ABŞ Konqresində Azərbaycanın Qarabağa “təcavüzü” ilə bağlı aktın müzakirəyə çıxarılması (“Artsax Gəlirlərinin Bərpası Aktı"-red.) Qərbin Ermənistandan istiafadə etməklə bölgədə gərginlik ssenarisinin tərkib hissəsidir. Konqresin erməni məsələsi üzrə qrupunun sədr müavini Adam Şiff çıxışında iddia edib ki, Azərbaycanın “Artsax” xalqına qarşı davamlı hərəkətləri humanitar fəlakət yaradıb və etnik təmizləməyə bərabər olub. O, “ədalətin təmin olunmasının zəruriliyindən” dəm vurub.
Şiffin tələbləri sırasında "Artsax Gəlirlərinin Bərpası Fondu”nun yaradılması da var. Tələbə əsasən bu Fond Azərbaycanın müsadirə edilmiş aktivlərini alacaq və daha sonra bu vəsaitləri Azərbaycanın “hərbi hücumu” nəticəsində əmlakı, biznesi və iş yerlərini itirmiş “Artsaxdan” didərgin düşmüş ermənilərə kompensasiya vermək üçün istifadə edəcək. Həmçinin “köçkün ermənilər”in Fonddan təzminat almaq üçün müraciət etməsinə imkan verən sadələşdirilmiş prosesin yaradılmasına çağırış olunur.
Bununla yanaşı, ABŞ-dəki şəxsi aktivləri ələ keçirmək və “artsaxa hərbi hücumda iştirak etmiş və ya dəstək vermiş yüksək rütbəli Azərbaycan nümayəndələrinə və onların yaxın ailə üzvlərinə viza məhdudiyyətlərinin tətbiqi” də tələblər sırasındadır.
Qeyd edək ki, 2024-cü il “Artsax Gəlirlərinin Bərpası Aktı” konqressmenlər Frank Pallone (D-NJ), Anna Eshoo (D-Calif.), Gabe Amo (D-RI), Joyce Beatty (D-OH), Cim Costa (D-Calif), Josh Gottheimer (D-NJ), Doug LaMalfa (R-Calif.), Seth Magaziner (D-R.I.), James McGovern (D-Mass.), Grace Meng (D-NY), Kevin Mullin (D-NY), Kaliforniya), Qreys Napolitano (D-Kaliforniya), Eleanor Holms Norton (D-Calif.), Jan Schakovski (D-Calif.), Linda Sanchez (D-Calif.), Brad Sherman (D-Calif.), Dina Titus (D-Nev.) və Lori Trahan (D-Mass.) tərəfindən dəstəklənir.
Aydın məsələdir ki, Adam Şiff təkbaşına hərəkət etmir. Bu, ABŞ-nin Azərbaycana qarşı növbəti təxribatıdır. Şiff kimi insanlar üçün Bayden administrasiyası konkret olaraq anti-Azərbaycan hərəkətləri üçün şərait yaradır. Bayden administrasiyası ABŞ və Azərbaycan arasında münasibətləri fəlakətə doğru aparır.
“Qarabağ ermənilərinin xeyrinə” Azərbaycandan dövlət vəsaitlərinin ələ keçirilməsini nəzərdə tutan Şiffin qanunvericilik təşəbbüsü oğurluq və fırıldaqçılıq nümunəsidir.
Azərbaycana qarşı oxşar təxribatlar digər beynəlxalq qurum və təşkilatlarda da davam edir. Məsələn, Azərbaycan Asiya İnkişaf Bankına kredit üçün müraciət etsə də, ABŞ-nin səyi ilə bu proses dayandırıldı.
ABŞ Azərbaycana qarşı ikiüzlü və ədalətsiz sanksiya rejiminin nümunəsi sayılan qarşı 907-ci düzəlişi yenidən tətbiq etdi.
ABŞ Ermənistanla birgə hərbi təlimlər keçirir, bu ölkəyə birbaşa və öz peykləri və müttəfiqlərinin köməyi ilə silah verir. 5 aprel 2024-cü ildə ABŞ və onun müttəfiqləri Ermənistan üçün yeni “Marşal Planı” yaratdılar.
Bayden administrasiyasının bu addımları, ermənipərəst siyasəti və xüsusilə Şiffin təşəbbüsü ilə ABŞ-Azərbaycan münasibətlərindəki vəziyyəti geri dönüşü olmayan həddə çatdırdı.
ABŞ faktiki olaraq antiazərbaycan siyasətinə görə əziyyət çəkən, tabeçiliyində olanların qurbanına çevrilən ikinci Fransaya çevrilir. Vaşinqton başa düşür ki, mümkün sülh istənilən üçüncü qüvvənin regiona müdaxiləsinin qarşısında keçilməz əngəl olacaq. Odur ki, bölgədə gərginliyin yenidən yaranması üçün belə demək mümkünsə, dəridən-qabıqdan çıxır və bundan ötrü regionun ən zəif bəndi olan Ermənistandan istifadə edirlər.
Belə cəhdlər ABŞ və Fransa üçün qismən uğurlu ola bilər. Artıq Ermənistan Azərbaycanı etnik təmizləmədə ittiham edir və sülh danışıqlarından yayınıb revanş barədə düşünür ki, bu da onun üçün açıq-aşkar intihara cəhddir. Anlaşıldığı qədər, İrəvanı təhrik edən ABŞ və Fransanı Ermənistanın taleyi heç bir halda maraqlandırmır.
Məsələ bundan ibarətdir ki, belə cəhdlər Ermənistan üçün yaxşı heç nə vəd etmir. Rəsmi İrəvanı mümkün sülhdən yayındırmaq və revanşa sürükləmək cəhdlərinə hesablanan oxşar addımlar gərginliyin yenidən alovlanmasına yol aça bilər. Ermənistan buna hazırdırmı? Fikrimizcə, yox.
Onu da deməliyik ki, belə addımlar, əslində, bumeranq effekti verir. Məqsədləri bölgədə təsir imkanlarını gücləndirmək olan Qərb dövlətləri regionun ən güclü aktoru olan Azərbaycanla ikitərəfli münasibətləri korlamaqla, özlərinin Cənubi Qafqazda mövcudluq imkanlarını azaldırlar.
Qeyd etmək lazımdır ki, Azərbaycan bu addımı reallaşacağı təqdirdə cavabsız qoymayacaq və bu, ABŞ-nin Cənubi Qafqaz siyasətinin sonu deməkdir. Bundan sonra ABŞ Cənubi Qafqazdan atılacaq və Azərbaycan ABŞ-nin regiondakı bütün nəqliyyat layihələrini, o cümlədən Mərkəzi Asiyaya çıxışını əngəlləyəcək. Prezident İlham Əliyev Azərbaycanın milli maraqlarını müdafiə etmək siyasətində qətiyyətlidir və ölkəmizin maraqları və suverenliyini heç vaxt qurban verməyəcək. ABŞ-nin Əfqanıstandakı əməliyyatı zamanı olduğu kimi, gec-tez Vaşinqtonun Azərbaycana yenidən ehtiyacı olacaq. Bununla belə, Bayden administrasiyası öz hərəkətləri ilə ikitərəfli münasibətləri bərpası mümkün olmayan çöküşə aparır.