Qlobal təhlükəsizlik və idarəetmə sisteminin böhranı dövründə Azərbaycanın yeri
SİYASƏT
08:17
12.09.2024
Baxılıb: 1272
Qlobal təhlükəsizlik və idarəetmə sisteminin böhranı dövründə Azərbaycanın yeri

 

 

Müasir qlobal təhlükəsizlik və idarəetmə sistemi İkinci Dünya müharibəsindən sonra formalaşıb. Bu sistemin əsasında Birləşmiş Millətlər Təşkilatı (BMT), xüsusilə də onun Təhlükəsizlik Şurası (TŞ) dayanıb. Beş daimi üzvün (ABŞ, SSRİ/Rusiya, Çin, Britaniya, Fransa) həlledici rol oynadığı Şura bir növ qlobal təhlükəsizlik çətiri rolunu oynayıb. Belə ki, beynəlxalq sülhün və təhlükəsizliyin qorunması məhz ona həvalə edilib.

Qlobal siyasi sistemə paralel olaraq, ümumdünya maliyyə-iqtisadi sistemi də yenidən qurulub. Bretton-Vud razılaşmaları ilə qızıl standartına əsaslanan əvvəlki beynəlxalq maliyyə və ticarət hesablaşmaları ABŞ dollarına əsaslanan bugünki sistemlə əvəzlənib. Məhz bu razılaşmaların nəticəsi olaraq Dünya Bankı və Beynəlxalq Valyuta Fondu kimi qlobal maliyyə institutları meydana çıxıb. 

Regional səviyyədə bir-birinə əks olan iki hərbi ittifaq - Şimali Atlantika Müqaviləsi Təşkilatı (NATO) və Varşava Müqaviləsi Təşkilatı formalaşsa da, onların arasında konsensus bərqərar olub. Regional miqyasda siyasi mübahisələri həll etmək üçün isə Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT) qurulub.

 

     Qlobal sistemin böhranı: Kompromisdən qarşıdurmaya keçid

Ötən əsrin 90-cı illərində Sovet İttifaqının dağılmasından sonra Qərbmərkəzli dünya idarəetmə sistemi dominant mövqeyə yiyələndi. Əvvəllər Varşava blokunun üzvü olan Şərqi Avropa dövlətləri, eləcə də SSRİ-nin tərkibindəki Baltikyanı ölkələr NATO düşərgəsinə qoşuldu. Digər postsovet ölkələri, o cümlədən də Mərkəzi Asiya respublikaları isə ATƏT-ə qatıldı.

Bu sistem yalnız yeni minilliyin ikinci onilliyinədək davam gətirməyi bacardı. Qeyd olunan dövrədək ara-sıra siyasi münaqişələr və iqtisadi təlatümlər baş versə də, problemlər mövcud təhlükəsizlik sistemi daxilində öz həllini tapırdı. Lakin 21-ci əsrin ikinci onilliyində Rusiyanın toparlanması və Çinin yüksəlişi onların öz iddialarını ortaya qoyması ilə nəticələndi.

Qlobal təhlükəsizlik və idarəetmə sistemindəki ilk böyük çat Suriya münaqişəsi fonunda yarandı. Bu ölkədə hakimiyyət dəyişikliyinə nail olmaq istəyən Qərb uğursuzluğa düçar oldu. Ukraynadakı qarşıdurma isə yaranmış çatı daha da dərinləşdirərək beynəlxalq sistemin sonrakı fəailiyyətini mümkünsüz etdi. Qərbin bu ölkədəki uğurunun qarşısını dinc vasitələrlə ala bilməyən Rusiya yeganə çıxış yolu kimi müharibəni seçdi.

Məhz Ukrayna müharibəsi müasir ümumdünya təhlükəsizlik və idarəetmə sistemini iflic vəziyyətinə saldı. Bu sistemin əsasını təşkil edən BMT TŞ-da hər zaman mövcud olmuş rəqabət artıq əsl düşmənçiliklə əvəzləndi.

Beləliklə də, Suriya və Ukrayna müharibələri İkinci Dünya müharibəsindən sonra formalaşan qlobal və regional təhlükəsizlik sisteminin çöküşünə gətirib çıxardı. Dünya miqyasında BMT, regional səviyyədə isə ATƏT öz funksiyasını itirdi.

Məhz bu səbəbdən hazırda BMT və onun TŞ-da islahatların aparılmasının vacibliyi gündəmə gətirilir. ATƏT-lə bağlı isə fərqli təşəbbüslərin şahidiyik. ABŞ öz dominantlığı ilə ATƏT-i qorumaq istədiyi halda, Avropada ABŞ-sız və Rusiyasız Avropa Siyasi Birliyi formatına üstünlük verilir. Avropa İttifaqı sadəcə iqtisadi güclə yanaşı daha müstəqil geosiyasi və hərbi güc kimi çıxış etmək niyyətindədir. Hər iki təşəbbüsün aqibəti Ukrayna müharibəsinin nəticəsinə bağlıdır. 

Bu müharibəyə görə Rusiyaya qarşı tətbiq olunan sanksiyalar Kremllə əməkdaşlıq edən bir sıra ölkələr üçün ümumdünya ticarət və hesablaşmalar sistemini qeyri-işlək hala gətirib. Odur ki, hazırda qlobal maliyyə idarəetmə sistemində də beynəlxalq valyuta kimi dollara əvəz axtarılır, yerli valyutalara əsaslanan alternativ hesablaşma mexanizminin yaradılmasına cəhd edilir.

Bir sözlə, hazırda dünya olduqca mürəkkəb və qeyri-müəyyən tarixi zaman kəsiyindən keçir. Mövcud qlobal idarəetmə sistemi artıq işləmir, yeni sistem isə hələ formalaşmayıb. Fərqli qlobal və regional təşəbbüslər irəli sürülür ki, bunların hansının daha dayanıqlı olması gələcək proseslərdən asılıdır.

 

     Azərbaycanın geosiyasi identikliyi: Biz hardayıq?

Azərbaycan tarixən formalaşmış olduqca mürəkkəb və çoxtərəfli geosiyasi identikliyə malikdir. Bu identikliyi təşkil edən amilləri onların xarakteri və əhəmiyyətinə görə iki qismə ayırmaq olar:

- Təbii və dəyişməz qalan təməllər;
- Sonradan yaradılan və zamanla dəyişməsi mümkün olan əsaslar.

Azərbaycanın geosiyasi identikliyinin dəyişməz amilləri aşağıdakılardır:

- Tarix (Cənubi Qafqaz, Orta Asiya, Yaxın Şərq, Rusiya İmperiyasının və SSRİ-nin bir hissəsi);
- Coğrafiya (Avropa qitəsinin bir hissəsi);
- Dini mənsubiyyət (İslam aləmi);
- Dil/mədəniyyət (Türk dünyası).

Hazırda Azərbaycanın MDB üzvü olması onun yaxın tarixi keçmişindən qaynaqlanır. Avropa qitəsinin bir parçası olduğu üçün Azərbaycan ATƏT-in fəaliyyətində yaxından iştirak edir. Dini mənsubiyyətinə görə Azərbaycan İslam Əməkdaşlığı Təşkilatının ən fəal üzvlərindəndir. Ortaq dil və mədəniyyət isə Azərbaycanı Türk Dövlətləri Təşkilatının ideya müəllifi və qurucularından birinə çevirib.

Bu təməllər uzun illərdir Azərbaycanın xarici siyasətinin təbii və dəyişilməz əsaslarını təşkil edir. Onlardan hər hansı birinə üstünlük verilərsə, digəri mütləq şəkildə zərər görəcək. Bunu nəzərə alaraq, rəsmi Bakı daim balanslaşdırılmış xarici siyasət həyata keçirməyi tərcih edir.

Müstəqillik illərində Azərbaycanın geosiyasi identikliyi sadalanan dəyişməz amillərlə yanaşı, yeni elementlərlə zənginləşdirilib:

- Enerji axınları;
- Nəqliyyat və logistika imkanları;
- Qoşulmama Hərəkatı və antimüstəmləkə cərəyanı;
- COP və qlobal iqlim gündəliyi.

Hazırda Azərbaycan öz enerji ixracının xəritəsini genişləndirir. Eyni zamanda, ixrac edilən enerji daşıyıcılarının strukturu da dəyişir, burada neft və qaz kimi ənənəvi mənbələrlə yanaşı yaşıl enerjinin çəkisi artır. Bakı Şimal-Cənub və Şərq-Qərb (Orta Dəhliz) layihələrini uğurla inkişaf etdirir, beynəlxalq nəqliyyat marşrutlarının yeni şaxələrini inşa edir. Həmçinin, Azərbaycan Qoşulmama Hərəkatının liderlərindən biri olaraq böyük dövlətlərin müstəmləkəçi siyasətindən əziyyət çəkən kiçik dövlətlərə və azsaylı xalqlara dəstək verir. Bununla yanaşı, COP 29-a ev sahibliyi etməyə hazırlaşan Bakı olduqca aktual xarakter daşıyan qlobal iqlim müzakirələrindən də geri qalmır.

Bu cür mürəkkəb, qarışıq və çoxtəbəqəli geosiyasi identiklik həm böyük imkanlar, həm də çoxsəviyyəli risklər yaradır. Azərbaycanın xarici siyasəti mövcud imkanlardan məharətlə istifadə edir, risklərin təsirini minimuma endirir.

Azərbaycan mövcud təhlükəsizlik və idarəetmə sisteminin artıq işləmədiyini hamıdan əvvəl anlayıb. 44 günlük müharibə dövründə Azərbaycanı dəstəkləyən fərqli ölkələrin koalisiyası, Bakının həmin günlərdə və sonralar BMT TŞ-da, ATƏT və Aİ-də formalaşan həmlələri dəf etməsi məhz geosiyasi identikliyin çoxtəbəqəliyindən irəli gələn imkanlardan məharətlə istifadəsinin nəticəsi idi.

Bununla belə, dünya sürətlə dəyişir və açıq qarşıdurma mərhələsinə qədəm qoyur. Artıq kiçik dövlətlərin xarici siyasəti məhdudlaşır və onlar güc mərkəzlərinin fəal maraq obyektinə çevrilir. Kiçik dövlətlər hərbi əməliyyatlar teatrının bilavasitə yaxınlığında yerləşirsə və ya onların ərazisində münaqişələr mövcuddursa, həmin dövlətlərin öz iradəsinə zidd olaraq qlobal qarşıdurmaya cəlb edilməsi riski yaranır.

Mürəkkəb geosiyasi identiklik daxili parçalanmaya da təsir edir. Hakimiyyətin əsas vəzifələrindən biri milli məqsədlər ətrafında həmrəyliyə nail olmaqdır, çünki daxili parçalanma böyük dövlətlərə daha kiçik dövlətlərin xarici siyasətini nəzarətə götürmək imkanı verir.

Beləliklə, qlobal və regional sistemlərin iflic vəziyyətə düşməsi və yeni sistemlərin formalaşmadığı şəraitində Azərbaycan əsas problemini həll etmiş oldu. Bu mürəkkəb şəraitdə qarşıda təhlükəsizliyi və iqtisadi inkişafı təmin etməklə yanaşı, qlobal və regional sistemlərin yenidən formalaşmasında iştirak etmək kimi vəzifələr dayanır. 

 

     Azərbaycan nə edir?!

Hazırda dünya nizamı dərin böhran içindədir. Mövcud qlobal təhlükəsizlik arxitekturası öz effektivliyini itirib, beynəlxalq maliyyə sistemi sanksiyalar üçün alətə çevrilib. Prosesin sonu hələ də görünmür, yeni oyun qaydalarının nə zaman bərqərar olacağı isə məlum deyil.

Qlobal qarşıdurma tərəflərinin nüvə dövlətləri olması onlardan hər hansı birinin açıq müharibədə qələbəsini mümkünsüz edir. Bu, dünya miqyasında qeyri-müəyyənlik şəraitinin hələ xeyli müddət davam edəcəyini vəd edir. Mövcud qlobal təhlükəsizlik və idarəetmə sisteminin artıq işləmədiyi, yenisinin isə hələ formalaşmadığı bir zamanda Azərbaycanın atdığı addımlar onun geosiyasi identikliyindən irəli gəlir və rəsmi Bakının tarixi-mədəni coğrafiyamızda baş verənlərə reaksiyasıdır.

Azərbaycan ilk gündən Cənubi Qafqaz və qonşularını bir araya gətirən 3+3 formatının iştirakçısıdır. Türkiyə ilə müttəfiqliq münasibətlərini rəsmiləşdirərək regionda dominant mövqelərə yiyələnmək istiqamətində addımlar atılır. 3+3 formatında iştirak etməyən Gürcüstanla məhz Azərbaycan və Türkiyə üçtərəfli əməkdaşlıq formatını dərinləşdirərək regional güc mərkəzinə çevrilməkdədir.

Avropa istiqamətində artıq regional idarəetmə sisteminin yeni elementi kimi çıxış edən Avropa Siyasi Birliyi yaxın gələcəkdə ATƏT-ə alternativ ola bilər. Bu formatın öncəkindən əsas fərqi onun daxilində ABŞ və ya Rusiya kimi dominant tərəflərin olmamasıdır. Azərbaycan burada Şərqi və Cənub-Şərqi Avropa dövlətlərinin simasında özünə xeyli tərəfdaş qazanmağı bacarıb. Əgər Avropa Siyasi Birliyi də sonradan “yeni ATƏT-ə” çevrilsə, Bakı öz mövqeyini bəyan edəcək.

Postsovet məkanına nəzər salsaq, Azərbaycan MDB-nin üzvü olaraq qalır. Bu təşkilat bir sıra üzvlərini itirməklə xeyli zəifləsə də, Bakı regional miqyasda hələ də mövcud platforma rolunu oynayan bir tribunadan özünü məhrum etmək fikrində deyil.

Azərbaycan Mərkəzi Asiya ölkələri ilə həm ikitərəfli qaydada, həm də Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşləri, TDT, ŞƏT kimi formatlar və təşkilatlar vasitəsilə ən yüksək səviyyədə əlaqələrini dərinləşdirir. Digər Asiya dövlətlərilə münasibətlər də diqqətdən kənarda qalmır. Bakı Pakistanla yanaşı artıq Çinlə də strateji əməkdaşlıq qurur, Əfqanıstanla əlaqələr saxlayır. 

Yaxın Şərqə gəlincə, burada bölgə dövlətləri arasında uzun illərdir davam edən ədavət səbəbindən bütün regionu əhatə edən ümumi idarəetmə sistemi hələ də mövcud deyil. Buna baxmayaraq, Azərbaycan region ölkələrilə ikitərəfli əməkdaşlığı inkişaf etdirməklə yanaşı, Ərəb Dövlətləri Liqası və Körfəz Əməkdaşlıq Təşkilatı ölkələri ilə də davamlı münasibətlər qurub.

Nəqliyyat kommunikasiyaları sahəsində Azərbaycan Şimal-Cənub, Şərq-Qərb (Orta Dəhliz) layihələri üçün vacib olan infrastrukturu fəal şəkildə formalaşdırır. Bu yolla Bakı həm qlobal, həm də regional oyunçuların diqqətini özünə çəkir, Azərbaycanı dünya miqyasındakı təchizat zəncirlərinin vacib halqasına çevirmək niyyətindədir.  

Enerji təhlükəsizliyi qlobal gərginliyin artdığı bir zamanda getdikcə daha böyük əhəmiyyət daşımağa başlayır. Belə şəraitdə Azərbaycan Avropa və Mərkəzi Asiya ölkələri hesabına öz enerji ixracının coğrafiyasını genişləndirmək, eləcə də ixracın strukturunu zənginləşdirməklə (neft-qazla yanaşı, yaşıl enerji) qlobal enerji təhlükəsizliyinə töhfələr verir.  

Beləliklə də, Azərbaycan fərqli tarixi-mədəni coğrafiyalara məxsus olmanın verdiyi imkanlardan maksimum istifadə edir. Bakı BRİCS, Qoşulmama Hərəkatı, COP və İƏT kimi dünya miqyaslı platformalar vasitəsilə BMT-dəki islahatlar, eləcə də Bretton-Vud sisteminə alternativin yaradılması kimi qlobal diskurslarda iştirak edir.

Burada əsas məqsəd Azərbaycanın səsini dünya ictimaiyyətinə çatdırmaq, öz ətrafına daha çox tərəfdaşlar toplamaq və ən əsası - açıq qarşıdurma dövründə bütün tərəflərin Azərbaycanın təhlükəsizliyində maraqlı olmasını təmin etməkdir.

SCCS Cənubi Qafqaz Tədqiqatlar Mərkəzi

Digər xəbərlər
SON XƏBƏRLƏR
Fələstinlinin ölüm anı - video
22:54
Ermənistan Ordusu155 mm lik ATAGS haubitsalarının sınaqlarını başa çatdırıb
22:47
Azərbaycanın xüsusi xidmət orqanları amerikalıların rusiyalı diplomata qarşı təxribatının qarşısını alıblar
22:15
Liviya neft hasilatı və ixracını bərpa edir
21:23
Azərbaycan və Rusiya Xəzər dənizinin dayazlaşdırılması məsələsi ilə bağlı işçi qrupu yaradıb
21:06
"ICE Futures Europe": Dünyada yaşıl istiqamətlər üzrə investisiya qoyuluşu mexanizmləri qurulmalıdır
20:26
İsrail ordusu Qəzzada 450-dən çox radikalın məhv edildiyini açıqlayıb
20:23
Azərbaycan və Belarus baş nazirləri qarşılıqlı əməkdaşlığın gələcək perspektivlərini müzakirə ediblər
19:55
Narışkin: Rusiya Azərbaycanın ŞƏT-də müşahidəçi statusu almasını dəstəkləyir
19:43
Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın işinin təşkili üçün işçi qruplar yaradılacaq
19:42
Naxçıvanda dövlət xəttilə verilən ipoteka kreditlərinin maksimal məbləği artırılıb
19:37
Paşinyan və Makron Ermənistan-Azərbaycan sülh prosesini müzakirə edib
19:35
Zəngilan rayonunda “Sarıqışlaq” Su Elektrik Stansiyası istifadəyə verilib
19:32
İlk dəfə işə düzələn valideynsiz şəxslərə ödənilən birdəfəlik müavinətin məbləği artırılır
16:33
Prezident İlham Əliyev Zəngilan İstirahət Kompleksində aparılan tikinti işləri ilə tanış olub
16:29
Latviyalı deputat Avroparlamentin Cənubi Qafqazla əlaqələr üzrə yeni rəhbəri seçilib
16:27
Tərtərdə xəstəxanada ölüm faktı ilə bağlı cinayət işi başlanılıb
16:25
Lukaşenko: Belarusla Azərbaycan arasında dostluq üçüncü ölkələrə qarşı yönəlməyib
12:50
Böyük Britaniya rəsmisi: "Təbii fəlakətlərin vurduğu zərəri minimuma endirmək olar"
12:48
Binəli Yıldırım: Türk dövlətləri gələcəyə daha inamla irəliləyir
12:45