Nigeriya hökuməti “Shell” enerji qrupunun ölkənin materik hissəsində və Qvineya körfəzində bilavasitə sahilə yaxın ərazidə yerləşən neft və qaz hasilatı aktivlərinin satışını əngəlləyib.
“Report” “Reuters”ə istinadən xəbər verir ki, bu barədə Nigeriyanın Neft Hasilatı Tənzimləməsi Komissiyasının rəhbəri Qbenqa Komolafe paytaxt Abucada keçirdiyi brifinqdə bildirib.
“Satış müqaviləsi tənzimləyicinin testindən keçmədi”, - o deyib, ancaq konkret səbəbləri göstərməyib.
Xatırladaq ki, yanvarda “Shell” Afrikanın beş şirkəti birləşdirən “Renaissance” konsorsiumu ilə Nigeriyanın materik hissəsində və sahildəki dayaz sularda neft hasilatı ilə məşğul olan “Shell Petroleum Development Company of Nigeria Limited” (SPDC) şirkətini ona satmaq barədə razılığa gəlib. Amma sentyabrda Nigeriyanın cənubundakı sakinləri təmsil edən bir neçə icma ətraf mühitin çirklənməsinə görə 310 milyon dollar kompensasiya ödənilənə qədər “Shell”in bizneslərinin satışını dayandırmaq üçün ölkənin Ali Məhkəməsində iddia qaldırıb.
“Daily Post” qəzeti qeyd edir ki, digər böyük Qərb enerji qrupları kimi, “Shell” də təhlükəsizlik problemləri səbəbindən materikdəki aktivlərini satır. Eyni zamanda, “Shell” Nigeriya şelfində neft hasilatı planlarını genişləndirir.