| Azərbaycanca | English
Ana səhifə SAM haqqında Tədbirlər Media Nəşrlər Vakansiyalar Fotoqalereya Qarabağ

“Strateji təhlil” jurnalının növbəti sayı çap edilmişdir

2017-06-19 08:32:18

Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi (SAM) tərəfindən nəşr edilən “Strateji təhlil” jurnalının növbəti (1-2 (19-20) 2017) sayı işıq üzü görmüşdür.   

 

SAM-ın Azərbaycanın daxili və xarici siyasəti, beynəlxalq münasibətlər üzrə rüblük dövri nəşri olan jurnalın redaksiya heyətinin sədri akademik Ramiz Mehdiyevdir. 

 

Jurnalın bu sayında Azərbaycanı və xarici ölkələri təmsil edən müəlliflərin 25 məqaləsi 5 bölmədə Azərbaycan və rus dillərində olmaqla oxucuların diqqətinə təqdim edilir. 

 

 “Milli inkişafın strateji prioritetləri: Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi” adlı birinci bölmədə Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Hüquq və İnsan Haqları İnstitutunun direktoru, hüquq  üzrə elmlər doktoru, millət vəkili Aytən Mustafazadənin "İnsan hüquqlarının təmin olunması Azərbaycan dövlətçiliyinin əsas prioritetlərindən biri kimi" adlı məqaləsi verilmişdir. Məqalədə qlobal hüquq məkanına inteqrasiya istiqamətində inamla addımlayan Azərbaycanda dövlət müstəqilliyinin bərpa edilməsindən keçən 25 illik bir dövrdə vətəndaş cəmiyyəti, hüquqi dövlət və insan hüquqlarının təminatı istiqamətində həyata keçirilmiş dövlət siyasəti ətraflı tədqiq edilir. Xüsusilə Azərbaycan cəmiyyətində dövlət-vətəndaş münasibətlərinin hüquqi tənzimlənməsi, insan hüquqları ilə bağlı hüquqi-normativ bazanın yaradılması istiqamətində Ümummilli lider Heydər Əliyevin xidmətləri qeyd olunur. 

 

AMEA Şərqşünaslıq İnstitutunun baş elmi işçisi, tarix üzrə elmlər doktoru, professor Solmaz Rüstəmova-Tohidinin "Bakıda baş vermiş 1918-ci ilin mart hadisələrinə dair qiymətli sənəd: Əlimərdan bəy Topçubaşovun qeydləri" (rus dilində) adlı məqaləsində isə Azərbaycanın XX əsr görkəmli ictimai, siyasi və dövlət xadimi, 1918-ci ilin mart hadisələrini yaşamış və onların birbaşa iştirakçısı olmuş Əlimərdan bəy Topşubaşov tərəfindən yazılmış “...Qeydlər” müəllif məqaləsi ilə birlikdə ilk dəfə olaraq oxucuların diqqətinə təqdim olunur. Qeyd edək ki, Solmaz Rüstəmova Tohidi tərəfindən Əlimərdan bəyin Parisdəki şəxsi arxivindən tapılmış və nəşrə hazırlanmış “...Qeydlər” 1918-ci ildə Bakıda baş vermiş mart qırğınlarını başlandığı andan 5 gün müddətində anbaan izləməyə imkan verir və həmin hadisələrə dair bir sıra yeni faktları üzə çıxarır.

 

 

SAM-ın direktor müavini, filologiya üzrə fəlsəfə doktoru Gülşən Paşayevanın "Post-truth" siyasəti dövründə dil suverenliyinin xüsusiyyətləri" (rus dilində) məqaləsində qeyd olunur ki, dil proseslərinin milli təhlükəsizlik baxımından potensial təhdidlər və risklər kontekstində nəzərdən keçirilməsi bu gün xarici siyasətin vacib istiqamətlərindən biri olmalıdır. Məqalədə bəzi ölkələrin nümunəsi əsasında həyata keçirilən dil islahatları araşdırılır, qloballaşma və beynəlxalq dillərin rəqabəti şəraitində dövlət dilinin roluna diqqət yetirilir.

 

 

Bakı Dövlət Universitetinin Beynəlxalq münasibətlər kafedrasının müdiri, tarix üzrə elmlər doktoru, professor Ağalar Abbasbəylinin "Müasir dövrdə dövlətin ərazi bütövlüyü və xalqların öz müqəddəratını təyinetmə hüququ prinsipi" (rus dilində) məqaləsində BMT-nin Nizamnaməsi, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Müşavirəsinin Yekun Aktı və digər beynəlxalq hüquqi sənədlər əsasında bu hüququn mahiyyəti və əsas normaları təhlil edilir. Eyni zamanda, Ermənistan Respublikası tərəfindən xalqların öz müqəddəratını təyinetmə hüququnun necə təhrif edilməsi konkret fakt və sənədlərə əsasən göstərilir.

 

 

AMEA Naxçıvan Bölməsi Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Emin Şıxəliyevin "XX əsrin əvvəllərində ABŞ-ın Cənubi Qafqaz siyasətində “erməni amili” və Naxçıvan məsələsi" məqaləsində faktiki materiallar əsasında XX əsrin əvvəllərində ABŞ-ın Cənubi Qafqaz siyasəti, Naxçıvanda general-qubernatorluq yaratma təşəbbüsləri, Haskel planı və onun uğursuzluğa uğrama səbəbləri araşdırılır.

 

 

"Xarici siyasət və beynəlxalq münasibətlər: əsas meyillər və çağırışlar” adlı ikinci bölmədə AMEA Fəlsəfə İnstitutunun doktorantı Leyla Məmmədəliyevanın "BMT-Azərbaycan: 25 illik əməkdaşlığın əsas məqamları" məqaləsində ikitərəfli münasibətlərin nəzəri və xronoloji aspektlərinə nəzər salınır, xüsusilə Ümummilli lider Heydər Əliyevin bu istiqamətdə gördüyü işlər qeyd olunur.

 

 

Azərbaycan Dövlət İqtisad Universiteti İqtisadiyyat və işlətmə kafedrasının müəllimi Araz Aslanlı və Ankara Universiteti Sosial Elmlər İnstitutunun doktorantı Emil Vəliyevin müəllifi olduqları "Azərbaycanın xarici siyasətində enerji amili" məqaləsində SSRİ-nin süqutundan sonra ölkəmizin üzləşdiyi problemlər və xüsusilə enerji siyasəti, bu istiqamətdə imzalanmış sazişlər və infrastrukturun qurulması üçün görülmüş işlər ətraflı tədqiq edilir.

 

 

Bakı Dövlət Universitetinin Avropa və Amerika ölkələrinin yeni və müasir tarixi kafedrasının dosenti, tarix üzrə fəlsəfə doktoru Tariel Abbasovun "XX əsrin sonu - XXI əsrin əvvəllərində ABŞ-ın İranla bağlı xarici siyasətinin bəzi amilləri haqqında" (rus dilində) məqaləsində qeyd olunur ki, hələ 1979-cu ilin noyabrında ABŞ Prezidenti Cimmi Karterin dövründə rəsmi Vaşinqton tərəfindən İran əleyhinə qəbul olunmuş ilk siyasi və iqtisadi sanksiyalar sonralar daha da genişləndirilmiş və ABŞ prezidentləri R.Reyqan, C.Buş (böyük), B.Klinton, C.Buş (kiçik) və B.Obama tərəfindən əlavələr edilmişdi. Müəllifin qənaətinə görə, Ağ Evin antiiran strategiyası bir tərəfdən İran İslam Respublikasının iqtisadi cəhətdən zəiflədilməsi, digər tərəfdən isə onun beynəlxalq ictimaiyyətdən təcrid edilməsi kimi prioritet istiqamətlərə malik olsa da, heç bir müsbət nəticə verməmişdir. 

Ukraynanın İvan Franko adına Lvov Milli Universitetinin aspirantı Pərvanə Rüstəmovanın "Azərbaycan–İran: Xəzər regionunda əməkdaşlıq"  (rus dilində) məqaləsi Azərbaycan–İran əlaqələri və bu iki dövlətin Xəzər regionundakı maraqları və prioritetlərinə həsr edilmişdir.

 

 

SAM-ın elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Aqşin Məmmədovun "Beynəlxalq təşkilatların etnik azlıqlara yönəlik dil siyasəti" məqaləsində ilk növbədə BMT miqyasında çoxdillilik, YUNESKO-nun məhv olmaq təhlükəsi qarşısında qalan və azlıq dilləri ilə bağlı həyata keçirdiyi layihələr haqqında məlumat verilir. Həmçinin burada Regional və ya azlıq dilləri haqqında Avropa Xartiyası, onun Avropa Şurasına üzv ölkələr tərəfindən imzalanması və ratifikasiya prosesi, ümumiyyətlə, bu istiqamətdə dünya ölkələrinin təcrübəsi araşdırılır, nəzəri ümumiləşdirmələr, müqayisələr aparılır və Azərbaycanla bağlı vəziyyət nəzərdən keçirilir.

 

 

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Aparatının Beynəlxalq hüquq və beynəlxalq əməkdaşlıq şöbəsinin müdir müavini, Bakı Dövlət Universitetinin müəllimi, siyasi elmlər üzrə fəlsəfə doktoru Nigar Dünyamalıyevanın "Beynəlxalq təşkilatların fəaliyyətinə dair nəzəri-konseptual yanaşmalar" məqaləsində beynəlxalq münasibətlərin əsas nəzəriyyələri (realizm, liberalizm, konstruktivizm), bu nəzəriyyələrdə beynəlxalq təşkilatların mahiyyəti və inkişaf qanunauyğunluqları bütövlükdə beynəlxalq münasibətlər və dünya siyasəti kontekstində təhlil edilir.

 

 

SAM-ın eksperti Flora Məmmədovanın "Böyük Britaniyanın 1990-cı illərdən sonra nüvə siyasətinin perspektivləri" adlı məqaləsində qeyd edilir ki, SSRİ-nin süqutu və "dəmir pərdə"nin aradan qaldırılmasından sonra Böyük Britaniyanın nüvə siyasətinə yenidən baxılmışdır. Müəllif vurğulayır ki, burada əsas məqsəd milli və beynəlxalq təhlükəsizliyin qorunması idi. Müasir dövrdə Böyük Britaniyanın qarşısına qoyduğu başlıca vəzifələr nüvə silahlarına beynəlxalq səviyyədə nəzarət, nüvə silahlarını qorumaq və nüvə enerjisindən dinc məqsədlər üçün istifadə etməkdir.

 

 

"İqtisadi islahatların aktual məsələləri" adlı üçüncü bölmədə iqtisad üzrə elmlər doktoru, professor Rasim Həsənovun "Milli iqtisadiyyatın rəqabətliliyi: struktur islahatları və yeni inkişaf paradiqması" məqaləsində milli iqtisadi sistemlərin rəqabətliliyi: mahiyyəti və əsas dominantların inkişafa təsir xüsusiyyətlərinin qiymətləndirilməsinin dünya təcrübəsi, Azərbaycan iqtisadiyyatında rəqabətliliyin funksional və institusional daşıyıcılarının “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası kontekstində qarşılıqlı təsirləri, qlobal iqtisadi inkişafın çağırışları fonunda milli iqtisadiyyatın rəqabətliliyi meyarları və struktur transformasiyası istiqamətləri araşdırılır.

 

 

İqtisad üzrə fəlsəfə doktoru Zaur Vəliyevin "Fiskal (büdcə) diaqnostika" məqaləsində bu qənaətə gəlinir ki, diaqnostik qiymətləndirmə alətləri əksər hallarda fiskal siyasətin və ümumən ictimai (dövlət) maliyyə institutlarının inkişafı ilə bağlı təklifləri özündə əks etdirmir. Fiskal diaqnostika dövlətin maliyyə sisteminin güclü və zəif tərəflərini aşkar etmək imkanı verir. Bu isə öz növbəsində fiskal risklərin qiymətləndirilməsini zəruri edir.

 

 

İqtisadiyyat Nazirliyi İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutunun şöbə müdiri Əlvan Süleymanovanın "Azərbaycan sənayesi: strateji hədəflərin innovasiya tipli məşğulluğu artırmaq imkanları" məqaləsində innovativ sənayenin inkişaf xüsusiyyətləri, beynəlxalq təcrübədə sənaye siyasəti, Azərbaycan sənayesində innovativ və qeyri-innovativ sənaye sahələrinin maliyyələşdirilməsi və strateji hədəflər təhlil edilir.

 

 

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının doktorantı Ayan Məmmədovanın "Müəssisələrdə strateji təşkilati və innovativ dəyişikliklər" (rus dilində) məqaləsində müəssisələrdə strateji və innovativ dəyişikliklərin idarə olunmasının effektivliyinin artırılması problemi qoyulmuşdur. Müəllif bu məsələyə həm nəzəri, həm də praktiki rakursdan yanaşaraq strateji dəyişikliklərin müəssisələrdə effektiv idarə olunmasının istehsalata təsirini və rentabellilik dərəcəsini tədqiq etmişdir.

 

 

"Milli dövlət quruculuğu və tarixi irs" adlı dördüncü bölmədə Azərbaycan Respublikası Silahlı Qüvvələri Hərbi Akademiyasının dosenti, tarix üzrə elmlər doktoru Mehman Süleymanovun "Heydər Əliyev irsində hərb tarixi məsələləri" məqaləsində Ümummilli lider Heydər Əliyevin çoxşaxəli fəaliyyətinin əsas istiqamətlərindən biri olan hərb məsələləri nəzərdən keçirilir. Müəllif bu qənaətə gəlir ki, Heydər Əliyev öz fəaliyyətində Azərbaycanın hərbi tarixinin bütün dövrlərinə toxunmuş və onların obyektiv qiymətini vermişdir. Bu tarixi şəxsiyyətin Azərbaycanın hərb tarixi ilə bağlı söylədiyi qiymətli fikirlər mübariz və yetkin mənəvi keyfiyyətlərin formalaşdırılmasının kamil konsepsiyasıdır və cəmiyyət miqyasında mənəvi-ideoloji işin aparılmasında bu irsin elmi-praktiki əhəmiyyəti çoxdur.

 

 

Bu bölmənin maraq doğuran digər bir məqaləsi AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunun dissertantı Hacı Abdullanın "Ümummilli lider Heydər Əliyev və Zəngəzur bölgəsində azərbaycanlıların soyqırımı və deportasiyası tarixinin tədqiqi məsələləri" adlanır. Müəllif burada xüsusilə Ümummilli lider Heydər Əliyevin Sovetlər Birliyində rəhbər vəzifələrdə olduğu müddətdə Dağlıq Qarabağa, o cümlədən Zəngəzura göstərdiyi diqqəti, çətin bir dövrdə həyata keçirdiyi tədbirləri qeyd edir, onun XIX əsrin sonu, XX əsrin əvvəllərində baş vermiş azərbaycanlıların soyqırımı və deportasiyası məsələlərinə necə həssaslıqla yanaşdığını xatırladır.

 

 

Xəzər Universitetinin müəllimi Sana İmranın "Brendlər milli kimliyin formalaşması üçün əsas amildir" məqaləsində brendlər və milli kimlik arasındakı əlaqəni əhatə edən strateji, konseptual və praktik aspektlər elmi və əsaslı tədqiqat obyekti olaraq hərtərəfli öyrənilmişdir. Müəllifin qənaətincə, hər hansı bir brend məhsulun istehsal edildiyi ölkə, milli kimlik, milli imic və  istehlakçı etnosentrizminə brendin təsiri arasındakı sıx bağlılıq nəzərdən qaçmamalıdır. Milli brendinqin möhkəmləndirilməsi prinsipləri və təcrübədən keçirilməsi şərtləri fərqli olsa da, milli kimliyin brend kompaniyalara tətbiqi istehlakçıların həm bir ölkə vətəndaşı, həm də qlobal subyekt olaraq dünyagörüşünü zənginləşdirir. "Yumşaq güc" vasitələri ilə brendlərin dəqiq proyeksiyası milli kimliyi gücləndirir və istehlakçı təcrübəsi bu prosesdə həyati rol oynayır.

 

 

AMEA Fəlsəfə İnstitutunun şöbə müdiri, fəlsəfə üzrə elmlər doktoru Arzu Hacıyevanın "Məşrutə haqqında diskurs: Üzeyir Hacıbəyov publisistikasına fəlsəfi-hermenevtik baxış" məqaləsində qeyd edilir ki, zamanın əbədi, fasiləsiz axınında müxtəlif məkanlarda insanın dünyanı qavraması kontekstlərinin və onlarla birlikdə sözlərin, istilahların məna və təfsirlərinin dəyişməsi təbii bir prosesdir. Lakin məlumdur ki, inqilablar dövründə, marksist terminologiyası ilə desək, kəmiyyət dəyişikliklərinin keyfiyyət dəyişikliklərinə çevrildiyi dönəmlərdə bu proses müqayisəedilməz dərəcədə sürətlə baş verir. Bu çevrilmə məqamını Ü.Hacıbəyov kəskinliyi ilə duymuş, dərindən anlamış və publisist diskursunda ustalıqla əks etdirmişdir. Onun 1905-1911-ci illər İran inqilabına həsr etdiyi yazıları burada təkcə bir sözün – məşrutə sözünün "başına gələnlər", se¬mantik metamorfozların inikası timsalında buna sübutdur. Əslində, Üzeyir Hacıbəyovun bütün yaradıcılığı onun təfsirin sonsuzluğuna, heç vaxt tükənməyəcəyinə inamının bariz nümunəsidir.

 

 

Bakı Slavyan Universitetinin Jurnalistika kafedrasının müdiri, filologiya üzrə fəlsəfə doktoru Şəlalə Həsənova və tədqiqatçı Zaur Mehdiyevin "Minilliklərin yaddaşı: Azərbaycanın qədim şəhərləri Ptolomeyin xəritəsində" məqaləsində qeyd olunur ki, Klavdi Ptolemeyin coğrafi xəritələri qədim Azərbaycanın şəhərləri haqqında dəyərli məlumatlar verir. Bunların sırasında Qafqaz Albaniyasına həsr olunmuş hissə xüsusi əhəmiyyət kəsb edir. Ptolemeyin xəritədə göstərdiyi toponimlərin təhlili Qafqaz Albaniyasının coğrafi adlarının aborigen mənşəli olduğunu sübut edir. Bu da erməni tədqiqatçılarının fərziyyələrini təkzib edərək, burada erməni substratının olmamasını təsdiq edir. Xəritələrin diqqətlə nəzərdən keçirilməsi nəticəsində aşkar edilmişdir ki, Qafqaz Albaniyasının cənub-qərb sərhədi bugünkü Ermənistanın ərazisindən keçmişdir. Bu da Qafqaz regionunda qədim Ermənistanın olmamasını sübut edir. Məqalədə Azərbaycanın qədim şəhərləri haqqında maraqlı məlumatlar, həmçinin “alban” termininin lokal özəyi barədə təhlil öz əksini tapmışdır.

 

 

"Beynəlxalq və milli hüquq XXI əsrdə" adlı beşinci bölmədə Bakı Dövlət Universitetinin doktorantı, Avropa Şurasında Azərbaycan nümayəndə heyətinin katibi, hüquq üzrə fəlsəfə doktoru Qədir Xəlilovun "Öz müqəddəratını təyinetmə və insan hüquqları" məqaləsində öz müqəddəratını təyinetmə hüququnun tarixi, yerli özünüidarəetmənin kollektiv hüquqların həyata keçirilməsindəki rolu, öz müqəddəratını təyinetmənin kollektiv hüquqi vasitə kimi insan hüquqları məzmunu və s. məsələlər araşdırılır.

 

 

AMEA Hüquq və İnsan Haqları İnstitutunun şöbə müdiri, siyasi elmlər üzrə fəlsəfə doktoru Xalid Niyazovun "Azadlıq fəlsəfəsi və informasiya hüququ" məqaləsində vurğulanır ki, cəmiyyətdə insanların davranışına həlledici tənzimləyici təsiri azadlıq deyil, məhz sosial inkişafın məhsulu olan hüquq göstərir. Çünki hüquq dövlətin həmin hüququn həyata keçirilməsi imkanını təmin etmək vəzifəsini ifadə edir. Azadlıq isə dövlətin insan həyatının müəyyən sahəsinə müdaxiləsinin yolverilməzliyini nəzərdə tutur. Azadlıq hüququn mövcudluğu üçün ilkin zəruri şərtdir. Belə ki, azadlıq olmayan yerdə hüquq da ola bilməz. Çünki yalnız azad insanlar hüququn subyekti ola bilərlər. Hüquq azadlığın real ictimai münasibətlərdə konkret hüquqi tənzimetməyə məruz qalan obyektiv mövcudluq formasıdır.

 

 

BDU-nun müəllimi, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin məsləhətçisi, hüquq üzrə fəlsəfə doktoru Nigar Qələndərlinin "Bioetika və hüquq: beynəlxalq və milli təcrübə" məqaləsində elmi-texniki tərəqqinin sürətli inkişafı ilə bağlı bioetika sahəsində yeni çağırışlar və təhlükələr şəraitində həyat və sağlamlığın qorunması, onun təhlükəsizliyi üçün insan hüquqlarının təmin edilməsi, BDU-nun müəllimi, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin məsləhətçisi, hüquq üzrə fəlsəfə doktoru Sona Qələndərlinin "Müasir beynəlxalq və milli qanunvericilikdə uşaq hüquqlarının müdafiəsi: müqayisəli təhlil" adlı məqaləsində isə müasir beynəlxalq hüquqda uşaq hüquqlarının təminatı məsələləri nəzərdən keçirilir. Araşdırmalar nəticəsində müəlliflər bu qənaətə gəlirlər ki, hər bir dövlət öz siyasətini insanın real, konstitusion hüquqlarının müdafiəsinə yönəltməli, onun təminatçısı olmalı, həmçinin milli, irqi və sosial mənsubiyyətindən asılı olmayaraq uşaq hüquqlarının təminatı sahəsində hər bir dövlətin siyasəti maksimum dərəcədə hüquqi sənədlərin əsas müddəalarını nəzərə alaraq, haqq və ədalət əsasında vahid dövlət yanaşması nümayiş etdirməlidir.

 

 

Qeyd edək ki, “Strateji təhlil” jurnalının həm yeni, həm də bütün saylarının pdf versiyasını onun internet səhifəsindən (http://stj.sam.az/) oxuya, növbəti saya məqalələrin qəbulu ilə bağlı elanları və ümumiyyətlə, yenilikləri "Feysbuk" səhifəsindən izləyə bilərsiniz. 

 



 

: 245