Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) və Bakı Şəhəri Dövlət Yol Polisi İdarəsi (BŞDYPİ) paytaxtın Xəzər rayonunun Binə qəsəbəsində qeyri-müntəzəm sərnişindaşıma ilə məşğul olan şəxslərə qarşı reyd keçirib.
Məqsəd həmin daşıyıcıların oktyabrın 1-dən qüvvəyə minmiş icazələr əsasında fəaliyyət göstərməyə cəlb edilməsi, bu barədə maarifləndirilməsidir. Qeyd olunub ki, qanunvericiliyin tələbinə əsasən ölkə daxilində qeyri-müntəzəm sərnişindaşıma, eləcə də yükdaşıma ilə məşğul olan şəxslər mütləq qaydada buraxılış vəsiqəsi əldə etməlidirlər.
Buraxılış vəsiqəsi AYNA tərəfindən 7 il müddətinə verilir və bunun üçün heç bir ödəniş tələb olunmur. Qeyri-müntəzəm sərnişin daşımalarına buraxılış vəsiqəsini müvafiq sənədləri elektron qaydada AYNA-ya təqdim edərək almaq mümkündür. Bunun üçün agentlik “AYNA” İnformasiya Sisteminin “Daşıyıcılar” altsistemini istifadəyə verib. İstifadəçilər “e-xidmet.ayna.gov.az” portalına daxil olaraq, avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımaları sahəsində icazənin verilməsi üçün müraciət bölməsini seçməlidirlər.
Ətraflı məlumat üçün - //ayna.gov.az/news/387