Dövlət Sərhəd Xidməti, Vətən müharibəsindən sonra azad edilən ərazilərdə gördüyü işlərlə bağlı məlumat yayıb. Məlumatda deyilir ki, Ermənistan Respublikası ilə dövlət sərhədi işğaldan azad edildikdən sonra Müzəffər Ali Baş Komandanımızın tapşırığına əsasən, bu ərazilərdə zəruri sərhəd mühafizə infrastrukturunun yaradılması, hərbi qulluqçuların xidməti şəraitinin və sosial təminatının yaxşılaşdırılması üzrə kompleks tədbirlər sürətlə davam etdirilir.
İşğaldan azad olunmuş İran İslam Respublikası ilə dövlət sərhədimizdə qısa müddət ərzində sərhəd zastavalarının fəaliyyəti bərpa edilib, Zəngilan, Qubadlı rayonlarından və Laçın rayonunun bir hissəsindən keçən Ermənistanla dövlət sərhədinin mühafizəsi və müdafiəsinin təşkilinə cavabdeh olan 19 yeni hərbi hissə kompleksi, 140 sərhəd-döyüş məntəqəsi, "Eyvazlı" və "Qazançı" dövlət sərhədindən buraxılış məntəqələri inşa olunub. Zəngilan və Füzuli beynəlxalq hava limanlarında sərhəd nəzarəti təşkil edilib.
Dövlət Sərhəd Xidməti tərəfindən işğaldan azad edilmiş ərazilərdə 106 kilometr məsafədə yeni yollar çəkilib, 225 kilometr məsafədə yolların əsaslı və cari təmiri həyata keçirilib, 2456 hektar ərazi mina və partlamamış sursatlardan təmizlənib, 1530 ədəd piyada və 1762 ədəd tank əleyhinə mina, 294 ədəd partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.