Qazaxıstan beynəlxalq dəhlizlərin, o cümlədən Orta Dəhlizin rəqabət qabiliyyətini artırmaq üçün qonşu ölkələrlə nəqliyyat əlaqələrinin təkmilləşdirilməsini vacib hesab edir.
Bunu Kasım-Jomart Tokayev Monqolustan Prezidenti Uxnaaqiyn Xurelsux ilə birgə keçirdiyi brifinqdə deyib.
K.Tokayev bildirib ki, monqolustanlı həmkarı ilə danışıqlardan sonra iqtisadi-ticarət və mədəni-humanitar əməkdaşlığın dərinləşdirilməsinə dair razılaşmalar əldə olunub.
“Ümumiyyətlə, danışıqların çox uğurlu keçdiyini söyləmək üçün hər cür əsas var. Biz iqtisadi əlaqələri intensivləşdirməklə bağlı razılığa gəldik. Qazaxıstan və Monqolustan Asiyanın ən böyük ölkələrindəndir və buna görə də qarşılıqlı ticarət müvafiq miqyasda olmalıdır. Ötən il ticarət dövriyyəsinin həcmi 150 milyon ABŞ dollarına çatıb. Yaxın gələcəkdə bu rəqəmin 500 milyon ABŞ dollarına çatdırılması planlaşdırılır. Bu gün biz Ticarət və iqtisadi əməkdaşlığın inkişafına dair Yol Xəritəsi imzaladıq”, - o qeyd edib.
Qazaxıstan liderinin sözlərinə görə, danışıqlar zamanı nəqliyyat və logistika məsələlərinə toxunulub.
“Ən mühüm vəzifələrdən biri beynəlxalq dəhlizlərin rəqabət qabiliyyətinin artırılmasıdır. Bunun üçün dövlətlərimiz arasında və üçüncü ölkələrlə nəqliyyat əlaqələrini yaxşılaşdırmaq lazımdır. Bu, dövlətlərimizin ərazisindən yükdaşımaların həcmini artırmağa kömək edəcək. Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (TBNM) və “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizindən səmərəli istifadə etmək vacibdir”, - o hesab edir.