| Azərbaycanca | English
Ana səhifə SAM haqqında Tədbirlər Media Nəşrlər Vakansiyalar Fotoqalereya Qarabağ

“Strateji təhlil” jurnalının növbəti sayı çap edilmişdir

2015-12-25 10:09:44

Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin Azərbaycanın daxili və xarici siyasəti, beynəlxalq münasibətlər üzrə rüblük dövri elmi nəşri olan “Strateji təhlil” jurnalının 2015-ci il üçün 3-cü sayı çap edilmişdir.

Jurnalın redaksiya heyətinin sədri akademik Ramiz Mehdiyevdir. 

“Strateji təhlil” jurnalının 3(14)-cü sayının “Milli inkişafın strateji prioritetləri” adlı birinci bölməsində Azərbaycanda akademik elmin XXI əsrdə inkişaf reallıqları və perspektivləri ətraflı təhlil edilmişdir. Məlumdur ki, müasir dövrdə elmin qloballaşan dünyada rolu daha da artmış, elm daha mürəkkəb və taleyüklü problemlərin həll etmək zərurəti ilə üz-üzə durmuşdur. Bu da öz növbəsində müasir dövrdə biliklərə əsaslanan cəmiyyətin qurulması, sivilizasiyanın innovasiyalı inkişaf mərhələsinə keçid alması ilə bilavasitə bağlıdır. Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Akif Əlizadənin bu bölmədə yer alan"Akademik elm XXI əsrdə: yeni hədəflərə doğru" adlı məqaləsində vurğulanır ki, 70 illik yubileyini qeyd edən akademik elmi ictimaiyyət hazırda Azərbaycanın sosial-iqtisadi, ictimai-siyasi və mədəni quruculuq sahələrində inkişaf templərinə, regionun lider dövləti statusuna müvafiq olaraq, həm də elm mərkəzinə də çevrilməsindən irəli gələn yeni inkişaf strategiyasını reallaşdırmaqdadır. Məqalədə Azərbaycan elminin xüsusilə müstəqillik illərində keçdiyi inkişaf yolu təhlilə cəlb edilmiş, əldə edilmiş nailiyyətlər, həllini gözləyən problemlər qeyd olunmuş, hədəflər müəyyənləşdirilmişdir.

“Xarici siyasət və beynəlxalq münasibətlərin aparıcı meyilləri” adlı ikinci bölmə həm məqalələrin say cəhətdən çoxluğu, həm də aktuallıq baxımından mövzu rəngarəngliyi ilə seçilir. Bu bölmədə əksini tapmış məqalələrdə Qərbi Avropada etnik münaqişələr, Şərqi və Cənub-Şərqi Avropa dövlətlərinin qaçqın böhranına münasibəti, İƏT-BMT münasibətlərinin dinamikası, Azərbaycan-İƏT münasibətlərində perspektiv meyillər, Azərbaycan-İSESKO əlaqələri, Azərbaycan ilə Avropa İttifaqı arasındakı əlaqələrin müasir vəziyyəti, Türkiyənin Cənubi Qafqazda geosiyasi maraqları, XV-XVII əsrlərdə beynəlxalq münasibətlər sistemində Azərbaycanın yeri, daimi səfirlik xidmətinin yaranması və s. mövzular araşdırılmışdır. Bu bölmədə Azərbaycan Respublikasının İsveç Krallığındakı fövqəladə və səlahiyyətli səfiri Adış Məmmədovun "Böyük Britaniyada Şimali İrlandiya və İspaniyada Baskoniya probleminin müqayisəli təhlili", AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunun böyük elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Mübariz Ağalarovun "Azərbaycan və beynəlxalq münasibətlər sistemi: qarşılıqlı əlaqələr tarixindən (XV-XVII əsrlər)", Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin məsləhətçi-eksperti Nurlan Əliyevin "Avropada qaçqın böhranı: Şərqi və Cənub-Şərqi Avropa dövlətləri ilə rəsmi Brüssel arasında gərginlik", AMEA İnsan Hüquqları üzrə Elmi-Tədqiqat İnstitutunun böyük elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Aqil Əhmədovun "İslam Əməkdaşlıq Təşkilatının müasir beynəlxalq münasibətlər sistemində yeri və rolu", Bakı Slavyan Universitetinin doktorantı Surə Hüseynovanın "Avropanın yeni təhlükəsizlik modelinin formalaşmasında Avpora İttifaqı və Azərbaycan Respublikası arasında əməkdaşlıq problemləri" (rus dilində), AMEA İnsan Hüquqları üzrə Elmi-Tədqiqat İnstitutunun  doktorantı Aytən Ramazanovanın "Türkiyənin geosiyasi maraqları və Cənubi Qafqazda sülhün və stabilliyin təmin edilməsində iştirakı" (rus dilində) məqalələri öz əksini tapmışdır.

"Milli dövlət və qlobal geosiyasi məkanın çağırışları" bölməsində Avropa Şurasında Azərbaycan nümayəndə heyətinin katibi, hüquq elmləri üzrə fəlsəfə doktoru Qədir Xəlilovun "Dövlət hakimiyyətinin yerli özünüidarəetməyə verilməsi və həvalə edilməsinin hüquqi aspektləri", Təhsil Problemləri İnstitutunun dosenti, filologiya üzrə fəlsəfə doktoru Cəsarət Valehovun "Dəyişən paradiqma: universitetlərin beynəlmiləlləşmə strategiyaları", AMEA-nın İnsan Hüquqları üzrə Elmi-Tədqiqat İnstitutunun Beynəlxalq əlaqələr şöbəsinin müdiriAqil Vəliyevin "İnformasiya əsrində mədəni diplomatiya və Azərbaycan", Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının doktorantı Sevinc Məmmədlinin "Azərbaycan elitalogiyasında siyasi elitaların öyrənilməsinə müasir yanaşmalar" (rus dilində), Bakı Dövlət Universitetinin doktorantı Nazim Mahmudovun "Sosial  medianın müasir terrorizmə təsir xüsusiyyətləri" (rus dilində) adlı  məqalələrində dövlət hakimiyyəti və yerli özünüidarəetmə, intellektual mülkiyyətin kommersiya­laşdırılması, sosial medianın terrorizmə təsiri, terrorizmin virtual aləmdə fəaliyyətinin artması, informasiya əsrində Azərbaycanın mədəni diplomatiyası, qloballaşma dövründə elitanın təbiəti və strukturunda baş verən dəyişikliklər və s. məsələlər ətraflı araşdırılmışdır.

"Qlobal və milli sosial-iqtisadi sistemlərin aktual məsələləri" adlı bölmədə AMEA İqtisadiyyat İnstitutunun aparıcı elmi işçisi, iqtisad üzrə fəlsəfə doktoru Kamran Abdullayevin "Azərbaycan Respublikasında nəqliyyat sektoru üzrə özəl sahibkarlığın yaradılması məsələləri: reallıq və perspektivlər" adlı məqaləsində Azərbaycan iqtisadiyyatının əsas infrastruktur sahələrindən olan nəqliyyat xidmətləri bazarının, eləcə də onun ayrı-ayrı seqmentlərinin dünya təcrübəsinə əsaslanaraq yeni inteqrasiya prosesləri istiqamətində normal fəaliyyətinin təmin edilməsi məsələləri araşdırılmış, konkret təkliflər irəli sürülmüşdür.

"Tarix, fəlsəfə, mədəniyyət: mövqelər, baxışlar" adlı bölmədə AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun baş elmi işçisi, tarix elmləri doktoru Qafar Cəbiyevin "Qədim alban məbədi Selenanın lokallaşdırılmasına dair" adlı məqaləsində qədim albanların sitayiş etdiyi, Strabonun da İberiya yaxınlığında olduğunu bildirdiyi Selena – Ay allahının adını daşıyanQax rayonu ərazisindəki Kürmük məbədi haqqında qədim mənbələrə əsaslanaraq ətraflı məlumat verilmiş, onun lokalizəsi məsələlərinə toxunulmuşdur. Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun böyük elmı işçisi Yeganə Hacıyevanın "1941-1946-cı illərdə Cənubi Azərbaycanda xalqın milli özünüdərk prosesinin yüksəlişi və Azərbaycan dilinin mövqeyi" adlı məqaləsində isə  1945-1946-cı illərdə Cənubi Azərbaycanda mövcud olmuş Milli Hökumətin yaranmasını zəruri edən tarixi səbəblər, bu dövrdə qısa vaxt ərzində bir sıra sahələrdə görülmüş işlər araşdırılmış, xüsusilə Milli Hökumətin ana dili siyasəti ərtaflı təhlil edilmişdir.

Qeyd edək ki, yerli və xarici ölkə ekspertlərinin aktual mövzularda məqalələrinin dərc edildiyi “Strateji təhlil” jurnalının pdf. versiyasını jurnalın internet səhifəsindən də (www.stj.sam.az) oxumaq mümkündür. 

StratejiTehlil-14.pdf



 

: 1429