Azərbaycanda istehlak kreditlərinə və mikrokreditlərə eyni cür yanaşılması düzgün deyil.
"Report" xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Xidmətinin rəisinin müşaviri Elman Sadıqov Bakıda keçirilən "Dayanıqlı Mikromaliyyə üçün İnnovativ Həllər" mövzusunda Azərbaycan Mikromaliyyə Konfransında bildirib.
"Bu kreditlər fərqləndirilməlidir. Təklif edirəm ki, Azərbaycan Mərkəzi Bankı öz hesabatlarında, ümumiyyətlə hesabat formalarında istehlak və mikro kreditləri tam olaraq ayırsın. Biz hər bir kateqoriya üzrə hansı proseslərin getdiyini görək. Çünki, istehlak kreditindən fərqli olaraq mikrokreditlər növbəti mərhələdə dəyər yaradır. Bu kredotlər sahibkarlığın maliyyələşdirilməsi, özünüməşğulluğun təmin edilməsi üçündür. Əgər mikrokredit alan şəxs biznesini inkişaf etdirərsə, yeni əməkdaşlar cəlb edərək, özü məşğulluq yaradacaq", - deyə o qeyd edib.
Bundan başqa, Dövlət Xidməti rəsmisi deyib ki, mikrokreditlərin verilməsində ən böyük problemlərdən biri əlçatanlıqla bağlıdır: "Bu kreditlərə ən çox kənd yerlərində, ucqar ərazilərdə yaşayan, öz biznesini qurmaq istəyən şəxslərin ehtiyacı var. Həmin şəxslərə əlçatanlıq varmı? Mikromaliyyə təşkilatları onların səsini eşidir, onları tapa və yaxud seçə bilirmi? Məncə bu suala hə cavabı versək, optimist yanaşarıq".