ABŞ Konqresinin separatizm sevgisi – Pallone və Kardin yenidən "iş" başında
SİYASƏT
22:10
13.09.2024
Baxılıb: 1663
ABŞ Konqresinin separatizm sevgisi – Pallone və Kardin yenidən

Amerika Birləşmiş Ştatlarının (ABŞ) anti-Azərbaycan isterikası, separatizmə dəstəyi səngimək bilmir. Birtərəfli qaydada məğlub Ermənistan dəstəklənir, silahlandırılır, revanşizmə sürüklənir.

 

30 il keçmiş Qarabağ münaqişəsinin nizamlanmasında vasitəçilik etmiş dövlət Ermənistanı riyakarcasına müdafiə edir. Erməni lobbisinin ciddi təsiri altında olan və əksər hallarda Azərbaycana qarşı qərəzli qərarlar qəbul edən ABŞ Konqresində növbəti şou nümayiş etdirilib. Konqresdə keçirilən müzakirələrdə iddia olunub ki, ləğv edilən qondarma qurum ərazisində etnik təmizləmə həyata keçirilib. Ardınca da iddia olunub ki, Azərbaycan Ermənistana qarşı təcavüz edib.

 

"ABŞ Konqresinin bədnam Helsinki Komitəsində “Ermənistanın Demokratiyasına və Qərb Gələcəyinə Dəstək” mövzusunda keçirilən dinləmədə ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin sədri Ben Kardin Azərbaycanın Artsaxda apardığı etnik təmizləməni və Bakının Ermənistana qarşı davam edən təcavüzünü pisləyib”, - deyə erməni mediası yazıb. Dinləmələrdə iştirak etmək üçün üç “ekspert şahid” dəvət olunub: ABŞ-nin ATƏT-dəki keçmiş səfiri Dan Bayer, ​​Beynəlxalq Böhran Qrupunun Cənubi Qafqaz üzrə keçmiş analitiki Olesya Vardanyan və İrəvandakı Demokratiya və Təhlükəsizlik Regional Mərkəzinin prezidenti Tiqran Qriqoryan. Hər üçünün də anti-Azərbaycan, anti-Türkiyə mövqeyi bəllidir.

 

 

Helsinki Komissiyasının nümayəndə heyətinin Ermənistana son səfərinə toxunan komissiya sədri Kardin alçaqcasına vurğulayıb ki, “Azərbaycan Dağlıq Qarabağda törətdiyi etnik təmizləmə ilə yanaşı, təcavüzü davam etdirərək Ermənistanın suveren ərazilərində onun suverenliyinin bir hissəsini zorla məhv etməyə çalışır”. Kardin sülh prosesinin hazırkı şərtlərini qeyri-bərabər hesab edərək, bunun nəticəsində sərhəd problemlərinin həll olunmadığını qeyd edib.

 

Dəvət olunan “ekspertlər”in iddiasına görə, Azərbaycanın öz suverenliyi və ərazi bütövlüyünü təmin etməsi Ermənistanın təhlükəsizliyinə birbaşa təhdiddir. Onlar Azərbaycanın Ermənistan ərazilərində hərbi mövcudluğunun gücləndirilməsinə və Azərbaycanın növbəti hərbi eskalasiyası qarşısında Ermənistanın zəifliyinə toxunublar. Onlar, həmçinin qeyd ediblər ki, Azərbaycan Ermənistana yeni tələblər, məsələn, konstitusiyanın dəyişdirilməsi tələbi ilə çıxış edərək danışıqları ləngitməyə və pozmağa, yeni tələblər qoymağa çalışır.

 

 

Bu "ekspertlər" Ermənistanın konstitusiyasının dəyişdirilməsi məsələsini qeyd ediblər, amma bunun səbəbinə toxunulmayıb. Halbuki erməni konstitusiyasında Azərbaycan və Türkiyəyə qarşı ərazi iddiaları əks olunub. Rəsmi Bakı da buna qarşı çıxıb.

 

Digər bir ermənipərəst konqresmen Frank Pallone isə Bayden-Harris administrasiyasının USAİD vasitəsilə Ermənistana yardım paketini ikiqat artırmasına toxunub. Bunu Ermənistanla əlaqələri gücləndirmək baxımından zəruri sayıb.

 

Qeyd edək ki, ABŞ və Ermənistan müvafiq sazişə dəyişikliklər edib, nəticədə USAİD sazişi çərçivəsində nəzərdə tutulan məbləğin həddi iki dəfədən çox - 120 milyon dollardan 250 milyon dollara yüksəlib, həmçinin birgə əməkdaşlığın əhatə dairəsi genişləndirilib. USAİD-in Ermənistana yardımların həcmini artırması təsadüfi deyil. Məhz USAİD direktoru Samanta Pauer "X" hesabında Azərbaycanın Qarabağ regionunun erməni sakinlərinin Ermənistana miqrasiyasını “məcburi köç” adlandırıb. Samanta Paueri hazırda Azərbaycanda həbsdə olan Qarabağ separatçılarının nümayəndəsi, milyarder Ruben Vardanyanla sıx əməkdaşlıq bağlayır. Bunu o, ilk dəfə Azərbaycan istintaq orqanlarına verdiyi ifadəsində etiraf etmişdi. Vardanyan etirafında Donetsk separatçısı, hazırda Rusiya Dövlət Dumasının deputatı olan Aleksandr Borodayın bilavasitə onun tərəfindən maliyyələşdirildiyini demişdi.

 

 

Görünən odur ki, Azərbaycana qarşı qərəzli mövqeyi ilə seçilən, erməni lobbisindən yemlənən qüvvələr yenidən fəallaşıb. Onlar Ermənistanla Azərbaycan arasında sülh sazişinin imzalanması, sərhədlərin delimitasiyası prosesinin getdiyi ərəfədə Azərbaycanofobiya və separatizmi dəstəkləyən bəyanatların sayını artırıblar. Anti-Azərbaycan prosesdə adı keçən amerikalı senator Benjamin (Ben) Kardinə gəldikdə, o yenə də ermənidən artıq erməni olmağa cəhd göstərir.

 

ABŞ Senatının beynəlxalq münasibətlər üzrə komitəsinin sədri artıq neçənci dəfədir ki, Azərbaycanı hədəfə alır. Bu dəfə bir az da irəli gedərək kollektiv Qərbi Azərbaycanın Ermənistan torpaqlarını “işğal” etməsinə səssiz qalmaqda ittiham edib. O iddia edib ki, həmin ərazilər Ermənistan üçün strateji əhəmiyyət kəsb edir. Qeyd edək ki, Kardin rüşvət almaqda ittiham olunan ermənipərəst senator Bob Menendesi əvəzləyib. Merilend ştatından olan demokrat senator Kardin əvvəllər Nümayəndələr Palatasının üzvü, 2007-ci ildən isə Senatın Xarici Əlaqələr Komitəsinin üzvü olub.

 

Ötən ayın əvvəlində ermənipərəst konqresmenlərdən ibarət heyət Ermənistanda səfərdə olub. B.Kardin də həmin heyətin tərkibində olub. Məlumata görə, nümayəndə heyətinə Respublikaçılar Partiyasından olan, ABŞ-nin Missisipi ştatının senatoru, Helsinki Komissiyasının üzvü, Senatın Silahlı Qüvvələr üzrə komitəsinin üzvü Rocer Uiker başçılıq edib.

 

 

Məlumat üçün bildirək ki, B.Kardin amerikalı qanunvericilər arasında qatı ermənipərəst mövqeyi ilə seçilən biridir. Dəfələrlə Qarabağda separatçı hərəkata dəstək verməklə yanaşı, Azərbaycanda insan haqlarının vəziyyəti ilə bağlı əsassız, qərəzli bəyanatlar səsləndirib.

 

Şübhəsiz ki, bu qərəzli yanaşmanın arxasında, ilk növbədə, Azərbaycanın öz ərazi bütövlüyünü təmin etməsi durur. Separatizmə son qoymaqla yeni bir ilkə imza atan Azərbaycan, bununla yanaşı, 2024-cü ildə qlobal səviyyədə ən mötəbər tədbirlərdən biri olan COP29-a ev sahibliyi etməyə layiq görülüb. Bu qərarı beynəlxalq aləmin bütün üzvləri, o cümlədən ABŞ də dəstəkləyib.

 

Ancaq B.Kardin ölkəsinin mövqeyinə qarşı çıxır. Kardin və onunla həmfikir olanlara tövsiyə edirik ki, Azərbaycan əleyhinə birtərəfli və qərəzli fikirlər səsləndirmək əvəzinə, diqqətlərini ABŞ Senatının Xarici Əlaqələr Komitəsində kök salmış korrupsiya, rüşvətxorluq və digər bu kimi qanunsuz əməllərə yönəltsinlər. Sələfi senator R.Menendesin uzun müddət komitə çərçivəsində rüşvətxor əməlləri, oğurluq faktları, erməni himayədarları ilə şəxsi maraqlar üzərində qurulmuş birgə fəaliyyəti nəzərə alındıqda, bu ağır korrupsiya irsinin araşdırılması senator Kardin üçün daha faydalı olar.

 

Sual olunur - qondarma “amerikan müstəsnalığı”nın əsiri olan Ben Kardinə, görəsən, kim “beynəlxalq ictimaiyyət” adından danışmaq səlahiyyəti verib? Beynəlxalq ictimaiyyət dünyada BMT-dən sonra ən böyük təsisat olan Qoşulmama Hərəkatı, 4 il ona rəhbərlik edən Azərbaycan və 120 ölkədir. Beynəlxalq ictimaiyyət dünyada ən böyük tədbir hesab olunan COP29-un Azərbaycanda keçirilməsi ilə bağlı yekdil qərar verən dövlətlərdir.

 

 

Onu da qeyd edək ki, Ben Kardin komitə sədri seçiləndə Qarabağdakı son proseslərdən danışarkən Birləşmiş Ştatların Azərbaycana təhlükəsizlik yardımını dayandırmalı olduğunu bildirmişdi.

 

Yuxarıda qeyd olunanlar onu deməyə əsas verir ki, Birləşmiş Ştatlar yenə öz ampulasındadır. İraq, Suriya ssenarilərinin Ermənistanda reallaşması hədəflənib, bədnam ermənilər də şirnikləndirici vədlərlə bu oyunun iştirakçılarına çevrilirlər. Bütün bunların kökündə Ermənistanın Rusiya orbitindən uzaqlaşdırılması, şimal ölkənin hərbi kontingentinin oradan çıxarılması durur. Lakin Rusiya asanlıqla uzaqlaşana oxşamır. Odur ki, yaxında Ermənistanda ciddi proseslərin yaşanacağını, hətta vətəndaş qarşıdurmasının baş verə biləcəyini proqnoz etmək mümkündür.

Digər xəbərlər
SON XƏBƏRLƏR
Azərbaycanda 3 milyona yaxın təsərrüfatın genişzolaqlı internetə çıxışı var
17:43
Londonda kürd ictimai mərkəzində axtarış aparıb
17:40
Azərbaycanda növbəti bələdiyyə seçkiləri gələn ilin yanvarın 29-na təyin edilib
17:37
Prezident İlham Əliyev “Torpaq icarəsi haqqında” qanunda dəyişiklik edilməsi haqqında qanunu təsdiqləyib
17:35
Azərbaycan "yaşıl iqtisadiyyat"a töhfə verən 5 razılaşma imzalayıb
17:33
Azərbaycan Karib ölkələrinə iqlim risklərinin idarə olunması sahəsində dəstəyini genişləndirəcək
17:32
CPC bu il 53 milyon ton neft ixrac edib
17:30
Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib
17:28
EBRD: Azərbaycanda orta illik inflyasiya 2024-cü ildə 3,5 %-ə qədər azalacaq
17:25
SOCAR-ın törəmə şirkəti ötən il 11,5 milyon manat xalis mənfəət əldə edib
15:25
Azərbaycanda yaş tütün istehsalında 34 % artım qeydə alınıb
13:14
Azərbaycanda 10 ayda dövlət xətti ilə 383 milyon manat ipoteka krediti verilib
13:11
Azərbaycanın bank sektorunun aktivləri 8 %-ə yaxın artıb
12:37
Mikayıl Cabbarov: "Yaşıl artım portalı" yaşıl keçid strategiyalarını təkmilləşdirməyə kömək edəcək"
12:35
Azərbaycan neftinin qiyməti 75 dolları ötüb
12:33
Vətəndaşların fərdi məlumatlarını ələ keçirən kibercinayətkarların məhkəməsi başlayıb
12:30
Bayden Konqresdən Ukrayna üçün əlavə vəsait istəyib
12:28
Qətərdə dünyanın ən böyük mavi ammonyak zavodu tikilir
12:12
Kanadanın Baş naziri Trampın tarif təhdidləri ilə bağlı təcili iclas keçirəcək
12:10
Merkel NATO-nu Rusiyanı cilovlamaq üçün sistem yaratmağa çağırıb
12:01