Ermənistanın Rusiyadakı səfiri Rusiya XİN-ə çağırılıb
SİYASƏT
12:59
09.09.2023
Baxılıb: 4809
Ermənistanın Rusiyadakı səfiri Rusiya XİN-ə çağırılıb

Ermənistanın  Rusiyadakı səfiri Vaqarşak Arutyunyan Rusiya Federasiyası Xarici İşlər Nazirliyinə çağırılıb. Rusiya Xarici İşlər Nazirliyinin bəyanatına görə son vaxtlarda İrəvanın Rusiyaya qarşı qeyri-dost hərəkətləri ilə bağlı səfirə sərt fikir bildirilib. 

Rusiya və Ermənistan arasındakı gərginlik son vaxtlar ən yüksək həddə çatıb. Bu gərginliyə səbəb olan bir neçə hadisəni diqqətinizə çatdırırıq. Ermənistan Parlamentinin sədri Alen Simonyan mətbuata açıqlamasında, Parlamentin böyük ehtimalla Roma Statutunu ratifikasiya edəcəyini bəyan edib. Sənəd ratifikasiya olunacağı təqdirdə Beynəlxalq Ədalət Məhkəməsinin çıxardığı qərarlar Ermənistan hökuməti tərəfindən məcburi icra olunacaq. Qeyd etmək lazımdır ki, bu ilin mart ayında Beynəlxalq Cinayət Məhkəməsi Rusiya Prezidenti Vladimir Putinin həbsinə order verib. Əgər parlament bu sənədi ratifikasiya edərsə, o zaman Putinin Ermənistana səfər edəcəyi təqdirdə həbs edilməsi gözlənilir. 

Bundan əlavə Ermənistan Baş Naziri Nikol Paşinyan bir neçə gün əvvəl, italyan qəzetinə verdiyi müsahibdə bildirmişdi ki, Rusiya regionu tərk edir. Bu bəyanat Moskvada birmənalı qarşılanmadı və ardınca Dmitri Peskov mətbuata açıqlama verərək bildirdi ki, Rusiya Cənubi Qafqaz regionunun ayrılmaz hissəsidir. Ona görə də tərk edə bilməz. Rusiya Ermənistanı tərk edə bilməz. Unutmayaq ki, Rusiyada Ermənistanın özündən daha çox erməni yaşayır. Onların əksəriyyəti Rusiyanın nümunəvi və vətənpərvər vətəndaşlarıdır. Bu cavab birbaşa baş nazir Nikol Paşinyana ünvanlanmışdı. 

Nikol Paşinyanın həyat yoldaşı Anna Hakobyanın Kiev səfəri və Ermənistanın ilk dəfə Ukraynaya humanitar yardım göndərməsi də, vəziyyəti daha da qəlizləşdirir.

Rusiya Xarici İşlər Nazirliyi həmçinin sentyabrın 7-də Ermənistanda bloger Mika Badalyanın və Sputnik Ermənistanın əməkdaşı Aşot Gevorqyanın həbsi ilə bağlı Rusiya tərəfinin narahatlığını Ermənistan səfirinə çatdırıb. 

 

Digər xəbərlər