Gürcüstanın Baş naziri İrakli Kobaxidze bəyan edib ki, Tbilisidə yeni beynəlxalq hava limanı tikiləcək.
Onun sözlərinə görə, mövcud hava limanının genişləndirilməsi 900 milyon dollara, yenisinin tikintisi isə 1.2 milyard dollara başa gələcək. Genişləndirmə gələcək inkişaf perspektivləri olmadan tutumunu maksimum 15 milyon sərnişinə, yeni hava limanı isə 19 milyon sərnişinə çatdıracaq.
“Mövcud hava limanının tutumu illik təxminən 4-4.5 milyon sərnişindir. Turizm sektorunda çox müsbət dinamikamız var, ziyarətçilərin yüksək artımı gözlənilir ki, bu da infrastruktur sayəsində asanlaşdırılmalıdır. Bizim iki variantımız var idi – mövcud hava limanını genişləndirmək və ya Vazianidə yenisini tikmək. Tbilisi bir neçə ilə tamamilə yeni, ultramüasir hava limanına sahib olacaq”, – deyə Kobaxidze bildirib.