İqtisadiyyatın dayanıqlı inkişafının təmin olunmasında yüksək rəqabətqabiliyyətliliyə malik olmaq mühüm əhəmiyyət kəsb edir. Çünki rəqabətqabiliyyətlilik iqtisadi səmərəliliyin qiymətləndirilməsinin əsas xüsusiyyətlərindən biri olmaqla, iqtisadiyyatın beynəlxalq inteqrasiyasının əsas göstəricilərindən və bir ölkənin dünya ölkələri içərisində gücünü müəyyən edən əsas meyarlardan hesab olunur. Rəqabət “yaşıl iqtisadiyyat”ın inkişafında da mühüm rol oynayır. Məhz rəqabət şirkətlərin və dövlətlərin daha ekoloji və sosial cəhətdən məsuliyyətli fəaliyyət göstərməsini stimullaşdırır.
AZƏRTAC xəbər verir ki, bunu Auditorlar Palatasının sədri, professor Vahid Novruzov Prezident İlham Əliyevin avqustun 27-də “Antiinhisar və istehlak bazarına nəzarət sahələrində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” imzaladığı Fərmanı şərh edərkən söyləyib.
O bildirib ki, Fərmana əsasən antiinhisar, haqsız rəqabət, dövlət satınalmaları, standartlaşma, uyğunluğun qiymətləndirilməsi, keyfiyyətin idarəedilməsi, istehlakçıların hüquqlarının müdafiə edilməsi, istehlak bazarlarına nəzarət və digər sahələrdə dövlət nəzarətinin və tənzimlənməsinin təkmilləşdirilməsi məqsədilə müvafiq Dövlət Agentliyinin yaradılması qərara alınıb. Təbii ki, bu istiqamətlər içərisində ən mühüm əhəmiyyət kəsb edəni iqtisadiyyatda sağlam rəqabətin təmin edilməsinə nail olmaqdır. Bazar iqtisadiyyatı şəraitində sağlam rəqabətin inkişafın və səmərəliliyin yüksəldilməsinin əsas amillərindən biri olması inkar olunmaz fakt kimi qəbul edilib. Azərbaycan xalqının Ulu Öndəri Heydər Əliyev hələ 2002-ci il aprel ayının 25-də Prezident sarayında yerli sahibkarlarla görüşündə rəqabəti çox obrazlı ifadə edərək demişdi: “Bazar iqtisadiyyatı rəqabətdir”. Başqa bir çıxışında isə müstəqil Azərbaycanın memarı göstərmişdir ki, “Azərbaycanda sağlam rəqabət əhvali-ruhiyyəsi yaranmalıdır”.
“Bəli, məhz sağlam, haqlı rəqabət sayəsində tələb və təklifin tarazlaşmasına, məhsul və xidmətlərin qiymətlərinin optimallaşmasına, səmərəsiz fəaliyyət göstərən və normal bazar münasibətlərinin genişlənməsinə əngəllər törədən istehsal subyektlərinin iqtisadi arenadan çıxarılmasına, daha keyfiyyətli nəticələr əldə olunmasına imkan yaranır”, - deyən Auditorlar Palatasının sədri, beynəlxalq təcrübədə sağlam rəqabətin boğulmasının Sahibkarlıq İnstitutunun təhlükəsizliyi üçün qorxulu bir bəla kimi dəyərləndirildiyini vurğulayıb. Onun sözlərinə görə, dünya təcrübəsi göstərir ki, milli tərəqqi yalnız təbii resurslar, bol işçi qüvvəsi, əlverişli iqlim və təbii-coğrafi şəraitdən asılı olaraq təmin olunmur. Bu, daha çox ölkənin və onun müəssisələrinin məhsullarının rəqabətqabiliyyətliyi ilə, buna zəmin yaradan modernləşmənin tətbiqi, innovasiya siyasətinin mükəmməlliyi ilə müəyyən edilir. Təəssüf ki, haqsız rəqabət və bu zaman peşəkar etik qaydaların pozulması halları iqtisadiyyatın bəzi sahələrində bu və ya digər dərəcədə hələ də qalmaqdadır.
“Sağlam rəqabətin təşviqinin və inhisarçılığa qarşı mübarizə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təsdiq etdiyi dövlət proqramlarında, Milli Fəaliyyət və Milli Prioritetlərə həsr olunmuş sənədlərdə, çoxsaylı məruzə, çıxış və görüşlərində daim diqqət mərkəzində saxlanılır. Bunun bariz nümunəsi kimi Prezidentin 2021-ci il 2 fevral tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan 2030: sosial iqtisadi inkişafa dair Milli Prioritetləri” göstərmək olar. Belə ki, beş Milli Prioritetin ikisi məhz rəqabətin inkişafı problemlərini özlərində ehtiva edir. Şəffaflığın artırılması, haqsız rəqabətin qarşısının alınması, rəqabətə davamlılıq, sağlam rəqabət qaydalarının müəyyənləşdirilməsi, rəqabət mühitinin təmin edilməsi kimi mühüm vəzifələr qarşıya məqsəd qoyulub. Bu yaxınlarda qəbul edilmiş Rəqabət Məcəlləsinin əhəmiyyəti də xüsusi vurğulanmalıdır. Yaxın gələcəkdə Prezidentin 27 avqust tarixli Fərmanından irəli gələn vəzifələrin icrası istehlak bazarında rəqabət üstünlüyünün təmin edilməsi, müəssisələrin rəqabətqabiliyyətliliyinin və dayanıqlılığının rəqəmsal transformasiya texnologiyaları vasitəsilə yüksəldilməsi, ölkə iqtisadiyyatının rəqabətqabiliyyətliliyinin yüksəldilməsi və digər istiqamətlərdə uğurlu nəticələrin əldə olunmasına gətirib çıxaracaq”, - deyə V.Novruzov qeyd edib.
Palata sədri diqqətə çatdırıb ki, “yaşıl iqtisadiyyat” şəraitində rəqabətin də əvvəllər diqqət yetirilməyən yeni xüsusiyyətləri özünü büruzə verir. Məsələn, “yaşıl iqtisadiyyat”da rəqabət şirkətləri yalnız iqtisadi-maliyyə göstəricilərinə deyil, həm də sosial və ekoloji məsuliyyətə diqqət yetirməyə təşviq edir. Bununla yanaşı, şirkətlər rəqabətdə üstünlük qazanmaq üçün sosial məsuliyyət, işçilərin hüquqlarının qorunması və yerli icmaların rifahının təmin edilməsi kimi öhdəlikləri yerinə yetirməyə məcbur olurlar. Başqa sözlə, rəqabət şirkətləri və dövlətləri “yaşıl iqtisadiyyat”a səmtləndirir və bu yolla ətraf mühitin qorunması və sosial ədalətə nail olunmasına zəmin yaradır. “Yaşıl iqtisadiyyat” və rəqabət bir-birini tamamlayan konsepsiyalar olmaqla, davamlı inkişafın təminatçılarıdır. “Yaşıl iqtisadiyyat” və rəqabət bir-biri ilə sıx bağlı olmaqla, hər ikisi davamlı inkişafı dəstəkləyir və iqtisadi inkişafı ətraf mühitə daha az ziyan vurmaqla təmin etməyi hədəfləyir.