Dövlət statistika komitəsindən verilən məlumata görə 2023-cü ildə ölkə ərazisində ümumilikdə 1636 qəza baş verib. 2022-ci illə müqayisədə 1,9 faiz az yol-nəqliyyat hadisəsi baş vermiş, bu hadisələr nəticəsində zərər çəkən şəxslərin sayı 2,7 faiz azalaraq 2229 nəfər olmuşdur. Onlardan 862-si həlak olmuş, 1367-si isə yaralanmışdır. Hadisələrin 42,5 faizi gündüz, 38,9 faizi gecə, 18,6 faizi isə toran vaxtı baş vermiş, 31,5 faizi həftənin şənbə və bazar günlərinə təsadüf etmişdir.
Yol-nəqliyyat hadisələrinin 87,1 faizi yaşayış məntəqələrində baş vermiş, bu hadisələr nəticəsində həlak olanların sayı ötən ilə nisbətən 8,2 faiz artaraq 636 nəfər, yaralananların sayı isə 2,3 faiz azalaraq 1299 nəfər olmuşdur.
Bütün yol-nəqliyyat hadisələrinin 39,7 faizi nəqliyyat vasitələrinin və piyadaların, 38,2 faizi bir neçə nəqliyyat vasitəsinin, 22,1 faizi isə bir nəqliyyat vasitəsinin iştirakı ilə baş vermişdir. Yol-nəqliyyat hadisələri nəticəsində həlak olanların 75,4 faizini, yaralananların isə 72,3 faizini kişilər təşkil etmişdir.
Nəqliyyat vasitələrinin sərxoş vəziyyətdə idarə olunması səbəbindən ölümlə və ya bədən xəsarəti alınması ilə nəticələnən 22 hadisə baş vermiş, nəticədə 6 nəfər həlak olmuş, 29 nəfər yaralanmışdır. Hadisələrin 17-si minik avtomobillərinin sürücüləri tərəfindən törədilmişdir.