BBC xəbər verir ki, HƏMAS, tələbləri yerinə yetirilməsə, heç bir girovun Qəzzanı sağ tərk etməyəcəyi barədə xəbərdarlıq edib.
“Nə faşist düşməni və onun təkəbbürlü rəhbərliyi, nə də onların arxasında duran tərəfdarlar mübadilə etmədən, danışıqlar aparmadan və müqavimət şərtlərini razılaşdırmadan öz əsirlərini diri-diri götürə bilməzlər” deyə HƏMAS tərəfindən yayımlanan audio çarxında deyilir.
Hazırda HƏMAS-ın əlində 138 girov var. İsrail baş naziri onların azad ediləcəyinə söz versə də, iki aydan çox vaxt keçməsinə baxmayaraq hələ də məsələ öz həllini tapmayıb.
Qeyd etmək lazımdır ki, Noyabrın 24-də yaradılmış və bir həftəyə yaxın davam edən müvəqqəti atəşkəs nəticəsində ümumilikdə 110-a yaxın girov azad edilib. Atəşkəsdən sonra Qəzzada ağır hərbi əməliyyatlar yenidən başlayıb.