Azərbaycan Xarici İşlər Nazirliyindən verilən məlumata əsasən bugün Azərbaycanın İqtisadi Əməkdaşlıq Təşkilatına (İƏT) sədrliyi çərçivəsində Şuşa şəhərində Xarici İşlər Nazirləri Şurasının 27-ci iclası keçirilib.
İclas Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov tərəfindən Azərbaycan Prezidenti İlham Əliyevin iclas iştirakçılarına müraciətinin oxunması ilə öz işinə başlayıb.
Prezidentin müraciətində postmünaqişə dövründə bölgədə yaranmış əməkdaşlıq perspektivləri öz əksini tapıb. Eyni zamanda müraciətdə ölkəmizin təşəbbüsü ilə İƏT-in illik mövzusunun “Yaşıl keçid və qarşılıqlı əlaqəlilik” olaraq müəyyən edildiyi, Azərbaycanın beynəlxalq səviyyədə bu istiqamətdə ardıcıl addımlar atdığı diqqətə çatdırılıb. İşğaldan azad olunmuş ərazilərdə yaşıl enerji zonasının yaradılması ilə bağlı görülən tədbirlər də bu siyasət çərçivəsində həyata keçirilib.
Daha sonra iclas üzv və müşahidəçi ölkələrin, beynəlxalq tərəfdaşlar və İƏT-in ixtisaslaşmış qurumlarının nümayəndələrinin bəyanatları, İƏT çərçivəsində regional əməkdaşlığın gələcək inkişafı ilə bağlı təşəbbüs və təkliflər, habelə iclasın gündəliyində duran digər məsələlərin müzakirəsi ilə davam edib.
Sonda iclasın yekunlarına dair gələcək regional əməkdaşlığın gələcək addımlarını müəyyən edən bəyanat qəbul olunub, habelə Azərbaycanda təsis olunmasına qərar verilən İƏT-in Təmiz Enerji Mərkəzinin Nizamnaməsi Türkiyə tərəfindən imzalanıb.