Marneulidə Vətən müharibəsi şəhidlərinin Anım Günü qeyd edilib
CƏMİYYƏT
15:59
26.09.2024
Baxılıb: 500
Marneulidə Vətən müharibəsi şəhidlərinin Anım Günü qeyd edilib

Sentyabrın 26-da Gürcüstanın Marneuli şəhərində Birinci və ikinci Qarabağ (Vətən) müharibəsində şəhid olanların anım gününə həsr olunmuş “Xatirəniz Əbədi, Adınız Ölməzdir” adlı tədbir keçirilib.

"Report"un yerli bürosu xəbər verir ki, "Azərbaycan Evi"nin təşkilatçılığı ilə keçirilən tədbirdə Azərbaycanın və Gürcüstanın ərazi bütövlüyü uğrunda canlarından keçən qəhrəmanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirin təşkilatçısı Məhəbbət İmanov çıxış edərək Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusunun 30 ilə yaxın bir dövrdə erməni işğalı altında olan torpaqların 44 günlük Vətən müharibəsində azad edildiyini diqqətə çatdırıb. Bildirib ki 2023-cü ilin sentyabrında keçirilən antiterror əməliyyatı nəticəsində Azərbaycanın ərazi bütövlüyü tam bərpa olundu.

Sonra Azərbaycanın Gürcüstandakı səfirliyinin məsul əməkdaşı Cavid Məhərrəmov çıxış edərək deyib ki, Anım Günündə xalqımız Vətən müharibəsində canından keçən qəhrəman övladların xatirəsini ən dərin ehtiramla yad edir:

"Anım Gününün təsis olunması vətən uğrunda canından keçən qəhrəman oğul və qızlarımızın xatirəsinə Azərbaycan dövlətinin, Prezident İlham Əliyevin göstərdiyi ali ehtiramın təsdiqidir. Bunun həm də böyük ictimai-siyasi və mənəvi əhəmiyyəti var. Anım Günü ölkədə gənc nəslin vətənpərvər ruhda tərbiyə olunması, ölkə vətəndaşlarının birliyinin daha da möhkəmlənməsi baxımından mühüm əhəmiyyət kəsb edir. İftixarla qeyd etmək lazımdır ki, bu gün Azərbaycan xalqının milli vətənpərvərlik hissi olduqca yüksəkdir. Vətən müharibəsində oğullarını itirən atalar qürurla "Vətən sağ olsun!" deyərək, övlad faciəsi yaşayan analar onlara təqdim olunan Azərbaycan bayrağını bağırlarına basaraq əsl vətənpərvərlik örnəyi nümayiş etdirirdilər"

Onun sözlərinə görə, Gürcüstanda yaşayan azərbaycanlılar müharibə dövründə, eləcə də ondan sonrakı bir il ərzində hər zaman Azərbaycana mənəvi dəstək verib. Marneulidə, Gürcüstanın digər bölgələrində keçirilən aksiyalarda siyasi əqidəsindən asılı olmayaraq hər kəs Azərbaycanla həmrəylik nümayiş etdirib.

Sonra Gürcüstan parlamentinin deputatı Zaur Darğallı, Marneulinin bələdiyyə sədrinin müavini Rövşən İskəndərov, Qafqaz Müsəlmanları İdarəsinin Gürcüstandakı nümayəndəsi Məhəmməd Şamilov, parlamentin sabiq deputatı, siyasətçi Mahir Dərziyrv və başqaları çıxış edərək xalqımızın Vətən müharibəsindəki birliyi, qəhrəmanlığı barədə fikirlərini bölüşüblər.

Qeyd edək ki, Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarda dalğalandırmış, ölkənin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərə, bütün şəhidlərə dərin ehtiram əlaməti olaraq, Azərbaycan Prezidenti İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərancamı ilə hər il sentyabrın 27-si Azərbaycan Respublikasında Anım Günü kimi qeyd edilir.

Digər xəbərlər