Tez-tez sosial şəbəkələrdə müxtəlif markalara məxsus yanan avtomobillərin görüntülərinə rast gəlirik. Bir çox hallarda bu avtomobillərin kasko sığortası olmadığından avtomobil sahibinə dəymiş ziyan ödənilmir.
Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, 2023-cü ilin yanvar-sentyabr ayları ərzində avtomobillərdə baş verən yanğınların sayı 290 olub. Müqayisə üçün deyək ki, 2022-ci ilin 12 ayı ərzində yanğın baş verən avtomobillərin sayı 289 olub. Belə görünür ki, 2023-cü ilin ilk doqquz ayında yanğın baş verən avtomobillərin sayı ötən ildəkindən çoxdur. Növbəti üç ay ərzində də, yəqin ki, bu say artacaq.
Bu yanğınlara nə səbəb olur?
Avtomobillərdə yanğının baş verməsi çox az hallarda istehsalçının səhvi ucbatından olur. Bir çox hallarda bu yanğınlara səbəb avtomobilə sonradan edilən qeyri-peşəkar müdaxilələrdir. Belə ki, müasir avtomobillərdə kifayət qədər texnoloji yeniliklər tətbiq edilir. İli müəyyən qədər köhnə olan avtomobillərin sahibləri isə bu yenilikləri öz avtomobillərində quraşdırmaq istəyirlər. Bir çox hallarda isə bu işi qeyri-peşəkar ustalara gördürürlər. Nəticədə isə, avtomobilin elektrik sisteminə uyğun olmayan, keyfiyyətsiz məhsullar naşı ustalar tərəfindən avtomobilə quraşdırılır və təəsüf kİ, əksər hallarda qısaqapanma ucbatından avtomobildə yanğın baş verir.
Təəsüf ki, yanğınsöndürmə balonlarının olmaması və ya kiçik olması səbəbindən yanğına ilkin müdaxilə gecikir və nəticədə avtomobillər tamamilə yanaraq yararsız hala düşür.