Əfqanıstan - bitməyən müharibələr və böhranlar ölkəsi


 
 
Əfqanıstan son zamanlar bu ölkədə baş verən dağıdıcı hadisələrin, proseslərin, siyasi-iqtisadi böhranın şiddətlənməsi ilə yenidən dünyanın diqqət mərkəzindədir. Qısa zaman kəsimlərini və daha uzaq tarixi keçmişi nəzərə almasaq, qırx ildən artıq bir dövrdə əfqan cəmiyyəti işğallarla, daxili müharibələrlə, kəskin siyasi-iqtisadi, sosial böhranlarla yaşayır. 
 
Məhz bu faciəvi hadisələrin nəticəsində milyonlarla əfqan həyatını, sağlamlığını itirib, vətənlərindən didərgin düşüb, siyasi, iqtisadi, mədəni kriteriyalarla yanaşdıqda Əfqanıstan dünyanın ən geridəqalmış ölkələrindən birinə çevrilib. Əfqanıstanda hərbi-siyasi, sosial böhranın yenidən dərinləşməsi ölkəni tamamilə süquta və yaxud da növbəti dəfə bir neçə onillik geri sala bilər.
 
Əfqanıstanın geostrateji yerləşməsi
 
Cənubi Asiyada yerləşən Əfqanıstan regionda olduqca mühüm geostrateji əhəmiyyətə malikdir. Ölkə, ən çox əhaliyə və resurslara malik dörd region – Cənubi Asiya, Mərkəzi Asiya, Orta Şərq, Uzaq Şərq - arasında yerləşməklə vacib geostrateji üstünlüklərilə seçilir. Bu səbəbdən də vaxtilə Böyük Britaniya, Rusiya imperiyalarının, daha sonra ABŞ və Sovet İttifaqının geosiyası maraqlarının toqquşduğu Əfqanıstan bu gün də qlobal və regional güc mərkəzlərinin geostrateji baxımdan həssas yanaşdığı ölkə rolunu qoruyub saxlayır. Xüsusilə də qonşu regional dövlətlərin (Pakistan, Hindistan, Çin, İran) Əfqanıstanda spesifik geostrateji, geoiqtisadi maraqları var və bir vacib məqam da nəzərə alınmalıdır ki, qeyd etdiyimiz bu ölkələr bölgədə bir-biri ilə sərt rəqabətdədir. Bu amil də son onilliklərdə Əfqanıstanda vəziyyəti mürəkkəbləşdirən faktorlardan hesab olunmalıdır. Belə demək mümkündürsə, əfqan torpağında üstünlük əldə edən dövlətin bölgədəki güc balansını öz xeyrinə dəyişdiyi təsəvvürü formalaşıb.
 
Əfqanıstanda sülhün, stabilliyin təmin olunması hazırda regional təhlükəsizlik üçün mühüm əhəmiyyət daşıyır. Region dövlətlərini Əfqanıstanın stabilliyində maraqlı edən amillərə qısa nəzər salaq. 
 
Hindistan ilk növbədə özünün enerji təhlükəsizliyi baxımından, daha dəqiq desək TAPI layihəsi (bu layihə barədə bir qədər sonra) kontekstində yanaşdıqda Əfqanıstanda xaotik proseslərin olmasında maraqlı deyil. Həmçinin, Hindistanın ölkədə böyük iqtisadi payları var. Belə ki, Taliban devrildikdən sonra Dehli əfqan hökumətinin müxtəlif inkişaf proqramlarına maliyyə, investisiya dəstəyi verib. Qeyd edək ki, Hindistan və Əfqanıstan arasında Strateji Tərəfdaşlıq Sazişi mövcuddur və bu sazişin bəndlərindən biri əfqan təhlükəsizlik qüvvələrinə təchizat, təlim yardımını nəzərdə tutur.
 
Pakistan üçün Əfqanıstanda sabitliyin olmasının ilk növbədə ölkənin daxili təhlükəsizliyi, stabilliyi baxımından mühüm əhəmiyyəti var. Əfqanıstanla həmsərhəd bölgələrdə ekstremist silahlı qrupların təhdidləri İslamabadı ciddi surətdə narahat edir.
 
Sincan bölgəsində daxili təhlükəsizliyi təmin etmək istəyi Çini Əfqanıstanın stabilliyində maraqlı edir. Onu da qeyd etmək lazımdır ki, Əl-Qaidə və Sincandakı dini terrorçu təşkilatlar arasında əlaqələrin olması ilə bağlı müxtəlif iddialar var. 
 
Son 20 ildə Əfqanıstanda ABŞ hərbi bazalarının mövcudluğu da İranı qayğılandıran əsas məqamlardan hesab olunurdu. Eyni zamanda sələfi və digər radikal sünni ideologiyalı təşkilatların da Əfqanıstanda fəaliyyəti Tehranı ciddi narahat edir.
 
Rusiyanı Əfqanıstanın əmin-amanlığında maraqlı edən əsas amillər Mərkəzi Asiyada, ölkənin cənub sərhədlərində sabitliyin təmin olunması, tiryək və digər narkotik vasitələrin axınının qarşısının alınması ilə bağlıdır.
 
Əfqanıstanın geostrateji əhəmiyyətini artıran amillərdən biri də vacib enerji, nəqliyyat xətlərinin üzərində yerləşməsidir. Baxmayaraq ki, Əfqanıstan özü enerji resursları ilə zəngin deyil, Türkmənistan, İran kimi dünyanın ən nəhəng qaz ehtiyatlarına sahib dövlətlərilə qonşu olması ölkəni geoiqtisadi mövqe baxımından daha da önəmli edir. Əfqanıstan üzərindən keçməsi və əfqanların özlərinin də istifadəsi üçün nəzərdə tutulan bəzi enerji xətlərinə, layihələrinə nəzər salaq :
 
a)    Qırğızıstan və Tacikistandan Əfqanıstana, Pakistana elektrik enerjisinin ötürülməsini nəzərdə tutan CASA – 1000 (The Central Asia – South Asia ) layihəsi;
b)    Türkmənistan,  Əfqanıstan,   Pakistan,  Hindistan  arasında   qaz  nəqlini  təmin   edəcək         TAPI layihəsi;
c)     Əfqanıstanın bir çox layihələrlə fəaliyyət göstərə biləcəyi Mərkəzi və Cənubi Asiya Elektrik Bazarının (CASAREM – The Central Asia – South Asia Regional Electricity Market) qurulması;
d)    Çindən Əfqanıstan, Tacikistan, Qırğızıstan üzərindən keçərək İrana gedəcək dəmir yol xətti – FNRC ( The Five Nations Railway).
 
Geostrateji baxımdan regionda olduqca əhəmiyyətli mövqeyə malik olan Əfqanıstan həm də zəngin təbii resursları ilə də seçilir. Daha dəqiq desək, ölkə kəşf olunmuş və yaxud hələ də kəşf olunmamış böyük həcmli mineral ehtiyatlara (dəmir, mis, kobalt, qızıl, gümüş, lityum və s.) malikdir. Ancaq uzun illər ölkədə davam edən müharibələr, qeyri-sabitlik dəyəri yüz milyardlarla ölçülən bu yeraltı sərvətlərin istismarına və dünya bazarına çıxarılmasına imkan vermir. Məsələn, ölkədə xarici və daxili investisiyalar üçün münbit şərait yaranarsa Əfqanıstan qarşıdakı 10 il ərzində dünyada dəmir və misin ən böyük ixracatçısına çevrilə bilər. Qeyd edək ki, ölkənin malik olduğu mineral ehtiyatlar Əfqanıstanın iqtisadi inkişafında olduqca mühüm rol oynamaq potensialına malikdir. Ümumiyyətlə, qeyd etdiyimiz mineral resursların istismarı və dünya bazarına ixracı ölkədə yoxsulluğun aradan qaldırılmasında əsas vasitələrdən biri kimi qəbul edilir. 
 
Beləliklə, Əfqanıstanın həm coğrafi mövqeyi, həm də malik olduğu təbii resurslar ölkəni regionun geosiyasi, geoiqtisadi əhəmiyyətinə görə seçilən dövlətlərindən birinə çevirir. Eyni zamanda Əfqanıstanda baş verən istənilən siyasi böhran, müharibələr, qeyri-sabitlik bütövlükdə bölgənin təhlükəsizliyinə ciddi risklər yaratmaq gücündədir. Bu səbəbdən də son zamanlar əfqan torpağında baş verən hadisələr, təhlükəli proseslər region dövlətlərini xüsusilə narahat edir.
 
Əfqan münaqişəsi kənar güc mərkəzlərinin maraqları və iştirakı kontekstində
 
Hazırda Əfqanıstanda baş verən hadisələrin mahiyyətini anlamaq üçün nəzərə alınmalı əsas amillərdən biri də kənar oyunçuların bu proseslərdə iştirakıdır. Əfqanıstanda xüsusi maraqları olan və bu ölkədə cərəyan edən proseslərə ciddi təsir imkanları ilə seçilən əsas ölkələrdən biri qonşu Pakistandır. Son otuz ilə yaxın dövrdə əfqan siyasətinə İslamabadın əsas təsir vasitəsi vaxtı ilə formalaşmasında, hakimiyyətə gəlməsində və bu gün də yenidən güclənməsində yaxından iştirak etdiyi Talibandır. Doğrudur, Pakistan taliblərin hərbi xarakterli diversiya-terror aktları, hücumları, ekstremist fəaliyyəti ilə hər hansı bağlantısının olmasını rədd etsə də bu hərəkatla bütövlükdə siyasi əlaqələrinin olduğunu da gizlətmir. İslamabad Talibanla olan yaxın siyasi münasibətlərindən Əfqanıstanda vəziyyətin stabilləşməsi üçün geniş istifadə etdiyini vurğulayır. Bu baxımdan Pakistan rəsmiləri 2020-ci ilin fevralında Talibanla ABŞ arasında imzalanmış razılaşmanın əldə olunmasında böyük rol oynadıqlarını xüsusi qeyd edir.
 
 
Əfqanıstanda regional rəqiblərinin (Hindistan, İran) nüfuz dairəsi formalaşdırmaq cəhdləri də İslamabadı ciddi narahat edir və bu ölkədə daha fəal olmasını şərtləndirir. Beləliklə, Pakistanın Talibanın yenidən Əfqanıstanda dominant gücə çevrilməsində əsas hədəfi burada təsir gücünü artırmaqla bölgədəki geosiyasi maraqlarını təmin etməkdir.
 
Əfqanıstanda baş verən proseslərdə birbaşa və ya dolayı iştirak edən digər kənar güc mərkəzləri kimi ABŞ, Rusiya, İran, Hindistan, Çin, Səudiyyə Ərəbisanı, Qətər və s. dövlətlərin də adlarını qeyd etmək olar. ABŞ Əfqanıstanda hərbi mövcudluğunu dayandırmağa hazırlaşsa da bu, Vaşinqtonun ölkədən həm də siyasi baxımdan çəkilməsi anlamına gəlməməlidir. Regionda, xüsusilə də Əfqanıstanda ABŞ-ın ciddi geostrtaeji, təhlükəsizlik maraqları qalmaqdadır və bu səbəbdən də Ağ Evin yeni Taliban hökuməti və müxtəlif siyasi qüvvələrlə işləməyə davam edəcəyi şübhəsizdir. ABŞ-ın Əfqanıstandan hərbi qüvvələrini çıxartmasında digər vacib məqam, fikrimizcə, Vaşinqtonun bölgədəki təhlükəsizlik risklərini Çin, Rusiya, Hindistan, İran kimi qlobal, regional rəqibləri ilə bölüşmək istəyi ola bilər.
 
Rusiyanın Əfqanıstan siyasətinin əsasında təhlükəsizlik amili dayandığından Moskvanın son illərdə bu ölkəyə yönəlik fəaliyyətinin məqsədi konfiliktdə olan ayrı-ayrı qüvvələri kompromisə gətirmək, onlar arasında davamlı sülhə nail olmaqdan ibarətdir. Moskva bu məqsədlə bir neçə dəfə qarşı duran tərəflər arasında danışıqlar təşəbbüsü ilə çıxış edib və son olaraq bu ilin mart ayında Rusiya əfqan münaqişəsi ilə bağlı beynəlxalq konfransa ev sahibliyi edib. Konfransda əfqan hökuməti və Taliban nümayəndələri ilə yanaşı, ABŞ, Pakistan, İran, Çin, Hindistan təmsilçiləri də iştirak edib. Moskvada aparılan danışıqlardan sonra dörd ölkənin (Rusiya, ABŞ, Çin, Pakistan) birgə bəyanatında münaqişə tərəfləri zorakığılı dayandırmağa çağrılmaqla yanaşı, o da qeyd olunurdu ki, bəyanatı imzalayan dövlətlər Taliban iqtidarı dövründə Əfqanıstanda mövcud olmuş İslam Əmirliyinin bərpasını müdafiə etmir. Eyni zamanda Rusiyanın əfqan münaqişəsi ilə bağlı siyasətində diqqət çəkən əsas məqamlardan biri də Moskvanın region dövlətlərinin (Pakistan, Çin, İran, Hindistan, Səudiyyə Ərəbistanı) Əfqanıstanla bağlı maraqlarını nəzərə almağa çalışmasıdır.
 
Talibanın Əfqanıstanda yenidən dirçəlişində maraqlı olmayan dövlətlərdən biri də Hindistandır. İlk növbədə Hindistanın əsas regional rəqibi olan Pakistanın Talibanla yaxınlığı Dehlini qayğılandıran əsas məqamlardan biri kimi qəbul edilməlidir. Bütövlükdə, Hindistan əfqan münaqişəsinin zorakılıq müstəvisindən kənarda yalnız danışıqlar və beynəlxalq aktorların iştirakı ilə nizamlanmasında maraqlıdır və bu səbəbdən də Əfqanıstanı daimi sülhə gətirəcək istənilən təşəbbüsə siyasi-diplomatik dəstək verməkdən çəkinmir.
Hindistan kimi Çin də Əfqanıstanın daxili sabitliyində maraqlıdır. Xüsusilə, Əfqanıstandan qaynaqlanan islam fundamentalizminin Çinin Sincan bölgəsində dini ekstremizmi körükləməsi Pekini narahat edən əsas amillərdəndir. ABŞ-ın Əfqanıstan siyasətinə tənqidi yanaşsa da, Çin amerikan hərbi qüvvələrinin əfqan torpağını tərk etməsindən sonra ölkədə yaranacaq güc boşluğunun hansı nəticələrə gətirib çıxaracağı dilemmasını da aydın dərk edir. Əfqanıstanda xaosun, hərc-mərcliyin olmasını Çin həm də özünün “Bir kəmər – Bir yol” qlobal layihəsinə əsas təhdidlərdən biri kimi qəbul edir. Çin rəsmiləri Əfqanıstandakı münaqişənin kənar güclərin müdaxiləsi olmadan yalnız daxili milli barışığın əldə olunması ilə nizamlanmasının tərəfdarı olduğunu bildirirlər. Onu da qeyd etmək lazımdır ki, Çinin Əfqanıstan siyasəti praqmatizmə əsaslanır və bu baxımdan, Pekinin Taliban da daxil olmaqla, ölkənin əsas hərbi-siyasi qüvvələrilə müəyyən səviyyədə münasibətlər qurmağa nail olması qeyri-adi qarşılanmamalıdır.
 
İranın da əhalisinin müəyyən hissəsini şiələr təşkil edən şərq qonşusunda cərayan edən proseslərə özünəməxsus təsir imkanları var. Xorasan İslam Dövləti kimi radikal sələfi ideologiyalı ekstrimist qrupların Əfqanıstanda fəaliyyəti İranın yalnız təhlükəsizliyinə deyil, həm də ərazi bütövlüyünə müəyyən təhdidlər yaradır və bu səbəbdən də Tehran həmin qruplara qarşı bütün vasitələrlə mübarizə aparmağa çalışır. Son zamanlar hətta Tehranın qeyd etdiyimiz terrorçu-ekstremist qruplara qarşı mübarizədə Talibana maliyyə-hərbi yardım etməsi ilə bağlı ciddi iddialar da ortaya atılır. Belə görünür ki, İranı hətta Talibanın rəhbərliyi altında olacaq sabit Əfqanıstan daha çox maraqlandırırnəinki qeyri-müəyyənliyin, vətəndaş müharibəsinin genişləndiyi ölkə. O da qeyd olunmalıdır ki, Əfqanıstanda vəziyyətin nəzarətdən çıxmasının ən böyük siyasi, iqtisadi, demoqrafik fəsadlarını yaşayacaq ölkələrdən biri kimi İran qəbul edilir.
 
Əfqanıstanda baş verən son hadisələrdə Səudiyyə Ərəbistanının iştirakı passiv görünsə də Ər-Riyad ölkədaxili və kənar aktorların vasitəsilə proseslərin gedişinə təsir etmək siyasəti həyata keçirir. Səudiyyə Ərəbistanının regionda ənənəvi müttəfiqi Pakistandır və Ər-Riyad Əfqanıstan siyasətini zaman-zaman İslamabadla uzlaşdırmağa çalışır. Talibana dəstək məsələsində ciddi fikir ayrılığına baxmayaraq Ər-Riyad Pakistanın əfqan siyasətindəki vacib rolunu qəbul edir. Haşiyəyə çıxaraq onu da qeyd etmək istərdim ki, vaxtilə Talibanın formalaşmasında Səudiyyə Ərəbistanı da Pakistanla bərabər yaxından iştirak edib, ancaq 1990-cı illərin sonlarında Əl-Qaidanın Əfqanıstandakı fəaliyyinə görə Ər-Riyadla taliblərin münasibətləri xeyli soyuyub. Məhz bu səbəbdən də Səudiyyə Ərəbistanı ABŞ-ın 2001-ci ildə Əfqanıstana hərbi müdaxiləsinə və sonrakı addımlarına siyasi-diplomatik, maliyyə dəstəyi göstərib.
 
Əfqanıstanda baş verən proseslərdə birbaşa iştirak edən digər ərəb dövləti Qətərdir. Rəsmi Doha ötən ilin sentyabrından Taliban və əfqan hökuməti arasında başlanan danışıqlar prosesinə ev sahibliyi və vasitəçilik edib. Əfqanıstanda münaqişə edən tərəflərlə münasibətlərinin normal olması Qətərə bu mürəkkəb danışıqlar prosesində vasitəçilik missiyasını öz üzərinə götürməyə imkan verir. Onu da qeyd edək ki, Dohanın danışıqlarda vasitəçilik missiyasından o qədər də məmnun olmayan dövlət Səudiyyə Ərəbistanıdır.
 
Əfqanıstanda münaqişənin dinc nizamlanması məqsədi ilə son zamanlar Özbəkistan tərəfindən də beynəlxalq təşəbbüs irəli sürülmüşdür. Belə ki, 15-16 iyulda Daşkənddə keçirilən beynəlxalq konfrans çərçivəsində Əfqanıstanda daxili böhranın həlli istiqamətində məsləhətləşmələrin aparılması üçün Özbəkistan, ABŞ, Əfqanıstan, Pakistandan ibarət beynəlxalq platformanın formalaşdırılması razılaşdırılıb. Daşkənd, Əfqanıstanda baş verən xaotik proseslərin Mərkəzi Asiyaya, Özbəkistana keçməsi ehtimalından narahatdır və bu səbəbdən özü də münaqişənin dinc nizamlanmasında fəallıq göstərməyə çalışır. Qeyd etmək lazımdır ki, uzun zamandır bölgədə Talibana və digər radikal dini qruplara bağlı Özbəkistan İslam Hərəkatı kimi terrorçu təşkilatların fəaliyyəti Daşkənd üçün ciddi təhlükəsizlik riskləri yaradır.
 
Əfqanıstandakı mövcud hərbi-siyasi vəziyyət
 
Avqustun 15-də Taliban hərbi qüvvələrinin paytaxt Kabili ələ keçirməsindən sonra taliblər ölkə ərazisinin mütləq əksəriyyətinə nəzarət edir. Hal-hazırda Talibana qarşı müqavimətin mərkəzi paytaxt Kabildən 150 km şimalda yerləşən və etnik taciklərin yaşadığı Pəncşir bölgəsi sayılır. Zamanında əfqanların əfsanəvi səhra komandirlərindən biri olmuş Əhməd Şah Məsudun oğlu Əhməd Məsudun rəhbərlik etdiyi Əfqanıstan Milli Müqavimət Cəbhəsi ölkədə digər anti-Taliban qüvvələrini ətrafında toplayacağına və ciddi uğur qazanacaqlarına ümid edir. Qeyd edək ki, bəzi mənbələrin verdiyi məlumata görə artıq keçmiş əfqan ordusunun, xüsusi təyinatlılarının bəzi hissələri də Əhməd Məsudun rəhbərlik etdiyi hərbi-siyasi birliyə qoşulub. Bununla belə, hazırda tərəflər arasında mövcud olan qüvvələr nisbəti yaxın perspektivdə müqavimətçilərin ciddi uğurlara nail olacağını düşünməyə əsas vermir. Bütün bunlarla bərabər, o da qeyd olunmalıdır ki, Pəncşiri tutmaq Taliban üçün də asan olmayacaq və məhz bu amili nəzərə alaraq taliblər hələ ki, Milli Müqavimət Cəbhəsi ilə danışıqlar apararaq münasibətlərini aydınlaşdırmaq istəyirlər. Pəncşirin ələ keçirilməsini çətinləşdirən əsas məqamlar bölgənin coğrafi mövqeyi (3000 metr hündürlükdə dağlarla əhatə olunması və s.) və əhalisinin cəsur, döyüşkən olması ilə bağlıdır. Tarixi aspektdən də yanaşdıqda Pəncşir 1980-ci illərdə sovet işğalına, 1990-cı illərin sonlarında isə Taliban rejiminə qarşı “yenilməz qala” kimi çıxış edib.
 
Əfqanıstanda vəziyyəti qeyri-müəyyən edən, mürəkkəbləşdirən məqamlardan biri də Taliban ilə İŞİD və digər radikal dini terrorçu qruplaşmalar arasında olan ziddiyyətlərdir. Bir neçə gün əvvəl Kabil Hava Limanı yaxınlığnda törədilən və İŞİD tərəfindən üzərinə götürülən terror aktı da Əfqanıstanın “Suriyalaşması” ehtimalının heç də əsassız olmadığını təsdiqləyir. Qeyd edək ki, Talibanın ölkədə fəaliyyət göstərən radikal terrorçu qruplarla münaqişəsinin genişlənməsi yalnız Əfqanıstan üçün deyil, bütövlükdə region dövlətləri üçün ciddi təhlükəsizlik riskləri yaradır.
 
20 il əvvəl ABŞ-ın rəhbərlik etdiyi koalisiya tərəfindən (kənar müdaxilə ilə) hakimiyyətdən devrilən Talibanın yenidən Əfqanıstanda dominant gücə çevrilməsi faktı ortadadır və bu reallıq son zamanlar qlobal və regional güclər tərəfindən də qəbul edilir. Talibanın əfqan cəmiyyətində sosial dayaqlarının güclü olmasının səbəblərinə keçməzdən öncə qısa olaraq bu sərt dini-siyasi hərəkatın meydana çıxma tarixinə nəzər salaq. 1990-cı illərin əvvəllərində siyasi meydana çıxan və etnik puştunlardan təşkil olunan Taliban hərəkatı ideoloji və təşkilati olaraq əsasən Pakistandakı əfqan qaçqınları üçün nəzərdə tutulan dini mədrəsələrdə formalaşmışdır. Onu da qeyd edək ki, “taliban” sözünün mənası da puştun dilində “tələbələr” deməkdir. Talibanın ölkədəki digər siyasi və yaxud siyasiləşmiş dini qüvvələrdən əsas fərqi ondan ibarət olmuşdur ki, onlar cəmiyyətin sərt şəriət qaydaları ilə idarə olunmasını təbliğ edirdilər və sovet qoşunları Əfqanıstanı tərk etdikdən sonra (1989) baş verən vətəndaş müharibəsi, hərc-mərclik bu hərəkatın hərbi-siyasi, ideoloji fəaliyyəti üçün geniş imkanlar yaratdı. Məhz bu imkanlardan istifadə edərək və bəzi kənar güclərin də dəstəyini alaraq Taliban rəqibləri üzərində hərbi-siyasi zəfərlər əldə etməklə 1996-cı ildə hakimiyyətə gəlməyə nail oldu. Hakimiyyətə gəldikdən sonra qısa müddət ərzində Əfqanıstan ərazisinin 90%-i üzərində nəzarəti ələ alan taliblər ölkədə sərt dini qaydalarla idarə olunan rejim formalaşdırdılar. Məsələn, Talibanın qərarı ilə televiziya, teatr, kino qadağan edildi, qadınların işləmək, 10 yaşdan yuxarı qızların təhsil almaq hüququ ləğv olundu və s. Bütün bu anti-bəşəri, ifrat gerici qərarlarına baxmayaraq hakimiyyətinin ilk illərində Taliban cəmiyyətdə nüfuzunu qoruyub saxlaya bilmişdiKorrupsiya, narkoticarətlə mübarizə, yolların bərpası, ticarətin çiçəklənməsi üçün müəyyən dərəcədə əmin-amanlığın yaranması həmin dövrdə Taliban hökumətinin əfqanlar arasında populyarlığına səbəb olan faktorlar idi.
 
Ümumiyyətlə, həmin dövrdə də, indi də Talibanın əfqanlar arasında geniş dəstək almasının əsas səbəbləri kimi bunları qeyd etmək olar: əfqanların sosial strukturunda, düşüncəsində dini meyillərin, yerli adət- ənənələrə bağlılığın yüksək həddə olması, ölkədə ədaləti, rifahı, sabitliyi təmin etməli olan dövlət orqanlarının institutlaşmaması, təhsillə bağlı ciddi problemlərin mövcudluğu, əhalinin savadlılıq və siyasi şüur səviyyəsinin aşağı olması, yoxsulluq, yaşayış standartlarının ağırlığı və s. Bu yaxınlarda Dünya Bankı Qrupunun yaydığı hesabatda Əfqanıstan iqtisadiyyatında ciddi geriləmələrin olduğu, iqtisadi-sosial sektorun bir sıra kriteriyalarına görə ölkənin dünya üzrə sonuncu yerlərdən birini tutduğu qeyd olunur. Talibanın ölkədə ciddi sosial dayaqlarının olmasının daha bir səbəbi bu hərəkatın etnik puştunlardan təşkil olunmasıdır. Qeyd edək ki, çoxmillətli Əfqanıstanda puştunlar əsas etnik qrup olmaqla bərabər, həm də müstəqil əfqan dövlətçiliyinin yaradıcısıdırÖlkə əhalisinin 42%-i puştunlardan təşkil olunub. Bütövlükdə, Əfqanıstanda 4 əsas etnik qrup (puştun, tacik, hazara, özbək) və 21 milli azlıq yaşayır. 
 
2001-ci ildə devrildikdən sonra Taliban tədricən yenidən güc toplamaq və ölkədə təsirini artırmaq strategiyasını həyata keçirdi. Taliblərin bu strategiyası əsasən özünü doğrultdu və artıq 2010-cu illərin əvvəllərindən ciddi hərbi-siyasi qüvvə olduqlarını növbəti dəfə təsdiqlədilər. Onu da qeyd etmək olar ki, Taliban mübarizə taktikasını dəyişmədiyini də törətdiyi zorakılıq aktları, ideoloji cəhətdən düşmən hesab etdiyi şəxslərə, dövlət orqanlarına, NATO bazalarına silahlı hücumlarla nümayiş etdirdi. Belə hücumlara misal olaraq paytaxt Kabildə törədilən terror aktlarını, 2012-ci ilin sentyabrında NATO hərbi bazasına edilən qəfil həmlələri göstərmək olar. Talibanın devrildikdən sonra əldə etdiyi ilk ən böyük hərbi uğur 2015-ci ildə əyalət mərkəzi olan, strateji əhəmiyyətli Qunduz şəhərini tutması oldu. Eyni zamanda taliblər də bu illər ərzində əfqan hökumət qüvvələri və NATO tərəfindən ciddi zərbələr aldılar. Bu zərbələr nəticəsində on minlərlə Taliban döyüşçüsü öldürüldü, o cümlədən hərəkatın lideri olmuş Molla Mənsur 2016-cı ildə Birləşmiş Ştatların dron zərbəsi ilə fiziki cəhətdən məhv edildi. 
 
Bütün bunlara baxmayaraq, Taliban əvvəldə də qeyd etdiyimiz kimi, hərbi-siyasi, ideoloji gücünü yenidən formalaşdırmağa nail olub və bəzi ciddi mənbələrin hesablamalarına görə hərəkat hazırda 85.000 nəfərlik silahlı döyüşçüyə malikdir.
Əfqanıstanda böhranın, qarşıdurmanın yalnız güc yolu ilə həllinin səmərəsizliyini anlayan ABŞ, eləcə də rəsmi Kabil son illərdə Talibanla dialoqa getmək məcburiyyətində qalıb. Taliban və Əfqanıstanda beynəlxalq koalisiyaya rəhbərlik edən ABŞ arasında birbaşa danışıqlar 2018-ci ildən başlayıb və 2020-ci ilin fevralında tərəflər arasında razılaşmanın imzalanması ilə yekunlaşıb. Razılaşmaya əsasən, ABŞ əsgərlərini 14 ay ərzində Əfqanıstandan tamamilə çıxartmağı, Taliban isə Əl-Qaidə və digər terrorçu təşkilatlarla əlaqəsini kəsəcəyi öhdəliyini öz üzərinə götürdü. Son olaraq aprel ayında ABŞ prezidenti Bayden ölkəsinin Əfqanıstandakı hərbi qüvvələrinin bu ilin sentyabrın 11-dək çıxarılacağını bəyan etdi. Onu da əlavə edək ki, ABŞ və NATO-nun ölkədəki hərbi qüvvələrinin əsas hissəsi 2014-cü ildə çıxarılıb. 
 
Qeyd etmək lazımdır ki, keçmiş əfqan hökuməti də son illərdə Talibanla danışıqlardan çəkinməyib və bu danışıq mərhələlərindən biri 2020-ci ilin sentyabrında Qətərin paytaxtı Dohada başlayaraq son zamanlara qədər davam edib. Beynəlxalq vasitəçilərin yardımı və iştirakı ilə baş tutan bu dialoq prosesi də uğursuzluqla nəticələnib. Bir çox təhlilçilərə görə Əfqanıstanda vətəndaş sülhünə nail olmağın yeganə yolu münaqişə edən bütün tərəflərin konsensusa gələrək yeni siyasi sistemi formalaşdırması olardı. 
 
Bir vacib məqamı da vurğulamağa ehtiyac var ki, Talibana qarşı əsas hərbi-siyasi qüvvə olan Əfqanıstan Milli Müqavimət Cəbhəsi də ölkədə yeni ədalətli seçkilərin keçirilməsini, vətəndaş hüquqlarının qorunmasını, əyalətlərə geniş səlahəyyətlərin verilməsini Əfqanıstanda davamlı sülhün təmin edilməsinin əsas şərtləri kimi qəbul etdiyini bəyan edir.
 
Daha bir vacib məqamı da qeyd etmək lazımdır ki, Taliban hərəkatı da son dövrlərdə taktikasında dəyişiklik edərək rəqib, düşmən hesab etdiyi dövlətlərlə, qüvvələrlə dialoq imkanından yararlanmağa çalışır. Taliban yalnız mübarizə apardığı qüvvələrlə deyil, həmçinin regionda maraqları olan Rusiya, Çin kimi dövlətlərlə də fəal danışıqlar prosesini həyata keçirir. Son zamanlar Talibanın fəal diplomatiyadan istifadə edərək beynəlxalq arenada mötədil davranış nümayiş etdirməsi də təbii ki, hərəkatın bəlli strateji məqsədlərinə xidmət edir. Bu məqsədləri əsasən belə sıralamaq olar: Əfqanıstanda yenidən ələ aldığı hakimiyyətinə qarşı bu ölkələrin loyallığını təmin etmək, beynəlxalq səviyyədə legitimlik problemləri ilə üzləşməmək və regional-qlobal inteqrasiya proseslərində fəal iştirak etmək, ölkənin iqtisadi-sosial bərpası işinə maraqlı ölkələri cəlb etmək. Yeri gəlmişkən, o da qeyd olunmalıdır ki, 1996-2001-ci illərdə Taliban hakimiyyətdə olarkən siyasi-diplomatik müstəvidə ciddi legitimlik problemləri var idi və yalnız üç ölkə – Pakistan, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri taliblərin Əfqanıstan İslam Əmirliyini rəsmən tanımışdır. 
 
Talibanın yenidən iqtidar olması və ölkə ərazisinin mütləq əksəriyyətinə nəzarət etməsinin ABŞ qoşunlarının Əfqanıstandan tamamilə çıxarılması fonunda baş verməsi faktı proseslərin hansı istiqamətdə inkişaf edəcəyi ilə bağlı qeyri-müəyyənliyi artıran məqamlardan hesab olunmalıdır. Bəzi təhlilçilər, hətta ABŞ-ın Əfqanıstandakı hərbi təmsilçiləri amerikan qoşunlarının çıxarılmasından sonra ölkədə “dünyanı narahat edəcək” xaotik vətəndaş müharibəsinin başlanması ehtimalının yüksək olduğunu bildirirlər. 
 
Bir vacib məqamı da qeyd etmək yerinə düşər ki, Talibanın belə qısa müddət ərzində hakimiyyəti ələ almasını və əfqan ordusunun ciddi müqavimət göstərmədən təslim olacağını amerikan rəsmiləri də gözləmirdilər. Məsələn, bu yaxınlarda ABŞ kəşfiyyatı belə bir qənaətini bölüşmüşdür ki, amerikan hərbi qüvvələri ölkədən çıxarılandan sonra əfqan hökuməti 6 ay içərisində devriləcək. Qeyd edək ki, 1989-cu ildə SSRİ qoşunları Əfqanıstandan çıxarılanda da ölkə illərlə davam edən böyük vətəndaş müharibəsi ilə üzləşmişdir və bu dağıdıcı proseslərin gedişində sovetyönümlü Nəcibulla hakimiyyəti devrilmişdi. Bu baxımdan amerikan qoşunlarının Əfqanıstandan çıxarılması hadisəsini 32 il əvvəl baş verən proseslərlə müqayisə etmək, tarixi paralellər aparmaq olar. Ancaq hər bir müqayisə tam uğurlu olmadığı kimi bizim tarixi kontekstdə apardığımız bu müqayisədə də qüsurlar tapmaq mümkündür. Bu qüsurları da Əfqanıstan daxilində qüvvələr nisbətinin və regionda, dünyada geosiyasi konyukturanın fərqli olması ilə əlaqələndirə bilərik. Beləliklə, vaxtilə Böyük Britaniyanın, SSRİ- nin məyus halda çıxdığı ölkəni bu gün ABŞ 20 ildən sonra uğursuzluğunu qəbul edərək qoşunlarını çıxarır. Baş verənləri bütövlükdə Əfqanıstanın dünya tarixi üçün geosiyasi “dərsləri” hesab etmək olar.
 
Əfqanıstanda bu gün baş verən dağıdıcı hadisələrin, təhlükəli proseslərin səbəblərini əsasən 2 amillə əsaslandırmaq olar: daxili və xariciDaxili amillər kimi siyasi-dövlət institutlarının zəifliyini, qeyri-effektiv fəaliyyət göstərməsini, sosial dayanıqsızlığı (yoxsulluğun, işsizliyin yüksək həddə olması və s.), milli-mental xüsusiyyətlərdən qaynaqlanan problemləri, etnik tərkibin hədsiz heterogenliyini; xarici amillər kimi isə Əfqanıstanın bir çox regional və qlobal güc mərkəzlərinin maraqlarının toqquşduğu geostrateji baxımdan əhəmiyyətli bölgədə yerləşməsini, ABŞ-ın ölkədə yeni dövlət quruculuğu, sosial strukturun formalaşması prosesində iştirakının uğursuz olmasını, bəzi region dövlətlərinin ölkədaxili proseslərə neqativ təsirini göstərmək olar. 
 
Bütün bu qeyd etdiyimiz amillər səbəbindən Əfqanıstan keçmişdə də, bu gün də kəskin siyasi-sosial təbəddülatların yaşandığı ölkəyə çevrilib. Hazırda yenidən iqtidar olan Taliban əleyhdarları ilə mübarizədə üstün mövqedə olsa da, radikal dini hərəkatın ölkəni tam olaraq nəzarəti altına alması yaxın perspektivdə problemli görünür. Buna əsas səbəblər kimi ölkənin mürəkkəb coğrafi mövqeyə, relyefə malik olmasını, Talibana qarşı xeyli sayda qüvvələrin, qruplaşmaların mövcudluğunu, bir sıra regional və qlobal güclərin dəyişkən, çoxgedişli Əfqanıstan siyasətini göstərmək olar. Beləliklə, əfqan siyasətinin dinamik, mürəkkəb xarakteri, regionda formalaşmış geosiyasi konfiqurasiya qarşıdakı proseslərlə bağlı qəti proqnozlar verməyi mümkünsüz edir. Sadəcə olaraq bir məqamı əminliklə qeyd etmək olar ki, Əfqanıstanda vətəndaş müharibəsinin miqyasının böyüməsi və nəzarətdən çıxması bütövlükdə regionu, dünyanı qayğılandıran hadisə sayıla bilər.
 
Mətin Məmmədli, 
Siyasi elmlər üzrə fəlsəfə doktoru
Mənbə:
0
149
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar