Osteoporoz sümüklərin quruluşunu təşkil edən kalsium və digər mineralların azalması zamanı yaranan sümük xəstəliyidir. Osteoporozun (“porous bone”) hərfi mənası məsaməli (süngəri) sümük kimi tərcümə edilir və “sümük əriməsi” kimi başa düşülür. Sümük sərt olsa da, daxili strukturu süngəri xatırlayan bir quruluşa malikdir. Osteoporoz zamanı sümüyün strukturunu təşkil edən mineralların, xüsusən də kalsiumun itkisi yaranır. Bu da sümüyün məsaməli quruluşundakı dəliklərin böyüməsinə, sümüyün kütləsinin, gücünün azalmasına və sınıq riskinin artmasına gətirib çıxarır.
AZƏRTAC xəbər verir ki, bunu Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun ortoped-travmatoloqu Seymur Quliyev deyib.
Onun sözlərinə görə, osteoporoz əksər hallarda 50 yaşdan sonra başlayır. Amma gənc yaşlarda da osteoporoz yaranır. Buna səbəb də bir sıra xroniki xəstəliklər, fiziki aktivliyin az olması, qidada kalsium çatışmazlığıdır: “Qadınlarda menopauza zamanı estrogen hormonun azalması osteoporozun artmasına səbəb olur. Həmin hormon sümüklərə qoruyucu təsiri göstərir. Yumurtalığı müxtəlif səbəblərdən xaric edilən cavan qadınlarda estrogen hormonu azalır və osteoporozun yaranmasına gətirib çıxarır. Bir sıra xroniki, endokrin, revmatoloji və genetik xəstəliklər, xroniki böyrək çatışmazlığı, şəkərli diabet, revmatoid artrit, “Osteogenesis imperfecta” və s. xəstəliklər osteoporoza səbəb olur. Lazımi qədər kalsiumlu qidaların qəbul edilməməsi və D vitamini çatışmazlığı gələcəkdə osteoporoza gətirib çıxara bilər. Bundan əlavə, fiziki aktivliyin az olması, həzm sistemində mübadilə pozğunluğuna səbəb olacaq xəstəliklər, alkoqol və tütün məmulatlarından istifadə, həddən artıq kofein tərkibli içkilərin qəbulu və s. osteoporozun yaranmasındakı başlıca səbəblərdəndir. Osteoporoz tez üzə çıxan bir xəstəlik deyil. Uzun müddət heç bir klinik əlamət göstərmədən inkişaf edə bilir. Bu xəstəlik sümüklərdə ağrı (daha çox bel nahiyəsində), boyda qısalıq, spinal (onurğa) deformasiya ilə özünü göstərir. Çox vaxt yaşlı xəstələrdə yüngül travmalarda fəqərələrdə, bud sümüyü boynunda, said sümüklərin distalında (aşağısında) və bazu sümüyünün proksimal (yuxarısında) hissəsində sınıqlar yaranır. Rentgenoloji müayinə ilə sümüklərin osteoparotik olmasını onların öz mineral sıxlığını 30 faizdən artıq itirdikdən sonra aşkar etmək olur. Hazırkı dövrdə osteoporozun diaqnozunu təyin etmək üçün densitometriyadan istifadə edilir. Densitometriya təkcə osteoporoz diaqnozu qoymağa deyil, həm də sümük toxumasının mineral sıxlığını 95-99 faiz dəqiqliklə ölçməyə imkan verən rentgen müayinəsinin bir növüdür. Ümumdünya Səhiyyə Təşkilatının tövsiyə etdiyi densitometriya osteoporozun olub-olmadığını müəyyən edir. Müayinə bel fəqərələrində və bud sümüyü boynunda aparılır. Müalicəyə yanaşma xəstəliyin birincili ya ikincili yaranmasına görə dəyişir. İkincili yaranan osteporozlarda həm osteoparozun, həm də ona səbəb olan xəstəliyin müalicəsini aparmaq lazımdır. Osteoporozun profilaktikasında aktiv həyat tərzi, mikroelementlərlə zəngin, sağlam qidalanma, tütündən imtina, alkoqol və kofein tərkibli içkilərdən uzaq olmaq tövsiyə edilir. Həmçinin osteoparoza səbəb olan xəstəliklərin vaxtında aşkar olunaraq düzgün müalicə edilməsi məsləhət görülür”.