Xarici ölkələrin Azərbaycandakı hərbi attaşeləri Səngəçal terminalı ilə tanış olublar
HƏRBİ XƏBƏRLƏR
23:00
04.09.2024
Baxılıb: 1207
Xarici ölkələrin Azərbaycandakı hərbi attaşeləri Səngəçal terminalı ilə tanış olublar

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin fəaliyyət planına əsasən, ölkəmizdə akkreditə olunmuş hərbi attaşelər bu gün mühüm strateji obyekt olan Səngəçal terminalında olublar.

AZƏRTAC xəbər verir ki, xarici ölkələrin hərbi attaşelərini terminalda bp şirkətinin hökumətlə işlər üzrə baş müşaviri Qivami Rəhimli qarşılayıb.

Terminalla tanışlıq Azərbaycanın neft-qaz sənayesinin tarixini dolğun əks etdirən Xəzər Enerji Mərkəzindən başlayıb. Bildirilib ki, mərkəzin istifadəyə verilməsi Bakı-Tbilisi-Ceyhan əsas neft ixrac boru kəmərinin Azərbaycan hissəsinin işə salınması ilə bağlı keçirilən təntənəli mərasim vaxtı baş verib. Prezident İlham Əliyev və Böyük Britaniya Kral ailəsinin üzvü Şahzadə Endryü qırmızı lenti kəsərək Xəzər Enerji Mərkəzinin rəsmi açılışını elan ediblər və tədbirdə iştirak edən ali qonaqlar açılış mərasimində rəmzi nişan kimi gipsdən olan kərpiclər üzərində öz əl izlərini qoyublar. Bu nişan Xəzər Enerji Mərkəzinin rəmzinə çevrilib.

Qivami Rəhimli qonaqlara bp şirkətinin regionda fəaliyyəti barədə təqdimat edib. Təqdimatda dünya neft sənayesində Azərbaycanın əldə etdiyi birinciliklər qonaqların diqqətinə çatdırılıb. Bildirilib ki, dünyada ilk dəfə sənaye üsulu ilə neft quyusu 1846-cı ildə Bakıda - Bibiheybət ərazisində qazılıb. 1878-ci ildə Xəzər dənizində suya salınan Nobel qardaşlarının “Zərdüşt” (“Zoroastr”) gəmisi dünyada ilk neft tankeri, 1897-1907-ci illərdə Bakıdan Batumiyə çəkilmiş boru xətti dünyada ilk ən böyük neft kəməri (833 km) olub.

Qeyd olunub ki, məşhur Nobel qardaşları XIX əsrin ikinci yarısında Azərbaycanda biznes fəaliyyətinə başlayıblar və bütün dünyada tanınan Nobel mükafatı həm də Alfred Nobelin Bakıdakı neft yataqları üzrə səhmlərinin satışından əldə olunmuş vəsaitlərin toplanması hesabına yaradılıb.

Azərbaycan həm də dünyada ilk dəfə olaraq 1949-cu ildə Xəzərin “Neft daşları” yatağındakı platformadan neft çıxarmağa başlayıb və bu Ginnesin Rekordlar Kitabına ilk dəniz neft platforması kimi düşüb.

1991-ci ildə müstəqilliyini bərpa edən Azərbaycan yeni neft erasına qədəm qoyub, qlobal və regional güclərin maraqlarını balanslaşdıraraq, bp və tərəfdaşları ilə birlikdə Avro-Asiya məkanında enerji təhlükəsizliyini təmin etmək üçün Xəzər regionunda dünyanın ən böyük neft-qaz layihələrini həyata keçirərək mühüm infrastrukturlar yaradıb.

Qonaqlar avtobusla Səngəçal terminalının əməliyyatlar sahəsinə gedərək bu infrastrukturla, oradakı texnoloji qurğularla tanış olublar. Bildirilib ki, Xəzər dənizindəki yataqlardan hasil edilən xam neftin və qazın qəbul edildiyi, emal olunduğu, saxlandığı və ixrac edildiyi məkan olaraq, AÇG yatağından çıxarılan neft və “Şahdəniz”dən hasil edilən qaz terminala nəql olunur, Bakı-Supsa, Bakı-Tbilisi-Ceyhan (BTC) və Cənubi Qafqaz Boru Kəməri ilə dünya bazarına ixrac edilir. Terminal gündə 1,2 milyon barel xam nefti emal etmək gücünə malikdir. Gündəlik qaz emalı həcmi isə 81 milyon kubmetrdir. Sahəsi 688 hektardan çox olan, dünyanın ən böyük inteqrasiya edilmiş neft və qaz terminalı olması baxımından unikal hesab olunan, Səngəçaldan başlayan əməliyyatlar qlobal enerji təchizatının şaxələndirilməsində və enerji təhlükəsizliyində mühüm rol oynayır.

Qivami Rəhimli Azərbaycanın mühüm geostrateji məkanda yerləşməsi, Xəzərdən hasil olan karbohidrogenlərdən əlavə üçüncü tərəfin resurslarını mövcud infrastruktur və ixrac boru xətləri vasitəsilə nəql etmək imkanları barədə də qonaqları ətraflı məlumatlandırıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR
"Ford" yeni texnologiyanı patentləşdirib
11:31
Almaniya geniş seçmə sərhəd nəzarəti tətbiq edir
11:00
Tədqiqatçılar 9 gün ərzində Yer kürəsini silkələyən seysmik siqnalın səbəbini müəyyənləşdiriblər
10:58
Bu il 132 mindən çox uşaq birinci sinfə gedəcək
10:57
Çin “Yaqi”dən sonra daha bir güclü qasırğanı “qarşılamağa” hazırlaşır
10:51
Uşaqların sağlam psixoloji inkişafı üçün ekranın təsirinə diqqət yetirilməlidir
09:05
Kiyev Polşanın Aİ-dəki bəzi ukraynalılar üçün müavinətləri dayandırmaq çağırışını dəstəkləyib
08:55
Vitse-prezidentliyə namizəd Trampın prezident olmaq şansını qiymətləndirib
08:53
Bosniya və Herseqovina Türkiyədən 6 ədəd “Bayraktar” PUA-sı alır
01:59
İran peyki kosmosa buraxıldı - VİDEO
01:42
Azərbaycan taekvondoçuları Latviyada keçirilən turnirdə 13 medal qazanıblar
01:37
Bakının erməni-bolşevik işğalından azad olunmasından 106 il ötür
01:33
Xronika: Qərbi Azərbaycanda erməni mənşəli yer adlarına 1920-ci ilə qədər rast gəlinmir
01:32
Britaniyanın Məxfi Kəşfiyyat Xidmətinin rəhbəri Azərbaycanda səfərdədir
01:29
Pentaqon Tayvana yararsız silahlar verib
01:27
BƏƏ ABŞ-dan “F-35”lərin alınması ilə bağlı danışıqları bərpa etməkdən imtina edib
01:24
NATO Ukraynaya yardımı koordinasiya etmək üçün xüsusi komandanlıq yaradır
01:22
WSJ: ABŞ öz tanklarının "alçaldılması" səbəbindən strategiyasını dəyişir
01:19
Stoltenberq: Müharibəyə son qoymaq üçün Rusiya ilə dialoq lazımdır
01:14
Şolç: Şvedt neft emalı zavodunun ilin sonuna qədər sahibi ola bilər
01:01