Qarabağa köçürülən ermənilərin kənardan yardım almadan yaşaması mümkün deyil - TƏHLİL
11:15
01.02.2021
Baxılıb: 16105
Qarabağa köçürülən ermənilərin kənardan yardım almadan yaşaması mümkün deyil - TƏHLİL

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi (BMTM) "Dağlıq Qarabağa qayıdan ermənilər üçün iqtisadi perspektivlər" adlı təhlil hazırlayıb.

 

SAM həmin təhlili təqdim edir:

 

İkinci Qarabağ müharibəsi bitdikdən sonra rus sülhməramlılarının yerləşdirildiyi ərazilərə ermənilərin qayıtması (köçürülməsi) həmin ermənilərin orada iqtisadi fəaliyyət imkanlarının nə dərəcədə olması ilə bağlı suallar yaradır. Rus sülhməramlılarının elan etdiyi məlumatlara əsasən artıq həmin ərazilərə 50 minə qədər erməni köçürülmüşdür və bu rəqəmin 60 minə çatacağı gözlənilir. Bu təhlilin əsas məqsədi Qarabağa köçürülən ermənilərin Azərbaycanın dəstəyi olmadan (Azərbaycan vətəndaşlığı almadan) iqtisadi və sosial baxımdan mövcudluq imkanlarının nə dərəcədə real olduğunu müəyyən etməkdir. Onu da qeyd etmək lazımdır ki, həmin əraziləri tərk edən ermənilərin çoxu heç bir əşya götürmədən qaçıb gedən ermənilər idi. Ona görə də qayıdan ermənilərin hansı hissəsinin daima qalmaq üçün gəldiyi, hansı hissəsinin isə əşyalarını götürərək Ermənistana qayıtmaq istədiyi məlum deyil. Digər tərəfdən isə orada evlərin kütləvi şəkildə satışa çıxarılması faktı da qayıdan ermənilərin böyük hissəsinin orada qalmayacağı fikrinin formalaşmasına imkan verir. Bu məsələlər ilə bağlı dəqiq rəqəmlər hələ ki, məlum olmadığından təhlildə hesablamalar üçün 60 minlik erməni əhalisinin orada yaşaması halı nəzərdə tutulmuşdur. Belə olan halda müxtəlif istiqamətlər üzrə ermənilərin orada iqtisadi fəaliyyət imkanlarını nəzərdən keçirək.

 

Büdcə proqnozları

 

İlin əvvəlində Qarabağda müvəqqəti olaraq mövcudluğunu davam etdirən qondarma rejim 2021-ci il üçün büdcə layihəsini müzakirə etmişdir. Layihəyə əsasən 2021-ci ildə qondarma rejimin özünün büdcə gəlirləri əvvəlki il ilə müqayisədə 3 dəfədən çox azalaraq 31 milyon ABŞ dolları (bundan sonra dollar) həcmində olacaqdır.

Ötən il rejimin özünün büdcə gəlirləri 104 milyon dollar təşkil etmişdi. 2021-ci ilin büdcə layihəsinə əsasən Ermənistan hökuməti tərəfindən verilən büdcə kreditinin məbləği isə əvvəlki il ilə müqayisədə dəyişməz qalacaqdır (120 milyon dollar). Beləliklə, büdcə krediti ilə birlikdə ümumi büdcə xərcləri 151 milyon dollara çatacaqdır. Büdcə xərcləri 231 milyon dollar, büdcə kəsri isə 80 milyon dollar olacaqdır. Layihəyə əsasən 2021-ci ildə büdcə xərcləri ötən ilin büdcə xərclərindən 8% daha az olacaqdır. Büdcə xərclərinin ÜDM-ə nisbəti 2020-ci ildə 55.6% olduğu halda 2021-ci ildə 46.2%-ə düşəcəkdir. Müharibə ilə əlaqədar olaraq yaranmış sosial problemlər səbəbindən qondarma rejimin nümayəndələri tərəfindən büdcə siyasətinin sosial yönümlü olacağı vurğulanmışdır. Sosial problemlərin həll edilməsi üçün kommunal xidmətlərin subsidiyalaşdırılması proqramları nəzərdə tutulub ki, bunun üçün də 22 milyon dollar vəsait ayrılması planlaşdırılır. Bundan başqa büdcədə sosial müdafiə xərclərinə 58 milyon dollar, səhiyyə sahəsinə isə 16 milyon dolların ayrılması nəzərdə tutulur. Büdcədə yer alan proqnozlar qondarma rejimin hələki fəaliyyət göstərdiyi ərazilərdə iqtisadi şəraitin yaxşı olacağı və əhaliyə sosial dəstəyin yüksək olacağı mənzərəsini yaradır. Lakin, ötən illərin statistik rəqəmləri ilə müqayisə apardıqda 2021-ci il üçün elan edilmiş proqnozların əldə edilməsinin mümkün olmayacağı və rəqəmlərin məntiqsiz şəkildə şişirdildiyi məlum olur. Belə ki, 2019-cu ildə qondarma rejimin ümumi büdcə gəlirləri 208 milyon dollar (120 milyon dolları büdcə krediti olmuşdur), büdcə xərcləri isə 205 milyon dollar təşkil etmişdir.

 

2019-cu ilin göstəriciləri ilə müqayisədə 2021-ci ildə ümumi büdcə gəlirləri və qondarma rejimin öz büdcə gəlirləri 57 miyon dollar az, büdcə xərcləri 26 milyon dollar çox, büdcə kəsri isə 10 dəfə çox olacaqdır.

 

Bildiyimiz kimi müharibə nəticəsində qondarma rejimin kənd təsərrüfatı üçün yararlı olan əsas əraziləri əldən çıxmışdır. Bundan başqa əvvəllər qondarma rejimin əsas vergi ödəyicilərindən olan və mədənlərin qeyri-qanuni istismarı ilə məşğul olan şirkətlərin bir çoxunun yataqların yerləşdiyi ərazilərin azad edilməsi nəticəsində fəaliyyəti dayanmışdır. Nümunə üçün Ağdərədə yerləşən Kaşen (Kashen) mədənini göstərmək olar. Belə ki, 2019-cu ilin göstəricilərinə əsasən təkcə bu mədənin istismarı ilə bağlı əldə edilən vergilər qondarma rejimin ümumi vergilərinin 16.6%-ni təşkil etmişdir.

 

 

Bundan başqa iqtisadi əlaqələrin qurulmasına imkan yaradan nəqliyyat yolları Azərbaycanın nəzarətinə keçmişdir. Bu qədər ehtiyatların və gəlirlərin əldən çıxması və əhalinin təxminən üçdə ikisinin (vergi ödəyicilərinin 60%-dən çoxunun) həmin əraziləri tərk etməsi şəraitində büdcə gəlirlərinin 2021-ci il üçün 2019-cu il ilə müqayisədə cəmi 57 milyon dollar az olacağı inandırıcı deyildir. Faktiki olaraq qondarma rejimin özünün hazırda gəlir əldə etmək imkanları yox dərəcəsindədir. Belə olan halda hansı mənbələr hesabına qondarma rejimin özünün 31 milyon dollarlıq büdcə formalaşdıracağı aydın deyildir.

 

Digər tərəfdən belə bir şəraitdə büdcə xərclərinin 2019-cu il ilə müqayisədə 26 milyon dollar artırılmasının mümkünlüyü də şübhə doğurur. Belə olduğu halda 2019-u il ilə müqayisədə 10 dəfə artan büdcə kəsrinin maliyyələşdirilməsi üçün xaricdən əlavə vəsaitlərin cəlb edilməsinə ehtiyac yaranacaqdır (Ermənistan hökuməti bunu qarşılamaq iqtidarında deyildir). Diqqət çəkən digər məqam isə 2021-ci ildə qondarma rejim üçün Ermənistan tərəfindən ayrılacaq büdcə kreditinin eyni həcmdə qalmasıdır. Ermənistanda iqtisadi böhran dərinləşməkdədir və qondarma rejimə yardım etmək üçün maliyyə imkanları demək olar ki yoxdur. Belə planın olmasına baxmayaraq onun tam olaraq icra edilməsi ehtimalları azdır. Digər tərəfdən isə əgər əhalinin sayı əhəmiyyətli sürətdə azalırsa o zaman eyni həcmdə maliyyə vəsaitinin ayrılması məntiqli görünmür. Aydındır ki, bərpa üçün də əlavə maliyyə vəsaitlərinə ehtiyac vardır. Lakin, hazırkı vəziyyətdə bunun icra etmək üçün imkanlar mövcud deyildir. Büdcə proqnozlarının bu formada hazırlanması məntiqsizdir və onların icrası real deyildir.

 

Ümumi Daxili Məhsul (ÜDM)

 

Qondarma rejimin büdcə layihəsində yer alan məlumatlara əsasən 2021-ci ildə ÜDM-in həcmi 415 milyon dollar olacaqdır. Bu 2020-ci ilin göstəricisi (553 milyon dollar) ilə müqayisədə 25%, 2019-cu ilin göstəricisi (713 milyon dollar) ilə müqayisədə isə 42% azdır.

 

Lakin, qondarma rejimin iqtisadi imkanlarının azalması səviyyəsi ilə müqayisədə ÜDM-in daha kəskin şəkildə azalması baş verməlidir. İlk olaraq ona görə ki, əhalinin sayı əsaslı sürətdə azalmışdır və onların yarada biləcəyi ÜDM-in həcmi əvvəlki illər ilə müqayisədə çox aşağı olmalıdır.

 

ÜDM proqnozunun real olmadığını əvvəlki illərdə adambaşına düşən ÜDM göstəriciləri ilə müqayisələr aparmaqla müəyyən etmək mümkündür. Qondarma rejimdə adambaşına düşən ÜDM-in həcmi 2018-ci ildə 4355 dollar, 2019-cu ildə isə 4803 dollar, 2020-ci ildə isə 3711 dollar təşkil etmişdir. Əgər 2021-ci ildə ÜDM 415 milyon dollar olacaqsa və Qarabağa maksimum 60 min nəfər köçürüləcəksə o zaman adambaşına düşən ÜDM-in həcmi 6916 dollar təşkil etməlidir. Əhalinin hazırda ehtimal olunan sayı ilə (50 min) hesabladıqda isə bu göstərici 8300 dollara çatır. Bu isə, 2018 və 2019-cu illərdəki göstəricilərdən əsaslı şəkildə çoxdur və qeyri realdır. İqtisadi fəaliyyət imkanlarını da təhlil etdikdə belə göstəricinin əldə edilməsinin qeyri-mümkün olması ortaya çıxır. Belə ki, ÜDM-in 2019-cu ildəki strukturuna nəzər saldıqda aydın olur ki, əsas paya sahib olan sahələr ticarət və xidmət sektoru (48.4%), sənaye (30%) və kənd təsərrüfatı (9.4%) sahələridir. Hər üç sahə torpaqların azad edilməsi və ehtiyatların əldən çıxması nəticəsində əsaslı zərər görəcəkdir. ÜDM-də ən böyük paya sahib olan bu sahələrdə əlavə iqtisadi dəyərin yaradılması imkanları əsaslı şəkildə daralmışdır. Belə olan halda əvvəlki illərdən bir neçə dəfə çox olan adambaşına düşən ÜDM göstəricisinin əldə edilməsi qeyri-mümkündür.

 

Qondarma rejimin ÜDM-in strukturu (2019) İstər qondarma rejimdə əhalinin sayının kəskin azalması, istərsə də ÜDM-i formalaşdıran əsas iqtisadi sahələrdə fəaliyyət imkanlarının daralması şəraitində ÜDM ilə bağlı qeyri-real göstəricilərin elan edilməsi onu deməyə əsas verir ki, qondarma rejim əhalinin geri qayıtmasını təmin etmək məqsədilə rəqəmləri şişirtməyə və əhalini aldatmağa çalışır. Halbuki, hazırkı iqtisadi şərtlər daxilində bu göstəricinin əldə edilməsi mümkün deyildir.

 

Əmək bazarı

 

Qondarma rejimin hələki fəaliyyət göstərdiyi ərazilərdə iqtisadi imkanların müəyyən edilməsi üçün əmək bazarında formalaşacaq vəziyyətin təhlil edilməsi də faydalıdır. Buna görə də əvvəlki illərin statistik göstəriciləri vasitəsilə müqayisəli təhlil apararaq əhalinin məşğulluq imkanlarını müəyyən edək. 2018-cu ilin statistik rəqəmlərinə əsasən işçi qüvvəsinin aktiv işləyən hissəsinin 2018-ci ildə 58%-i dövlət idarəetməsi və təhsil sahəsində, 12%-i kənd təsərrüfatında, 6.8%-i sənayedə, 6.6%-i isə maliyyə və əmlak sahəsində çalışırdı).

 

Qeyd edilən əsas sahələrin əmək bazarında ümumi payı 83.4% təşkil edir. Hazırda qondarma rejimin fəaliyyət göstərdiyi ərazi əvvəl işğalda olan ərazilərin təxminən 30%-ə qədərini təşkil edir. Bu isə onu deməyə əsas verir ki, digər ərazilərdə dövlət idarəetməsi və təhsil sahəsində mövcud olmuş iş yerləri artıq onlar üçün yoxdur. Digər tərəfdən kənd təsərrüfatı üçün istifadə edilən əsas ərazilər (əsasən cənubda yerləşən) Azərbaycanın nəzarətinə qayıtmışdır. Ona görə də kənd təsərrüfatı sahəsində də olan iş yerlərinin böyük hissəsi artıq yoxdur. İşçi qüvvəsinin digər böyük hissəsi isə sənaye sektorunda fəaliyyət göstərirdi. Onların da əsas fəaliyyət göstərdiyi istiqamət mədən və emal sənayesi sahələri idi. Torpaqların azad edilməsi nəticəsində isə sənaye sektorunun əsasını təşkil edən mədənlər və emal sənayesi müəsisələrinin də böyük hissəsi Azərbaycanın nəzarətinə keçmişdir. Ona görə də bu sektorda mövcud olan iş yerlərinin əksər hissəsi artıq ermənilər üçün mövcud deyildir. Bütün bunlar onu göstərir ki, ermənilər Qarabağa qayıtsalar belə onlar üçün məşğulluq imkanları çox az olacaqdır.

 

 

Digər tərəfdən əvvəllər əmək haqqının ən yüksək olduğu sahələrdə də böyük daralmalar müşahidə ediləcəkdir. Belə ki, 2019-cu ilin statistik rəqəmlərinə əsasən orta aylıq əmək haqqının ən yüksək olduğu sahələrə mədən sənayesi (730 dollar), tikinti (400 dollar) və kənd təsərrüfatı (240 dollar) sahələri aiddir. Torpaqların işğaldan azad edilməsi nəticəsində qeyd edilən hər üç sahədə iş yerləri əhəmiyyətli sürətdə azalacaqdır və əhalinin ən çox əmək haqqı alan hissəsi də işsiz qalacaqdır. Bu da əlbətdə ki, istehlak bazarının kəskin daralması və iqtisadi aktivliyin azalması deməkdir. Əvvəllər qondarma rejimin tərkibində fəaliyyət göstərən işçi qüvvəsinin strukturunun təhlili də iqtisadi fəaliyyət imkanları baxımından müəyyən nəticələrin əldə edilməsinə imkan yaradır. Belə ki, 2018-ci ilin statistik məlumatlarına əsasən qondarma rejimin nəzarətində olan ərazilərdə olan ümumi işçi qüvvəsinin (103.3 min nəfər) 65%-i (67 min nəfər) iqtisadi aktiv işçi qüvvəsi olmuşdur. Buradan həm də o nəticəyə gəlirik ki, 2018-ci ildə həmin ərazilərdə yaşayan 147 min nəfər əhalinin 70%-i ümumi işçi qüvvəsi hesab olunurdu və əhalinin 46%-i aktiv işçi qüvvəsi idi. Əgər Qarabağa qaytarılan ermənilərin sayının 60 minə çatacağını qəbul etsək o zaman 2018-ci ilin göstəriciləri əsasında paralel təhlil apararaq təxmini olaraq müəyyən etmək olar ki, 60 min nəfər əhalinin 70%-i yəni 42 min nəfəri ümumi işçi qüvvəsini təşkil edəcəkdir və onun da 27.6 min nəfəri iqtisadi aktiv əhali qrupu olacaqdır. Bu isə 2018-ci il ilə müqayisədə aktiv işçi qüvvəsinin 2021-ci ildə 2.4 dəfə azalması deməkdir .

Bu isə o nəticəyə gəlməyə imkan verir ki, əgər aktiv işçi qüvvəsi 2.4 dəfə azalırsa və məşğulluqda əsas paya sahib olan sahələrdə fəaliyyət dayanırsa o zaman ÜDM-in 2020-ci il ilə müqayisədə 25% deyil, əsaslı azalması baş verməlidir.

 

Ticarət

 

Qondarma rejimin statistik məlumatlarına əsasən 2019-cu ildə ixrac 283 milyon dollar, idxal isə 373 milyon dollar həcmində olmuşdur. Nəticədə 90 milyon dollarlıq mənfi ticarət balansı formalaşmışdı. İxracın 190.7 milyon dolları və ya 67%-i, idxalın isə 362.8 milyon dolları və ya 97%-i Ermənistanın payına düşmüşdür. Nəticədə, Ermənistanla ticarətdə 172 milyon dollarlıq mənfi balans yaranmışdır. Qondarma rejimin ixracının əsasını mineral məhsullar təşkil edirdi. Belə ki, 2020-ci ilin ilk yarım ilində ixracın 73%-i məhz mineral məhsulların payına düşmüşdür. Həmin dövrdə ixracda qiymətli metalların payı 8%, bitkiçilik məhsullarının payı isə 7% təşkil etmişdir.

Torpaqlar işğaldan azad edildikdən sonra isə əvvəl ixrac edilən ehtiyatların böyük hissəsi əldən çıxmışdır. Bura istər mədən səanayesinin məhsulları, istər bitkiçilik məhsulları, istərsə də qiymətli metallar aiddir. Ona görə də qarşıdan gələn dövrdə Ermənistanla mövcud olan mənfi ticarət balansı daha da genişlənəcəkdir və Ermənistandan asılılıq artacaqdır. Ona görə ki, əvvəllər Ermənistana ixrac edilən məhsulları indi qondarma rejim Ermənistandan idxal etməli olacaqdır. Ermənistanın özündə mövcud olan iqtisadi problemlər isə müxtəlif sahələrdə məhsul istehsalının artmasına imkan verməyəcəkdir. Ona görə də bu məhsulların böyük hissəsi həm qondarma rejim tərəfindən, həm də Ermənistan tərəfindən idxal ediləcəkdir və qiymət artımı baş verəcəkdir.

 

Əvvəl qondarma rejim tərəfindən ixrac edilən, lakin indi idxal edilməsinə ehtiyac olan məhsula nümunə kimi taxıl məhsullarını göstərmək olar. Belə ki, Erməni mənbələrinin məlumatına əsasən İkinci Qarabağ Müharibəsi nəticəsində Azərbaycan 90 min hektardan çox əkin sahəsini geri qaytarmışdır. Bu isə qondarma rejimin nəzarətində olan əkin sahələrinin 90%-nin Azərbaycanın nəzarətinə keçməsi deməkdir. Bu sahələrdə ildə 150 min ton müxtəlif növ taxıl bitkiləri istehsal edilirdi ki, onun da bir hissəsi Ermənistana ixrac edilərək Ermənistanın daxili tələbatının 20-30%-ni təmin edirdi. İndi isə, Ermənistan həm özünün, həm də qondarma rejimin tələbatını ödəmək üçün taxıl idxalını əsaslı sürətdə artırmaq məcburiyyətindədir.

 

Eyni vəziyyət elektrik enerjisi istehsalına da aiddir. Azərbaycanın torpaqları işğaldan azad etməsi nəticəsində qondarma rejimə aid olan 36 hidro elektrik stansiyalarının (HES) 30-u Azərbaycanın nəzarətinə keşmişdir. Müharibə nəticəsində qondarma rejim enerji istehsalı potensialının 53%-ni itirmişdir. Ona görə də Ermənistan qondarma rejimin də enerjiyə olan tələbatını təmin etmək məcburiyyətindədir. Bütün bunlar onu göstərir ki, qondarma rejimin Ermənistandan asılılğı əhəmiyyətli sürətdə artmışdır və Ermənistan hökuməti mövcud iqtisadi vəziyyətdə qondarma rejimin ehtiyaclarını ödəməkdə çətinlik çəkəcəkdir. Bu da onu göstərir ki, qondarma rejimi qida və enerji təhlükəsizliyi ilə bağlı böyük problemlər gözləyir.

 

Nəticə

 

Müxtəlif iqtisadi istiqamətlər üzrə apardığımız təhlillər onu göstərir ki, ermənilərin Qarabağa qayıtması (köçürülməsi) prosesi baş versə də ora qayıdan əhalinin həmin ərazilərdə Azərbaycanın dəstəyi olmadan (Azərbaycanın vətəndaşlığı almadan) iqtisadi faliyyət və sosial təminat imkanları çox azdır. 2021-ci il üçün qondarma rejim tərəfindən elan edilmiş büdcə proqnozları köçürülən əhali üçün cəlbedici görünsə də bu proqnozların icrası imkanları azdır və Ermənistanda iqtisadi böhran dərinləşdiyindən qondarma rejimə əsaslı şəkildə yardım edə bilməyəcəkdir. Ona görə də büdcə layihəsinin şişirdilmiş rəqəmlər əsasında hazırlanması məntiqsizdir və onun icrası real deyildir. Bununla yanaşı təhlillərimiz göstərir ki, qondarma rejimin ÜDM ilə bağlı verdiyi proqnozlar da reallıqdan uzaqdır. Bu isə onu göstərir ki, qondarma rejim əhalinin geri qayıtmasını təmin etmək məqsədilə rəqəmləri şişirtməyə və əhalini aldatmağa çalışır. İqtisadi proqnozların şişirdildiyini və qeyri-real olduğunu sübut edən digər məqam isə əmək bazarında formalaşması gözlənilən vəziyyətdir. Belə ki, təhlillərimiz göstərir ki, aktiv işçi qüvvəsinin sayı müharibədən əvvəlki dövr ilə müqayisədə 2.4 dəfə azalacaqdır (60 min nəfərin köçdüyü halda). Ona görə də dəfələrlə az sayda işçi qüvvəsi ilə proqnozlaşdırılan iqtisadi artım göstəricilərini əldə etmək mümkün olmayacaqdır. Müharibə eyni zamanda qondarma rejimin ixrac imkanlarını da kəskin şəkildə daraltmışdır. Bu özünü xüsusilə qondarma rejimin əsas gəlir mənbəyi olan mineral və kənd təsərrüfatı məhsullarının ixracında göstərəcəkdir. Nəticədə, qondarma rejimin iqtisadiyyatının Ermənistandan asılılığı artacaqdır və əsas istehlak məhsullarının xaricdən idxalının artması əsaslı qiymət artımının baş verməsinə, qida və enerji təhlükəsizliyi ilə bağlı böyük problemlərin yaranmasına şərait yaradacaqdır. Bütün bunlar onu göstərir ki, heç bir iqtisadi perspektivin olmadığı şəraitda Qarabağa köçürülən əhalinin orada uzun müddət (bir neçə il) kənardan yardım almadan yaşaması real deyildir.

Digər xəbərlər
SON XƏBƏRLƏR
İran və Suriya XİN başçıları regional məsələləri müzakirə ediblər - YENİLƏNİB
13:37
FTB və Daxili Təhlükəsizlik Departamenti oktyabrın 7-də mümkün zorakılıq halları barədə xəbərdarlıq edib
13:07
MİDA rəsmisi: “Cəbrayıl yaşayış kompleksi yüksək keyfiyyətlə inşa edilib”
13:02
KİV: Ağ Ev miqrantlara ölkəyə müvəqqəti humanitar giriş proqramını uzatmayacaq
13:00
İsrail ordusu: Ölkənin şimalında iki əsgər ölüb, onlarla yaralı var
12:58
Şirkət nümayəndəsi: “Cəbrayılda alkoqolsuz içki məhsulları kompleksi ölkədən valyuta axınının qarşısını alacaq
12:44
UNICEF-in Azərbaycandakı Nümayəndəliyi Müəllimlər Günü münasibətilə paylaşım edib
12:41
Azərbaycan neftinin qiyməti 81 dolları ötüb
12:32
Azərbaycan və İtaliya “yaşıl enerji” tədarükünün genişləndirilməsini müzakirə edib
12:24
Azərbaycan Hidrogen Şurası ilə enerji əməkdaşlığını müzakirə edib
12:15
Azad edilmiş ərazilərə köçürülən 2800 -ə yaxın sakinin məşğulluğu təmin edilib
11:48
ABŞ Mərkəzi Komandanlığının rəhbəri İsrailə səfər edəcək
11:46
“İmarət” stadionu bölgədə beynəlxalq yarışların keçirilməsi üçün əlverişli şərait yaradacaq
11:35
Numan Kurtulmuş: Bir çox terror təşkilatları, o cümlədən PKK vasitəsilə Türkiyəyə təzyiq edilir
11:34
Ermənilərin Azərbaycanın dinc şəhərlərini ikinci dəfə bombalamasından dörd il ötür
11:25
Hamburqda Marburq virusu həyəcanı: İki platforma bağlandı
11:17
G20 ölkələri Azərbaycanın COP Sədrliyinə dəstək ifadə edib
11:15
İki Almaniya 34 ildən sonra da tam birləşə bilmədi
11:10
Çinin haker qrupu ABŞ-nin telefon dinləmə sistemlərinə hücum edib
11:06
Türkiyədən Yunanıstana keçmək istəyən 24 miqrant saxlanılıb
10:48