Azərbaycan öz brendi ilə ratsiyalarını istehsal edə, kriptosunu inkişaf etdirə biləcək
HƏRBİ XƏBƏRLƏR
08:49
27.09.2024
Baxılıb: 504
Azərbaycan  öz brendi ilə ratsiyalarını istehsal edə, kriptosunu inkişaf etdirə biləcək

“Aselsan” Türkiyənin ən böyük, ötən ilin statistikasına görə isə dünyanın 42-ci ən böyük müdafiə sənayesi şirkətidir. Türkiyənin müdafiə sənayesi sahəsində flaqmandır. Azərbaycanın müstəqillik qazanmasından çox keçmədən burada fəaliyyətə başlayıb.

 

Həmin dövrdə dövlətlərarası hərbi maliyyə əməkdaşlığı yardım proqramları çərçivəsində fəaliyyətə başlayan “Aselsan” daha sonra burada nümayəndəlik ofisinə, 1998-ci ildə isə nümayəndəlikdən şirkətə çevrilib. Son 26 ildə MMC formatında fəaliyyətini davam etdirir. Ümumilikdə 33 işçi heyəti var. Fəaliyyət göstərdiyimiz bütün texniki sahələrdə Azərbaycanın xidmətində olan sistem və məhsullarımız var. Başda rabitə sistemləri olmaq üzrə radioelektron mübarizə, elektrooptiklər, kəşfiyyat sistemləri və hətta son bir ildir mülki sahədə də inkişaf etdirdiyimiz texnologiyaları Azərbaycana təqdim etdik. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi ilə birlikdə “Nəqliyyat Vasitəsi Aşkarlama və Yüksək Sürətli Tərəzi Ölçü Sistem Layihəsi” həyata keçirilir.

 

Bunu AZƏRTAC-a müsahibəsində "Aselsan Baku"nun baş meneceri Özgür Kürüm deyib.

 

ADEX sərgisində beşinci dəfədir iştirak etdiklərini deyən baş menecer sərginin ən qədim iştirakçılardan biri sayıldıqlarını diqqətə çatdırıb.

 

"Aselsan” olaraq bizim əsas məqsədimiz Azərbaycandakı fəaliyyətimizə artıq klassik marketinq və satış perspektivi kimi baxmamaqdır. Əslində, biz buna qardaşlıq münasibətləri çərçivəsində heç vaxt belə yanaşmamışıq. İndiyə qədər siyasi və iqtisadi şəraitə görə birtərəfli fəaliyyətdənsə, biz hazırda Azərbaycanda yerli tərəfdaşlarımızla birlikdə nəsə istehsal etmək istəyirik. İstehsal etdiyimiz bu məhsullardan həm Azərbaycanda, həm Türkiyədə istifadə olunsun, həm də birlikdə üçüncü ölkə bazarlarına sataq. Yəni texnologiyanı Azərbaycanda da yerli olaraq inkişaf etdirək, istehsal edək və birlikdə sataq. Bu, bizim əsas məqsədimizdir.

 

 

 

İkincisi, ADEX sərgisi artıq regional müdafiə sənayesi mərkəzi halına gəlib. Biz bunu beşinci versiyada gördük. Burada bir çox ölkədən şirkətlər iştirak edir. Bizim sərgi zamanı iştirak edən şirkətlərlə birlikdə Azərbaycanda birlikdə nələr edə biləcəyimizi müzakirə etmək imkanımız var. Hazırda “Aselsan” 90 ölkəyə öz məhsullarını ixrac edir və dünyanın 20 ölkəsində daimi nümayəndəliyi fəaliyyət göstərir. Odur ki, ADEX beynəlxalq əhəmiyyəti böyük olan sərgi bizim üçün çox dəyərlidir.

 

Azərbaycanın Müdafiə Nazirliyi və Müdafiə Sənayesi Nazirliyi ilə müxtəlif müqavilələr imzalamışıq. Burada rabitə və kripto sistemləri, son vaxtlar qlobal əhəmiyyət kəsb edən məlumat və rabitə təhlükəsizliyi ilə bağlı anlaşmalar oldu.

 

Biz hərbi elektronika sahəsində ixtisaslaşmış bir şirkətik. İstehsal proqramlarımız çərçivəsində biz smart sursatlar və rabitə ratsiya sistemlərimizin Azərbaycanda istehsal etməyə dair təşəbbüs irəli sürmüşük. Proseslər müsbət istiqamətdə irəlilədikdə və tamamlandıqda Azərbaycanın da öz "Aselsan"ı olacaq. Sonrakı mərhələlərdə bizə ehtiyac duymadan öz brendi ilə ratsiyalarını istehsal edə, kriptosunu inkişaf etdirə biləcək".

 

Ö.Kurum sərgidə nümayiş etdirdikləri "Aselflir-500" məhsulu barədə məlumat verərək onun Vətən müharibəsi zamanı Türkiyə və Azərbaycana kameralara görə embarqo qoyulmasının ardından istehsal edildiyini deyib: "Bu, PUA, helikopterlər və təyyarələr də daxil olmaqla sabit qanadlı və fırlanan qanadlı hava platformaları üçün hazırlanmış yüksək performanslı elektro-optik kəşfiyyat, müşahidə və hədəf təyinetmə sistemidir.

 

Bizə verilən tapşırığa əsasən daha yaxşı kameralar hazırladıq və istehsal etdik. "Aselflir -500" sistemi təxminən bir ay əvvəl Azərbaycanda havaya qaldırıldı. Embarqolara cavab olaraq onun ilk ixracatı da Azərbaycana oldu. Qısaca, Türkiyə və Azərbaycana embarqo qoyuldu, biz isə daha yaxşısını etdik".

Digər xəbərlər