| Azərbaycanca | English
Ana səhifə SAM haqqında Tədbirlər Media Nəşrlər Vakansiyalar Fotoqalereya Qarabağ

“Strateji təhlil” jurnalının növbəti sayı çapdan çıxmışdır

2019-01-08 09:21:11

Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin Azərbaycanın daxili və xarici siyasəti, beynəlxalq münasibətlər üzrə rüblük dövri nəşri olan “Strateji təhlil” jurnalının növbəti sayı çapdan çıxmışdır.

 

 

Jurnalın redaksiya heyətinin sədri akademik Ramiz Mehdiyevdir.

 

 

Yerli və xarici ölkə ekspertlərinin aktual mövzularda Azərbaycan və rus dillərində məqalələrinin əksini tapdığı jurnalın 3-4 (25-26) sayında verilmiş 24 məqalə 5 bölmədə oxucuların diqqətinə təqdim edilir.

 

 

"Xalqa və dövlətçiliyə xidmətin 15 illik uğur salnaməsi" bölməsində Milli Məclisin deputatı, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini, filologiya üzrə fəlsəfə doktoru Sevinc Fətəliyevanın "Beynəlxalq münasibətlər sistemində müstəqil və çoxşaxəli xarici siyasət yürüdən ölkə kimi Azərbaycanın hərtərəfli inkişafı İlham Əliyevin on beş illik prezidentlik dövrünün möhtəşəm zəfər salnaməsidir" adlı məqaləsi verilmişdir. Məqalədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dövlətçilik tariximizdə yeni mərhələ təşkil edən 15 illik prezidentlik dövrünün elmi-nəzəri təhlili verilir. Qeyd olunur ki, siyasi varislik missiyasını uğurla davam etdirən Prezident İlham Əliyev yeni dövrün yeni lideri kimi Azərbaycanı regional və beynəlxalq siyasətin aparıcı aktorlarından birinə çevirmişdir. Azərbaycan bu dövrdə etibarlı tərəfdaş, geosiyasi mərkəz, təşəbbüskar və sülhsevər dövlət, nəqliyyat qovşağı, dinlərarası və millətlərarası münasibətlərin tənzimlənməsində nümunəvi ölkə kimi tanınmışdır. Bu dövrdə dövlət və vətəndaş cəmiyyəti quruculuğu, iqtisadiyyatın diversifikasiyası, təhlükəsizliyin təmin olunması, enerji və nəqliyyat sahələrində yeni layihələrin həyata keçirilməsi kimi önəmli sferalarda konkret nailiyyətlər əldə edilmişdir.

 

 

“Milli inkişafin strateji prioritetləri” bölməsində Milli Məclisin deputatı, Milli Məclisdə Türkdilli Ölkələrin Parlament Assambleyası (TÜRKPA) nümayəndə heyətinin üzvü, fəlsəfə üzrə fəlsəfə doktoru Cavanşir Feyziyevin "Türk Dövlətləri Birliyi beynəlxalq hüququn subyekti kimi: İdeya və reallıq" adlı məqaləsində beynəlxalq təcrübədə birlikyaratma təşəbbüsləri prizmasından Türk Dövlətləri Birliyinin qurulması prinsipləri, Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin şöbə müdiri, professor Tahirə Allahyarovanın “Kritik infrastruktur” nədir və təhdidlərdən  necə qorunur: Dünya təcrübəsi və Azərbaycanda tətbiqinin zəruriliyi" adlı məqaləsində “kritik infrastruktur” anlayışı, sahələri və onun təhdidlərdən qorunması, dünya təcrübəsi, kritik infrastrukturla bağlı beynəlxalq  və regional təşkilatların  fəaliyyəti, beynəlxalq qanunvericilik, Azərbaycanda Kritik İnfrastrukturun Qorunması Sisteminin yaradılmasını zəruri edən amillər araşdırılmışdır.

 

 

"Erməni iddiaları: Yalan üzərində qurulan tarix" bölməsində AMEA Naxçıvan Bölməsi Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Emin Şıxəliyevin "Ermənilərin "soyqırım" iddiaları və onun beynəlxalq siyasətdə yeri", Bakı Slavyan Universitetinin professoru Şəlalə Həsənova və tədqiqatçı Zaur Mehdiyevin "Böyük dövlətlərin 1801-1828-ci illərdə Qafqazda həyata keçirdikləri kəşfiyyat fəaliyyətində erməni amili" (rus dilində), AMEA Qafqazşünaslıq İnstitutunun Gürcüstanşünaslıq şöbəsinin müdiri, fəlsəfə üzrə fəlsəfə doktoru Vahid Ömərovun "Ermənilərin Tbilisi şəhərinə iddiaları", AMEA Qafqazşünaslıq İnstitutunun kiçik elmi işçisi Nəsibə Mirzəyevanın "Gürcüstanın bələdiyyə sistemində ermənilərin separatçı fəaliyyəti" adlı məqalələri öz əksini tapmışdır. Məqalələrdə ermənilərin "soyqırım" iddiaları və onun beynəlxalq siyasətdə yeri, 1915-ci il hadisələrinin soyqırımı, yoxsa təhcir (köç) olması araşdırılmış, qondarma erməni soyqırımı ilə holokost (yəhudi soyqırımı) arasında paralellik aparılmış, ermənilərin Tbilisi şəhərinə iddiaları, Gürcüstanın bələdiyyə sistemində ermənilərin separatçı fəaliyyəti və s. mövzular ətraflı tədqiq edilmişdir.

 

 

"XXI əsrdə qlobal çağırışlar və milli sosial-iqtisadi inkişafın aktual məsələləri" bölməsində Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının professoru, fəlsəfə üzrə elmlər doktoru, Rusiyanın Pedaqoji və Sosial Elmlər Akademiyasının həqiqi üzvü Nigar Ələkbərovanın "Azərbaycan Respublikasında politoloji təhsil: Spesifikası, müasir vəziyyəti və  inkişaf strategiyası" (rus dilində), AMEA Hüquq və İnsan Haqları İnstitutunun şöbə müdiri, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Xalid Niyazovun "Azərbaycanda siyasi-iqtisadi transformasiyalar şəraitində informasiya siyasəti" (rus dilində),Azərbaycan Respublikası Təhsil Nazirliyinin sektor müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Cəsarət Valehovun "Azərbaycanın ali təhsil sistemi yeni dəyişikliklər mərhələsində" adlı məqalələri əksini tapmışdır. Burada ölkəmizdə politoloji təhsilin təşəkkülü və inkişafı prosesi təhlil edilmiş, Dövlət İdarəçilik Akademiyasında dövlət qulluqçularının politoloji hazırlığı və yenidən hazırlığının xüsusiyyətləri açıqlanmış, milli təhsil sisteminin modernləşməsi, tədris modulları və proqramlarının optimallaşdırılması, bu sahədə yetişdirilən mütəxəssislərin səviyyəsi və keyfiyyətinin beynəlxalq standartlara cavab verməsi, praktiki tələbatlara istiqamətlənən yeni ixtisasların tətbiq edilməsi, rəqabətqabiliyyətli kadrların hazırlanması məsələləri, Azərbaycanda ümummilli ideoloji dəyərlər əsasında həyata keçirilən siyasi transformasiya prosesi nəzərdən keçirilmişdir.

 

 

Bölmədə Azərbaycan Respublikası  Dövlət Statistika Komitəsinin  məsləhətçisi Aynur Sultanovanın "Azərbaycanın dövlət idarəçiliyi sistemində keyfiyyət menecmentinin müasir vəziyyəti", Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) əməkdaşları - aparıcı elmi işçi Şahmar Hacıyevin "Cənubi Qafqazda miqrasiya prosesləri", aparıcı elmi işçisi Mahir Hümbətovun "Dövlət-özəl əməkdaşlığı bugünkü iqtisadi anlamda" və məsləhətçi-eksperti Azər Həsənlinin "Qlobal iqtisadi normallaşma: Yüksələn iqtisadiyyatlı ölkələr üçün dayanıqlı inkişaf çağırışları" məqalələri verilmişdir. Burada Azərbaycanın dövlət idarəçiliyi sistemində keyfiyyət menecmentinin müasir vəziyyəti, Sovet İttifaqının süqutundan sonra Cənubi Qafqazın üç ölkəsinin — Azərbaycan, Ermənistan və Gürcüstanın qarşılaşdıqları miqrasiya prosesi, dövlət-özəl sektor əməkdaşlığı, qlobal iqtisadi normallaşma, yüksələn iqtisadiyyatlı ölkələr üçün dayanıqlı inkişaf çağırışları və s. mövzular da tədqiq edilmişdir.

 

 

"Tarix, fəlsəfə, hüquq: mövqelər, baxışlar" adlı bölmədə Azərbaycan Respublikası Silahlı Qüvvələri Hərbi Akademiyasının Adyunktura və elm şöbəsinin professoru, tarix üzrə elmlər doktoru, ehtiyatda olan 1-ci dərəcəli kapitan  Nurulla Əliyevin "Azərbaycanda qədim dövrdə hərb işinin yaranması" (rus dilində), Ural Dövlət Hüquq Universitetinin (Yekaterinburq) Dövlət və hüquq tarixi kafedrasının professoru Vladimir Motreviçin "1944 - 1950-ci illərdə Azərbaycan SSR-də xarici hərbi əsirlər və daimi yaşayış yerlərindən sürgün olunmuş vətəndaşlar üçün müəssisə (kontingentin sayı, dislokasiyası və ölüm faizi)" (rus dilində), AMEA Fəlsəfə İnstitutunun şöbə müdiri, fəlsəfə üzrə elmlər doktoru Arzu Hacıyevanın "Ukrayna azərbaycanşünaslığının banisi A.Krımski", AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunun şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent İlqar Niftəliyevin "1920-1930-cu illərdə Azərbaycan SSR-də partiya kadrlarının əsas keyfiyyət parametrləri" (rus dilində), AMEA  A.A.Bakıxanov adına Tarix İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Mübariz Ağalarlının "Azərbaycan Səfəvilər dövləti ilə Böyük Moğol dövləti arasında siyasi münasibətlər (1526-1576-cı illər)"(rus dilində), SAM-ın aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Aqşin Məmmədovun "Azərbaycan Xalq Cümhuriyyəti dövründə təhsilin milliləşdirilməsi və dövlət dilinin tətbiqi", AMEA  A.A.Bakıxanov adına Tarix İnstitutunun aparıcı elmi işçisi, ilahiyyat üzrə fəlsəfə doktoru Şahlar Şərifovun "Ərəb istilasından əvvəl Azərbaycanda vəziyyət", AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Fuad Tağıyevin "Birinci Dünya müharibəsi yollarında – Bakı şəhəri adına hərbi-tibbi qatar" (rus dilində), BDU-nun İnsan hüququ və informasiya hüququ üzrə YUNESKO kafedrasının dosent vəzifəsini icra edən, Konstitusiya Məhkəməsinin məsləhətçisi, hüquq üzrə fəlsəfə doktoru Nigar Qələndərlinin "Bioetika problemləri insan hüquqları kontekstində", Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyasının adyunktu Nazlı Abbasovanın "Hərbi hüquq kompleks hüquq sahəsi kimi" adlı məqalələri verilmişdir. Məqalələrdə Azərbaycanda qədim dövrlərdə, xüsusilə e.ə. III-II minilliklərdə hərb işinin yaranması prosesi tədqiq edilmiş, geniş mənbələr əsasında müxtəlif növ müdafiə və hücum silahlarının yaranması və təkmilləşməsinin uzun və mürəkkəb yolu göstərilmişdir. Bu bölmədə Böyük Vətən müharibəsi illərində və müharibədən sonrakı ilk illərdə Azərbaycan SSR-də qalan xarici hərbi əsirlər və daimi yaşayış yerlərindən sürgün olunmuş vətəndaşlarla (internirlər) bağlı məsələlər nəzərdən keçirilmiş  və bu nəticəyə gəlinmişdir ki, respublika ərazisində xarici vətəndaşlar SSRİ Daxili İşlər Xalq Komissarlığının hərbi əsirlər və daimi yaşayış yerlərindən sürgün olunmuş vətəndaşların işi üzrə Baş İdarənin düşərgələrində, SSRİ Müdafiə Nazirliyinin xüsusi işçi batalyonlarında, SSRİ Səhiyyə Nazirliyinin xüsusi hospitallarında saxlanılmışdılar. Bu müəssisələrin sayı və dislokasiyası, onların fəaliyyətinin ilkin və son tarixləri müəyyənləşdirilmişdir. Burada eyni zamanda, Ukrayna azərbaycanşünaslığının banisi A.Krımski haqqında məlumat verilmiş, 1920-1930-cu illərdə Azərbaycan SSR-də partiya kadrlarının əsas keyfiyyət parametrləri, Ərəb istilasından əvvəl Azərbaycanda vəziyyət, XVI əsrdə Azərbaycan Səfəvi dövlətinin Böyük Moğol imperiyası ilə diplomatik və siyasi əlaqələri araşdırılmış, Azərbaycan tarixşünaslığında ilk dəfə olaraq Bakı şəhəri adına hərbi-tibbi qatarın təşkil olunması tarixinə nəzər salınmışdır. Bundan başqa, bu bölmədə qlobal elmi və texnoloji inkişafın insan həyatının keyfiyyətinə və ətraf mühitin vəziyyətinə mütərəqqi təsirinin xüsusiyyətləri nəzərdən keçirilmiş, müasir şəraitdə hərbi peşəkar təhsilin milli təhlükəsizliyin təmin olunmasında əsas faktor kimi rolu və əhəmiyyəti tədqiq edilmişdir.

 

 

Qeyd edək ki, “Strateji təhlil” jurnalının yeni sayının PDF versiyasını jurnalın daima yenilənən internet (www.stj.sam.az) və Facebook (https://www.facebook.com/Strateji-Tehlil-Jurnal%C4%B1-216786551728479/səhifələrindən də oxumaq mümkündür.


“Strateji təhlil” jurnalı



 

: 360