Azərbaycanda ümumi dəyəri 5 000 manata qədər olan bütün məhsulların ixracı gömrük ödənişlərindən və broker xidmətlərindən azad olunacaq.
Bunu İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) sədrinin müşaviri Zaur Qardaşov bildirib.
O, bu barədə Bakıda keçirilən "Turan E-Ticarət və İxracat Forumu"nda danışıb.
"KOBİA yaradıldığı ilk gündən etibarən elektron ticarətin inkişafına böyük diqqət yetirib. Azərbaycanda elektron ticarətin inkişafı üçün şərait yaradılıb, qanunvericilik bazası təkmilləşdirilib. Biz agentlik olaraq innovativ biznesi dəstəkləyirik, KOB subyektlərinə “Startap” şəhadətnaməsi təqdim edirik. Şəhadətnamə KOB subyektini bu sənədi aldıqları tarixdən etibarən innovasiya fəaliyyətindən əldə etdikləri gəlirlər üzrə mənfəət və yaxud gəlir vergisindən 3 il müddətinə azad edir. İndiyə qədər 200-ə KOB subyektinə “Startap” şəhadətnaməsi təqdim edilib. Bunun 30-u elektron ticarətlə bağlı olub. Elektron ticarət iqtisadiyyatda önəmli serktordur, bütün ekosistemi inkişaf etdirir, KOB-ların inkişafına, sənayenin inkişafına xidmət edir", - deyə sədr müavini əlavə edib.