Bu barədə Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi, general-polkovnik Elçin Quliyev mətbuatda dərc olunan məqaləsində bildirib.
O deyib ki, 2020-ci ilin sentyabrında Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Ermənistan silahlı qüvvələrinin döyüş aktivliyinin qarşısının alınması, mülki əhalinin təhlükəsizliyinin təmin edilməsi məqsədilə Silahlı Qüvvələrimizə əks-hücum əməliyyatlarına başlanılması barədə döyüş tapşırığı verdi.
General bu müharibənin pilotsuz uçuş aparatlarının intensiv tətbiq olunduğu ilk böyükmiqyaslı savaş kimi hərb tarixinə yazıldığını diqqətə çatdırıb.
O əlavə edib ki, “DSX-nin “Harop,” “Quzğun” və “Hermes” pilotsuz uçuş aparatlarının peşəkar tətbiqi nəticəsində düşmənin strateji əhəmiyyətli döyüş texnikaları, zenit-raket kompleksləri, o cümlədən 8 ədəd “S-300” raket kompleksi, tankları, zirehli döyüş maşınları, komanda-idarəetmə məntəqələri, ümumilikdə 291 düşmən hədəfi böyük məharətlə zərərsizləşdirildi. Zəngilan rayonunda Bartaz yüksəkliyinin düşməndən azad edilməsi zamanı çevikçilərimizin atıcı silahlardan açdıqları atəş nəticəsində onların üzərinə həmlə edən düşmənin “SU-25” hərbi təyyarəsi məhv edildi. Havada və döyüş meydanında üstünlüyü tam ələ alan pilotsuz uçuş aparatları sayəsində düşmənin illər boyu güvəndiyi hərbi güc dəmir tullantısına çevrildi. Bu döyüş əməliyyatları zamanı “Harop” və “Bayraktar-TB2” PUA-larının birgə döyüş tətbiqi üzrə unikal hərbi təcrübə formalaşdırıldı.