Sentyabrın 22-də Milli Gimnastika Arenasında Gənclər və İdman Nazirliyinin, Dünya Robot Olimpiadası Assosiasiyasının və Azərbaycan Robototexnika Mühəndisliyi Akademiyasının (AREA) birgə təşkilatçılığı ilə keçirilən yeniyetmə və gənclər arasında VII Robot Olimpiadasının bağlanış və mükafatlandırma mərasimi olub.
AZƏRTAC xəbər verir ki, VII Robot Olimpiadasında qalib olmuş komandalar noyabrın 28-30-da Türkiyənin İzmir şəhərində keçiriləcək Dünya Robot Olimpiadasında ölkəmizi təmsil edəcəklər.
Tədbirdə çıxış edən Olimpiadanın Baş hakimi Rauf Cabbarov Robot Olimpiadasının önəmindən, silsilə xarakter almasının əhəmiyyətindən bəhs edib, layihənin ərsəyə gəlməsində əməyi olan təşkilatçılara təşəkkürünü bildirib.
Mərasimdə Olimpiadanın hakimləri və yarışın təşkilatçılığında iştirak etmiş könüllülər Dünya Robot Olimpiadasının Azərbaycan üzrə rəhbəri Kənan Kərimov tərəfindən təltif olunublar.
Gənclər və idman nazirinin müşaviri Ramin Cabbarov və layihə rəhbəri Kənan Kərimov Olimpiadada müxtəlif kateqoriyalar üzrə qalib gəlmiş komandaların üzvlərinə diplom və medallar təqdim ediblər.
Tədbirin sonunda xatirə şəkili çəkdirilib.