Mikoyanla quda olan, Beriyanı saymayan, Xruşovun qəzəbinə gələn birinci katib – Arutinovun qara taleyi
SİYASƏT
13:46
21.04.2020
Baxılıb: 11069
Mikoyanla quda olan, Beriyanı saymayan, Xruşovun qəzəbinə gələn birinci katib – Arutinovun qara taleyi

1937-ci ilin sentyabr ayında Ermənistanın birinci katibi Amatuni Vardapetyan və müttəfiq respublikanın digər vəzifəli şəxsləri antisovet fəaliyyətdə, terror təşkilatlarının yaradılmasında ittiham olunaraq həbs ediləndə, İosif Stalinin göstərişi ilə bölgədə vəziyyəti sabitləşdirmək üçün Georgi Malenkov və Anastas Mikoyan İrəvana ezam olunublar. Ermənistana yeni birinci katibin təyinatı ilə bağlı müzakirələr aparılanda, Stalin həmin şəxsin daxildən yox, kənardan gətirilməsini məqsədəuyğun sayıb.

Lavrenti Beriya bu vəzifəyə Tiflis şəhər Partiya Komitəsinin birinci katibi, 37 yaşlı Qriqori Arutinovu təklif edib, Stalin bu təkliflə razılaşıb. Həm Mikoyan, həm də Beriya Arutinovu yaxından tanıyıblar.

Beləliklə, Ermənistana yola düşən Malenkov və Mikoyan yolüstü bir günlük Tiflisə dönüblər, Arutinovla görüşüblər və təyinatı ilə bağlı onu məlumatlandırıblar.

1900-cü ildə Gürcüstanın Telavi bölgəsində anadan olan Qriqori Arutinov gimnaziyanı bitirdikdən sonra Moskvada Marks adına Xalq Təsərrüfatı İnstitutunda təhsil alıb. İlk əmək fəaliyyətinə Telavi rayon Partiya Komitəsində başlayıb. 1930-cu ildə o, paytaxt Tiflisə dəvət olunub, Gürcüstan Kommunist Partiyası Mərkəzi Komitəsində nəzarət komissiyasının sədr müavini vəzifəsinə təyin edilib.

Qriqori Arutinov 1934-cü ildən 1937-ci ilə qədər Tiflis şəhər Partiya Komitəsinin birinci katibi vəzifəsində işləyib.

Əslində Arutinov üçün bu vəzifəyə təyinat gözlənilməz olub. Gürcüstanın partiya orqanlarında çalışan doğma qardaşı Sergeyin həbs olunaraq güllələnməsindən, həyat yoldaşının qardaşı, Acarıstanın birinci katibi Artyon Gevorkovun “NKVD” təzyiqinə görə intihar etməsindən sonra, Arutinov gələcək karyerasından yaxşı bir şey gözləməyib. Amma Beriya ilə köhnə tanışlıq, Mikoyanla dostluq münasibətləri onun tərcümeyi-halında bu hadisələri “görünməz” edib.

Bununla belə, Malenkov Tiflisdəki görüşdə Arutinova bu məsələni xatırladıb:

– Qardaşınızın ən ağır cəzaya məhkum edilməsi sizin sovet hökumətinə qarşı münasibətinizi dəyişməyib?

– Mən ədalətli sovet məhkəməsinin hökmlərini müzakirə etməyə özümdə cəsarət tapmıram. Kimliyindən asılı olmayaraq qanuna qarşı çıxanlar öz cəzasını almalıdır.

Təyinatı günü Beriya telefonla onu təbrik edərkən, Arutinova xəbərdarlıq etməyi də unutmayıb:

– Sən ilk gündən sərt mövqe nümayiş etdir. Yoxsa ermənilər səni diri-diri yeyəcəklər.

İctimai və siyasi ab-havanın mürəkkəb və çox qarışıq olduğu Ermənistanda işləmək Arutinov üçün çox da rahat olmayıb. Yəqin ki, onun Moskvada Mikoyan və Beriya kimi dayaqları olmasaydı, o, fəaliyyətini yarımçıq qoyacaqdı.

Məhz Mikoyanın vasitəsi ilə Arutinov büdcə bölgülərində Ermənistana əvvəlki illərdən kəskin şəkildə fərqli olaraq daha çox vəsaitlər ala bilib. İqtisadi və sosial sahələrdə Mikoyanın dəstəyi ilə inkişaf tempinə nail olmağı bacarıb.

Respublikada nüfuzunu qaldırmaq, siyasi qüvvələrlə münasibətlərin respublikadaxili mübarizəyə çevrilməməsi üçün Arutinov Qarabağ məsələsindən məharətlə istifadə edib. Azərbaycanın Dağlıq Qarabağ Muxtar Vilayətinin Ermənistanın tərkibinə verilməsi ilə bağlı Moskvaya müraciəti yerli əhali tərəfindən Arutinovun cəsarətli addımı kimi qiymətləndirilib.

Belə ki, 1945-ci ilin oktybrında Arutinov Stalinlə gürüşü zamanı Ermənistan kommunistlərinin xahişini ona çatdırıb, Dağlıq Qarabağın Ermənistanın tərkibinə verilməsi ilə bağlı qərar qəbul etməsini xahiş edib və məsələ ilə bağlı toplanmış sənədlər qovluğunu masasının üstünə qoyub.

Sözsüz ki, Stalin bu məsələyə dərhal reaksiya verməyib. O, həmin qovluğu araşdırmaq üçün Malenkova ünvanlayıb.

Malenkov da öz növbəsində münasibət bildirməsi üçün Arutinovun Dağlıq Qarabağla bağlı təkliflərini Mircəfər Bağırova göndərib. Mircəfər Bağırov məsələ ilə bağlı Malenkovun ünvanına geniş bir məktub hazırlayıb, həmin məktubda bu sətirlər də əksimni tapıb:

“Eyni zamanda ÜIK(b)P MK nəzərinə çatdırmağı lazım bilirik ki, DQMV-in Ermənistan SSR-in tərkibinə qatılması məsələsinə baxarkən, Azərbaycan SSR ilə bitişik və əhalisinin əksəriyyəti azərbaycanlılardan ibarət olan Ermənistan SSR-nin Əzizbəyov, Vedi, Qarabağlar rayonlarının Azərbaycan SSR-yə verilməsi məsələsinə də baxılmalıdır… Eyni zamanda Gürcüstan SSR-in Borçalı rayonunun Azərbaycan SSR-in tərkibinə qatılması məsələsinə də baxılmalıdır. Çünki əhalisi tamamilə azərbaycanlılardır və Azərbaycan SSR-lə bilavasitə yanaşıdır. Nəhayət, biz xahiş edirik, Dağıstan MSSR-in Dərbənd və Qasımkənd rayonları ərazisinin də Azərbaycan SSR tərkibinə daxil edilməsi məsələsinə də baxılsın. Keçmişdə Azərbaycanın bir hissəsi olmuş və Bakı quberniyasının tərkibinə daxil idi. Bu rayonların əhalisinin əksəriyyəti azərbaycanlılardan ibarətdir və onların əksəriyyəti heyvandarlıqla məşğuldur, ilin 9 ayını Azərbaycan ərazisində yaşayırlar…”

Bu tutarlı cavabla Arutinovun Qarabağ sevdası xəyala çevrilib.

Bu hadisədən sonra Malenkov Arutinova bir daha belə məsələlərə baş qoşmamasını da məsləhət görüb. Bu həmin ərəfəyə təsadüf edib ki, Arutinovla Beriya arasındakı dostluqda soyuq münasibətlər yaranıb. Bunun səbəbkarı isə Ermənistan dövlət təhlükəsizliyi naziri Nikita Krimyan olub. Beriyanın yaxın adamı kimi tanınan Krimyan 1945-ci ilin may ayında Ermənistana dövlət təhlükəsizliyi naziri təyin edilib. Hədsiz dərəcədə iddialı və hikkəli bir şəxs olan Krimyan Ermənistanda heç kimlə hesablaşmayıb, əməliyyat tədbirləri həyata keçirərkən, yüksək vəzifəli şəxsləri həbs edərkən Arutinovla məsləhətləşməyib, ona heç bir hesabat verməyib. Krimyanın özbaşınalığı o həddə çatıb ki, Arutinov Moskvada olarkən, Beriyadan xəbərsiz Krimyan haqqında, onun vəzifədən uzaqlaşdırılması ilə bağlı birbaşa Stalinə müraciət edib. Müraciətin nəticəsi müsbət olub, Krimyan Ermənistandan uzaqlaşdırılıb. Bu hadisə Beriyanın qəzəbinə səbəb olub və onun Arutinovla münasibətlərində soyuqluq yaranıb.

Arutinov Moskvadakı bir dayağını, Beriyanı itirsə də, ikinci dayağı olan Mikoyanla münasibətləri daha da güclənib. Yeni qohumluq əlaqələri iki erməninin daha sıx dostluğuna səbəb olub. Yuxarıda qeyd etdiyimiz kimi, 1937-ci ildə Arutinovun həyat yoldaşının qardaşı intihar etdikdən sonra Arutinov onun qızını rəsmi olaraq övladlığa götürüb. Həmin qızla Mikoyanın hərbi təyyarəçi olan oğlu Aleksey ailə həyatı qurublar. Bu nikahdan sonra Arutinov özünü daha arxalı hiss edib. Amma bu da uzun çəkməyib. 1953-cü ildə Stalin vəfat etdikdən sonra hadisələr başqa səmtə yönəlib.

Bir haşiyə çıxaraq qeyd edək ki, 1951-ci ildə Kremldə keçirilən müşavirə zamanı Xruşov qəsəbələrin aqrar şəhərciklərə çevrilməsi ilə bağlı təklif irəli sürəndə, Arutinov çıxış edərək bu təklifin özünü doğrultmayacağını söyləyib və Xruşovu yüngül şəkildə tənqid edib. Müşavirədən çıxanda Xruşov ona “biz dar bir çığırda görüşəcəyik, bunu unutma” deyə Arutinovu hədələyib. Bəli, Stalinin vəfatından sonra Arutinovla Xruşovun həmin dar cığırda görüşü baş tutub. Bu görüşün nəticəsi olaraq Arutinov Ermənistan rəhbərliyindən uzaqlaşdırılıb. Həmin ərəfədə qonşu respublikaların, Azərbaycanın və Gürcüstanın birinci katibləri həbs olunanda, ermənilər Arutinovun da həbsini gözləyiblər. Bu dəfə də quda Mikoyan onun köməyinə çatıb. Arutinov ucqar bir kəndə sovxoz direktoru göndərilib. O, bu vəzifədə çox işləyə bilməyib. Şəhərdə kiçik bir vəzifə ilə təmin olunmasını xahiş etsə də, onu eşidən olmayıb.

İşsiz qalan Arutinov üçün İrəvanda yaşamaq əzablı olub, ittihamlar, tənqidlər onu bu şəhərdən köçməyə məcbur edib. Beriyanın illər öncə dediyi kimi, ermənilər Arutinovu diri-diri yeməyə başlayıblar. Yenidən Tiflisə köçən Arutinov ömrünün son üç ilini xəstəliklərlə keçirib, 1957-ci ildə, 57 yaşında ölüb.

İlham Cəmiloğlu, Musavat.com

Digər xəbərlər
SON XƏBƏRLƏR
“Ata” aviaşirkəti “xoş gəldin” ifadəsinə görə özündən çıxan panfarslara cavab verdi
21:08
ABŞ-də ermənilər 54 milyon dollardan çox pulu mənimsəyiblər
21:00
Liviya neft hasilatını gündə 1,3 milyon barelə qədər artırıb
20:58
Avropa Kuboku: "Azərreyl" çempion olub
20:46
“SpaceX” ilk dəfə “Super Heavy” raketinin nəzarətli qayıdışını gerçəkləşdiribAmerikalı milyarder İlon Maskın s
20:34
Aİ Macarıstanın mövqeyindən yan keçərək, Ukraynaya yardım göstərməyin yolunu axtarır
17:43
Yerə həyatı meteoritlər gətirib?
17:41
500 illik sirr və 20 illik araşdırma: Alimlər Xristofor Kolumbla bağlı iki müəmmanı öyrəndilər
17:38
Gürcüstanda MSK işçiləri təhdid mesajları alıb
17:28
Abbas Əraqçi: İran mümkün müharibəyə hazırdır
17:23
"Coca-Cola" sərxoşluqdan sonra baş ağrısını aradan qaldırır? - Ekspertdən AÇIQLAMA
17:20
Tusk miqrantlara sığınacaq verilməsini müvəqqəti dayandırmaq niyyətindədir
17:16
Kamala Harris səhhəti ilə bağlı hesabat yayıb
17:11
Bayden gələn həftə Almaniyaya səfər etməyi planlaşdırır
16:32
Pekin Avropa İttifaqına xəbərdarlıq edib
16:29
Misirdə iki sərnişin qatarı toqquşub, azı 20 nəfər xəsarət alıb
16:26
Türkiyədə hava limanına ildırım düşüb, bir işçi yaralanıb
16:25
Ərdoğanın Putinə ad günündə nə hədiyyə etdiyi məlum olub
16:24
Karib hövzəsi ölkələri Britaniyadan təzminat tələb edəcəklər
16:23
Müdafiə Nazirliyi həftəlik icmalını yayıb.
16:19