| Azərbaycanca | English
Ana səhifə SAM haqqında Tədbirlər Media Nəşrlər Vakansiyalar Fotoqalereya Qarabağ

SAM-ın “Cənubi Qafqaz üzərində formalaşan nəqliyyat mərkəzi: Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin kəsişməsi” mövzusundakı kitabı Macarıstanda işıq üzü görmüşdür

2017-12-19 06:00:32

Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) ingilis dilində yeni nəşri – “Cənubi Qafqaz üzərində formalaşan nəqliyyat mərkəzi: Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin kəsişməsi” mövzusundakı kitabı Budapeştdə işıq üzü görmüşdür. Kitab SAM və Macarıstanın Xarici Əlaqələr və Ticarət Nazirliyi yanında Xarici Əlaqələr və Ticarət İnstitutunun (IFAT) birgə əməkdaşlığı ilə ərsəyə gəlmişdir. Kitabda ilk iki fəsil Macarıstan tərəfdən, digər iki fəsil isə Azərbaycanlı müəlliflər tərəfindən yazılmışdır. Kitabın elmi redaktoru SAM-ın İqtisadiyyatın Təhlili və Qloballaşma Məsələləri şöbəsinin elmi işçisi, SOAS London Universitetinin İqtisadiyyat üzrə doktorantı Mahir Hümbətovdur.

 

Kitabda Macarıstanın Xarici Əlaqələr və Ticarət Nazirliyi yanında Xarici Əlaqələr və Ticarət İnstitutunun əməkdaşları Diana Szoke və Zoltan Egeresi “Avropa-Cənubi Qafqaz-Asiya enerji bağı” adlı ilk fəsli yazmışdır. Macar təşkilatın digər əməkdaşı Gabor Braun isə “Şərq-Qərb dəhlizinin ticarət və logistikası: Avropa-Çin və əks istiqamətdə axınlar və Azərbaycanın rolu” adlı ikinci fəslin müəllifidir. Növbəti fəsil “Azərbaycan üzərində fokuslaşan Şərq-Qərb dəhlizinin nəqliyyat, ticarət, investisiyalar və logistikası” başlığı altında Mahir Hümbətov tərəfindən hazırlanmışdır. Kitabın “Beynəlxalq Şimal-Cənub Nəqliyyat Dəhlizi: Cənubi Qafqaz üzərində fokuslaşan yanaşma” mövzusundakı son fəslinin müəllifi isə Azərbaycan Dəmir Yolları QSC investisiya şöbəsinin əməkdaşı Gülzar Səlimovadır.


Kitabda ümumi olaraq Azərbaycanın Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri arasında mühüm coğrafi mövqeyə sahib olması və bu mövqedən öz təbii resursları, ticari əlaqələri, investisiya mühiti, idarəetmə qabiliyyəti və s. yollarla səmərəli şəkildə istifadə etməsi bildirilir. Bununla yanaşı, kitabda Avropa ilə Çin arasındakı ticarət əlaqələri, Çindən Avropaya və eyni zamanda, geriyə olan mövcud nəqliyyat dəhlizləri və onların maddi baxımdan sərfəliliyi və təhlükəsizlik baxımından mühümlüyü araşdırılmışdır. Bundan əlavə, Azərbaycanın özünün dəstəklədiyi nəqliyyat dəhlizini rəqabətə davamlı etmək üçün son illərdə həyata keçirdiyi iqtisadi və struktur islahatları, habelə Prezident İlham Əliyevin bu istiqamətdə imzaladığı fərman və sərəncamlar da kitabda yer alan mövzulardandır.


Kitabın məqsədi həm Şərq-Qərb və həm də Şimal-Cənub istiqamətlərindəki bütün nəqliyyat dəhlizlərində Azərbaycanın vacibliyi və əhəmiyyətini oxucuya çatdırmaqdır.


 "The South Caucasus Transport Center: Crossing East-West and North-South Corridors"



 

: 861