2018-ci ildə Gürcüstanın prezidenti seçilən Salome Zurabaşvilinin münasibətləri hakim Gürcü Arzusu partiyası ilə kəskin həddə yetişib. Belə ki, hakim partiya Zurabaşviliyə qarşı impiçment proseduru başladığını bəyan edib. Uzun müddətdir, hökümətlə prezident arasında münasibətlər gərgin idi. Vəziyyəti kəskinləşdirən hadisə isə, ötən günlərdə Salome Zurabaşvilinin Avropaya səfər etməsi oldu.
Belə ki, Prezident səfər çərçivəsində Berlində Almaniya prezidenti Frank-Valter Ştaynmayer və Brüsseldə Avropa Şurasının prezidenti Şarl Mişel ilə görüşüb. Görüşün məqsədi, Gürcüstanın Aİ-a namizəd statusu almaq kampaniyasına dəstək vermək idi. Hakim partiyanın sədri İrakli Kobaxidze iddia edir ki, Prezident Salome Zurabaşvilinin bu davranışı Gürcüstan hökumətinin sözügedən statusu almaq səylərinə birbaşa ziddir. O həmçinin, Zurabaşvilini konstitutsiyanı pozmaqda da ittiham edir.
Prezident Zurabaşviliyə qarşı impiçment həyata keçirmək üçün, hakim partiyaya 100 deputatın səsi lazımdır və hazırda hakim partiyanın sədri də bunu etiraf edir ki, müxalifətin dəstəyi olmadan bunu həyata keçirmək çətindir.