iki partiyanın namizədinin rəqib olduğu dairələrin sayı isə 14-dür. Bunların da əksəriyyəti müxalifətin qələbəyə ümid etdiyi paytaxt dairələridir.

         
Daha bir məqam müxalifət düşərgəsində əsas diqqətin namizəd olan partiya liderləri və funksionerləri üzərində cəmlənməsi, sıravi partiya üzvlərinin  arxa planda qalmasıdır. "Azadlıq”qəzetinin köşə yazarı Şahvələd Çobanoğlu "Liderlər bir dairədə yarışsınmı?” adlı yazısında qeyd edir: "Biz real müxalifətin bir yumruq kimi səfərbər olmasını arzulayırdıq. Amma peşman olmaqdayıq. Artıq bəzi hərəkətlər seçkini zərli sinidəki xonça kimi hakimiyyətə bəxş etməyə bənzəyir. Birlik ideyasının üzərində dayanmayan liderlər "bir dairə - bir lider” prinsipi ilə dərhal razılaşırlar. Bu, o deməkdir ki, onların dairələrində müxalifət birləşəcək. Müxalifətin bir-birinə dəstəyi vacibdirsə, bu prinsip niyə başqa namizədlərə də tətbiq edilmir. Bu prinsipin adını nə qoyursunuzsa qoyun, bu, birlik modeli nədənsə yalnız liderlər üçün nəzərdə tutulur?!” 16

        Seçkilərdə də müxalifət vahid blokda birləşmək, heç  olmasa, müxtəlif  dairələrdə namizədlərin yaxud da blokların bir-birinə dəstək olmaq məsələsində strateji vacib olan  kompromisə gələ bilmədi. Nəticədə  arzuolunmaz mənzərə alındı: eyni dairələrdə müxalifətin 4 və ya 5 blokunun namizədləri və üstəgəl seçkilərə tək qatılan müxalif partiyaların namizədləri bir birinə rəqib olacaqlar. Bu vəziyyət isə müxalif elektoratın ən son və çeşidli fraqmentlərə qədər parçalanmasına gətirib çıxaracaq. Müstəqillik dövründə keçirilən  və 4-cü olan parlament seçkilərində yenə də siyasi müxalifətin seçkilərə vahid blokda qüvvələrini səfərbər edərək getməməsi əlçatmaz  arzu oldu.            
 


                             DİAQRAM 1

 

 


Seçkilər öncəsi müxalifət qüvvələrinin ümumi mənzərəsi

     Diaqrama nəzər yetirəndə görürük ki, müxalifət yenə də seçkilərə iqtidar partiyası kimi vahid deyil, 10 fərqli düşərgədən qatılacaq. Bunların arasında 5 blok və yaxud 20-yə yaxın partiya olacaq. Təhlil etdiyimiz əksər dairələrdə, müxalif qüvvələrin minimum  5-8 namizədi bu və ya digər dairələrdən seçkilərə qatılmaqla bir-birinə rəqib olaraq elektoratını parçalayır.  


Geridə qalan ilk üç mərhələnin YEKUNLARI

     Azərbaycan elektoratının qarşıdakı beş ildə parlamentdə təmsil olunacaq millət vəkillərini seçəcəyi günə az qalır. Artıq seçki kompaniyasının əsas şüarlarının bəyan edilməsi prosesi gedir. 7 noyabr-seçim günü
 
yaxınlaşdıqca gərginliyin artması hiss olunur.

   Arxada qalan seçki prosesinin üç–(hazırlıq, əsas (namizədlərin irəli sürülməsi və qeydiyyatı) mərhələsində baş verənlərə əsasən qüvvələr nisbətinə dair ilk qənaətlərə gəlmək olar.

 Bloklaşma taktikasında yeni xüsusiyyətlər
 

     İlk mərhələnin aparıcı xüsusiyyəti bloklaşma oldu. Seçkilərdə iştirak etmək üçün təşkilatlanma  gec başladı, amma çox sürətlə getdi. Keçən seçkilər müddətində yaradılan çoxsaylı ittifaq, hərəkat və birliklərdənsə, müxalifət daha konkret və intizamlı təşkilatlanmaq metodlarına üstünlük verdi.

   Beş il mövcud olan "Azadlıq” blokunun parçalanması, qızğın blok yaradıcılığı yarışı və 4-cü parlament seçkilərində ilk dəfə rekord səviyyədə - 5 yeni blokun formalaşması yadda qaldı.   

 

   Bu "sürətli” proses verilən qərarların ciddi düşünülmədiyini və seçkidən sonra yaradılan blokların sabitliyinin şübhə altında olacağını deməyə əsas verir. Təşkilatlanmanın qüvvələrin birliyi istiqamətində deyil, daha da parçalanmasına meylinə xidmət etməsi müxalifət düşərgəsinin qələbə şanslarını azaltdı. Ən çətin və ən çox izlənilən proses isə blokların vahid namizədlər siyahısının müəyyən edilməsi, eyni blokun lider namizədlərinin eyni dairədə bir-birinə rəqibliyi kimi "təəssüf doğurucu”(Sülhəddin Əkbər) vəziyyət oldu. 17

    Seçkilərə tək və bloklarla qatılan partiyalar məlum oldu.  Kim hansı potensiala malik olduğunu bir daha nümayiş etdirdi. Bu dəfə qadınların, gənclərin yaxud medianın ayrıca bloklaşması müşahidə olunmadı. Bloklar seçkidə təşkilatçılıq üstünlükləri əldə etdi, qısa müddətdə qeydiyyatdan  keçdi. 

     Digər tərəfdən bloklaşmada seçki sonrası kompromisin qalacağı aydın deyil. Buna seçkinin nəticələri kimi obyektiv faktordan çox, subyektiv faktorlar, iddialar təsir edəcək. Müxalifətin seçkidə uğur qazanmasına ən böyük maneə deyildiyi kimi vahid, yeganə bir bloka birləşməməsi və elektoratı parçalamasıdır. Azərbaycanın parlament seçkiləri təcrübəsində indiyə qədər seçkilərə eyni zamanda 5 blok qatılmamışdır. Bir tərəfdən bu partiyaların parlament seçkilərinə marağının göstəricisi olsa da, digər tərəfdən, bu seçkilərdə müxalifətin qüvvələrinin hədsiz səplənməsinə səbəb oldu.
 

     Seçki ərəfəsi prosesində diqqəti cəlb edən məsələlərdən biri də Azərbaycanda yaradılan ilk partiyalardan biri olan AXCP-nin qurultayının keçirilməsi və burada partiyanın Müsavatla birləşməyə qərar verməsi oldu. Onun qarşı tərəfdən qəbul edilib-edilməyəcəyinə də seçkilərin nəticələrinin böyük təsirinin olacağını istisna etmək olmaz. 

Bölgələrdə  elektoral davranış

Təhlildə  göstərilən və potensial qaliblərin namizəd olduğu dairələr başlıca olaraq Azərbaycanın paytaxtı Bakını əhatə edir. Müşahidə göstərir ki, müxalif qüvvələrin aparıcı təmsilçiləri (partiya sədrləri, sədr-müavinləri, Ali Məclisinin sədrləri və s.) bölgələrdən namizədliyini irəli sürməkdən əksər hallarda çəkinirlər. Onlar hesab edirlər ki, bölgələrdə siyasi fəallıq paytaxtla   müqayisədə nisbətən aşağı olur. Müxalifətin fikrincə Bakıda, elektoratın siyasi fəallığının daha yüksək olması elektoratı təbliğat vasitəsi ilə öz tərəfinə çəkməyə imkan verə bilər.

Bu düzgün qənaət olmayıb, həm də elektoratın miqyasını məhdudlaşdıran səbəblərdəndir və əslində elektoratın deyil, müxalifətin regionlarda o qədər də fəal olmadığına dəlalət edir. 

 

   Bölgələrdə müxalifətin təşkilatı resurslarının   zəifliyi, uğurlu seçki taktikasını müəyyən etməməsi, onu elektoratı öz tərəfinə cəlb etmək imkanlarından məhrum edir. Hakim partiyanın siyasi kursunun tənqidi və qara piar  isə bölgələrdə gözlənilən effekti vermir. Məhz bu məsələlər müxalifətin aparıcı təmsilçilərini paytaxt dairələrindən namizədliyini irəli sürməyə sövq edir. Bu onu göstərir ki, hazırkı durumda həmin partiyaların bölgələrdə sosial bazası zəifdir, nüfuzu yoxdur, əsas diqqət paytaxt elektoratına  hesablanılıb və bölgələrdəki milyonlarla  vətəndaşların  maraqlarına biganəlik mövcuddur.
 

   Bundan fərqli olaraq hakim partiyanın ən tanınmış, lider təmsilçiləri bölgələrdən namizədliklərini irəli sürür, region elektoratı  ilə  geniş ünsiyyət qurur, fəaliyyət göstərirlər. Elektoratın davranışına məlum olduğu kimi, siyasi, iqtisadi, sosial faktorların mürəkkəb əlaqəsi təsir göstərir. Ölkədə ictimai-siyasi sabitlik mühiti, qlobal maliyyə böhranının ən az zərərlə dəf edilməsi, regionların inkişafına dövlətin xüsusi həssaslıqla yanaşılması da bölgələrdə iqtidar elektoratının dairəsini yüksək dərəcədə genişləndirmişdir.
 

Bitərəflər partiya mənsubiyyətini həlledici saymırlar

         Diqqəti cəlb edən məsələlərdən biri də Azərbaycanda seçkilərdə iştirak etmək üçün müstəqil namizədlərin sərbəst şəkildə proseslərə qatılmasında intensivliyin müşahidə olunmasıdır. Bunu yalnız majoritar seçki sisteminin tətbiqi ilə izah etmək düzgün olmazdı. Bütövlükdə mövcud siyasi  müxalifət partiyalarının uzun illər dəyişməyən fəaliyyətinə, populyarlığına marağın azaldığını qeyd etmək olar. Artıq bu və ya digər partiya mənsubiyyəti seçkilərə qatılmaq üçün o qədər də əhəmiyyətli hesab olunmur.
 
Tədqiqatçıların fikrinə görə müstəqil yaxud bitərəf namizədlərin partiya namizədləri ilə müqayisədə kəmiyyətcə çoxalması parlamentin partiya və ya qrup maraqları ətrafında deyil, ayrı-ayrı insanlardan strukturlaşmasına gətirib çıxarır və bu partiyalaşmaya mənfi təsir göstərir.

 

Liderlər siyasəti tərk edir?
 

   Seçkilərdən  əvvəl ölkənin müxalifət düşərgəsində mövcud olan partiya liderlərinin  siyasi səhnədən birdəfəlik gedəcəklərinə dair söylənilən proqnozlar, qəribə də olsa, artıq seçkiyə qədər özünü doğrultmaqdadır. Bu seçkilərdə 4 siyasi partiya və hərəkat lideri mübarizə aparmayacaq. Azərbaycan Liberal Partiyasının (ALP) lideri Lalə Şövkət hələ seçkinin əsas mərhələsi başlamadan bu seçkilərdə iştirak etməyəcəyini bəyan etmişdi. Xalq hərəkatının fəallarından olmuş, hal-hazırda müxalifət partiyalarından biri sayılan AMİP-in lideri Etibar Məmmədovun seçkilərdə iştirakı gözlənilsə də, son məqamda seçkilərdən imtina etməsi təəccüblə qarşılandı. Ekspertlər bunu həm siyasi mühitin kövrəkliyi, həm də AMİP liderinin öz partiyasının parlamentdə təmsilçiliyi naminə atdığı adım, ən maraqlısı isə başqa liderlərə "siqnal”, presedent ola bilən və diqqəti cəlb edən davranış kimi dəyərləndirirlər.

   Ötən seçkilərdə Yeni Siyasət (YeS) seçki blokunun təsisçisi olan Eldar Namazov da bu seçkilərdə iştirak etməməklə bu şansı başqalarına vermişdir. AXCP və Müsavat Partiyasında da belə dəyişikliklərin baş verəcəyini güman etmək çətindir. Xüsusilə də, seçkilərin nəticələrinin bu prosesə təkan verəcəyini düşünmək olar.  Bu partiyalarda yeni dəyişikliklərin olması müxalif qüvvələrə yeni nəfəs verə bilər.

  Bütün bunlar onu deməyə əsas verir ki, milli siyasi məkanda müxalifətçiliyin mövcud modeli sınaqdan çıxa bilməmişdir  və siyasi səhnəyə yeni düşüncəli, mübarizənin yeni metodlarını tətbiq edə bilən  qüvvələrin gəlməsinə sosial sifariş vardır. 

   

Seçkilər Azərbaycanda siyasi qüvvələrin fəaliyyətində yeni meylin başlandığını göstərir 

   Ölkə mətbuatında seçkilər barədə vaxtaşırı rəylər yer alır, seçkidən sonra  hər hansı maraq doğuran, əhəmiyyətli dəyişikliklərin olmayacağı haqda proqnozlar da verilir. Bu fikirlərin heç bir məntiqi əsası yoxdur. Çünki bunu yalnız baş verən prosesləri səthi müşahidə edənlər deyə bilər. Əslində isə Azərbaycan siyasi məkanında seçkilər öncəsi dəyişikliklər təsəvvür ediləndən daha dərindir və onların siyasi-tarixi dinamikada müqayisəli təhlil edilməsi mühüm yeniliklərdən xəbər verir. Seçkilərin ilk üç mərhələsi Azərbaycanda:

    1. iqtidar-müxalifət münasibətlərinin dinamikası;
    2. müxalifətin seçki taktikasının dəyişməsi;
    3. siyasi partiya sisteminin inkişaf perspektivləri-baxımından 20 illik  əhəmiyyətli bir dövrün yekunlaşdığını, yeni meyillərin başlanğıc götürdüyünü deməyə əsas verir.

   İqtidar-müxalifət münasibətlərinin dinamikası baxımından seçkilərdə istisna olmadan bütün partiyaların iştirak etməyə qərar verməsi ölkədə bu sahədə yeni mərhələyə keçidin göstəricisidir. Müxalifətin seçki taktikasında müəyyən dəyişiklik baş verdi. Boykot taktikasından imtina edildi və siyasi mədəniyyətə əsaslanan sivil mübarizəyə üstünlük verildi. Radikallıqdan çəkinmək və sivil mübarizə metodlarını tətbiq etmək seçki prosesində konstitusion faktorun - konstitusiya ilə müəyyən edilmiş siyasi oyun qaydalarının və mübarizənin hüquqi metodlarının bütün müxalif siyasi qüvvələr və partiyalar tərəfindən nəhayət qəbul edildiyini göstərir. Bir məsələyə də ümid etmək qalır ki, siyasi müxalifət seçkilərin nəticələrini də boykot etməkdən əl çəkəcək, uduzduğu halda qarşı tərəfin qələbəsini sivil qaydada qəbul etməklə siyasi mədəniyyətini nümayiş etdirəcək.

   Qeyd edilən meyllər Azərbaycanda demokratikləşmə və siyasi modernləşmə yönündə mühüm irəliləyiş olub,  proseslərin dünya təcrübəsinin ümumi qanunauyğunluqlarına müvafiq getdiyini göstərir. Belə ki,

dünya təcrübəsi, konkret olaraq-ABŞ-da, Almaniyada və İngiltərədə partiyalaşma ənənəsi göstərir ki, partiyaların yeniləşməsi, siyasi rəqabət nəticəsində kəmiyyət çoxluğundan keyfiyyət mərhələsinə keçid alması bu ölkələrdə seçkilərin 6-cı mərhələsindən (parlament seçkilərinin 6-cı elektoral tsiklindən) sonra baş vermişdir. Azərbaycanda hazırda  4-cü parlament seçkiləri keçirilir. Beləliklə, 5-ci və 6-cı çağırış parlament seçkilərindən sonra ölkəmizdə də partiya sistemi normal mənzərə ala, təmərküzləşə bilər. Bu baxımdan 4-cü çağırış seçkilərdə müşahidə olunan meyllər bu prosesə təkan verə bilər. Təbii ki, dəyişən və yeniləşməni dərk edən siyasi qüvvələr demokratik inkişafda çox mühüm rol oynaya bilər və oynayacaq. Əsas şərt o deyil ki, hal hazırda hakim partiyanı əvəz edəcək real siyasi qüvvə yoxdur, əsas odur ki, yeni meyllər- yeni metod və prinsipləri, yeni nəsil qüvvələri  siyasi səhnəyə gətirə bilər. 

 

1. http://www.azertag.com

2. http://www.mia.gov.az/?/az/news/view/300/

3. http://www.cec.gov.az/2010-09-24

4. http://www.modern.az/2010-09-27

5. http://www.cec.gov.az/2010-10-14

6. http://www.mediaforum.az.//18.10.2010

7. http://www.cec.gov.az/14 Oktyabr 2010

8. http://www.yeniazerbaycan.com/news/12777.html/ /2010-10-13

9. http://www.modern.az/27.09.2010

10. http://www.cec.gov.az/ /5 Oktyabr 2010

11. http://www.mediaforum.az/ /2010-09-27



 

: 812