Azərbaycanda maliyyə alətlərindən hansına investisiya etmək daha sərfəlidir?

İnvestisiya etmək istəyən insanlar səhm, istiqraz, daşınmaz əmlak, qiymətli əşyalar, bank depozitləri və digər maliyyə alətlərinə üz tutur.

Bəs bunlardan hansı daha gəlirli və etibarlı hesab olunur?

Ölkədəki investisiya şirkətlərindən birinin aparıcı mütəxəssisi Anar Nəcəfzadə “Report”a açıqlamasında kapital bazarındakı gəlirli investisiya alətlərindən danışıb:

“SOCAR istiqrazları dollarla investisiya etmək istəyənlərin böyük marağına səbəb olacaq”

Anar Nəcəfzadə

PSJ Kapital investisiya şirkətinin aparıcı mütəxəssisi 

“Azərbaycan vətəndaşlarından investor kimi çıxış etmək istəyən və kapital bazarında investisiya alətlərinə yatırım etmək istəyən vətəndaşlar respublikada aktiv ticarət olunan səhm və ya istiqraz bazarına müraciət edir. Azərbaycanın istiqraz bazarında dünya praktikasında olduğu qədər çox olmasa da, manat və ya dollar ekvivalentində müəyyən investisiya alətləri mövcuddur və hazırda həmin alətlərin təkrar bazarda alqı-satqısı gedir. Bundan əlavə, səhm bazarında respublika qanunvericiliyinə uyğun olaraq ticarət yalnız Azərbaycan manatında aparılır və manata investisiya etmək istəyən investorlar bəzən səhmlərə də müraicət edirlər. Respublikada 1 500-dən çox səhmdar cəmiyyət var və onların bəzilərinin səhmləri aktiv şəkildə təkrar bazarda ticarət olunur”.

A.Nəcəfzadənin sözlərinə görə kapital bazarındakı gəlirlilik heç də digər bazarlardakından geri qalmır:

“Kapital bazarlarına investisiyalardan əlavə Azərbaycan vətəndaşları daşınmaz əmlaka daha çox etimad göstərir. Amma kapital bazarları haqqında məlumatlı olan şəxslər kapital bazarlarının necə likvid olduğunu bilir və daşınmaz əmlak bazarından çox kapital bazarlarına üstünlük verirlər. Çünki kapital bazarlarındakı gəlirlilik daşınmaz əmlak bazarındakı gəlirlilikdən heç də geri qalmır, hətta bəzən onu üstələyir. Manat və dollarda investisiya etmək istəyən investorlar üçün hər iki valyutada respublikamızda investisiya ediləcək və müəyyən risk faktorlarına görə gəlir əldə edilə biləcək qiymətli kağızlar mövcuddur”.

Mütəxəssis qeyd edib ki, riski sevməyən investorlar ənənəvi investisiyaya yönəlirlər:

“Onlar daşınmaz əmlaka, qızıla, digər qiymətli metallara investisiyalara üstünlük verirlər. Lakin riski gözə ala bilən və daha yüksək gəlirlilik istəyən və likvid şəraitdə istədiyi zaman investisiya elədiyi məbləği tez bir zamanda geri qaytarmaq istəyən investorlar kapital bazarlarına yönəlirlər. Burda da kifayət qədər investisiya olunası və lazım olduqda investisiya olunan vəsaitin rahat şəkildə geri çəkilməsi mümkün olan qiymətli kağızlar mövcuddur.

Anar Nəcəfzadə SOCAR istiqrazlarından da danışıb:

“Qiymətli kağızlar bazarı ölkəmizdə inkişaf etməkdədir. SOCAR istiqrazlarının tədavül müddəti oktyabrın 17-də bitir və SOCAR-ın qərarına əsasən sentyabrın 20-dən oktyabrın 29-na qədər abuna yazılış formasında yeni istiqrazlar buraxılacaq. Bu istiqrazlar dollarla buraxılır. İnvestorlar tərəfindən SOCAR istiqrazlarına çox böyük marağın olması onun ikinci dəfə buraxılması üçün zəmin yaradıb. SOCAR istiqrazları dollarla investisiya etmək istəyən investorların böyük marağına səbəb olacaq. Qeyd edək ki, dollarla investisiya edilən qiymətli kağızlar içərisində SOCAR istiqrazları respublikada birinci yerdədir və özünü doğruldub”.

İqtisadçı ekspert Cəfər İbrahimli investisiya edənlərin diqqətə almalı olduğu məqamlara toxunub:

“İnvestorun ilkin olaraq baxdığı bir neçə məsələ var. Ona investisiya etdiyi maliyyə alətinin likvidlik imkanları, riski və investisiyanın müddəti maraqlıdır. İnvestisiyalar qısa müddətli və uzunmüddətli olur. Azərbaycan bazarında daha çox daşınmaz əmlaka olunan investisiyalar uzunmüddətli investisiya hesab olunur. Çünki onu qısa müddətdə nəğd vəsaitə çevirməkdə bəzən çətinlik olur. Digər sıralarda daha çox orta və qısamüddətli dediyimiz yatırımlar və maliyyə bazarlarında likvidliyi yuxarı olan qiymətli kağızlar gəlir. Bunların likvidliyi daha yüksəkdir. Əlavə olaraq, Azərbaycanda daha çox istifadə olunan bank depozitləri var ki, bunlar əsasən bir illikdir. Qiymətli metallara da investisiya diqqət çəkir. Paralel olaraq onlayn sistemlər üzərindən fond birjalarında daha qısa müddətli likvidliyi təmin edən qiymətli metalları da almaq mümkündür. Qlobal iqtisadi proseslər fonunda investor bu məsələləri nəzərə alaraq investisiya edir”.

“Düşünürəm ki, indiki qlobal proseslər fonunda insanların bir qədər qısa müddətli və likvidliyi yuxarı olan maliyyə alətlərinə investisiya etmələri məsləhət olar”

Cəfər İbrahimli

&

Ekspert hesab edir ki, hazırda qısa müddətli alətlərə investisiya etmək daha məqsədəuyğundur:

“Düşünürəm ki, indiki qlobal proseslər fonunda insanların bir qədər qısa müddətli və likvidliyi yuxarı olan maliyyə alətlərinə investisiya etmələri məsləhət olar. Çünki dünya iqtisadiyyatında baş verən proseslərdə dəyişkənlik çox yüksəkdir. Həm iqtisadi sferada alınan qərarlarda, həm pandemiya ilə bağlı qeyri-müəyyənliklər var. Bu baxımdan indiki vəziyyətdə daha çox bir ilə qədər likvidliyi təmin oluna biləcək alətlərə investisiya etmək daha uyğun görünür”.

Mənbə:
0
963
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar