• Şikayət et

Azərbaycana səfər edəcək? - Dünya çempionatına gedənlər

Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının, Dövlət Turizm Agentliyi və Azərbaycan Turizm Bürosunun nümayəndələri 2022-ci ilin noyabr ayında Qətər Dövlətində keçiriləcək Futbol üzrə Dünya Çempionatı çərçivəsində azarkeşlərin Azərbaycana səfərinin təşkili, onların qonaqlanması və bu istiqamətdə turist axınının artırılması məsələlərini müzakirə ediblər.

Sportinfo.az xəbər verir ki, görüşdə Qətərə səfər edəcək əcnəbilərin Azərbaycana qısamüddətli turizm səfərlərinin təşviq edilməsi, Şərq ölkələrindən Azərbaycana turist cəlb edən şirkətlərlə onların tərəfdaşları arasında əməkdaşlıq əlaqələrinin genişləndirilməsi, yarışlar ərəfəsində Qətərdə marketinq kampaniyalarının artırılması, eləcə də onlayn platformalarda Azərbaycanın turizm imkanlarının tanıdılması, B2B və B2C formatlı görüşlərin keçirilməsi və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Görüş çərçivəsində, həmçinin Azərbaycan üçün daha əlverişli hədəf ölkələrin seçilməsi, Qətər Dövlətinə birbaşa aviauçuşların təşkili məsələləri də müzakirə olunub.

Avqustun 22-də Prezident İlham Əliyev 2022-ci ildə Qətər Dövlətində təşkil ediləcək Futbol üzrə Dünya Çempionatının keçirildiyi tarixlərdə çempionatla bağlı Qətər Dövlətinə səfəri çərçivəsində Azərbaycana gəlmək istəyən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün viza prosedurlarının sadələşdirilməsi haqqında Sərəncam imzalayıb.

Sərəncama əsasən, 2022 FİFA Dünya Kubokunun beynəlxalq təşkilatçıları olan “Q22” Şirkətinin və Beynəlxalq Futbol Assosiasiyaları Federasiyasının (FİFA) müvafiq qaydalarına uyğun olaraq akkreditasiyadan keçməni təsdiq edən akkreditasiya kartı və ya akkreditasiyadan keçməni təsdiq edən digər sənədi, eləcə də oyun bileti və ya biletin əldə olunmasını təsdiq edən sənəd olduğu təqdirdə əcnəbilər sadələşdirilmiş viza əldə edə biləcəklər.

Məlumat üçün bildirək ki, Futbol üzrə Dünya Çempionatı noyabrın 20-dən dekabrın 18-dək davam edəcək. Yarışlarda 32 komanda iştirak edəcək.

Mənbə:
0
141
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar