Qarabağın cari dövrü zahirən 1991-ci ilin sonlarını xatırladır. Bir həlledici fərqlə ki, “çərxi-fələk” ermənilər üçün tərsinə fırlanır. 1988-dən Qarabağda xarici erməni emissarları, silahlı ermənilər var idi. 100 il hazırlaşmış dünya erməni faşizmi Azərbaycana qarşı hücuma keçmişdi. Ölkənin mərkəzi hakimiyəti Moskvada idi. Moskva öz əyalətində sakitlik yaratmaq üçün Qarabağı birbaşa özünə tabə etmişdi və orada Daxili Qoşun hissələri yerləşdirmişdi. Onlar həm ermənilərin, həm azərbaycanlıların bir birindən təhlükəsizliyini qoruyurdular. Ancaq qarşı tərəflər indiki kimi, rusları digər tərəfə işləməkdə suçlayırdı. Qeyd edim ki, sonuncu Sovet İttifaqı Qəhramanı, DQ xüsusi təyinatlı bölməsinin zampoliti leytenent O.Babak 1991 il aprelin 7-i Qubadlı r-n Yuxarı Cibikli kəndinə hücum etmək istəyən 70 nəfər erməni silahlısı ilə döyüşdə, qəhramancasına həlak olmuşdu. Oleq Babakın həyat və döyüş yolu haqqında tanınmış jurnalist Anar Həsənov illər öncə çəkdiyi film var. Bu filmi indi rusiyanın mərkəzi tv-kanallarında nümayiş etdirmək lazımdı...
Münaqişənin o dövründə Qarabağda bizim qüvvələrdən, azərbaycanlılar yaşayan məntəqələrdə yerli milis(polis) bölmələri və ezam olunanlar, XTPD(OMON), digər yerli və mərkəzi güc strukturları(Azərbaycan DTK-nin xüsusi təyinatlıları) və yeni yaranan özünümüdafiə dəstələri var idi.
1991-ci ildə Moskvada sovetləri dağılmaqdan saxlamaq istəyən mühafizəkar qənəd, o cümlədən, sovet hərbi generaliteti, Qorbaçovu təsir altına ala bildi. Bu zaman Ter-Petrosyanın rəhbərlik etdiyi Ermənistan Moskvanın keçirdiyi, “yenilənmiş İttifaqda qalmaq istəyirsizmi?” referendumunda iştirak etməkdən imtina etdi. Moskvada mühafizəkarların güclünməsindən və Ermənistanın bu demarşından istifadə edən Azərbaycan rəhbərliyi 1991-ci ilin yazında erməni ekstremistlərinə qarşı, sovet hərbi hissələrinin də iştirakı ilə, iri əməliyatlar(“Halqa”) keçirməyə nail oldu. Çaykənd kimi ekstremist yuvası darmadağın edildi, əhalisi Ermənistana köçürüldü. Hadrutdan 14 kənd ekstremistlərdən təmizləndi, əhalisi köçürüldü. Goranboyun bir sıra dağ kəndlərində ekstremistlər mühasirəyə alınaraq, məhv edildilər ya təslim oldular. Qarabağda sərt pasport rejimin tətbiqi nəticəsində onlarla emissarlar, ekstremizm təbliğatçıları, yüzlərlə boyeviklər həbs oldu, qalanları Ermənistana qaçdı. Azərbaycan SSR-ın bayrağı Xankəndində obkomun binasında dalğalandı. Pərakəndə müqavimət davam etsə, ekstremistlərin təminat kanallarına və əsas qüvvələrinə ağır zərbələr vurulmuşdu.
Lakin 91-ci ilin avqustunda məlum QKÇP hadisələri ilə əməliyatlar dayandı, daha sonra sovetlər dağıldı.
Rusiyada hakimiyətə sovetləri dağıdan B.Elsin və başçılıq etdiyi tamamilə ermənipərəst “Demblok” gəldi. Rusiyanı arxasına alan Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti açıq müstəviyə keçdi.
30 ilin tamamında, tamam fərqli şəraitdə proses geri dönür. Azərbaycan güclü müstəqil dövlətdir, torpaqlarını hərbi gücü ilə azad edib. Ermənistan hərbi qüvvələri darmadağın, ümidsizlik və ictimai-siyasi hərc-mərclik vəziyətində. Və ən əsası erməni xalqı faşizm, ekstremizm ideologiyanın nəticələrinin acısını dadıb və üzləşdiyi bəlaların kökünü anlamaqdadır. Hazırda Ermənistanda ya Qarabağda heç kəs "miatsum" ya “krunk” kimi kimi kütləvi hərəkat toplaya bilməz. Çünki insanlar sonunu gördülər.
Noyabrda Paşinyana qarşı etiraz mitinqləri 5-10 min etirazçı toplayırdısa, həmin günlər taksidə gediş haqqının 200 dram(70 qəp.) artırılması 50 minlik etiraz mitinqi topladı. Bu, ictimai əhvalın və qayğıların ən doğru göstəricisidir- təşkil olunan davamlı Qarabağ mitinqləri ən pikdə 10 min, İrəvanda taksidə qiymət artımı isə kortəbii 50 min adam toplayır.
Bəli, ermənilər özlərini məğlub və alçalmış hiss edirlər, bununla barışmırlar, yaralar hələ təzədir. Ancaq tam müəyyənliklə demək olar ki, zamanla və regiona infrastruktur, iqtisadi inteqrasiya ilə Ermənistanda faşist ideologiyası marginallaşacaq, bunun daşıyıcılarına isə divanə “ziyalılar”(ermənilərdə bu kateqoriya adamlar var) kimi baxacaqlar.
Bu şəraitdə bizim vəzifəmiz ümumi prosesə yardım etməkdir. Bunun üçün keçən 30 ilin və Qələbəmizin hündürlüyündən bir daha 1991-ci ilə baxmalıyıq. O zaman nəyi səhv etdik ki, Qarabağ əldən çıxdı? Çünki o vaxt həm düşünməyə vaxt yox idi, həm hər kəs özünü tam haqlı sayırdı, həm əlaqəsiz ideoloji-təbliğat şablonları ilə örtülmüşdü.
İndi o dövrə yeni gözlə, köhnə “yüklərdən” azad baxıb, real rasional dəyərləndirmə aparmalıyıq. Daxilimizdən “müstəmləkə köləsini”, onun qorxularını sıxıb, çıxardıb, qaməti düzəldib, şanlı qalib millətin, Vətənin övladı kimi düşünməliyik, qalib kimi davranmalıyıq. “Ay, Xocalıda aeroportu açırlar... batdıq!”, səsini başına alıb, camaatın heysiyatıyla oynamamalıyıq. Düşmənin istəyi budur. Dərin siyasi, hakimiyət və siyasi-iqtisadi böhran keçirən Ermənistanın XİN, olmayan “Arsaxın” hərbi cinayətkar rəhbəri Aryutunanla görüşü yalnız medi-effekt məqsədi daşıya bilər. Bu iki bədbəxt başqa nəyi müzakirə etsinlər ki? Biri qucaq axtarır(onu "iqtisadi qucağımıza" alacağıq), o biri də rusların qucağına qonub, düşünür ki, təhlükəsizlikdədir. Bu fiqurlar özlərindən nə kəsb edir ki, nə dəyişsinlər?
Düşmən, silahlı mübarizəni uduzub, psixoloji, informasiya mübarizəsinə keçib- “əsəb müharibəsinə”. Ona görə əsəblərimizi cilovlamalıyıq, küyə gedənləri özlərinə gətirməliyik. 1988-90-da küyə getməyimiz bizə çox baha başa gəldi.
Əlbəttə, düşmən hərəkətlərinə reaksiya verilməlidir, verilir də, o cümlədən XİN tərəfindən.
Ancaq ömrü 1-2 gün çəkən “media-fırtınalar” bizi əsas məsələlərdən yayındırmamalıdır.
1991-ci ildə olduğu kimi bu gün Ermənistanda hakimiyətdə qərbmeyilli qüvvələrdir. Düşünmək olar ki, onlar “Qarabağ yükündən” azad olub, xarici siyasi vektoru seçməkdə daha sərbəst olacaqlar.
Qarabağ erməniləri isə özlərini birbaşa RF-a bağlamaq istəyirlər. Onların Xocalı aeroportunun açılması xülyası da bununla bağlıdır. Əvvəlcə Stepanakertdən humanitar yardım adıyla Rusiya FHN-nin təyyarələri ilə xəstələrini, yaralılarını Moskvaya göndərsinlər, sonra onların valideynləri həmin çarterlərlə onlara baş çəkməyə gedəcək, sonra Rusiyadakı Qarabağ erməniləri rus təyyarələri ilə “vətənə baş çəkməyə” gəlsinlər, beləliklə get-gəl, reyslər açılsın, Stepanakert də bu reysdən iqtisadi və siyasi cəhətdən “ana göbəyi” kimi bəslənsin, rusların çətiri altında böyüsün.
Bu perspektivlərə görə inanmıram ki, bizim rəhbərlik Xocalının aeroportunun açılmasına razılıq vermək kimi kobud strateji səhvə yol verər.
Ağır məğlubiyətdən sonra ermənilərin əsl strateji məqsədi hər vəclə Qarabağın dağlıq hissəsində özünü-idarəetmə statusuna nail olmaqdır. Onların, bizim torpaqlarda ikinci dövlət qurub, onu gələcəkdə Ermənistana birləşdirmək xülyası getdi tarixin arxivinə. Lakin tarixi dərslərdən biri odur ki, Qarabağı Ermənistana qoşmaq istəyən erməni silahlı qüvvələri 1919 ildə Xosrov bəy Sultanovun başçılığı ilə ADR ordusu tərəfindən darmadağın olunmuşlar. Ancaq hərbi məğlubiyətə baxmayaraq, artıq dövlət müstəqilliyini itirmiş sovet Azərbaycanın tərkibində 1923 ildə muxtar vilayət statusu almağa nail olmuşlar. 1988-ci ildə başlanmış “Miatsum” hərəkatı o daanın davamı idi. Sovet dövründə biz ayıq-sıyıqlığımızı itirmişdik, unutmuşduq, unutdurmuşdular.
İndi ermənilər hər statusdan məhrum oldular. Ona görə onların minimal "tarixi vəzifəsi", heç olmasa muxtariyat statusunu qaytarsınlar. Bunun üçün onlar BMT, ATƏT, Rusiya, dünya erməniliyini bir birinə qatacaqlar. Terrora, təxribatlara əl atacaqlar... ancaq özlərini əzilmiş qurban kimi göstərəcəklər. Eyni zamanda Rusiyanın imperiya hisslərində oynayacaqlar.
Bununla bağlı 1991-ci ilin daha bir tarixi dərsini xatırlatmaq yerinə düşər. O zaman da Azərbaycan Moskvada “stavkanı” yalnız mühafizəkarlara elədi və QKÇP-lə uduzdu. İndi də biz yalnız Kremlin indiki sahibləri ilə əməkdaşlıq qururuq, lakin Rusiyada müxalifətlə əlaqə qurmuruq, informasiya məkanında təmsilçiliyimiz epizodikdir. Hazırda Rusiyaya dünyada təzyiqlər artır və Baydenin gəlişi ilə Rusiyaya qarşı sərt dönüş gözlənir. Paşinyan və düşərgəsi yanvarın 20-i səbirsizliklə gözləyirlər. ABŞ və Qərb Ermənistana dəstəyini gücləndirəcək, eyni zamanda rusiyadaxili proseslərə təsiri artıracaqlar. Buna hazır olmalıyıq.
1991-ci ildən indi şəraiti fərqləndirən və xeyrimizə olan digər məqam, Türkiyənin bizimlə bərabər olması və Rusiya ilə maraqlarda bəzi ziddiyətlərə baxmayaraq, onunla geniş gündəm üzrə əməkdaşlığıdır.
Tarix, dialektik spiralın yeni döngəsində, fərqli şəraitdə təkrar olunur.
Prosesi müəyyənləşdirən və fərqləndirən baş tendensiya isə- zəif və hazırlıqsız Azərbaycan torpaqlarını itirməyə deyil, müstəqil, güclü, qalib Azərbaycan itirdiyi torpaqları qaytarmağa, ərazi bütövlüyünün və suverenliyinin tam bərpasına doğru irəliləyir!
Mənbə: Nazim Bayramın Facebook profilindən götürülmüşdür.