| Azərbaycanca | English
Ana səhifə SAM haqqında Tədbirlər Media Nəşrlər Vakansiyalar Fotoqalereya Qarabağ

“Strateji təhlil” jurnalının AXC-nin 100 illik yubileyinə həsr olunmuş xüsusi sayı çapdan çıxmışdır

2018-07-09 05:56:46

Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) Azərbaycanın daxili və xarici siyasəti, beynəlxalq münasibətlər üzrə rüblük dövri nəşri olan “Strateji təhlil” jurnalının növbəti sayı (1-2 (23-24) 2018) çapdan çıxmışdır.

 

Jurnalın redaksiya heyətinin sədri akademik Ramiz Mehdiyevdir. 

 

Jurnalın Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) 100 illik yubileyinə həsr olunmuş bu xüsusi sayında 31 məqalə 10 bölmədə oxucuların diqqətinə təqdim edilir. “Müsəlman Şərqində ilk demokratik respublika: milli dövlətçilik uğrunda başlayan mübarizənin yüz ili” adlı birinci bölmədə Bakı Dövlət Universitetinin kafedra müdiri, professor Anar İsgəndərovun "Azərbaycan Xalq Cümhuriyyətinin yaranması və onun tariximizdə yeri" mövzusunda  yazdığı məqaləsində XX əsrin əvvəllərində Rusiya və Cənubi Qafqazda cərəyan edən hadisələr, Zaqafqaziya Seyminin, daha sonra AXC-nin yaranması, bu prosesin siyasi-hüquqi aspektləri, milli hökumətin daxili və xarici siyasəti, ordu quruculuğu, parlamentin təşkili, ermənilərin həyata keçirdikləri soyqırımlar və s. məsələlər  ətraflı təhlil edilmişdir. Məqalədə qeyd edilir ki, AXC-nin de-fakto tanınmasına qədər dövlət quruculuğu sahəsində heç bir təcrübəsi olmayan xalq qısa bir müddət ərzində normal fəaliyyət göstərən dövlət aparatı yaratmağa, 20-dən çox dövlətlə, o cümlədən Türkiyə, Gür­cüstan, Ermənistan, İran, Belçika, Hollandiya, Yunanıstan, Danimarka, İtali­ya, Fransa, İsveçrə, İngiltərə, ABŞ, Ukrayna, Litva, Polşa, Finlandiya və s. ilə baş konsulluq, konsul agentlikləri səviyyəsində əlaqələr qurmağa nail oldu. AXC-nin dövlət quruluşu parlamentli respublika idi. Yeni yaranmış dövlət öz fəaliyyəti dövründə “Türkləşmək, islamlaşmaq və müasirləşmək” ideyası uğ­runda mübarizə aparırdı. Hökumət Gəncədəki fəaliyyəti dövründə – 1918-ci il iyunun 27-də Azərbaycan dilinin dövlət dili elan edilməsi haqqında fərman imzaladı. Azərbaycandilli savadlı kadrların çatışmazlığı nəzərə alınaraq, dövlət idarələrində müvəqqəti olaraq rus dilindən də istifadə olunmasına icazə verildi. İyunun 24-də üzərində ağ rəngli aypara və səkkizguşəli ulduz təsviri olan qırmızı bayraq dövlət bayrağı kimi qəbul edildi, noyabrın 9-da isə həmin bayraq üçrəngli – mavi, qırmızı və yaşıl zolaqlardan ibarət olan bay­raqla əvəz olundu. Sentyabrın 1-də Hərbiyyə Nazirliyinin yaradılması haqqında qərar qəbul olundu. Ordunun yaradılması prosesi 1920-ci ilin yanvarında əsasən başa çatdırıldı. 1919-cu il iyulun 21-də parlament “Azərbaycan Respublikasının Müəssislər Məclisinə seçkilər haqqında” Əsasnaməni təsdiq etdi. Həmin il avqustun 11-də parlament tərəfindən qəbul olunmuş “Azərbaycan vətəndaşlığı haqqında” qanuna görə, özü və ya valideynləri Azərbaycan ərazisində anadan olmuş keç­miş Rusiya imperiyasının bütün təbəələri milli və dini mənsubiyyətindən asılı olma­yaraq, Azərbaycan vətəndaşı hesab olu­nurdu.

 

 

Bu dövrdə xalq maarifi sahəsində ciddi nailiyyətlər qazanıldı. Orta məktəblərin təxminən yarısı milliləşdirildi, məktəblərdə rus tarixi əvəzinə ümumtürk tarixi tədris olunmağa başladı, bütün məktəblərdə Azərbaycan dilinin tədrisi məcburi hesab olundu. 1919-cu il sentyabrın 1-də Bakı Dövlət Universite­tinin təsis olunması haqqında qərar qəbul olundu. 1919-cu ilin oktyabrında mətbuat sahəsində senzura ləğv olun­du. Azərbaycanın müxtəlif regionlarında kişi və qadın seminariyaları açıldı, dövlətin hesabına yüzə yaxın gənc azərbaycanlı ali təhsil almaq məqsədilə Avropa universitetlərinə göndərildi. Ticarəti və daxili bazarı dirçəltmək məqsədilə 1918-ci il avqustun 27-də azad ticarət haqqında fərman verildi, oktyabrın 30-da ticarət donanmasının fəaliyyəti bərpa olundu. 1919-cu ilin yayında Azərbaycan Xəzər donanması yaradıldı və s.


 

SAM-ın direktoru, fəlsəfə üzrə fəlsəfə doktoru Fərhad Məmmədovun "Ümummilli lider Heydər Əliyev - milli intibahın banisi, müstəqil dövlətçiliyin memarı" məqaləsində Azərbaycanın yeni tarixinə - Ümummilli lider Heydər Əliyevin ölkəyə rəhbərlik etdiyi dövrə "milli dirçəliş" aspektində nəzər yetirilir, XX əsrdə Azərbaycan xalqının milli müstəqillik uğrunda mübarizəsinin drammatik səhifələrinə diqqət yönəldir. Qeyd edilir ki, Azərbaycandakı milli siya­si dirçəliş prosesləri başqa ölkələrlə müqayisədə məkan və zaman baxı­mından müxtəlif cəhətlərə malikdir. Dövlətçilik tariximizdə mənəvi-mədəni intibah mərhələləri milli siyasi intibah proseslərini önləmişdir. Bütün dirçəliş proseslərinin təməlini bir neçə fundamental amil - milli müstəqillik, siyasi millətçiliyin formalaşmasının son konstitusional təşkilatlanma mərhələsinə qədəm qoyması və burada siyasi lider şəxsiyyətinin həlledici rolu və s. təşkil edir. Bu sadalananlar - milli dirçəliş proseslərinin bütün səviyyə və istiqamətlərinin ahəngdar vəhdəti və sistemli inkişafı yalnız Ümummil­li lider Heydər Əliyevin ölkəyə rəhbərlik etdiyi illərdə gerçəkləşə, reallığa çevrilə bilmişdir. Bir siyasətçi və dövlət adamı olaraq Heydər Əliyevin fəaliyyətinin za­man baxımından əhəmiyyətli hissəsi bəllidir ki, sovet dövrünə təsadüf etmişdir. Diqqətli təhlil göstərir ki, Heydər Əliyevin sonralar müstəqil Azərbaycanın Prezidenti kimi həyata keçirdiyi işlər onun sovet dövründəki məqsədyönlü fəaliyyətinin məntiqi davamı idi. Bu günün zirvəsindən baxanda hakimiyyətə gəldiyi zaman iqtisadi böh­ran və müharibə şəraitində olan, müxtəlif beynəlxalq güclərin geosiyasi mübarizəsi məngənəsində sıxılan Azərbaycanda Heydər Əliyevin on illik prezidentliyi dövründə gördüyü işlər, həyata keçirdiyi düşünülmüş və hərtərəfli ölçülüb-biçil­miş siyasi strategiya heyrət doğurma­ya bilməz. Həmin strategiyanın bütün cəhətləri Azərbaycan Respublikasının Pre­zidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən daxili, xarici və iqtisadi siyasətlə uğurla davam etdirilir. Ölkəmiz qlobal və regional çağırışlara adekvat cavab verir.

 

 

Dövlət İdarəçilik Akademiyasının kafedra müdiri Firdovsiyyə Əhmədovanın "Azərbaycan Cümhuriyyətinin müqəddəratında Böyük Britaniya amili" adlı məqaləsi Azər­bay­can Cümhuriyyəti - Bö­yük Bri­ta­ni­ya əlaqələrinə, Azərbaycanda Böyük Britaniya missiyasının fəaliyyətinə həsr edilmişdir. Qeyd edilir ki, Azər­bay­can Cümhuriyyətinin ta­ri­xi Bö­yük Bri­ta­ni­ya ilə sıx bağ­lı­dır.  Bö­yük Bri­ta­ni­ya­nın Ba­kı­da təx­mi­nən 40 gün­lük birinci mis­si­ya­sı 7 ay­lıq "ha­zır­lıq" mər­hə­lə­sin­dən son­ra baş tut­sa da, qı­sa vaxt­da if­la­sa uğ­ra­dı. Azər­bay­can Cüm­hu­riy­yə­ti­nin si­ya­si ta­ri­xin­də ikin­ci in­gi­lis mis­si­ya­sı­nın önəm­li ye­ri var. İkin­ci mis­si­ya za­ma­nı qar­şı­lıq­lı mü­na­si­bət­lər, bi­la­va­si­tə Azər­bay­can döv­lət­çi­li­yi­nə kö­mək edən, sta­bil fəa­liy­yə­tə im­kan ya­ra­dan, qon­şu­lar­la əla­qə­lə­rin tən­zim­lən­mə­si­nə yö­nəl­di­lən təd­bir­lər və ən baş­lı­ca­sı res­pub­li­ka­nın əra­zi bü­töv­lü­yü­nün qo­run­ma­sın­da xid­mət­lə­ri (De­ni­kin təh­lü­kə­si­nin da­yan­dı­rıl­ma­sı, Qa­ra­bağ mə­sə­lə­sin­də ge­ne­ral Tom­so­nun Azər­bay­ca­nı dəs­tək­lə­mə­si) Azər­bay­ca­nı Bö­yük Bri­ta­ni­ya ilə bir­ləş­di­rən ta­rix­dir.


 

SAM-ın şöbə müdiri, professor Tahirə Allahyarovanın "Bir əsrlik dövlətçilik tarixinə siyasi liderlik fenomeni işığında baxış: Ümummilli lider Heydər Əliyev - 95" adlı məqaləsində  Ümummilli lider Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi yeni dövrün tarixinə nəzər salınır, müstəqil dövlətçiliklə “siyasi liderlik fenomeni” arasındakı əlaqə, Cümhuriyyətin süqutunun  səbəbləri sırasında siyasi lider amilinin rolu, xüsusiyyətləri ətraflı araşdırılır. Müəllif qeyd edir ki, dövlət müstəqilliyi uğrunda yüzil­lik mübarizə tarixinin dərsləri və XX və XXI əsrlərin əvvəllərində Azərbaycan dövlətçiliyinin mövcud olduğu şəraitlərin siyasi lider fenomeni aspektində paralellər aparılması mühüm qənaətə gəlməyə imkan verir. Bildirilir ki, siyasi lider  şəxsiyyətinin dünyaya tanınmasını sübut edən ən mühüm məsələlərdən biri onun böhran və xaos adlanan mərhələlərdən xalqı və dövləti inkişaf yoluna çıxarmağa qadir olan fəaliyyətidir. Liderliyin xaosa qalib gələn formasına - “strateji liderlik” keyfiyyətlərinə son yüz illik   dövlətçilik tarixində yalnız Heydər Əliyev  malik olmuş, xalqımız ən yeni tarixə dünyada milli liderləri olan azsaylı dövlətlərdən biri kimi qədəm qoymuşdur. Ümummilli lider Heydər Əliyevin siyasi uğur for­mulunun təməlini müstəqil dövlətçilik, milli maraqlar və xalqın firavanlığı naminə fədakar xidməti və strateji liderlik məharəti təşkil etmişdir.

 

 

Jurnalın "AXC dövründə ermənilərin ərazi iddiaları, soyqırımlar və Qarabağ məsələsi" adlı ikinci bölməsində AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunun şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent İlqar Niftəliyevin "1918-ci il Batum və İstanbul danışıqlarında erməni dövlətinin yaradılması və onun sərhədlərinin müəyyən edilməsi məsələsinə dair" (rus dilində), AMEA Elm Tarixi İnstitutunun şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru Ziyad Əmrahovun "Azərbaycan Xalq Cümhuriyyətinin parlament sənədləri Zəngəzur, Qarabağ və Naxçıvanda 1918-1920-ci illərdə erməni vəhşiliklərini öyrənmək üçün mənbə kimi", AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Nigar Gözəlovanın "Türk-müsəlman əhalisinin soyqırımı Britaniya diplomatlarının sənədləri əsasında" (rus dilində), Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanasının şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru Nazim Mustafanın "XX əsrdə erməni rəsmi dairələrinin kürdlərə qarşı həyata keçirdiyi deportasiya, repressiya və terror aktları haqqında (etnosiyasi analiz)", AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Vasif Qafarovun "Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları və Osmanlı dövlətinin siyasəti (iyun-oktyabr 1918-ci il)", AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Rafiq Səfərovun "Azərbaycan Xalq Cümhuriyyəti dövründə Naxçıvan erməni təcavüzünə qarşı mübarizənin önündə" (rus dilində), AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunun aparıcı elmi işçisi Şamil Rəhmanzadənin "Sərhədyanı mübahisə 1918-1920-ci illərdə Azərbaycan-Gürcüstan münasibətlərində əlverişsiz amil kimi", AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Fuad Tağıyevin  "Xüsusi komissiya və onun “xüsusi” əməkdaşları" məqalələri verilmişdir. Məqalə müəllifləri tərəfindən elmi dövriyyəyə yeni arxiv sənədləri cəlb edilməklə 1918-ci il Batum və İstanbul danışıqları və burada müzakirə edilən məsələlər, Ermənistan və Gürcüstanın Azərbaycana qarşı irəli sürdüyü ərazi iddiaları, bu dövrdə ermənilərin həyata keçirdikləri soyqırımlar nəzərdən keçirilir. Böyük Britaniya diplomatlarının arxiv məlumatlarına istinadən qeyd olunur ki, Azərbaycan xalqının XX əsr, xüsusilə 1918-1920-ci illər tarixi təhriflərdən, saxtalaşdırmalardan azad olunmalı, yenidən araşdırılmalı və təbliğ edilməlidir. Məqalələrdə verilmiş Böyük Britaniya arxivindən olan sənədlər Azərbaycan xalqına qarşı 1918-1920-ci illərdə erməni silahlı dəstələrinin həyata kecirdikləri soyqırım əməllərinin sübut edilməsi üçun müstəsna əhəmiyyətə malikdir. Bundan başqa, bu bölmədə verilmiş məqalələrdə AXC parlamentində ermənilər tərəfindən 1918-1920-ci illərdə Azərbaycanın Zəngəzur, Qarabağ və Naxçıvan bölgəsində həyata keçirdikləri soyqırım cinayətləri ilə bağlı müzakirələr və qəbul edilmiş qərar və sənədlərə geniş yer verilmiş, Ermənistanın həyata keçirdiyi etnik təmizləmə siyasəti araşdırılmış, xüsusilə İrəvan quberniyasında müsəlman əhalisinin stastistikasında köklü azalmanın baş verməsi, Azərbaycanla Gürcüstan arasında "mübahisəli torpaqlar" məsələsi  konkret faktlarla verilmişdir. Qeyd edilir ki, 1918-1920-ci illər dövründə Naxçıvan ümumilikdə erməni təcavüzü ilə mübarizədə uğurla tab gətirmiş, lakin bununla yanaşı demoqrafik (təxminən 55 min azərbaycanlı) və ərazi (Dərələyəz) itkiləri vermişdir.

 

 

"Azərbaycan Xalq Cümhuriyyətinin sosial-iqtisadi siyasəti" adlı 3-cü bölmədə AMEA Fəlsəfə İnstitutunun şöbə müdiri, fəlsəfə üzrə elmlər doktoru, professor Rəna Mirzəzadənin "Hüquq bərabərliyi və gender: Azərbaycan Xalq Cümhuriyyətindən birinci vitse-prezidentliyədək keçilmiş yol" (rus dilində) məqaləsində gender balansı, hüquqi və faktiki hüquq bərabərliyi problemləri təhlil edilir, XX əsrdə və XXI əsrin əvvəllərində müasir cəmiyyətdə qadınların statusunun köklü şəkildə dəyişməsinə xidmət edən ictimai transformasiyalara nəzər salınır. 



AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunun şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Natiq Məmmədzadənin "Azərbaycan Xalq Cümhuriyyətinin iqtisadi siyasəti: optimal model axtarışları" (rus dilində) məqaləsində AXC-nin iqtisadi kursu, siyasi, iqtisadi və sosial sistemlərinin qarşılıqlı əlaqəsi məsələləri işıqlandırılır. Bu qənaətə gəlinir ki, AXC-nin iqtisadi inkişafının əsas problemi azad iqtisa­diyyat və ya dövlət tərəfindən sərt nəzarət olunan iqtisadiyyat modelləri ara­sında seçimdən ibarət idi.

 

 

AMEA Milli Azərbaycan Tarixi Muzeyinin elmi katibi, tarix üzrə fəlsəfə doktoru Fərhad Cabbarovun "Azərbaycan Cümhuriyyəti ilə RSFSR arasında iqtisadi münasibətlər məsələsi “Neftyanoye delo” jurnalının səhifələrində" (rus dilində) adlı məqaləsində qeyd edilir ki, neft sənayesinin tarixinə dair qiymətli mənbə olan “Neftyanoye delo” jurnalı siyasi hadisələrin işıqlandırılmasında da mühüm əhəmiyyət kəsb edir. Jurnalın səhifələrində toxunulan mühüm məsələlərdən biri Azərbaycan neftinin Rusiya­ya daşınması məsələsi idi. 1918-ci ildə Azərbaycanın müstəqilliyi elan olunan­dan sonra neft ixracının şimal marşrutu bağlanmışdır. “Neftyanoye delo” jurnalı Azərbaycanın müstəqilliyini tanımaqdan imtina edən Sovet Rusiyası ilə ticarət əlaqələrinin bərpası məsələsini dəfələrlə qaldırmışdır.

 

 

AMEA İqtisadiyyat İnstitutunun aparıcı elmi işçisi, iqtisad üzrə fəlsəfə doktoru, dosent Seyfəddin Səməndərovun "1918-1920-ci illərdə Azərbaycan Xalq Cümhuriyyətinin aqrar siyasəti" adlı məqaləsində göstərilir ki, AXC-nin həyata keçirdiyi aqrar siyasət öz məzmunu və mahiyyəti etibarilə demokratik prinsiplərə əsaslanan idarəetmə üsulu çərçivəsində hüquqi dövlət və vətəndaş cəmiyyətinə xas olan xüsusiyyətləri özündə birləşdirirdi. Ölkədə həyata keçirilən aqrar siyasətin ən mühüm tərkib hissəsi kimi qanuni əsaslarla aqrar məsələnin həllinə nail olmaq üçün aqrar islahat layihəsinin hazırlanması ilə bağlı görülən tədbirlər göstərilə bilər. AXC-nin parlamenti, Əkinçilik Nazirliyi problemin həlli üçün yollar axta­rışında idi. Hazırlanan islahat layihələrində ictimai fikrə, xüsusən də siyasi partiyaların mövqelərinə diqqətlə yanaşılırdı. Aqrar siyasətin digər mühüm istiqamətləri kimi respublika əhalisinin layiqli həyat şəraiti ilə təmin olun­ması, bir çox sosial problemlərin həlli, həmçinin kəndli təsərrüfatlarının bərpası və inkişafı, məskunlaşdırma və abadlaşdırma istiqamətində tədbirlərin həyata keçirilməsi göstərilə bilər.

 

 

AMEA Elm Tarixi İnstitutunun aparıcı elmi işçisi, sosiologiya üzrə fəlsəfə doktoru Səadət Məmmədovanın "Azərbaycan Xalq Cümhuriyyətinin təhsil siyasəti" adlı məqaləsində qeyd olunur ki, AXC-nin milli təhsil sisteminin yaradılması istiqamətində atdığı ən mühüm addımlar Azərbaycan dilinin dövlət dili elan edilməsi, latın qrafikalı ilk əlifbanın yaradılması, anadilli tədrisin dövlət səviyyəsində və qanuni əsaslarda kütləviləşdirilməsi, məktəblərdə Azərbaycan dilinin tədrisinin genişləndirilməsi, ana dilində dərsliklərin nəşr edilməsi, milli kadrların hazırlanma­sı idi.

 

 

Jurnalın dördüncü bölməsi "AXC dövründə ordu quruculuğu və hərbi diplomatiya" adlanır. Bu bölmədə Azərbaycan Respublikası Silahlı Qüvvələri Hərbi Akademiyasının  (SQHA) Adyunktura və elm şöbəsinin professoru, ehtiyatda olan 1-ci dərəcəli kapitan  Nurulla Əliyevin "1918-1920-сi illərdə Azərbaycan hökumətinin fəaliyyətinin hərbi-siyasi aspektləri" (rus dilində) məqaləsində 1918–1920-сi illərdə ölkə ərazisində müstəqilliyin təmin edilməsi məqsədi ilə Azərbaycan hökuməti tərəfindən görülən tədbirlər mənbələrə istinadən araşdırılır. Həmçinin, Bakının azad olunmasında Qafqaz İslam Ordusunun rolu göstərilir. İngilislər tərəfindən Xəzərdə hərbi-dəniz qüvvələrinin yaradılması üçün göstərilən cəhdlərdən bəhs edilir. Denikin və Azərbaycan Respublikası arasında gərgin münasibətlərin yaranmasının səbəbləri, o cümlədən ağqvardiyaçı qoşunlarının Azərbaycana daxil olma və Bakının işğal edilməsi təhlükəsi təhlil olunur. Xəzərdə hərbi-dəniz qüvvələrinin bərpası və döyüş qabiliyyətinin artırılması üçün sovet hökumətinin və dəniz komandanlığının fəaliyyəti, həmçinin onların Qafqaz cəbhəsinin qoşunları ilə döyüş əməliyyatlarında iştirakı geniş şərh edilir.

 

 

Bu bölmədə verilmiş SQHA-nın dosenti, tarix üzrə elmlər doktoru Mehman Süleymanovun "Azərbaycan Xalq Cümhuriyyətinin ordu quruculuğu" adlı məqaləsində qeyd edilir ki, AXC ordusunun təşkili Azərbaycanın hərb tarixində və bütövlükdə Azərbaycan xalqının tarixində əhəmiyyətli bir hadisə idi. Çünki hər şeydən əvvəl bu ordunun yaradılması ilə Azərbaycanda müstəqil nizami ordu quruculuğunun əsası qoyuldu və Azərbaycanda ordu quruculu­ğu tarixində xarakter etibarilə tamamilə yeni bir səhifə açıldı. Təxminən bir əsrlik fasilədən sonra Azərbaycanda hərb işi yenidən canlandırıldı, bu sahə dövlət quruculuğunun tərkib hissəsinə çevrildi. Azərbaycan xalqının çoxəsrlik döyüş ənənələrinə əsaslanan və dünyanın son təcrübəsini özündə əks etdirən yeni bir ordunun yaradılması AXC-nin mövcudluğu dövründə dövlət quruculuğunun əldə etdiyi ən mühüm nailiyyətlərdən biri oldu. Bunun üçün Azərbaycanın müstəqilliyinə və milli maraqlarına cavab verən siyasət ortaya qoyuldu, dövlətin və xalqın bütün potensi­alı yeni ordu yaradılmasına istiqamətləndirildi. Kifayət qədər qısa bir müddət ərzində ordunun işlək idarəetmə strukturları formalaşdırıldı, çağırış-səfərbərlik yaradıldı, milli hərbi kadrların hazırlanmasının sis­temi quruldu, milli dəyərlər ordu quruculuğunun başlıca xüsusiyyətinə çevrildi və nəticədə döyüşkən bir ordu meydana gətirildi. Məhz bu or­dunun fəaliyyəti ilə Ermənistan hərbi qüvvələrinin Azərbaycanın ərazi bütövlüyünə qarşı istiqamətlənmiş genişmiqyaslı təcavüzünü aradan qaldırmaq mümkün oldu.

 

 

"Azərbaycan Xalq Cümhuriyyətinin mənəvi-ideoloji təməlləri və baniləri, sovet hakimiyyətinin ilk illərində fəaliyyəti" adlı beşinci bölmədə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının şöbə müdiri, fəlsəfə üzrə elmlər doktoru, professor Rəfail Əhmədlinin "Mirzə Bala Məmmədzadənin ideoloji görüşləri", AMEA Fəlsəfə İnstitutunun aparıcı elmi işçisi, fəlsəfə üzrə fəlsəfə doktoru Aytək Zakirqızının (Məmmədova) "Hilmi Ziya Ülkən “Türkləşmək, islamlaşmaq, müasirləşmək” düsturunun təşəkkül tarixi haqqında", AMEA Fəlsəfə İnstitutunun baş elmi işçisi, fəlsəfə üzrə elmlər doktoru Aydın Əlizadənin "Gizli “Müsavat” Azərbaycanın dövlət müstəqilliyinin bərpa edilməsi uğrunda mübarizədə (1920-1926)" adlı məqalələri öz əksini tapmışdır. Məqalələrdə göstərilir ki, H.Z.Ülkən "Türkləşmək, islamlaşmaq və avropalaşmaq" düsturunun ilk dəfə hələ türkçülüyün oyanmadığı dövrdə, bir qədər qeyri-müəyyən, sistemsiz bir şəkildə Əli Suavi tərəfindən irəli sürülüb, müdafiə edildiyini yazmış­dır. İkinci dəfə Əli bəy Hüseynzadə tərəfindən bu düsturun təklif edilməsi tam zamanında idi. Azərbaycan mütəfəkkirinin təsiri ilə Ziya Göyalp türk­çülük cərəyanına daxil olmuş, “Türkləşmək, islamlaşmaq, müasirləşmək” fikri ilə “Turan” ideyasını ondan mənimsəmişdir. “Türkləşmək, islamlaşmaq, müasirləşmək” düsturu Ziya Göyalp vasitəsilə Məhəmməd Əmin Rəsulzadəyə təsir etmiş, Azərbaycanın bütövlüyü ideya­sının səciyyələndirilməsində və həmçinin bayrağımızda da bu fikir öz əksini tapmışdır. Bundan başqa, A.Əlizadənin məqaləsində qeyd edilir ki, “Müsavat” partiyası sovet dövründə də fəaliyyətini gizli şəkildə davam etdirmişdir. Yeni yaradılan gizli “Müsavat” Azərbaycanı müstəqilliyə aparan və 1918-1920-ci illərdə fəaliyyət göstərən partiyadan ideya istiqaməti baxımından bir qədər fərqlənmiş və sol millətçi təşkilata çev­rilmişdir. Yeni müsavatçılar hesab edirdilər ki, mühacirətə getmiş partiya üzvləri Azərbaycanı işğaldan azadetmə imkanlarına malik olmadıqları­na görə bu işi ölkə daxilində olan qüvvələr etməlidirlər. Onlar təşəbbüsü öz əllərinə alıb mübarizəyə qalxmalıdırlar. Müstəqillik mübarizlərinin əksəriyyətini gənc nəslin nümayəndələri və tələbələr təşkil edirdi. Onlar öz çiyinlərinə mübarizənin bütün ağırlığını götürmüş və repressiyalara bax­mayaraq güclü təşkilat yarada bilmişdilər. Sonradan iflasa uğramasına və üzvlərinin həbs edilməsinə baxmayaraq, ikinci gizli “Müsavat”ın Azərbaycan xalqının maarifləndirilməsində də müstəsna rolu olmuş, respublikanın müxtəlif yerlərində maarifçilik və vətənpərvərlik dərnəkləri yaradılmış­dır.

 

Jurnalın digər bölmələrində yer almış məqalələrdə müasir xarici siyasət, beynəlxalq münasibətlər, hüquq və informasiya təhlükəsizliyi sistemi və s. istiqamətlər üzrə ətraflı təhlillər aparılmışdır.

 

 

Qeyd edək ki, yerli və xarici ölkə ekspertlərinin aktual mövzularda məqalələrinin dərc edildiyi “Strateji təhlil” jurnalının PDF versiyasını jurnalın internet (www.stj.sam.az) və Facebook (https://www.facebook.com/Strateji-Tehlil-Jurnal%C4%B1-216786551728479/) səhifələrindən də oxumaq mümkündür.

 

 Strateji təhlil jurnalı_23-24

 

 

 



 

: 1222