Azərbaycan ilə Çin arasında iqtisadi-ticarət sahəsində əməkdaşlığın kifayət qədər böyük potensialı var. Rəsmi Bakı Pekini təkcə dost ölkə kimi deyil, həm də texnoloji tərəqqinin mənbəyi kimi qəbul edir. Eyni zamanda, ölkələrimiz arasında iqtisadi əməkdaşlıq üçün daha geniş imkanlar var. Azərbaycan Çinə özünün milli prioritetlərindən biri olan rəqəmsal və yaşıl keçiddə tərəfdaş kimi baxır. Bundan əlavə, hər iki ölkə birgə bərpaolunan enerji mənbələri və elektrik avtomobilləri üçün avadanlıq istehsal edə bilər. Bu amilləri nəzərə alan Prezident İlham Əliyev Çin ilə əməkdaşlığı Azərbaycanın prioritet istiqamətlərindən biri kimi müəyyənləşdirib.
Jurnalist T.Məmmədovanın mövzu ilə bağlı suallarını AZƏRTAC üçün Çin və Avropa İttifaqı ölkələri üzrə iqtisadçı-ekspert Leonid Pasternak cavablandırıb. Müsahibəni təqdim edirik:
- Azərbaycan və Çin arasında iqtisadi əməkdaşlıq potensialını necə qiymətləndirirsiniz? Ölkələrimiz arasında investisiya mühiti necədir və Azərbaycana gələn Çin investisiyaları hansı səviyyədədir?
- Azərbaycan və Çin arasında iqtisadi-siyasi və ticarət əlaqələri rəsmi Pekinin regionlarındakı əsas ölkələrlə əməkdaşlıq paradiqmasına tam uyğundur. Xüsusilə, rəsmi Bakı diplomatik səviyyədə Cənubi Qafqazın, o cümlədən neft məhsulları və qaz ticarəti sahəsində lider mövqeyindən çıxış edir. Çin də, öz növbəsində, bir növ siyasi və iqtisadi intibah mərhələsindədir, tədricən ABŞ-la bərabər şəraitdə rəqabət apara bilən super gücə çevrilir. 2023-cü ildə Azərbaycan və Çin arasında ticarət dövriyyəsi rekord həddə çatıb - onun həcmi 3 milyard dolları ötüb. Bu dinamika bir daha sübut edir ki, Pekin Qafqazın cənubunda əsaslı şəkildə möhkəmlənmək üçün Azərbaycan ilə hərtərəfli əməkdaşlığı inkişaf etdirmək niyyətindədir. Çox güman ki, rəsmi Pekin “Bir kəmər, bir yol”, Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) və “Bəşəriyyət üçün ortaq tale icması” geostrateji layihələrinin köməyi ilə Yaxın Şərq bazarlarına çıxmağı planlaşdırır.
Çin Azərbaycan iqtisadiyyatına fəal şəkildə sərmayə qoyur. Çinlilər idxala görə Rusiyadan sonra ikinci yerdədirlər. Azərbaycana məhsulların demək olar ki, 20 faizi Çindən gəlir. Çin biznesi ölkədə irimiqyaslı layihələrə fəal şəkildə sərmayə qoyur, Azərbaycan şirkətləri və müəssisələri ilə iqtisadi-ticarət müqavilələr bağlanır. Bu mənada rəsmi Bakı üçün perspektivlər ən əlverişlidir.
- Üçüncü ölkələrdə Azərbaycan-Çin birgə layihələrinin həyata keçirilməsi üçün hansı imkanlar mövcuddur?
- Rəsmi Bakı və Pekin mövcud beynəlxalq təşkilatlar və ya iqtisadi strukturlar çərçivəsində işləyə bilər. Məsələn, Azərbaycan ŞƏT-in çox yaxın tərəfdaşıdır və Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (TBNM) mühüm iştirakçısıdır. Bakının strateji mövqeyi Qərb ölkələrinə (Aİ, İsrail, Böyük Britaniya) istehlak məhsullarının tədarükü ilə məşğul olan Çinin xarici iqtisadi sektoru ilə yaxınlaşmağa və müvafiq olaraq transsərhəddə logistik proseslərlə məşğul olmağa imkan verir. Azərbaycan sahibkarları yaxşı bilirlər ki, ŞƏT və Orta Dəhliz, eləcə də “Bir kəmər, bir yol” layihəsinin ticarət təşəbbüslərinin köməyi ilə təkcə Şərqlə deyil, həm də Qərb tərəfdaşları ilə işgüzar əlaqələr qurmaq mümkündür. Əminəm ki, bu istiqamətdə işlər davam etdiriləcək.
- İki ölkə “Bir kəmər, bir yol” və Orta dəhliz təşəbbüsləri çərçivəsində çoxlu sayda ikitərəfli və çoxtərəfli layihələr həyata keçirir. Çinin bu layihələrdən gözləntiləri nədən ibarətdir? “Bir kəmər, bir yol” təşəbbüsünün həyata keçirilməsində Azərbaycanın rolunu necə qiymətləndirirsiniz?
- Həqiqətən də, “Bir kəmər, bir yol”, eləcə də Orta Dəhliz ÇXR-in əsas maliyyə-iqtisadi layihələridir. Artıq dediyim kimi, bu təşəbbüslər Azərbaycan biznesi üçün yeni üfüqlər açır və ən əsası biznesin Avropa bazarına çatdırılmasına imkan verir. Hesab edirəm ki, burada qarşılıqlı fayda prinsipi işləyir. Çin regional səviyyədə iqtisadi və siyasi potensialını artırır, Azərbaycan daxili iqtisadi fəaliyyət və xarici ticarət üçün stimul alır.
- Bu gün Çin beynəlxalq iqtisadi arenada güclü oyunçuya çevrilib. Bu necə oldu?
- Bilirsiniz, mən son 6 ildə bu mövzu üzərində işləyirəm. Mənə çox maraqlıdır ki, ABŞ və onun müttəfiqləri Çinin Qərb ölkələrinə yeni alternativ kimi ortaya çıxmasını necə qəbul edirlər? Bu, 2012-ci ildə hakimiyyətə gəldikdən sonra strateji təşəbbüslər irəli sürən Si Cinpinin özü ilə bağlıdır. Çin aparıcı qeyri-Qərb ölkələri, o cümlədən Rusiya Federasiyası, Braziliya və digər dövlətlərlə ticarət və diplomatik əlaqələri gücləndirməyə çalışır.
Bundan əlavə, Çin Kommunist Partiyası investisiyaları kifayət qədər bacarıqla bölür, iqtisadiyyatı şaxələndirir, kiçik və orta biznesi stimullaşdırır, partiyadaxili nizam-intizamı inkişaf etdirir. Bütün bu amillər rəsmi Pekinə öz strateji potensialını gücləndirməyə çox kömək edir.
- Çindən Avropaya ən qısa yol Azərbaycandan keçir. Azərbaycan üzərindən yükdaşımaları artırmaq üçün hər hansı perspektiviniz varmı?
- Şübhəsiz var. Həm də təkcə Orta Dəhliz vasitəsilə deyil. Azərbaycan tədricən Qərblə Şərq arasında mərkəzə çevrilir. Bu tendensiya növbəti illərdə də davam edəcək.
- Çin bərpaolunan enerji mənbələri sahəsində dünya liderlərindən biridir. Azərbaycan da, öz növbəsində, öz inkişafını bu istiqamətə yönəldib. Bu müzakirə olunan sahədə əməkdaşlıq varmı?
- Beynəlxalq münasibətlərdə ekoloji gündəm əsasdır. Çin bərpaolunan enerji mənbələrinə çox şüurlu bir keçid etdi. Azərbaycan hökumətinin bu istiqamətdə addım atmaq qərarı tamamilə başadüşüləndir. Bu səviyyədə Azərbaycan-Çin əməkdaşlığı artıq fəal inkişaf edir. Çin şirkətləri Azərbaycanda yerləşən müəssisələrdə bərpaolunan enerji mənbələri sahəsində avadanlıqların istehsalı ilə məşğul olurlar. Aydındır ki, bu sahə ikitərəfli əməkdaşlığı gücləndirmək üçün kifayət qədər perspektivlidir.
- Pandemiyadan sonra ölkələrimiz arasında turizm mübadiləsi perspektivlərini necə qiymətləndirirsiniz? Azərbaycanlı turistlər Çindən sadələşdirilmiş viza rejiminə ümid edə bilərmi?
- Viza rejiminin sadələşdirilməsi məsələsi daha çox diplomatik addımdır. Düşünürəm ki, Çin səlahiyyətliləri nəyin məqsədəuyğun olduğunu başa düşsələr, belə bir addım ata bilərlər. Azərbaycan vətəndaşları üçün Çinə vizasız girişin üstünlükləri göz qabağındadır: turistlər özləri ilə pul gətirir, çoxlu alış-veriş edir, əmanətlərini xərcləyir, ölkənin mədəniyyəti və tarixi ilə tanış olurlar. Ona görə də inanıram ki, biz tezliklə rəsmi Pekinin azərbaycanlı səyahətçilər üçün tələbləri sadələşdirdiyini görə bilərik.
- Bu gün Çin elektromobilləri Avropa bazarına daxil olur və bu, bir çox Avropa ölkələrində qısqanclığa səbəb olur. Avropa tərəfindən qadağa qoyulsa, Çin başqa bazarları, o cümlədən Azərbaycanı seçməyi nəzərdə tuturmu?
- Avropa İttifaqı ilə Çin arasındakı avtomobil “müharibəsi” uydurma deyil. Çindən gələn elektrik avtomobilləri sahəsində rüsumların və ticarət maneələrinin tətbiqi ilə bağlı qadağalar və məhdudiyyətlər Brüssel və Pekin arasında uzun müddətdir davam edən ticarət qarşıdurmasının bir hissəsidir. Siz haqlısınız ki, Avropa elektromobillərin idxalına kəskin qadağa qoyacağı təqdirdə Azərbaycan Çin sənayesi üçün əsas bazarlardan birinə çevrilə bilər. Rəsmi Pekinin yeni tərəfdaşlar axtaracağına şübhə yoxdur, ona görə də Aİ-nin radikal qərarı Bakıda müsbət qarşılana bilər.