İqlim dəyişikliyi təkcə ekosistemlərə deyil, eyni zamanda iqtisadiyyatın müxtəlif sahələrinə, o cümlədən sığorta sektoruna da ciddi təsir göstərir. Son illərdə təbii fəlakətlərin və iqlim risklərinin artması nəticəsində sığorta sektoru bu risklərə qarşı yeni məhsullar və həll yolları yaratmaq məcburiyyətində qalıb.
Azərbaycanda bu proseslər qlobal trendlərlə ayaqlaşırmı? Sığorta bazarı ekoloji risklərin təsirlərini azaltmaq üçün hansı tədbirlər görür?
“Report” mövzunu araşdırıb.
Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA) İcraçı direktoru Elmar Mirsalayev “Report”a bildirib ki, yerli sığorta şirkətləri iqlim dəyişikliyinin təsirlərinə qarşı davamlı məhsullar yaratmaq üçün yeni modellər tətbiq edirlər:
“Bu addımlar yalnız daxili bazarın tələblərini qarşılamaq üçün deyil, eyni zamanda qlobal trendlərə uyğun olaraq sosial məsuliyyətin artan əhəmiyyətini nəzərə alaraq atılır. Azərbaycanın sığorta bazarı son illərdə xüsusilə iqlim riskləri ilə üz-üzədir. Kür və Araz çaylarında suyun azalması, Xəzər dənizində su səviyyəsinin düşməsi kimi hadisələr ekosistemə və iqtisadiyyatın müxtəlif sektorlarına mənfi təsir edir. Bu təsirlər sığorta bazarında təbii fəlakətlərə qarşı yeni məhsulların yaradılmasına ehtiyac yaradır. Məsələn, quraqlıq, daşqın və torpaq sürüşmələri kimi hadisələrin artması kənd təsərrüfatı, tikinti və daşınmaz əmlak sahələrində riskləri daha da artırır. Bu risklərə qarşı daha səmərəli məhsullar yaratmaq sığorta şirkətlərinin əsas vəzifələrindən biridir”.